vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«Keçmişini tanımayan bugününü anlaya, sabahını isə qura bilməz»

Barış Manço (1943 - 1999)
BANK, BİRJA, SIĞORTA  
09:35 | 25 may 2017 | Cümə axşamı Məqaləyə 2872 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Kreditorlar komitəsinin qalmaqallı iclası

Azad Cavadovun maskası düşdü...

MÖVZU İLƏ ƏLAQƏLİ

Xəbər verdiyim kimi, dünən Əmanətlərin Sığortalanması Fondunun (ƏSF) binasında «Bank Standard»ın Kreditorlar Komitəsinin 3-cü iclası oldu. İclası mən aparırdım. İclasda ƏSF rəhbəri Azad Cavadov, onun əməkdaşları və KİV nümayəndələri də iştirak edirdi. Gündəlikdə 2 məsələ var idi:


1. ƏSF-in Komitənin məktubuna cavabı;

2. Komitənin Əsasnaməsi.


3 saat davam edən iclas çox emosional keçdi. Əsasən diskussiya mənimlə və Azad Cavadov arasında oldu və bu müzakirəyə tez-tez kreditorlar da qarışırdı. Cavadovun maskası düşdü: kreditorların maraqlarına qarşı olduğunu açıq-aşkar nümayiş etdirdi, bizə günahkarları müəyyən etməkdə dəstək olmayacağını gizlətmədi. Ən azı kimin kim olduğunu dəqiq bildik!


1. Bankın olan-qalan əmlakı kimə çatacaq? Komitə öz məktubunda ƏSF-dən bir sıra sənəd və məlumatlar istəmişdi. ƏSF öz cavabında heç bir sənəd təqdim etmədən yalnız ümumiləşdirilmiş məlumatlar verib. Həmin məlumatlardan görünür ki, bankın kreditorlarına cəmi borcu təxmini 1,2 milyard manat olduğu halda faktiki əmlakı (daşınar, daşınmaz, habelə qaytarıla bilən kreditləri) 195 milyon manatdır (40 milyon kredit ƏSF-ə artıq ödənilib). Yəni borcu əmlakından 6 dəfə (!) çoxdur.


«Banklar haqqında» Qanuna əsasən növbəlilik üzrə kreditorların tələbi aşağıdakı kimidir: 1) ƏSF (kompensasiya etdiyi sığortalanmış əmanətlər üzrə) – 443 milyon (bank müflis elan olunanda ƏSF niyə 460 milyon demişdi?); 2) ƏSF (ləğvetmə xərcləri üzrə) – azı 0,09 milyon (ƏSF bu məsələyə tam aydınlıq gətirmədi); 3) bankın işçiləri (əmək haqqı və s.) – 0,07 milyon; 4) dövlət – 0,39 milyon; 5) fiziki və hüquqi şəxslər – 601 milyon: fiziki şəxslər – 156,6 milyon (bəs bank müflis elan olunanda ƏSF niyə 60 milyon demişdi?), hüquqi şəxslər – 444,7 milyon, Mərkəzi Bank – 20 daşınmaz əmlakın girovu müqabilində 154,4 milyon.

Beləliklə, bankın mövcud 195 milyon manatı heç birinci növbəli kreditor olan ƏSF-in tələbinin ödənilməsi üçün kifayət etmir. Buna görə də Cavadov iclasda dedi ki, 195 milyon ƏSF-ə çatacaq, digər kreditorlar heç nə gözləməsin. Lakin mən bildirdim ki, ƏSF-in birinci növbəli kreditor olması Konstitusiyanın (29-cu maddə) mülkiyyət növlərinin bərabərliyi prinsipini pozduğu üçün Qanunun özünü məhkəmə qaydasında mübahisələndirmək lazımdır (yaxında bu barədə rəyimi dərc edəcəyəm). Eyni zamanda kreditorlara təklif etdim ki, kreditorların növbəliliyi və ümumiyyətlə komitənin səlahiyyətlərinə dair qanuna dəyişikliklər layihəsi hazırlayıb ölkə rəhbərliyinə təqdim edək. Təklif yekdilliklə qəbul olundu.


2. Bankı bu günə kim qoyub? Bankın kredit portfeli 741 milyon manatdır: işlək kreditlər 39 milyon (5 faiz), qeyri-işlək kreditlər 702 milyon (95 faiz). Qeyri işlək kreditlərin 432 milyonu (58 faiz) tam təminatsız, qalan hissəsi isə qismən təminatlıdır. Təəccüblü deyil ki, bu qədər təminatsız kredit veriləndə kreditlər də qayıtmaz.


Digər tərəfdən, bankın kredit portfeli 741 milyon manat, daşınar və daşınmaz əmlakı isə təxmini 40 milyon manatdır (yəni aktivi 781 milyon manatdır). Bankın borclarının (passivinin) 1,2 milyard olduğunu nəzərə alsaq, belə çıxır ki, 400 milyon manatdan çox vəsaitinin hara getdiyi ümumiyyətlə naməlumdur: yəni 40 milyon manata əmlak alınıb, 741 milyon pis-yaxşı kredit verilib, bəs qalan pul hanı?

Açıq-aşkardır ki, bankı talayıblar. Cavadov özü də bunu etiraf etdi və bildirdi ki, bu barədə hüquq-mühafizə orqanlarına da müraciət edib, amma istintaq sirri olduğu üçün bizə məlumat verə bilməz. Kim talayıb? İlk növbədə bankın səhmdarları, inzibatçıları və əməkdaşlarından şübhələnməliyik. Buna görə də biz kredit portfeli haqda tam məlumatın bizə verilməsini ƏSF-dən xahiş etmişdik ki, özümüz də araşdırma aparaq, günahkarlara qarşı məhkəmə proseslərinə başlayaq. Lakin guya bu məlumatların bank sirri olduğuna istinad edərək ƏSF sənədləri verməkdən imtina edib. İclas zamanı da Cavadov dedi ki, verməyəcək. Halbuki mən bir daha dedim ki, bankın lisenziyası alınıbsa, o, artıq bank deyil və bank sirrindən söhbət gedə bilməz, həm də borcların qaytarılması üzrə açıq məhkəmə prosesləri gedirsə, hansı sirdən söhbət gedə bilər axı?! Bu kreditlərin ədalətli və düzgün qaytarılacağına necə əmin olaq? Bəlkə ƏSF qanun pozuntusuna yol verəcək bu əsnada? Cavadov dedi ki, ƏSF bütün işləri görür, Komitəyə bu sənədlər lazım deyil. Mən də cavab verdim ki, ƏSF-ə etimad etsək belə, «Доверяй, но проверяй!» məsələsi var. Həqiqətən də ƏSF özbaşına qalsa, hər hansı borclu ilə sövdələşməyə, korrupsiyaya da gedə bilər. Bütün bu arqumentlərə cavabı bu oldu ki, guya mən Konstitusiya Məhkəməsinin səlahiyyətlərini üzərimə götürüb qanunlara şərh verirəm. Neçə ildir rəhbər vəzifələrdədir, hələ də bilmir ki, qanunları hamı şərh edə bilər (cild-cild şərhlər kitabları da var!), sadəcə Konstitusiya Məhkəməsi rəsmi şərh verir. Nə isə!

Digər tərəfdən, bankın səhmdarları, inzibatçıları və işçiləri illər boyu təkbaşına bu qədər yeyinti edə bilməzdi. Bəs bank nəzarəti orqanı olan Mərkəzi Bank, kənar auditor hara baxıb? yoxlama aktlarında pozuntuları qeyd ediblərmi? etməyiblərsə, belə nəzarət kimə lazımdır? ediblərsə, niyə vaxtında tədbir görülməyib? Cavadov hətta etiraf etdi ki, 2013-cü ildən bankın kənar auditi də aparılmayıb, bu isə ciddi qanun pozuntusudur.

Mən xatırlatdım ki, bank nəzarətinin məqsədi elə kreditorların maraqlarını qorumaqdır. Mərkəzi Bank bu vəzifənin öhdəsindən gəlməyib. Konstitusiyaya və «Banklar haqqında» Qanuna görə buna Mərkəzi Bankın qanun pozuntusu və (və ya) vicdansız hərəkətləri səbəb olubsa, zərər vurduğu şəxslər (kreditorlar) qarşısında məsuliyyət daşıyır (buna dair məhkəmədə iddia qaldıra bilərik). Buna görə də Komitə ƏSF-dən Mərkəzi Bankın, Maliyyə Bazarlarına Nəzarət Palatasının son 10 il ərzindəki yoxlama sənədlərini istəmişdi. Lakin ƏSF sənədləri verməkdən imtina edib və əsas kimi də guya buna Mərkəzi Bankın icazəsinin tələb olunduğunu göstərib. İclasda mən Cavadovdan birbaşa soruşdum: bank nəzarəti zamanı pozuntulara görə tədbir görəcəksinizmi? Cavab verdi ki, xeyr, bizim işimiz deyil. Mən də dedim ki, nəinki işiniz deyil, bunu istəsəz belə edə bilməzsiz, çünki ƏSF-in Himayəçilik Şurasının 7 üzvündən 3-ü Mərkəzi Bankın və Palatanın nümayəndələridir, tabe olduğunuz qurumlara qarşı necə çıxa bilərsiz axı? Buna görə də bu işi yalnız Komitə apara bilər, amma sübut üçün buna görə bizə sənədlər lazımdır. Cavadov bir daha dedi ki, sənədləri verməyəcək, lazımdırsa, onları həmin qurumlara müraciət edərək özümü alaq. Səsvermə nəticəsində yekdilliklə qərara alındı ki, mən son 10 ilin yoxlama sənədlərinin bizə təqdim edilməsi üçün Mərkəzi Banka və Palataya müraciət edim. Bundan sonra üzümü yenə Cavadova tutub bankın heç olmasa 2013-cü ilədək olan maliyyə hesabatlarını versin audit rəyi ilə birgə, çünki həmin sənədlər qanuna görə açıqdır. Cavadov dedi ki, hesabatları yox, audit yoxlamalarını verə bilər. Neçə ildir bank sistemi ilə bağlıdır, hələ də bilmir ki, audit rəyləri elə maliyyə hesabatına dair verilir. Nə isə, Cavadov dedi ki, onlarda olsa (?), verəcək. Bir sözlə, hansı sənədlərin onlarda olduğunu belə dəqiq bilmir və ya bilmək istəmir.


3. Əmlak hesabatı niyə verilmir? Komitənin Əsasnaməsinin 2.2.3-cü bəndinə əsasən Komitə «Bankın ləğvi prosesində hazırlanan hesabatların müzakirəsi və onlara rəy verilməsi» səlahiyyətinə malikdir. Lakin ƏSF bankın əmlak vəziyyətinə dair hesabatı Komitəyə təqdim etməkdən imtina etdi. Əvəzində ümumi xarakter daşıyan məlumatları verdi. Halbuki həmin məlumatları Komitəyə deyil, «Banklar haqqında» Qanunun 75.2-ci maddəsinə əsasən hələ ötən ilin noyabrında bütün kreditorlara göndərməli idi. Amma heç bunu da etməyib. Təklif etdik ki, saytında dərc etsin, Cavadov buna «yox» dedi.


4. Ləğv planı niyə verilmir? Komitənin Əsasnaməsinin 2.2.4-cü bəndinə əsasən Komitə «Bankın Ləğv planına münasibət bildirilməsi və ləğv planında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsinin gedişatı barədə kreditorlara açıqlamanın verilməsi» səlahiyyətinə malikdir. Deməli, Komitə ləğv planı və hətta onun layihəsi ilə də tam tanış olmalıdır. Lakin Cavadov bu planı da verməkdən imtina etdi. Ümumiyyətlə, bizə bildirdi ki, Komitə ona görə yaradılıb ki, ƏSF ona vaxtaşırı hesabatlar versin, vəssalam, odur ki, bizə bildirdi ki, başqa heç nə ilə məşğul olmayaq, yalnız ƏSF-in hesabatlarını dinləyək. Mən Cavadova xatırlatdım ki, bankın olan-qalan pulu kreditorların puludur, buna görə də Komitə ƏSF-ə nəzarət üçün, bankın fəaliyyəti, günahkarların məsuliyyəti və s. ilə bağlı nəyi lazım bilirsə, onu da edəcək. Kreditorlara isə bildirdim ki, ƏSF ona inanmağımızı istəyir, halbuki bu etimad üçün heç bir əsas yoxdur. Kreditorlar da mənimlə razılaşdı və yekdilliklə qərara aldılar ki ƏSF-ə təkrar müraciət edək. Cavadov dedi ki, daha yazmayın bizə, vaxtımız yoxdur. Mən də ona bildirdim ki, bizə cavab vermək onun işidir, ən azı rəsmi imtina versin yenə, daha yuxarı instansiyalara müraciət üçün əlimizdə daha çox əsas olsun.


5. Cavadov mənə qarşı niyə hücumlar etdi? Komitə ƏSF-dən mənimlə pulsuz müqavilə bağlamağı və etibarnamə verməyi (məhkəmədə iştirak üçün) da xahiş etmişdi ki, məxfi hesab etdiyi sənədləri heç olmasa mənə göstərsin. Məntiqimiz sadə idi: niyə ƏSF kənar auditor və hüquq şirkətinə pul ödəyərək bütün məlumatları açıqlayır, amma mənim (bütün kreditorların nümayəndəsinin) pulsuz işimdən imtina edir? Aramızda etimad yaratmaq istəyirsə, buyursun, heç olmasa mənə göstərsin bütün sənədləri! Cavadovun buna dair arqumenti olmadığı üçün keçdi mənə qarşı hücumlara.


Əvvəlcə, eyham vurdu ki, guya mən kreditorlara pullu xidmət göstərirəm. Özləri pulsuz heç nə etmir deyə, başqaları haqda da belə zəndədirlər! Cavab verdim ki, tam pulsuz xidmət göstərirəm, hətta bununla bağlı xərclərimi (nəqliyyat, dəftərxana, poçt və s.) də özüm ödəyirəm. Mənim üçün bu işdə əsas qanunun aliliyinin təmin edilməsidir!

Sonra bir neçə dəfə mənim pis hüquqşünas olmağımı göstərməyə çalışdı və cəfəng fikirlər söylədi. Qanundan xəbəri yoxdur, nə istəyir danışır!

Sonra başladı eyham vurmağa ki, guya mən Mərkəzi Banka qarşıyam. Soruşdum ki, bu nə deməkdir? Dedi ki, axı Mərkəzi Bankdan yazıram tez-tez. Dedim ki, nəinki ondan, qanunu pozan digər qurumlardan, o cümlədən Palatadan, Vergilər Nazirliyi və digərlərindən də yazıram, nə olsun ki?

Bundan sonra başladı ki, mən kreditorlara xoş gələn sözləri deyirəm ancaq, onları yanlış yönləndirirəm. Soruşdum ki, bəs Cavadov özü nə təklif edir kreditorlara, bütün pulların ƏSF-ə çatmasını sadəcə müşahidə etməyi? Sonra da kreditorlara bildirdim ki, əlbəttə, təkliflərimin reallaşacağını bilmirəm, amma başqa yol da yoxdur, sonadək mübarizə aparmalıdırlar. Öz pulları qayıtmasa belə, heç olmasa xalqımızın gələcəyi, hamının gözünün açılması üçün axıradək getməliyik! Alınmasa belə, biləcəyik ki, biz əlimizdən gələni etdik, heç olmasa bizi bu günə qoyanların narahat olmasına, qorxmasına nail olduq! Kreditorlar bu məsələ də dəstək oldular.

Nə isə, Cavadov yekunda açıq dedi ki, mənimlə də müqavilə bağlayıb heç bir sənəd verməyəcək. Mən də dedim ki, çox yaxşı, ən azı mövqe indi tam bəlli oldu!

Yekunda Əsasnaməyə dair mənim təkliflərim dəstəkləndi. Belə ki, mən bildirdim ki, ƏSF-in hazırladığı və məhkəmənin təsdiq etdiyi Əsasnamədə Komitə üzvlərinin seçilməsi qaydası və iclaslarda yetərsay belə müəyyən edilməyib, çox bərbad sənəddir. Yekdilliklə qərara alındı ki, növbəti iclasda təqdim edəcəyim layihə müzakirə olunsun.

Növbəti iclas 23 iyun saat 15.00-a təyin olundu.