vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 18 iyul 2018
ABŞ dolları 1 USD = 1.7000 AZN
Avro 1 EUR = 1.9921 AZN
Rusiya rublu 1 RUB = 0.0273 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.2519 AZN
Türk lirəsi 1 TRY = 0.3510 AZN
Heydər Əliyev (1923 - 2003)

«Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir»

Heydər Əliyev (1923 - 2003)
BANK, BİRJA, SIĞORTA  
10:15 | 31 may 2017 | Çərşənbə Məqaləyə 1296 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Rüfət Aslanlıya niyə inanmalıyıq?

«Bank Standard»ın Kreditorlar Komitəsinin fəaliyyəti onu niyə narahat edir?

Əkrəm HƏSƏNOV

MÖVZU İLƏ ƏLAQƏLİ

Dünən Maliyyə Bazarlarına Nəzarət Palatasının rəhbəri Rüfət Aslanlı «Bank Standard»ın ləğvetmə prosesinə münasibət bildirərkən faktiki olaraq bu bankın Kreditorlar Komitəsini ittiham edib (aşağıdakı linkdə tanış ola bilərsiz). Həmin bankın 45 mindən çox kreditoruna xitabən faktiki deyib ki, 600 milyon manatdan çox pulunuz batıb, sakit oturun, haqqınızı tələb etməyin və s. və i.a. Həmin Komitənin sədri olaraq dediklərinə cavab verirəm!

1. Aslanlı faktiki Kreditorlar Komitəsinin fəaliyyətini «spekulyasiya», üzvlərini isə «köpük şişirən insanlar» adlandırıb. Ona xatırladıram ki, spekulyasiya ilə məşğul olaraq köpük şişirtmək əhalimizin nəticədə qurbanı olduğu bankirlərin işidir, bank müştərilərinin yox. Səhv salmasın!


2. Bir il əvvəl bankı «sağlamlaşdırmağa» cəhd edəndə Aslanlı demişdi: «Dövlət bu bankın arxasında durub ki, bankın fiziki, eləcə də hüquqi şəxsləri öz depozitlərini itirməsin». Sözünü tutmadı! Heç «sağlamlaşdırmaya» xərclənən dövlət vəsaiti haqda da ictimaiyyətə hesabat vermədi! İndi kimdir spekulyant?


3. 8 ay əvvəl bankın lisenziyasını alanda Aslanlı demişdi ki, bankda 520 milyon manat əmanət var və onun 460 milyon manatı sığortalıdır . Lakin indi məlum olub ki, bankda 600 milyon manat əmanət olub və onun yalnız 443 milyon manatı sığortalı olub. Deməli, sığortasız əmanət məbləği 60 milyon deyil, 157 milyon manatdır! 60 hara, 157 hara?! Belə çıxır ki, Aslanlı ya bizə yalan demişdi, ya da rəhbərlik etdiyi sistemdən, özü də 5 ay ərzində guya «sağlamlaşdırmağa» cəhd etdiyi bankdan, maliyyə göstəricilərindən xəbəri yoxdur. İndi nə haqla durub başqalarına qara yaxır? Biz ona niyə gözüyumulu inanmalıyıq? Bəlkə yenə bizi aldadır və bankın əmlakı daha çoxdur?


4. Aslanlı deyir: ««Bank Standard» müflis elan olunub və bu proses müvafiq qanunvericiliyə əsasən aparılır». Qanunvericiliyə uyğun necə aparılır ki, indiyədək heç nə kreditorların siyahısı, nə də ləğv planı təsdiq olunmayıb? Halbuki «Banklar haqqında» Qanuna əsasən bunlar çoxdan olmalı idi!


5. Aslanlı deyir: «proseslər beynəlxalq təcrübəyə əsaslanaraq və ən şəffaf qaydada həyata keçirilir». Rüfət müəllim, deyəsən, Sizin beynəlxalq təcrübədən xəbəriniz yoxdur, şəffaflıq haqda təsəvvürünüz isə çox dardır. Belə ki, beynəlxalq təcrübəyə əsasən bankın ləğvetmə prosesi əsnasında kreditorların ümumi yığıncağı çağırılır və onun təyin etdiyi kreditorlar komitəsi ləğvediciyə bütün məsələlərdə (gəlirlər, xərclər, iri əqdlər, bütün sənədlərə çıxış və s.) nəzarət edir. Ən şəffaf qayda da məhz belə təmin olunur! Bizdə isə kreditorların ümumi yığıncağı çağırılmayıb, kreditorlar komitəsi ləğvedicinin özü tərəfindən təyin olunub, komitənin əsasnaməsində üzvlərinin necə təyin olunması və iclaslarının yetərsay məsələsi belə əks olunmayıb. Komitənin səlahiyyətləri çox dardır və s. Ləğvedici olan Əmanətlərin Sığortalanması Fondunun (ƏSF) rəhbəri Komitəyə deyir ki, mənə məktub yazmayın, sizə heç bir sənəd verməyəcəyəm, heç bir məsələyə müdaxilə etməyin, yalnız Fondun hesabatlarını vaxtaşırı dinləyin və dağılışın və s. və i.a. Budur şəffaflıq?


6. Aslanlı deyir: ««Bank Standard»ın aktivlərini qiymətləndirmək üçün tender keçirildi. Dünyanın hər yerində tanınan KPMG audit şirkəti bankın aktivlərinin ləğvetmə dəyərini qiymətləndirir. Eyni zamanda, «BM Morisson» hüquq şirkəti bankın öhdəliklərinin strukturunu müəyyən edib». Şəffaflıq haqda bir az əvvəl dediklərinizi tam inkar etdiniz, Rüfət müəllim! Bu tender harada, nə vaxt keçirilib? Heç ƏSF-in saytında belə məlumat yoxdur. Mən hələ onu demirəm ki, bütün bunlara pulları xərclənən kreditorların da bu barədə məlumatı yoxdur. Budur beynəlxalq təcrübə? Budur şəffaflıq? Axı biz niyə belə qeyri-şəffaf yolla aparılmış qiymətləndirməyə inanmalıyıq! Sənədləri verin, özümüz də araşdıraq, yoxlayaq! Özünüzə əminsinizsə, niyə vermirsiniz? Hətta KMPG-nin qiymətləndirmə aktı belə Komitənin Əsasnaməsinə zidd olaraq bizə tam təqdim olunmayıb! Nədən qorxursuz?


7. Aslanlı deyir: «vəsaitlər ödəmə ardıcıllığı ilə birinci olan Əmanətlərin Sığortalanması Fondunun tələblərinin təxminən yarısını ödəyə bilir. Bu isə o deməkdir ki, yerdə qalan kreditorlara ləğvetmə prosesində olan bankın aktivlərinin realizasiyasından daxil olacaq vəsaitlər yetməyəcək». Kreditorlar Komitəsi hesab edir ki, ƏSF-in birinci növbəli kreditor olması və bankın olan-qalan əmlakının ona çatması Konstitusiyanın mülkiyyət növlərinin bərabərlik prinsipini (maddə 29) pozur və biz bunu mübahisələndirəcəyik. Qoy yekun qərarı Konstitusiya Məhkəməsi versin! Siz niyə indidən Konstitusiya Məhkəməsinin səlahiyyətini üzərinizə götürərək, bütün pulun ƏSF-ə çatacağını, qalan kreditorların isə heçnəsiz qalacağını söyləyirsiz? Özü də bankın real əmlakı haqda deyilənlərin özü şübhə doğurduğu halda?!


