vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 19 dekabr 2018
1 ABŞ dolları 1 USD = 1.7000 AZN
1 Avro 1 EUR = 1.9292 AZN
1 Rusiya rublu 1 RUB = 0.0255 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 2.1461 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.3157 AZN
Rauf Denktaş (1924 - 2012)

«Biz milli və mənəvi dəyərlərimizi qorursaq, o dəyərlər də bizi qoruyacaq»

Rauf Denktaş (1924 - 2012)
GÜNDƏM  
11:15 | 2 iyun 2017 | Cümə Məqaləyə 754 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Azərbaycan-ABŞ münasibətlərində yeni səhifə açılır

Millət vəkillərinin qənaətincə, Trampın fikirləri çox ciddi gedişlərin anonsu kimi dəyərləndirilə bilər

Bəxtiyar MƏMMƏDLİ

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ-Azərbaycan münasibətləri Donald Tramp prezident seçilənədək soyuq təsir bağışlayıb. Belə ki, Obama administrasiyası dönəmində Azərbaycana qarşı demokratiya, insan haqları adı ilə artan təzyiqlər münasibətlərin inkişafına əngəl törədirdi. Lakin ötən il ABŞ-da keçirilən prezident seçkiləri ərəfəsində öz platformasını açıqlayan namizəd D.Tramp seçiləcəyi halda, Amerikanın xarici siyasətində dəyişikliklər edəcəyini vurğuladı. O, həmçinin bəyan etdi ki, ABŞ digər dünya dövlətlərinin daxili işlərinə qarışmayacaq, onlarla daha çox əməkdaşlığa üstünlük verəcək. Donald Trampın hakimiyyətə gəlişindən sonra başqa dövlətlərlə münasibətlərin vəd etdiyi kimi, əməkdaşlıq müstəvisinə keçdiyinin şahidi olmaqdayıq. ABŞ-Azərbaycan münasibətləri də artıq yeni mərhələyə qədəm qoyub.

Bu günlərdə 28 May - Respublika Günü və  XXIV Beynəlxalq «Xəzər Neft və Qaz-2017» sərgi və konfransı ilə əlaqədar ABŞ prezidentinin həmkarı İlham Əliyevə ünvanladığı təbrik məktublarında ölkələrimiz arasındakı isti münasibətlərin davam etdirilməsi birmənalı olaraq vurğulanıb. D.Tramp Prezident İlham Əliyevlə iki ölkənin gələcəyi naminə fəal tərəfdaşlıq etmək niyyətini açıq ifadə edib. Azərbaycanı ABŞ-ın dəyərli tərəfdaşı hesab edən ABŞ prezidenti son 25 ildə qurulmuş ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi istiqamətində səylərin artırılmasını diqqətə çatdırıb. D.Tramp ölkəsinin Azərbaycanla digər sahələrdə əməkdaşlıq arzusunu da dilə gətirib.

Ağ Ev rəhbəri, ABŞ və Azərbaycanın qlobal təhlükəsizlik sahəsində birgə səylərlə terrorizmə qarşı mübarizə apardığını xüsusilə vurğulayıb: «Amerika Azərbaycan xalqının yanındadır. Eyni zamanda təhlükəsizlik, iqtisadi əməkdaşlıq və demokratik prinsiplər sahəsində dialoq vasitəsilə münasibətlərin daha da möhkəmləndirilməsinə sadiqdir. Biz Azərbaycanın liderliyi ilə həyata keçirilən qlobal enerji layihələrini, o cümlədən Cənub Qaz Dəhlizini dəstəkləyirik».

Mövzu ilə bağlı «Kaspi» qəzetinə açıqlamasında millət vəkili, politoloq Aydın Mirzəzadə bildirdi ki, prezident Donald Trampın məktubları ABŞ-Azərbaycan münasibətlərində əməkdaşlıq və dostluq mərhələsinin başlandığını göstərir: «Təəssüf ki, bundan əvvəlki prezident Barak Obamanın fəaliyyətində bəzən ölkəmizin daxili işlərinə qarışmaq, Azərbaycanın daxili imkanlarını lazımınca qiymətləndirməmək hallarına yol verilirdi. Amma indiki prezident ABŞ-ın digər ölkələrin daxili işlərinə qarışmamaq siyasətini əsas götürdüyünü, Azərbaycan daxilində aparılan islahatlara yüksək qiymət verdiyini vurğulayıb. Eyni zamanda Azərbaycanla ABŞ arasında əməkdaşlığın, dostluğun davam etdirilməsində, birgə fəaliyyətdə maraqlı olduğunu bildirib. Bütün bunlar əməkdaşlıq və birgə fəaliyyət üçün çox vacib şərtlərdir. İnanmaq istəyərdik ki, bu münasibətlər gələcəkdə ikitərəfli əlaqələri daha da gücləndirəcək».

A.Mirzəzadə vurğuladı ki ABŞ-ın Azərbaycana terrorizmlə birgə mübarizə aparmaq təklifi çox vacib bir məsələdir: «Çünki həm Azərbaycan, həm də ABŞ terrordan əziyyət çəkmiş ölkələrdir. Vaxtilə Ermənistanın Azərbaycan ərazisində bir-birinin ardınca terror hadisələri törətməsi, Bakı Metropolitenində Ermənistan xüsusi xidmət orqanlarının terror aktı törətməsi buna bariz nümunədir. Ermənistanın Azərbaycan ərazilərini işğal altında saxlaması, orada terrorçu dəstələrin hazırlanması, həmin ərazidən qanunsuz narkotik dövriyyəsinin həyata keçirilməsi çox ciddi, narahatedici məsələdir. Eyni zamanda məktubda təhlükəsizliklə bağlı məsələlərə diqqət yetirilir ki, burada Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi başa düşülür. ABŞ sıradan bir ölkə deyil və Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə ATƏT-in Minsk qrupunun həmsədrlərindən biridir. Bu baxımdan ABŞ-ın münaqişənin həllinə yüksək töhfə verəcəyi, Ermənistana prinsipial mövqe göstərəcəyi istisna deyil».

Millət vəkili, politoloq Elman Nəsirov bildirdi ki, Ağ Ev rəhbərinin həmkarı İlham Əliyevə ünvanladığı hər iki məktubun mətni ilə tanışlıq ABŞ-ın yeni administrasiyasının regionla, bu kontekstdə Azərbaycanla bağlı siyasətində çox ciddi gedişlərin anonsu kimi də dəyərləndirilə bilər: «Bundan əvvəlki administrasiyanın dövründə Cənubi Qafqaz regionu sanki Birləşmiş Ştatlar üçün aktuallığını itirmişdi, ABŞ-ın bir əyaləti statusuna enmişdi. Lakin yeni administrasiya regiona yenidən xüsusi diqqət ayırdığını ifadə edir və Trampın təbrik məktubunda da bu tendensiya hiss olunmaqdadır. Xüsusilə, Azərbaycanda gedən proseslərin ABŞ tərəfindən çox diqqətlə izlənildiyinin şahidi oluruq. Əvvəla, ABŞ prezidenti Azərbaycan dövləti ilə əlaqələrə dəyərli tərəfdaşlıq münasibətləri ilə yanaşır. Sadəcə, əməkdaşlıq deyil, məhz dəyərli tərəfdaşlıq münasibətlərinə qiymət verir ki, bu sözün də çox böyük mənası var. Yəni, fundamental məsələlərdə ABŞ Azərbaycanın mövqeyini dəstəkləyir anlamını verir».

E.Nəsirovun sözlərinə görə, Tramp açıq mətnlə qeyd edir ki, ABŞ və Azərbaycan beynəlxalq terrorizmə qarşı birgə səylərlə mübarizə aparırlar: «Onu qeyd edim ki, ABŞ-ın özündə və bir çox Avropa dövlətlərində müsəlman aləmi ilə bağlı neqativ fon yaradılır. Eləcə də bir çox hallarda İslam və terrorizm arasında bərabərlik işarəsi qoymaq kimi qorxulu tendensiyalar yayılmaqdadır. Bu reallıq fonunda ABŞ prezidenti müsəlman ölkəsi olan Azərbaycanın beynəlxalq terrorizmlə mübarizədə Amerika ilə sıx əməkdaşlığından bəhs edir və bunu qiymətləndirir. Eyni zamanda Trampın Azərbaycana da eyni statusda qiymət verməsi, ölkəmizin lokal və regional deyil, qlobal təhlükəsizliyə töhfə verməsi ilə bağlı fikirləri onun göstəricisidir ki, rəsmi Vaşinqton Azərbaycanın beynəlxalq təhlükəsizliyin təminatındakı mühüm roluna çox böyük diqqətlə yanaşır».

Millət vəkili qeyd etdi ki, ABŞ prezidentinin məktubunda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində rəsmi Vaşinqtonun sülh prosesini dəstəkləməsi və qətiyyətli addımların atılması ilə bağlı fikirlər də mühüm məsələlərdəndir: «Eyni zamanda bir müddət əvvəl Ərəb-İslam-Amerika Sammitində Tramp çıxışı zamanı ölkəsinin digər dövlətlərin daxili işlərinə qarışmaması siyasətini həyata keçirəcəyini dedi. Bu, ABŞ-ın xarici siyasətində köklü dəyişikliklərin bir təsdiqi kimi də qiymətləndirilə bilər. Fikrimcə, bu fikirlərin müəllifi olan ABŞ prezidentinin həmkarı İlham Əliyevə ünvanladığı məktub həm də onun ifadəsidir ki, yeni administrasiya Azərbaycanın daxili işlərinə qarışmaqdan uzaq olacaq. Bu həm də Avropa dövlətlərinə bir mesajdır ki, analoji xətti həyata keçirsinlər. Bütövlükdə hər iki məktub əksini tapan fikirlər ona dəlalət edir ki, bu gün ABŞ-ın regionumuzla bağlı siyasətində artıq yeni dövr başlayır. Xüsusilə də ABŞ-Azərbaycan münasibətlərində yeni səhifənin açılacağı ilə bağlı anonslar verilir».


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *