vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Demokratiya bəzi xalqlara mənəvi qidadırsa, bizim üçün dərmandır»

Əbülfəz Elçibəy (1938 - 2000)
GÜNDƏM  
10:37 | 3 iyun 2017 | Şənbə Məqaləyə 1830 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Dağlıq Qarabağda müharibə ehtimalı artır

Minsk Qrupu isə beynəlxalq təşkilatların həyəcan siqnalını qulaqardına vurur

Bəxtiyar MƏMMƏDLİ

MÖVZU İLƏ ƏLAQƏLİ

Dağlıq Qarabağ münaqişəsində indiki status-kvonun dəyişməməsi müharibə ehtimalını günbəgün artırır. Son dövrlərdə təmas xəttinin müxtəlif istiqamətlərində Ermənistanın ard-arda törətdiyi təxribatların qarşısı Azərbaycan ordusu tərəfindən alınır. Ötən ilin aprel hadisələri də bunu bir daha sübut etdi. Bu döyüşlərdən sonra dünyanın diqqəti regiona yönəlsə də, bu günə qədər Dağlıq Qarabağ münaqişəsi ilə bağlı konkret addımlar atılmayıb. Lakin münaqişənin indiki durumunu analiz edən müxtəlif beynəlxalq təşkilatlar, o cümlədən ayrı-ayrı ekspertlər Dağlıq Qarabağda müharibənin alovlanma ehtimalının yüksək olduğunu bildirirlər.

Elə Beynəlxalq Böhran Qrupunun yaydığı hesabatda da qeyd edilir ki, 2016-cı ilin aprelində Dağlıq Qarabağda vəziyyət gərginləşəndən sonra Azərbaycan və Ermənistan 1994-cü ildə imzalanmış atəşkəs müqaviləsindən bəri, müharibəyə ən yaxın vəziyyətdədir. Həmçinin bildirilir ki, aprel müharibəsinə səbəb olan siyasi və təhlükəsizliklə bağlı vəziyyət daha ağırdır, hər iki tərəf eskalasiyanın yeni dalğasının başladığını iddia edir: «May ayında təmas xəttində vəziyyət kifayət qədər gərginləşib. Nizamlama prosesi dayanıb, hər iki tərəf qarşıdurmaya hazırdır. Bu gərginlik çoxsaylı dinc əhalinin ölümünə gətirib çıxara biləcək genişmiqyaslı müharibəyə və regional güclərin məsələyə müdaxiləsinə gətirib çıxara bilər».

Beynəlxalq təşkilatların vəziyyəti qiymətləndirməsi ATƏT-in Minsk qrupu həmsədrləri üçün həyəcan siqnalı ola biləcəkmi?

Mövzu ilə bağlı «Kaspi» qəzetinə açıqlamasında «Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması» İctimai Birliyinin İdarə Heyətinin üzvü, millət vəkili Elman Məmmədov bildirdi ki, təmas xəttində vəziyyətin gərginləşməsi ilə bağlı məsələ Beynəlxalq Böhran Qrupunun hesabatında doğru olaraq əksini tapıb: «Vəziyyət günbəgün gərginləşir və bundan daha artıq ağır nəticələr gözləmək olar. BMT, ATƏT və digər beynəlxalq təşkilatların Ermənistana təsir edə bilməməsi səbəbindən cəbhədə vəziyyət gərginləşir. Faktiki olaraq, məlum 4 qətnamə var, bunu bir cırtdan dövlətə qəbul etdirə bilmirlər. Azərbaycan torpaqlarının işğal altında qalmasına nə qədər dözməlidir? Prezident İlham Əliyev hər zaman bəyan edib ki, Azərbaycan müharibə istəmir, bu konfliktin sülh yolu ilə həllinə tərəfdardır. Ancaq bu günə kimi biz buna nail ola bilmişikmi? Əlbəttə ki, yox. Bunun da səbəbi həmin beynəlxalq qurumların, həmsədr dövlətlərin işğalçı Ermənistana havadarlıq etməsidir. Biri pulla, o biri silahla, digəri siyasi yöndən erməniləri dəstəkləyir. İşğalçının nə qədər günahı varsa, ona havadarlıq edən dövlətlərin günahı ondan heç də az deyil. Ermənistana arxa duranlar olmasa, təbii ki, onlar Azərbaycan Ordusunun qarşısında tap gətirə bilməzlər».