8. Aslanlı deyir: «Bu, obyektiv reallıqdır və bunun ətrafında hər hansı spekulyasiyalara yol verməyə əsas yoxdur. Bu məsələnin ətrafında köpük şişirən insanlar Kreditorlar komitəsinin işində iştirak edirlər, bu məlumatlara açıqdırlar. Yalnız bank sirri olan məlumatlar üçüncü tərəflərə açıqlanmır». Tutaq ki, lap obyektiv reallıq budur! Yəni bankın həqiqətən də əmlakı KPMG-nin dediyi qədərdir və həmin əmlakın hamısı da ƏSF-ə çatmalıdır. Olsun! Düz deyirlərsə, halal xoşları, düz demirlərsə, haram xoşları! Bəs bankı bu vəziyyətə kim salıb? Kreditorlar Komitəsi mövcud qanuna əsasən pullarının batmasında günahkar olan bank səhmdarlarına, inzibatçılarına, işçilərinə, bütün bu özbaşınalıqlara göz yummuş Mərkəzi Banka (və bəlkə də Palataya) və kənar auditora qarşı iddialar qaldırmaq istəyir. Bir daha deyirəm: qanun bizə bu hüququ verir! Hər kəs ona zərər vurmuş şəxsdən zərərin əvəzinin ödənilməsini tələb edə bilər. ƏSF rəhbəri Azad Cavadov Kreditorlar Komitəsinə dedi ki, o, bu işlə məşğul olmayacaq, onun işi yalnız bankın əmlakını satmaq, kreditlərini qaytarmaq və əldə olunan pulu özünə götürməkdir, vəssalam. Buna görə də Komitə bu işlə özü məşğul olmaq istəyir. Amma buna görə bizə sənədlər lazımdır. Və burada artıq hər hansı bank sirrindən söhbət gedə bilməz. Elə nə sənəd istəyirik, deyirlər ki, bank sirridir, verə bilmərik! Olmayan bankın nə bank sirri? Hətta təklif etdim ki, mənimlə vəkil kimi pulsuz müqavilə bağlayıb məlumatları məxfilik rejimində versinlər. Bundan da imtina etdilər! Nədən qorxurlar? Deməli, kimlərinsə əməli ört-basdır edilir! Bizə həqiqəti müəyyən etməyə, günahkarları məsuliyyətə cəlb etməyə şərait yaradılmır! Niyə? Əvəzində fəaliyyətimiz spekulyasiya, Komitə üzvləri isə «köpük şişirən insanlar» adlandırılır! Haqqını tələb edənə, günahkarları müəyyən etmək istəyənə indi də belə damğalar vurulur?


9. «Bank Standard»da 1 milyard manat pul batıb. Aslanlı da faktiki deyir ki, vəssalam, pul batıb, dağılışın gedin, bizi narahat etməyin. Yaxşı, bəs onda görəsən banklara borcunu ödəyə bilməyən minlərlə insan və şirkətlərə dair niyə belə münasibət göstərilmir? Axı onlar da məhz müflislik səbəbindən borcunu ödəyə bilmir! Niyə Aslanlı banklara da demir ki, spekulyasiya-filan etməyin, köpük-möpük şişirməyin, əl çəkin müflis borclulardan, onları narahat etməyin, söyməyin, döyməyin, tutdurmayın, terror etməyin, intihar həddinə çatdırmayın, «bu, obyektiv reallıqdır» və verdiyiniz kreditlər batıb, silin onları?! Niyə bunu etmirsiz, Rüfət müəllim?


10. Rüfət müəllim, fürsətdən istifadə edərək xatırladıram ki (bilirəm, bu statusumu mütləq oxuyacaqsız!), 3 ay əvvəl – fevralın 27-də bir xarici vətəndaş adından Sizə müraciət etmişəm ki, onun 1 milyon dollar məbləğində əmanətini qaytarmayan bankı müflis elan edin. «Banklar haqqında» Qanuna görə mənə 5 gün ərzində cavab verməli idiniz, hələ də verməmisiz. Məhkəmə qərarı olsa da, həmin bank hələ də əmanəti qaytarmır, Siz də ona qarşı tədbir görmürsüz. İndi sabah o bank da müflis olsa və orada kreditorların pulu batsa, kreditorlar «Palata hara baxırdı? Niyə bankı vaxtında ləğv etmirdi?!» desə, onları da «köpük şişirən insanlar» adlandırıb spekulyasiyada ittiham edəcəksiz? Hər halda xəbərdarlıq edirəm: yenə belə desəz, Sizə göndərdiyim məktubu dərc edib kreditorların batmış pulunu Palatadan tələb etməsinə yardım edəcəyəm...


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *
 
 

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)