Vaxt.Az

«Heç kəsə inanmıram...»


 

«Kiməsə xidmət edəsi olsam, elə bu hakimiyyətə edərdim də»

«Heç kəsə inanmıram...» Ötən həftə qəzet redaksiyalarına «Bakıda inqilab hazırlığı» barədə mötəbərliyi şübhə doğuran lent yazısı göndərilib. Həmin yazını müşayiət edən qeyddə bildirilir ki, ABŞ fondları Azərbaycandakı qeyri-hökumət təşkilatlarını ölkədə «hakimiyyət çevrilişi məqsədi» ilə maliyyələşdirir. Audioyazıda söhbət özünü ABŞ fondlarından birinin əməkdaşı kimi təqdim edən Yevgeni adlı şəxslə «Turan» İnformasiya Agentliyinin direktoru Mehman Əliyev və Ukrayna Azərbaycanlıları Konqresinin sədri Xəqani Hüseynov arasında gedir.

M.Əliyev «Yeni Müsavat»a geniş müsahibəsində bu telefon danışığının detalları barədə danışdı.

- Son hadisələr sizə ciddi təsir etmədi?

- Yox, təbii ki. Mənim mövqeyim açıq, aydın, şəffafdır. Əgər Mehman Əliyevə qarşı nəsə etmək istəsələr, hər an edə bilərlər. Bu, aksiomadır. Mən bu fəaliyyətlə məşğulamsa bilirəm ki, mənə qarşı hər an nəsə edə bilərlər.

- Bəs sizə qarşı olan bu əməliyyatın arxasında nə dayanır? Düşünülmüş bir əməliyyatdır?

- Açığı, bilmirəm ki, bu, əməliyyatdır ya yox. Çünki onları araşdırmamışam.

- Zəng edənlərin kimliyi bəllidir, hər halda...

- Xəqani bəyi tanıyıram. Amma Yevgeni adlı şəxsi tanımıram, açığı.

- Səs yazısı yayılandan sonra Xəqani bəylə danışmısızmı?

- Bəli, səs yazısı yayılandan sonra danışdıq. O dedi ki, mən bilmirəm bu necə olub. Mən də heç soruşmadım ki, o adam kim idi, mənə niyə zəng elədiz. Bu söhbəti mən aparmadım. O dedi ki, bu söhbət mənimçün də burda problem yaratdı. Amma bu söhbət həqiqidir, ya deyil, sifarişlidir, ya yox, o barədə danışmadıq.

- Mehman bəy, o adamın kimliyi, bu telefon zənginin məqsədi ilə bağlı niyə aydınlaşdırma tələb etmədiz? Sizə maraqlı deyildi, yoxsa hər şey aydın idi deyə?

- Əgər qarşı tərəf mənimlə nəyləsə bağlı maraqlanmırsa, mən maraqlanmıram. Çünki orda hər şey ola bilər. Ola bilər ki, o biri tərəfi məcbur ediblər ki, bu addımı atıb. Məsələn deyirəm. Məndən soruşurlar ki, Xəqani də bu oyunun içindədir. Mən deyirəm, adamı günahlandıra bilmərəm. Amma bilmirəm qəsdən olub, ya təsadüfi. Bəlkə səmimi şəkildə nəsə etmək istəyiblər, onu da bilmirəm. İkinci dəfə belə dəqiqləşdirmə üçün danışsaq, bunu da götürüb yayacaqlar. Mən nə bilim, söhbət zamanı qarşı tərəf mənə nə deyəcək. Mən yenə də problemə düşəcəm.

- Bu danışığın KİV-lərə yayılması, bəzilərinin hətta stenoqramını çıxarıb yayması bunun təsadüfi aksiya olmamasından xəbər verirmi?

- Yox, təsadüf deyil.

- Məqsəd nədir?

