vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 20 sentyabr 2017
ABŞ dolları 1 USD = 1.7007 AZN
Avro 1 EUR = 2.0368 AZN
Rusiya rublu 1 RUB = 0.0293 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.3022 AZN
Türk lirəsi 1 TRY = 0.4878 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«İnsanlara hürriyət
Millətlərə istiqlal»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
GÜNDƏM  
11:10 | 26 may 2017 | Cümə Məqaləyə 250 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

ABŞ Azərbaycandakı yerini Rusiyaya verir?

ABŞ institutlarının boş qalan yerlərini müxtəlif təmayüllü qurumlar tutmağa çalışır; Rusiyanın siyasi təşkilatları Bakıda ofis açmaq üçün fəaliyyətə keçiblər

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ prezidenti Donald Tramp Dövlət Departamentinin xətti ilə bir sıra inkişaf etməkdə olan ölkələrə maliyyə yardımını azaltmaq və ya tamamilə ləğv etmək barədə seçkiqabağı vədini həyata keçirməyə başlayıb. Mətbuatda bir müddət əvvəl ABŞ Dövlət Departamentinin 15 səhifəlik büdcə sənədində Azərbaycan da daxil olmaqla, bir sıra postsovet ölkələrinə yardımı dayandıracağı barədə geniş məqalə dərc edib.

Vaşinqtonun rəsmi dairələrinə yaxın «Foreign Policy» nəşri Trampın Dövlət Departamenti xətti ilə USAİD-ə yardımı kəskin azaltmaq niyyətini təsdiq edib (contact.az). APA isə «Massis Post» nəşrinə istinadən Ağ Ev administrasiyasının büdcənin azaldılması ilə bağlı Konqresə tövsiyələrini açıqlayıb. Məlumata görə, tövsiyələrdə qeyd olunur ki, 2018-ci ildə ABŞ-ın Azərbaycana maliyyə yardımı 90 faiz azaldılaraq 1 milyon dollar təşkil etməlidir.

Qeyd edək ki, Ermənistana da maliyyə yardımı 67 faiz azalıb. ABŞ-ın bu ölkəyə maliyyə yardımı 20,4 milyon deyil, 6,7 milyon dollar təşkil edəcək. Sənəd təsdiqlənəcəyi təqdirdə, 100-dək ölkədə fəaliyyət göstərən USAİD regional bürolarının sayını 65 faiz azaldacaq.

Konqresin prezidentin maliyyə ixtisarlarını tam dəstəkləməyəcəyi barədə iddialar olsa da, Ağ Ev administrasiyasının hazırkı israrlı mövqeyi maraq doğurur. Bir neçə milyon nəhəng ABŞ üçün «qəpik-quruş» sayılsa da, diqqət çəkən bu qərarın siyasi tərəfləridir. İllərdi ki, Amerika marağı olan ölkələrdə öz varlığını bu kimi təşkilatlar vasitəsilə göstərib. Təsadüfi deyil ki, bir sıra postsovet ölkələri USAİD də daxil olmaqla, ABŞ təşkilatlarını «rəngli inqilabları hazırlamaqda və maliyyələşdirməkdə» ittiham edib, hətta fəaliyyətlərini dayandırıb.

Yada salaq ki, 2009-cu ildən başlayaraq ABŞ-ın Milli Demokratiya İnstitutu (MDİ) və Beynəlxalq Respublikaçılar İnstitutu kimi demokratiyaya, vətəndaş cəmiyyətinin inkişafına yardım edən təşkilatları da Azərbaycanda fəaliyyətlərini dayandırıblar. İndi isə belə görünür ki, Azərbaycanda fəaliyyəti dayandırılan ABŞ təşkilatlarının sırasına USAİD də daxil olacaq.

Yeri gəlmişkən, USAİD rəhbərliyi bu xəbərlərin yayılmasından sonra maliyyə azalsa belə, fəaliyyətlərini davam etdirəcəklərini bəyan ediblər. Amma cəmi 1 milyon büdcə ilə Amerika adına Azərbaycanda hansı işlərin görülməsinin mümkünlüyü sual doğurur.

