vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Dünya ümumiyyətlə quruculuqla, tikib-yaratmaqla yaşayıb, inkişaf edib»

Heydər Əliyev (1923 - 2003)
ELM-TƏHSİL, DİN  
17:40 | 20 may 2017 | Şənbə Məqaləyə 2994 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Məni bu məktəbə, bu dağlara gətirən səbəb keçmişin özü oldu»

Ucqar kənd müəllimi: «İnformatikanı kompütersiz tədris etmək, topsuz futbol oynamaq kimidir»

Elmin NURİ

MÖVZU İLƏ ƏLAQƏLİ

Bu gün bəzi gənclər peşə borclarını ən ucqar kəndlərdə də yorulmadan yerinə yetirirlər. Onlar necə deyərlər, gözdən-könüldən uzaqda olsalar da, ehtiyac duyulan yerlərdədirlər. Modern.az saytı «Ucqar kəndin gənc müəllimi» layihəsini davam etdirir.

Bu günə kimi respublikanın bir sıra ucqar rayonlarının kəndlərində işləməyə gedən gənc müəllimlərdən müsahibələr götürülüb və onların problemləri, iş, dərs şəraiti öyrənilib.

Bu dəfəki müsahibimiz Yardımlı rayonu Ə.Novruzov adına Gölyeri kənd ümumi orta məktəbinin riyaziyyat müəllimi Vidadi Abaslıdır. Qeyd edək ki, V.Abaslı müəllimlər üçün təşkil olunan qabiliyyət imtahanında yüksək nəticə göstərənlər sırasındadır - 51 bal. Buna baxmayaraq, fəaliyyətini könüllü şəkildə Yardımlının ucqar dağ kəndində davam etdirmək istəyib. Bunun da bir səbəbi var. Özünü dinləyək: «26 yaşım var. 2016-cı ildə ADPU-nun Şamaxı filialının riyaziyyat və informatika müəllimliyi ixtisasını bitirmişəm. Həmin il də müəllimlərin işə qəbul imtahanında iştirak etdim və işləmək üçün hazırda çalışdığım məktəbi seçdim. Bunun da bir səbəbi var: məktəbin aid olduğu Gölyeri kəndi mənim üçün yeni məkan deyildi. Buradakı müəllimlik fəaliyyətim kəndlə ilk tanışlığım deyildi. Çünki bütün uşaqlığım elə bu rayonda, bu dağlarda keçib. Sonradan buradan başqa yerə köçmüşük. Məni yenidən bu məktəbə, bu dağlara gətirən səbəb də elə keçmişin özü oldu».

Uşaqlıq xatirələrinin əlindən tutaraq gəldiyi yerlər ona nə qədər doğma olsa da, ilk dərs günü də bir o qədər həyəcanlı keçib. Lakin bu həyəcanın özü də gənc müəllimi sonradan «silahlandırıb: «Buradakı ilk dərs günü həm də mənim bir müəllim kimi fəaliyyətimin ilk addımı idi. Heç zaman yaşamadığım həyəcanı keçirdim. Tələbəlik illərindən başlayaraq, özümü heç zaman müəllim kimi görə bilmirdim. Bu, məni daha da narahat edirdi. Lakin kollektivdən gördüyüm isti münasibət həyəcanımın uzun sürməsinə imkan vermədi. Sonradan özümdə elə fikir formalaşdır ki, mən elə müəllim doğulubmuşam».

Söhbətin bu yerində gənc müəllim çalışdığı kəndin insanlarını, həmin kəndin mənzərəsini elə hey, tərifləyir. Doğrusu, buna zərrə qədər şübhəmiz yoxdu. Gözəl yerlərin insanları da gözəl olar. Yüksək bal toplamasına baxmayaraq, ucqar kəndə yollanan müəllim həm də buna görə seçimindən peşman deyil: «Şəhər həyatına nibətən burada aktivlik az olsa da, kənd həyatının ayrı bir gözəlliyi var. Səhəri otların ətri, quşların səsi ilə açmaq insanı işə daha da ruhlandırır. Buralarda heç yadlıq hiss etmədim. Kənd camaatına da, müəllimlərə də uyğunlaşdım. Çünki bir zamanlar valideynlərim də burada yaşayıb və onların hamısı valideynlərimi tanıyırlar. Uşaq vaxtımdan buralardan ayrılsam da, həm də bu səbəbdən insanlarla isti münasibət qura bildim.

Burada bir evdə yaşayıram. İnanın, o ev və onun sakinləri haqqında uzun-uzadı cümlə qurmağa ehtiyac yoxdu. O evin sakinləri mənə valideynlərim qədər əzizdirlər».

- Bir dəfə 5-ci sinifdə oxuyan bir qız mənə yaxınlaşıb dedi ki, «müəllim biz qohumuq». Qızı tanımırdım. Soruşdum ki, mən səninlə necə qohumam? Cavabladı ki, «nənəmin xalası oğlusunuz...». Bu sözə çox güldüm. Sonradan öyrəndim ki, biz həqiqətən, o qızla qohumuq. Amma nənəsinin xalası oğlu deyiləm (gülür).


- Kəndin özü, insanları çox gözəl, buna sözümüz yox. Bəs, ucqar kənddə şagirdlərin təhsilinə mane olan hansı amillər var?

- Təbii ki, bu amillər yox deyil. Amma deməzdim ki, təhsilə tam mane olur. Məişət işlərində uşaqların ailələrinə kömək etmələri dərslərinə bir qədər mane olur. Məktəbdəki problemlərdən danışsaq, burada vəziyyət nisbətən fərqlidir. Kompüter otağının olmaması və kompüterlərin say azlığı yaşadığımız zaman üçün böyük problem sayıla bilər. Lakin bacardığımız qədər əlimizdə olan imkanlarla yüksək nəticə göstərməyə çalışırıq. Lakin bu maneələr həm müəllimlər, həm də şagirdlər üçün çətinlik yaradır. Kompüter otağının olmaması informatika fənninin tədrisi üçün daha böyük çətinlik yaradır. Kompütersiz informatika fənninin tədrisi, topsuz fubol oynamaq kimi bir şeydi.

Müsahibi məktəbdən «çıxarıb» kəndə gətiririk. Görək, yaşadığı Gölyeri kəndində təhsilə mane olan başqa nə kimi sosial problemlər var. Müəllim buraları nə qədər çox sevsə də, göz qabağında olan bir neçə problemi sadalayır: «Xırda çatışmazlıqlar çoxdu. Ən böyüyü isə istilik əldə etmək üçün təbiəti gözəlləşdirən meşələrin məhv edilməsidir.

Bəzən, təhsilsiz təbəqənin, xüsusən də qızların çoxluq təşkil etməsini də deyək. Bunun isə bir səbəbi var: məktəbimizin 9 illik olması. 9 illik məktəbi başa vuran şagirdlər qonşu kəndlərə getmək məcburiyyətində qalırlar. Bu isə bir qədər çətinlik yaradır. Bu səbəbdən də kənddə qızların çoxu məktəbi 9-cu sinifdən başa vurmalı olurlar.

«Bunu qoyub, ona keçmək» məsəlini yəqin, belə vaxtlar üçün deyiblər. Elə biz də bunu qoyub, ona keçirik. Ucqar kənd müəllimindən aldığı maaşı və sosial təminatını nə dərəcədə qarşıladığını soruşuruq. Görək, ümumiyyətlə, maaşını vaxtında ala bilir?

«Cari vaxt, hazırki vəziyyət üçün aldığım maaşdan narazı qalmaq naşükürlük olardı. Maaşların vaxtında verilməsində hələlik heç bir problem yaşamamışam. İstər maaş, istərsə də həvəsləndirməyə görə aldığım əlavə ödənişlər vaxtlı-vaxtında verilib.


- Məktəbinizdə müəllimlərdən vahid forma tələb olunur?

- Deməzdim. Lakin məktəb rəhbərliyinin bu barədə hər zaman bir xahişi olub: MÜƏLLİM kimi görünək!


Və... son olaraq...


«Burada bir evdə qalıram. Yuxarıda da o barədə danışdım. Sosial qayğılarım demək olar, bütünlüklə həmin ev tərəfindən qarşılanır. Paltar, təmizlik, yemək - hər işdə mənə köməklik edirlər. Mən də hər zaman onlara bir oğul kimi nə lazımdırsa, edirəm: həm maddi, həm mənəvi...».