- Burda iki məsələ var: Ukraynadakı durum və Azərbaycanla bağlı planlar. Konkret Azərbaycanda isə QHT-lərlə iş və işbirliyi kimi nüanslar var. Ukrayna ilə bağlı hadisələri biz görürük. Orda da hadisələrlə bağlı deyilir ki, Yanukoviçi yola salmaq istəyirlər. Azərbaycanda QHT-lərlə, vətəndaş cəmiyyəti ilə işləmək, demokratik qüvvələrlə işləmək, onları yetişdirmək, hazırlamaq, gündəmi dəyişdirmək söhbəti var. Orda deyilmir ki, zor yolu ilə. Söhbət ondan gedir ki, cəmiyyəti hazırlamaq və demokratik dəyişikliklərə gətirmək. Konkret deyilir ki, onlar Azərbaycanda inqilab, hansısa vəziyyət yaratmaq istəmirlər. Çünki bundan islamçı qüvvələr istifadə edə bilər və bu da çox böyük problemlər yarada, Suriya vəziyyətinə çıxara bilər. Hesab edirəm ki, Ukraynada artıq bu baş verir, Azərbaycanda parlament QHT-lərlə bağlı qanun qəbul edib, prezident hələ imzalamayıb bunu. QHT-lərin müraciəti olub, razılaşmaq istəmirlər. Bir tərəfdən göstərmək istəyirlər ki, görürüsüz, QHT-lər nə işlə məşğuldur, ona görə də QHT-lərlə bağlı vəziyyəti sərtləşdirmək, qanundakı bəzi məqamlar haqlıdır. O biri tərəfdən də göstərmək istəyirlər ki, Milli Şura nə işlə məşğuldur, Mehman Əliyev nə edir. Bir sıra məsələlər var ki, hamısı bir-birinə bağlanır.

- Sizcə, ancaq nəyisə cəmiyyətə göstərməklə kifayətlənəcəklər, yoxsa sizə qarşı hansısa ittihamlar da ünvanlanacaq? Məsələn, dövlət çevrilişinə cəhd... Daha öncə də olub buna bənzər durumlar.

-   Axı burada  dövlət çevrilişinə cəhd yoxdur. Orda dövlət çevrilişi yoxdur axı. Bax indi siz mənə bu sualı verirsiz, halbuki dövlət çevrilişi olmayıb, olmayan şeylə bağlı sual verirsiz.

- Sadəcə daha öncə belə əməliyyatlar tez-tez hazırlanıb, buna bənzər durumlar olub.

-  Ssenarini yazsınlar da. Amma gərək göstərsinlər ki, mən orda dövlət çevrilişi haqda danışıram.

- Ona görə soruşuram ki, bu əməliyyatı aparanlar sadəcə bu səs yazısı ilə kifayətlənəcəklər?

- Mən bilmirəm. Nəyimə lazım? Oturub onu fikirləşmirəm axı. Səhərdən-axşama qədər oturub bunu fikirləşməliyəm ki, onlar nə edir? Belə fikirləşsəm,  20 ildə ölərdim ki. Heç bir narahatçılığım yoxdur. Mən heç nə etməmişəm. Daxilən əminəm ki, hansısa bir dövlət çevrilişində, belə bir əməliyyatda yoxam və bilirəm ki, nə deyirəm.

- Məlum səs yazısı «layihə»sindən öncə sizə hər hansı xəbərdarlıq, «yavaşlayın» şəklində mesaj gəlmişdimi?

- Yox, olmamışdı. Amma belə götürəndə «Turan»ı tam blokadaya salıblar. Bizi heç yerə buraxmırlar, çağırmırlar. Xarici İşlər Nazirliyi belə bizi birifinqlərə qoymur. Bu, bir münasibətdir. Məsələn, XİN-ə gedəndə jurnalistə deyirlər ki, qonağa nə sual vermək olar, nə vermək olmaz. Bu, jurnalistikadır, mətbuatdır? Biz bunu etmirik, çünki müstəqilik. Ona görə də onlar «Turan»ı mətbuat konfranslarına çağırmırlar ki, birdən nəsə sual verərik, bunlara problem yaranar. Biz müstəqilik, istədiyimiz sualı verib, cavabı alırıq. Ya da hansısa yazı ilə bağlı telefonla zəng edirsən, cavab vermir. Sorğu göndərirsən, cavablandırmır. Biz bu şəraitdə işləyirik. Ona görə də «Turan»a qarşı xüsusi münasibət var. Mən bunu gizlətmirəm, özləri də bilir.

- Az öncə dediz ki, bununla həm də «baxın Milli Şura nə işlə məşğuldur» mesajı vermək istəyirlər. Milli Şuranı bu əməliyyatın mərkəzinə çevirmək istəyirlər?

- Burda bir sıra məsələlər var ki, düzüb-qoşmaq olar. Bu məsələnin təsiredici aspekti ola bilər deyirəm.

- Telefon danışığı dekabrın 29-da baş verib. Bəs bunu niyə indi yayıblar, sizcə?

- Məncə, onlar gözləyiblər ki, davamı gəlsin. Amma mən imtina etmişəm. Çünki danışa-danışa mən düşünürdüm ki, bu nə məsələdir.

- Yəni şübhələnmişdiz söhbətin gedişindən?

- Orda görünür axı. Mən danışanda düşünürəm çoxlu. Çünki danışdıqca özümçün təhlil edirəm ki, bu nədir, nə demək istəyir. Çünki gözləmirəm axı belə bir şeyi. Bəlkə o danışanda deyəcəkdi ki, Mehman, bilirsən də, biz tank göndərmişik, qəbul edin, dağıdacağıq-filan. Hər şey ola bilərdi də. Düzdür, lap açıq söhbət getsəydi, mən deyəcəkdim ki, dayandır, lazım deyil. Amma söhbət ondan gedir ki, hər şey edə bilərlər. Gülər Əhmədova söhbəti yadınızdadır? Əvəz Zeynallıya deyir ki, mən sənə filan qədər pul verəcəm-filan, bunu edəcəm. Əvəz Zeynallı da heç nə demir. Amma sonradan üstünə qoyurlar ki, Əvəz Zeynallı ondan pul istəyir. Axı bu heç nə deməyib, pul istəməyib. Bizdəki situasiya da belədir də. O adam fasiləsiz nəsə danışır, deyir. Mən də deyirəm ki, yaxşı, başa düşdüm. Sonra da özümçün təhlil edirəm ki, bu nədirsə, düzgün söhbət deyil.

- Sonradan onların cəbhəsindən bir daha sizə zəng gəlməyib? Yoxsa zəng gəlib, siz qəbul etməmisiz?

- Yox, gəlməyib. İş ondadır ki, onlardan da gəlməyib, mən də cəhd eləməmişəm.

- Bu məsələni aydınlaşdırmağa çalışacaqsız? Yoxsa axarına buraxdınız? Nə olacaqsa olacaq deyə...

- Öz həyatımı, fəaliyyətimi götürürəm də. O qədər ətrafda cürbəcür insanlar, mövqelər var ki, mən heç kəsə inanmıram. Kim mənimlə nə danışırsa düşünürəm ki, hər şey ola bilər, hər şey edə bilərlər. Əsas odur ki, mən qeyri-qanuni heç nə etmirəm. Nə təklif etsələr də, nə desələr də, etmirəm bunu, bitdi. Heç kimin maraqlarına xidmət etmirəm. Xidmət etsəydim, elə bu hakimiyyətə edərdim də. Onlardan daha artıq pul verən kimsə ola bilərdi?

- Bəs Milli Şura? Sizə elə gəlmirmi ki, Mehman Əliyev bu qurumda təmsil olunandan sonra daha çox siyasiləşdi? Halbuki «Turan» müstəqil mövqeyi ilə seçilirdi.