E.Məmmədov qeyd etdi ki, Qarabağ cəbhəsində hər an müharibə başlana bilər: «Ermənistan tərəfi hər gün təmas xəttində müxtəlif təxribatlar həyata keçirir. Təbii ki, Azərbaycan bunların cavabını verir. Ancaq biz nə qədər cavab verməklə məşğul olacağıq? Bir gün də cavab verməklə yanaşı, torpaqlarımızdan işğalçıları süpürüb atmaq üçün tədbir görəcəyik. Onda da müharibə başlayacaq. Bunun da əsil günahkarları Azərbaycanı buna vadar edən, sözü ilə əməli düz gəlməyən ATƏT-in Minsk qrupunun həmsədrləri olacaq. Eləcə də bu məsələdə məsuliyyət uzun illərdir 4 qətnaməsini icra etdirməyən BMT-nin üzərinə düşəcək. Necə ola bilər ki, Liviyaya aid qətnamənin mürəkkəbi qurumamış icra olundu, amma Dağlıq Qarabağla bağlı qətnamələr icra olunmur? Demək burada maraqlı tərəf olmalıdır. Məhz ATƏT-in Minsk qrupunun həmsədrlərinin mövqeyi erməniləri qudurdub. Onların münasibəti axırda da dəhşətli müharibəyə gətirib çıxaracaq».

«Atlas» Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirdi ki, Qarabağ münaqişəsi ilə bağlı beynəlxalq təşkilatların və ekspertlərin fikirləri ATƏT-in Minsk qrupu üçün həyəcan siqnalı olmalıdır: «Amma görürük ki, heç bir təsiri yoxdur. Yalandan gəlib gedirlər. Yeganə istəkləri odur ki, atəşkəs qorunsun və bir də prezidentləri görüşdürsünlər. Lakin nə atəşkəsə nail olurlar, nə də prezidentlər görüşmürlər. Çünki görüş üçün bir mövzu yoxdur. Xarici işlər nazirlərinin son görüşü də nəticəsiz qaldı. Amma buna rəğmən, beynəlxalq təşkilatların həyəcan təbili çalması gərək nəzərə alınsın. Yay ayları yaxınlaşdıqca vəziyyətin gərginləşmə ehtimalı artacaq. Elə indi də Ermənistan cəbhədə təxribatla məşğul olur və biz də məcbur oluruq onların qarşısını alaq, ermənilərin Dağlıq Qarabağ ətrafındakı hərbi istehkamlarını, texnikasını zərərsizləşdirək. Onlar da əks həmlələr həyata keçirir, onda da müharibə ehtimalı artır».

E.Şahinoğlu deyir ki, iyun ayı ərzində həmsədrlər bölgəyə səfər etməlidir: «Halbuki, bu səfər iyul ayına planlaşdırılmışdı. Demək ki, narahatdırlar, amma belədirsə, gərək özləri hazırladığı planı işə salsınlar. Təəssüf ki, o istiqamətdə də bir fəaliyyət yoxdur. ATƏT-in Minsk qrupu ən azından təxribatların qarşısını ala bilər. Ermənilər işğal altındakı torpaqlarda infrastruktur layihələri həyata keçirirlər, əhali köçürmələri edirlər və Qarabağ ətrafında hərbi təlimlər, eyni zamanda Xocalı hava limanından təyyarə uçuşları reallaşdırırlar. Aydındır ki, Minsk qrupu münaqişənin həllini sürətləndirə bilmir, amma bu kimi təxribatların qarşısını ala bilər. Problem ondadır ki, bunu da etmək istəmirlər».