vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Dünya ümumiyyətlə quruculuqla, tikib-yaratmaqla yaşayıb, inkişaf edib»

Heydər Əliyev (1923 - 2003)
GÜNDƏM  
16:28 | 19 iyun 2017 | Bazar ertəsi Məqaləyə 1353 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Separatçılara qarşı hibrid savaş

Həmsədrlərin gəlişi öncəsi təcavüzkara sürpriz cəza; düşmənin atəşkəs itkiləri sürətlə artır

Analitik xidmət

MÖVZU İLƏ ƏLAQƏLİ

Ötən həftəsonu Ermənistan üçün «qara təqvim» kimi yadda qalacaq: ikicə gündə işğalçı 6 hərbçisini itirdi. Bu, sübhəsiz ki, son aylarda düşmənin verdiyi növbəti ciddi itkidir. Bundan az öncə - mayın 16-da Azərbaycan Ordusu düşmənə məxsus «OSA» zenit-raket kompleksini şəxsi heyəti ilə birlikdə məhv eləmişdi.

Göründüyü kimi, düşmənin artan təxribatlarının altını elə onun özü çəkir, canlı itkiləri durmadan artır. Bu isə həm Ermənistanda kriminal Sərkisyan rejimindən narazılığın artması, həm də erməni toplumunda və ələlxüsus da işğal altındakı Dağlıq Qarabağ əhalisində panik ovqatın güclənəcəyi deməkdir. Erməni mediasında bu, artıq sezilməkdədir.

Son insident həmçinin, işğalçının guya ötən bir ildə ön xətti xeyli gücləndirdiyi haqda iddiaları puç edir. Məlum olur ki, Azərbaycan yenə də və istənilən an bu xətti yarıb keçə, düşmənə yuvasındaca zərbə endirib onu ağır itkilərə məruz qoya bilər.


***


Aydındır ki, işğalçı qüvvələr Azərbaycanın qanuni və əzəli torpaqlarında qaldıqca vaxtaşırı böyük itkilərə də hazır olmalıdır. Düşmən yad ərazilərdə heç vaxt atəşkəsə arxayın olub özünü rahat, komfortda hiss etməyəcək, Azərbaycan Ordusu buna imkan verməyəcək, işğalçı dinc buraxılmayacaq - necə ki, buraxılmır.

Azərbaycanın siyasi və hərbi rəhbərliyi, prezident İlham Əliyev, müdafiə naziri Zakir Həsənov işğalçıya bunu dəfələrlə bəyan ediblər ki, ermənilər öz gənclərini itirmək istəmirsə, o zaman çıxıb getsinlər ərazilərimizdən. Getmək istəmirlərsə, o zaman bədəlini ödəməyə də hazır olmalıdırlar.


***


«Yeni Müsavat» qeyd edir ki, hələlik Azərbaycan obyektiv şərtləri nəzərə alıb böyük müharibəyə yox, hibrid savaşa (yəni savaş həm var, həm də yoxdur) üstünlük verir, mini-müharibə, lokal müharibə taktikası yürüdür. Elə bunun özü də düşmənə baha başa gəlir. İşğalçıları 3-3, 5-5 məhv edib daim qorxu altında saxlamaq əslində heç də müharibədən az effektli yol deyil. Bununla bir daha Ermənistan özünün gücsüzlüyünü anlamış olur, böyük müharibədə nəticənin onun xeyrinə olmayacağını göz önünə gətirir.

Bu mənada Dağlıq Qarabağ məsələsində real irəliləyiş olmayınca düşmənə qarşı mini və ya lokal müharibə taktikası gündəmdə qalmalı, Ermənistana, separatçı qüvvələrə qarşı hər an daha geniş miqyaslı cəza əməliyyatı başlana biləcəyinin anonsu verilməli, ona aman tanınmamalıdır.

Əksər xarici siyasi təhlilçilər və hərbi ekspertlər də o qənaətdədir ki, öz hərbi qüdrətini ilbəil artıran Azərbaycan böyük müharibə üçün əlverişli zaman yetişənədək məhz lokal müharibə taktikasına üstünlük verəcək ki, bu da ən düzgün yoldur. Çünki o halda dinc əhali arasında itkilər, böyük dağıntılar olmadığı üçün beynəlxalq birliyin narahatlığına da səbəb olmayacaq. Belə bir taktika artıq uğurla həyata keçirilməkdədir.


***


Ötən həftə işğalçının növbəti sürpriz itkisi ilə yadda qalan insident ATƏT-in Minsk Qrupu həmsədrlərinin bu gün - iyunun 19-da Bakıya başlayacaq səfəri öncəsinə təsadüf eləməsi ilə ikiqat önəm kəsb edir. Görək, bu dəfə həmsədrlər hadisəyə hansı reaksiyanı verəcək, nəhayət ki, bölgədə sabitliyə ən böyük təhlükənin işğalçı qüvvələrdən gəldiyini etiraf edəcəklərmi?

Vasitəçilərin gəlişi günü Azərbaycan həm də növbəti genişmiqyaslı hərbi təlimlərə başlayır. Azərbaycan prezidentinin təsdiq etdiyi plana əsasən, iyunun 19-dan döyüş şəraitinə uyğunlaşdırılmış vəziyyətdə qoşunların döyüşə hazırolma qabiliyyəti, qüvvə və vasitələrin idarə olunmasının təşkili, onların qarşılıqlı fəaliyyətinin yoxlanılması məqsədilə 5 günlük genişmiqyaslı əməliyyat-taktiki təlimləri keçiriləcək.

Müdafiə Nazirliyinin məlumatına görə, təlimlərə 23 min nəfərədək şəxsi heyət, 120-dək tank və zirehli texnika, 180-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatan, 30-dək müxtəlif təyinatlı döyüş aviasiyası, eləcə də yeni növ radioelektron kəşfiyyat vasitələri və pilotsuz uçuş aparatları cəlb olunacaq.

Yada salaq ki, Naxçıvanda Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin birgə taktiki təlimləri cəmi bir neçə gündür ki, başa çatıb. Ondan bir qədər öncə isə Gürcüstanda üç ölkənin - Azərbaycan, Türkiyə və Gürcüstanın, daha öncə - may ayında isə yenə Azərbaycanla Türkiyə Silahlı Qüvvələrinin ortaq hərbi təlimləri keçirilib. Həmçinin, NATO proqramı çərçivəsində Azərbaycan ayrıca tabor təlimləri keçirib. Bu təlimlərin hamısı yalnız son iki ayda, qısa zaman fasilələri ilə reallaşıb.


***


Azərbaycanın hərbi təlimlərin həm keyfiyyət, həm də kəmiyyət baxımından intensivləşdirməsi, ən ümdəsi, bu təlimlərin maksimum müharibə şəraitinə yaxınlaşdırması, sözsüz ki, ən əvvəl təcavüzkar Ermənistanı qorxu altında saxlamağa yönəlib və ona aydın bir mesajdır ki, nəhayət, daşı ətəyindən töküb konstruktiv mövqeyə gəlsin. Əks təqdirdə torpaqlarımız işğalçılara məzar olacaq - üç-üç, beş-beş...

Düşmən ölkə gərək unutmasın ki, Azərbaycan milyardlarla dollar xərcləyib aldığı bahalı silah-sursatı, döyüş sistemlərini heç də vitrinə qoymaq niyyətində deyil. Söz düşmüşkən, rusiyalı analitiklərə görə, Azərbaycan hərbi təlimlər adı ilə əslində cəbhə xəttinə ordu yerləşdirməklə məşğuldur. Proses artıq başlayıb. Yəni böyük müharibə hazırlıqları.

Niyə də olmasın. Ərazisinin 20%-i işğala məruz qalan Azərbaycan öz qanuni sərhədlərimiz tarixində istənilən hərbi xarakterli hərəkəti edə bilər. Bu xüsusda daha bir maraqlı detal: erməni mediası ötən ilin aprel döyüşləri ərəfəsində də Azərbaycanın genişmiqyaslı hərbi təlimlərə baş vurduğunu yada salıb. Düşmənin artan təlaşı boşuna deyil.

Bu təlaş həmçinin belə bir dərkdən qaynaqlanır ki, Azərbaycan özünün sürətli ordu quruculuğu, intensiv hərbi təlimləri ilə həm də işğalçı Ermənistanı taqətdən salmaq strategiyası aparır. Bununla bağlı 1 in.am saytının şərhçisi Sarkis Arsruninin qeydləri diqqət çəkir. Sitat: «Ermənistan heç bir halda genişmiqyaslı müharibəyə cəlb olunmamalıdır. Bu, bizim ölkə üçün, ilk növbədə də onun demoqrafiyası üçün faciəvi olacaq. Bu müharibəyə bizim iqtisadiyyatımız da dözməyəcək - hansı ki, indi cəmi 11 milyard dollar təşkil edir və əgər hökumət 5 faizlik iqtisadi artımı təmin edə bilsə, 5 il sonra cəmi 13 milyard dollar olacaq. Azərbaycanın üzücü müharibə strategiyasına qarşı biz yalnız yeni, müasir və güclü dövlət modelini qoya bilərik. Yalnız belə bir Ermənistan Azərbaycandan keyfiyyətcə fərqlənə və Qarabağ nizamlanması prosesində beynəlxalq birliyi dilemma qarşısında qoya bilər. Və yalnız belə bir Ermənistan Azərbaycanla uzunmüddətli resurs mübarizəsində duruş gətirə bilər».

Elə sual da budur ki, Rusiyanın vassalı ola-ola Ermənistan buna necə və hansı resurslarla nail olacaq? Sual ritorikdir.