- Müstəqil mövqedə dayanmaqla məni hara gətirib çıxardılar? Bəs niyə ildən-ilə məni sıxışdırıb bazardan çıxarmaq istəyirlər. Nə üçün? İflic vəziyyətə çıxardılar.

- Milli Şurada təmsil olunmanız sizə qarşı qıcığı daha da artırdı?

- Yox, elə hesab etmirəm. Milli Şura neyləyib ki, qıcıq yaratsın? Seçkilərdə ciddi problem yaratdı hakimiyyətə? Qarşıdurma oldu, yoxsa adam döyüldü? Milli Şura konstruktiv şəkildə seçkilərdə iştirak etdi. Heç bir konfrantasiya olmayıb.

- 2005-ci ildə «öldürüləcək şəxslərin siyahısı» adlanan bir siyahı açıqlanmışdı. Orda sizin də adınız vardı. O vaxtdan düşmüsüz qara siyahıya?

- Yox, ondan da qabaq olub. Mən ənənəvi medianın bir hissəsiyəm. 1998-ci ildə medianın üzərinə necə hücumlar ediblər, sındırıblar, satın alıblar, onların hamısını mən də görmüşəm. Sadəcə, mənə deyiblər ki, gəl keç bu tərəfə, yaşa da. Qəbul etməmişəm, ona görə də əzirlər. O ki qaldı öldürüləcək adamlarla bağlı məsələyə, o, hakimiyyətdaxili savaş idi, bizlərdən istifadə etmək istəyirdilər ki, qeyri-stabillik yaradılsın.

- İndi də bu səs yazısı... Sizcə, bu bir xəbərdarlıq ola bilərmi? Yəni «biz istəsək nələrsə edə bilərik, amma etmirik» mesajı ola bilərmi bu?

- Hesab etmirəm. Bu, baş verib. Yoxlamaq istəyirlər ki, reaksiya necə olacaq. Məsələn, mən deyə bilərdim ki, yox, bu saxtalaşdırılmış yazıdır. Ancaq olmadı. Onda dərhal şübhə yaranır ki, nəsə var. İzləyib baxıblar ki, davamı yoxdur. İndi bilmirəm ki, özləri qurublar, yoxsa təsadüfən qulaq asıblar. Amma davamının olmadığını görüb baş verənləri izləyirlər.

- Yəni gözləmə mövqeyindədilər?

- Bilmirəm.

- Bəs siz hansı mövqedəsiz? Evdə, əzizləriniz, yaxınlarınız hansı əhvaldadır, bu hadisə necə təsir etdi onlara?

- Dediyim kimi, hər an hər şey ola bilər. Sən evdən çıxırsan, hər gün nəsə ola bilər. Bir də var hansısa qurumlarla toqquşman olsun, bu da var axı. FHN-lə, Qaz İdarəsi ilə bağlı ciddi araşdırmamız olub, ifşa etmişik. Ona görə də hər şey ola bilər. O məntiqlə gərək işləməyim də. Oturub düşünüm ki, bu yazıdan sonra nəsə edəcəklər, onda gərək sizinlə danışmayaydım, öləydim.

- Bu arada dostlar sizi Azərbaycanın Kliçkosu adlandırır...

- Zarafatla deyirlər yəqin. Kliçko Ukraynanı dünyada tanıdan insandır. Mehman Əliyev isə sadə bir redaktordur. Çoxları heç Mehmanı tanımır. Ukraynada balaca uşaq da Kliçkonu tanıyır. Bizdə isə məni siyasi cameyə, qəzet oxuyanlar tanıyır. Çünki televiziyada mənə blok qoyulub. Ona görə də məni çox adam tanımır.

- Bayaq Milli Şuradan danışdıq. Daha öncə sizin Milli Şura sədri olacağınızla bağlı siyasi kluarlarda söhbətlər də gəzirdi. Siz Milli Şuranın sədri olsaydınız, indi bu qurum ətrafında gedən proseslər təkrarlanardımı? Məsələn, Müsavat Partiyasının ordan getməsinin qarşısını alardızmı? Hansı istiqamətdə cərəyan edərdi proseslər?

- Birincisi, mənim sədrlik məsələm qoyulmuşdu. Amma Milli Şuraya toplaşan qüvvələrin hərəsi bir marağa xidmət göstərirdi. Orda mənim seçilməyim mümkün deyildi. Çünki bilirdilər ki, mənim mövqeyim olursa, prinsipial olur. Mən heç kəsin tərəfində olmuram. Çünki milli maraqlar hər şeydən üstündür. Ona görə də mənim namizədliyim keçmədi. Amma mən seçilsəydim belə, bütün bu proseslər yenə baş verəcəkdi. Artıq o minalar əvvəldən qoyulmuşdu, partlamalı idi. Əvvəldən Milli Şuranın seçkilərə getməsinin qarşısının alınması cəhdləri olub. İsa Qəmbərin israrlı mövqeyi olmasaydı, Milli Şura seçkiyə qatılmayacaqdı. Sonra Milli Şura seçkilərə qatılandan sonra bir sıra qüvvələr seçkidə iştirak etmədi, seçkidən sonra ona qarşı əsassız ittihamlarla çıxış etdilər. Halbuki bunu etmək üçün mənəvi haqq da lazım idi, hələ mən bunu demirəm. Ondan sonra Milli Şura iflic oldu. Yəni nə baş verməliydisə oldu. Sədrlikdə mən də olsaydım, eyni şey olacaqdı. Sadəcə, mən bəzi şeyləri daha açıq deyəcəkdim.

- Mehman bəy, daha öncəki müsahibələrinizdən birində demişdiz ki, «Qərb Azərbaycanla işləyir, təkamül prosesi gedir, mən də bu təkamülün içindəyəm». Həqiqətən də belədir?

- Əlbəttə. Məsələn, «Asan xidmət» yaradılıb. Bunun aşağı səviyyəli korrupsiyanın qarşısının alınmasında xidməti var. Hər şey sadələşir. Alqı-satqı sahəsində xeyli sadələşdiriblər. Ya da su çəkmək məsələsində də xeyli sadələşmə var. Bu, Azərbaycan hakimiyyətinin öz qərarları deyil, Qərbin layihələridir. Qərb bunu gətirib də, pulunu da verib, bunları da həyata keçirib. QHT sektorunda da xeyli işlər görülüb. Yüz faizlik olmasa da, müəyyən işlər görülür. Doğrudur, azad seçkilərdən çox şey asılıdır. Burada isə ciddi problemlər var. Amma Qərb bu sahədə də çalışır, vuruşur, təkliflər verir. Bizimkilər isə burcudurlar. Amma geri çəkilmək yoxdur. Bizim Avropa Birliyinə inteqrasiyamız real prosesdir, iş gedir.

- «Təkamül prosesində mən də varam» deyəndə nəyi nəzərdə tuturduz? Söhbət media sektoruna gətiriləcək hansısa dəyişikliklərdən gedir?

 - Mən Milli Şuraya getməyə də bilərdim. Amma harda, hansısa situasiyada töhfə verə bilərəmsə, orada iştirak edə bilərəm. Mən hansısa korporativ, gizli layihələrdə iştirak etmirəm. Mən nəyi deyirəmsə açıq deyirəm, nəyi yazıramsa açıq yazıram. Agentliyimin də fəaliyyəti şəffafdır. Strategiya budur ki, sən nə qədər açıq, şəffaf olsan,  sözünü deyirsənsə, səninçün hər şey daha asandır. Telefon zənginə qayıdıram: narahat deyiləm, çünki nə varsa odur. Əgər bu söhbətin davamı olsaydı, onların xəbəri olacaqdı.

 





28.01.2014    çap et  çap et