İndi ən narahatedici məsələ ABŞ təşkilatlarının Azərbaycanda boş qalan yerlərini müxtəlif zərərli təmayüllü qurumların tuta bilməsidir. ABŞ-ın indi öz istəyi ilə boşaltdığı yerləri tutmaq üçün fürsət gözləyən kifayət qədər güclər var. Həm İran, həm Rusiya kimi qonşularımızın Azərbaycanla bağlı hansı planlarının olduğunu yada salmaq kifayətdir.

Son aylar Rusiya isteblişmentinə yaxın politoloqların və siyasi institut rəhbərlərinin Bakıya səfərlərinin intensivləşməsi bu baxımdan diqqət çəkir. Doğrudur, bu dəvətlər Azərbaycandakı rus icması, Milli Məclis və ya digər dövlət strukturları səviyyəsində gerçəkləşir. Bu səfərlərdə Azərbaycan iqtidarının əsas məqsədi Qarabağ məsələsində Kremlin mövqelərinə təsir etmək istəyidir. Amma Rusiya hakimiyyətinin Azərbaycandakı maraqları təkcə Qarabağ məsələsi ilə məhdudlaşmır. Xüsusilə Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatının ləğv edilməsindən sonra «Rusiya Azərbaycandan nə istəyir» sualı daha da aktuallaşıb.

Bu sual ətrafında bir neçə iddialar var. Daha çox o fikir səslənir ki, Rusiya 2013-cü ildə olduğu kimi («Milyarderlər ittifaqı»nı yada salmaq kifayətdir) Azərbaycanda gələn il keçiriləcək prezident seçkiləri ərəfəsi rəsmi Bakıya təzyiq rıçaqlarını yenidən işə salıb.

ABŞ-ın Azərbaycanda fəaliyyətin daha da məhdudlaşdırması isə yaxın qonşularımızı şübhəsiz ki, Bakıya yerləşməyə həvəsləndirəcək. İran təşkilatları ilə bağlı məsələ xeyli qəlizdir və bu yazıda ona toxunmayacağıq. Amma Rusiya həm açıq, həm qapalı dairələrdə ortaya qoyduğu mövqeyi ilə «Azərbaycanı daha da yaxınında görmək» istədiyini gizlətmir.

«Yeni Müsavat»a bir mənbədən daxil olan məlumata görə, Rusiyanın siyasi institutları artıq Bakıda ofis açmaq üçün fəaliyyətə keçiblər. Mənbəmiz iddia edir ki, məsələn, Beynəlxalq Avrasiya Hərəkatının lideri Aleksandr Duqin Bakıda belə bir ofis yaratmaq niyyətindədir. Yada salaq ki, rusiyalı ictimai-siyasi xadim, filosof və politoloq A.Duqin Bakıya Azərbaycan rus icmasının dəvəti ilə mayın 1-də gəlmişdi. A.Duqin Bakıya səfəri zamanı rəsmi şəxslərlə və ictimai təşkilatlarla görüşlər keçirib, Bakı Slavyan Universitetində mühazirə oxuyub, İsmayıllıdakı rus icmasının nümayəndələrinin qonağı olub.

ABŞ prezidentinin kəskin tənqid edilən xarici siyasətinin bir parçası olan yardımların dayandırılmasının maliyyə baxımından Azərbaycana heç bir təsiri ola bilməz. Amma regional-coğrafi yerinə görə həm ətraf ölkələrin, həm Qərbin maraqlarının kəsişdiyi Azərbaycanda balansın bir qüvvənin lehinə dəyişməsi dövlətin maraqları baxımından çox zərərlidir. ABŞ institutları bir-bir ölkəni zor və ya xoş tərk etdiyi halda, başqa qüvvələrin onların yerini tutması gələcəkdə real təhlükə mənbəyinə çevrilə bilər. Çünki Qərbdən fərqli olaraq şimal qonşumuz zora daha çox güvənir... («YM»)


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *