vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Üzeyir bəy Hacıbəyov (1885 - 1948)

«Əgər asudəlik istəyirsənsə, vaxtını hədər yerə itirmə»

Üzeyir bəy Hacıbəyov (1885 - 1948)
SOSİAL  
10:10 | 14 iyun 2017 | Çərşənbə Məqaləyə 4033 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Əcnəbilər Bakıdan ev alır

İran vətəndaşlarının və ərəblərin Azərbaycan mənzil bazarına marağı artır

Nərgiz LİFTİYEVA

MÖVZU İLƏ ƏLAQƏLİ

Dünyada turizm imkanları geniş olan əksər ölkələrdə, o cümlədən Türkiyədə iqtisadiyyatın əsas dayaqlarından biri də daşınmaz əmlak sektorudur. Qardaş ölkədə yalnız vətəndaşlar deyil, xaricilər də mənzil və torpaq almağa maraq göstərirlər. Artıq ölkəmizdə də xarici vətəndaşların mənzil alması halları artıb. Əgər əvvəllər Rusiya və İran vətəndaşı olan soydaşlarımız mənzil almağa üstünlük verirdilərsə, indi iranlılar və ərəblər də Bakıda və bölgələrdə mənzil əldə etməyə can atırlar.

Bəs görəsən, xaricilərin ölkəmizdə mənzil əldə etməsinin hansı şərtləri var? Hansı hallarda onlara məhdudiyyət qoyula bilər?

Bu tendensiyanın iqtisadiyyatımız üçün faydası nədir?

Bu sualı cavablandıran mənzil məsələləri üzrə ekspert Nüsrət İbrahimov bildirdi ki, istənilən yerli və xarici vətəndaş Azərbaycanda mənzil ala bilər: «Mənzillərin alınması ilə bağlı heç bir problem yoxdur. Məhdudiyyət yalnız torpaq sahələrinin xarici vətəndaşlara satılması ilə bağlıdır. Heç bir xarici Azərbaycanda torpaq mülkiyyətçisi ola bilməz, yalnız icarəyə götürə bilər. Lakin xaricilərin mənzil alması, istənilən sektora investisiya yatırması ilə bağlı problem yoxdur. Bu tendensiyanın artması ölkə iqtisadiyyatının bütün sahələrinə müsbət təsir edir. Xaricilərin Azərbaycanın mənzil sektoruna maraq göstərməsi ölkəyə pul axınının təminatçısı kimi görünür. Onlar ölkəyə valyuta gətirirlər, bu da daşınmaz əmlak bazarında pul kütləsinin artmasına gətirib çıxarır. Nəticədə bu pullar tikinti sektoruna yönəlir və o sektoru canlandırır. Təbii ki, bu yaxşı bir haldır. Xarici vətəndaşlar Azərbaycanda mənzil aldıqdan sonra biznes sektoruna da öz təsirlərini göstərirlər».

N.İbrahimov vurğuladı ki, bu tendensiyanın daha da güclənməsi üçün bəzi şərtlər yerinə yetirilməlidir: «İlk növbədə turizm sektoru inkişaf etməlidir. İkincisi, qanunvericilik bazası liberallaşdırılmalıdır. Təhsil sektoru inkişaf etməlidir ki, xarici tələbələr gəlib burada təhsil almağa üstünlük versinlər və mənzil almağa tələbat yaransın. Biznes mühiti liberallaşmalıdır, heç bir məhdudiyyət olmamalıdır ki, xaricilər buraya investisiya qoymaqda maraqlı olsunlar. İnfrastruktur maksimum inkişaf etməlidir».

Xaricilərin torpaq mülkiyyətçisi olmasına əksər ölkələrdə qadağa qoyulduğunu deyən ekspert bunun siyasi səbəblərinin olduğunu bildirdi: «Dünya ölkələrinin 90 faizinin qanunvericiliyində bu maddə var. Bu qanunun mahiyyəti odur ki, xarici vətəndaş torpaq sahəsi alırsa, artıq heç kim onun mülkiyyətinə toxuna bilməz. Bu isə dövlət içində dövlət qurmaq deməkdir. Ona görə də xarici vətəndaşın torpaq almaq hüququna əksər ölkələrdə məhdudiyyət qoyulur».

Məsələyə münasibət bildirən hüquqşünas Müzəffər Baxış da əcnəbilərin Azərbaycanda mənzil sahibi olması ilə bağlı hüquqi şərtləri sadaladı. Bildirdi ki, əcnəbilərin Azərbaycanda mənzil alması ilə bağlı hər hansı problem yoxdur: ««Torpaq haqqında» Qanuna görə, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər mənzil əldə etdikdə Azərbaycan Respublikası vətəndaşlarına nisbətdə bir qədər artıq rüsum ödəyirlər. Lakin torpaq almaqları problemdir. Əcnəbilərin mülkiyyətinə torpaq verilə bilməz. Bizim qanunvericilik onu qadağan edir. Əgər onların mülkiyyətinə torpaq düşürsə, onu 1 il müddətinə özgəninkiləşdirməlidirlər. Ancaq torpaqdan başqa istənilən növ daşınmaz əmlak ala bilərlər. Məsələn, hər hansı bir xaricinin qohumu Azərbaycan vətəndaşıdırsa, vərəsəlik qaydasında ona 50 sot torpaq qalıbsa, bizim qanunvericiliyimizə görə, 1 il müddətində həmin xarici vətəndaş torpağını özgəninkiləşdirməlidir. Həmçinin bu qanuna əsasən əcnəbilər Azərbaycanda həyət evi ala bilməz. Çünki həmin ev hansısa torpaq üzərində tikilir, o evə çıxarış verilir və həmin evin altındakı torpaq da xüsusi mülkiyyətə daxil olur. Bu baxımdan, əcnəbi həyət evi ala bilməz».

«Həmçinin Torpaq Məcəlləsində də əcnəbilərin torpaq mülkiyyətçisi olması qadağan edilir»- deyən hüquqşünas diqqətə çatdırdı ki, əcnəbilər torpaq sahələrini yalnız icarə hüququ əsasında əldə edə bilərlər: «Torpaq Məcəlləsinin 48.3-cü maddəsinə görə, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər və təşkilatlar, habelə xarici dövlətlər Azərbaycan Respublikasında torpaq sahələrini yalnız icarə hüququ əsasında əldə edə bilərlər. Həmin məcəllənin 49.4-cü maddəsində isə qeyd edilir ki, xarici hüquqi və fiziki şəxslərə torpaq sahələrinin vərəsəlik, bağışlama və ipoteka əqdləri nəticəsində keçən mülkiyyət hüququ bir il müddətinə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun özgəninkiləşdirilir. Xarici hüquqi və fiziki şəxslər torpaq sahəsi üzərində olan mülkiyyət hüququnu qanunvericiliyə uyğun özgəninkiləşdirmədikdə, müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə torpaq sahəsini bu məcəllədə nəzərdə tutulmuş qaydada məcburi satın alır».