vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Bir gün azad yaşamaq, qırx il boyunduruq altında yaşamaqdan daha üstündür»

Babək Xürrəmi (798 - 838)
PROBLEM  
13:33 | 23 iyun 2017 | Cümə Məqaləyə 4094 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Azalan evlilik, artan boşanma

Ailə institutunun dağılmasının qarşısını necə almalı?

Şəbnəm MEHDİZADƏ, kaspi.az

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycanda boşanmaların sayı artıb. 2016-cı ildə Azərbaycanda 13 114 boşanma qeydə alınıb. Bu da 2011-ci ildən sonra ən yüksək göstərici sayılır. Son 6 ildə nikahların sayının ən çox qeydə alındığı 2011-ci ildə 88 145 evlənmə olub. Həmin ildə qeydə alınan boşanmaların sayı 10 747 olmaqla, son 6 ilin ən az göstəricisi qeydə alınıb. 2011-ci ildə əhalinin hər 1000 nəfərinə düşən nikahların sayı 9,7, boşanmaların sayı 1,2 olub. 2016-cı ildə isə əhalinin hər 1000 nəfərinə düşən nikahların sayı azalaraq 6,9-a enib, boşanmaların sayı isə artaraq 1,4-ə yüksəlib. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərovun «Trend»ə verdiyi məlumata görə, Azərbaycanda boşanmaların səbəbləri arasında ilk yeri məişət zorakılığı tutur. Sonsuzluq, narkotik aludəçiliyi, xəyanət, maddi durumun yetərli olmaması da boşanmaların əsas səbəbləri arasındadır.

Statistik rəqəmlər artıq cəmiyyətimizdə ailə institutunun dağılıb sıradan çıxmasından xəbər verir. Bəs görəsən boşanmaların kütləviləşməsinin kökündə hansı amil dayanır? Bunun qarşısını almaq üçün nə etməliyik?


Getdikcə ailədə sosial rollar dəyişir


«Təmiz Dünya» Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova deyir ki, əslində səbəblər həddən artıq çoxdur: «Ailə münasibətlərində yeni tendensiyaların formalaşması və ideoloji ailə modelinin olmaması əsas səbəblərdən biridir. Müasir dövrdə yeni təcrübələr ortaya çıxır, o cümlədən insanların davranış modelində  dəyişikliklər  müşahidə olunur.  Məsələn, internetdə, sosial şəbəkələrdə, teleseriallarda görülən böhranlı ailə modellərini özümüzə qəbul edirik. Getdikcə ailədə sosial rollar dəyişir. Əvvəllər kişilər dominantlıq edir, qadınlar ailə məsələləri ilə məşğul olurdusa, indiki dövrdə qadınlar məşğulluq və liderlik keyfiyyətini  özündə əxz etdirmək istəyir. Bu isə tərəflər arasında  vəzifələrin bölünməməyinə gətirib çıxarır. Belə olan təqdirdə isə ailədə maraqlar toqquşur. İndi qadın da dominant olmaq istəyir və bu münasibətlər kəskinləşir. Ailəni ayaqda saxlamaq və ailəyə məsuliyyətli yanaşmaq bir növ  həm də şüur məsələsidir. İndi isə ailənin daha güclü və dayanıqlı olması məsələsi vacib deyil. Ailə müəyyən maraqlar çərçivəsində qurulur. İndi həm də nikaha girən şəxslər özləri üçün konkret olaraq strategiya hazırlamırlar. Əvvəllər ailə quran şəxslərin uzunmüddətli strateji məqsədləri olurdu. İndi hətta bəzi hallarda  seksual münasibətlərdə uyğunsuzluq da ailənin dağılmasına gətirib çıxarır. Bu barədə əvvəllər danışılmırdısa və tabu hesab edilirdisə,  indi bu mövzu da gündəmdədir. Əvvəllər kişi xəyanət edirdisə, qadın psixoloji olaraq bunu qəbul edirdi. Onlar «kişi xəyanət edəndir» fikrini əsas götürüb, ailəsini dağıtmamaq üçün buna göz yumurdu. İndi «qadınların xəyanəti» kimi yeni davranışlar ortaya çıxıb. Halbuki bu, yaxın keçmişdə bizim ailələrə uyğun model deyildi. Günümüzdə ailələr iqtisadi amildən çox, sosial problemlərdən dağılır. Təəssüflər olsun ki, müasir dövrdə gedən qloballaşma cəmiyyətimizdə ailə institutuna böyük  zərər vurur. Ailədaxili  inam, güvən qalmayıb. Ən böyük təsiredici amillərdən biri də inamsız və perspektivsiz ailələrin qurulmasıdır. Düşünürəm ki, indi  şey insanların şüuru və düzgün seçim edə bilmək bacarığından asılıdır».


Böyüklərin ailəyə nüfuzu azalıb


Millət vəkili Jalə Əliyeva bildirdi ki, müasir tendensiyalar çərçivəsində  ailələrin dağılması adi hal alıb: «15-20 il bundan əvvəl boşanma dəhşətli bir hadisə kimi qarşılanırdı və cəmiyyətdə boşanmış ailələrə münasibət də birmənalı deyildi. Texnologiya inkişaf etdikcə, böyük dünyanı evimizdə kiçik şəkildə görməyə başladıqdan sonra bu məsələyə də münasibət dəyişdi. Düşünürəm ki, boşanmaların artmasının səbəblərindən biri də böyüklərin ailəyə nüfuzunun azalması ilə  bağlıdır. Əvvəllər evin, elin ağsaqqalının bir sözü ilə ailədəki məsələ yoluna qoyulurdu. İndi müasirləşmənin müsbət tərəfləri ilə bərabər,  köklərdən qopma tendensiyası müşahidə edilir. Ailələr daha çox müstəqil olmaq istəyir. Yeni qurulan ailə nəzarətdən uzaq yaşayaraq, istədiyi qərarı özbaşına verə bilir. Gənclər böyüklərin verdiyi məsləhəti və müdaxiləni  qəbul etmək istəmir. Düzdür, iqtisadi problemlər də öz sözünü deyir. Müstəqil məvacibi olmayan gənclər ailə qurur və sabah həmin ailədə problemlər yaranır. Burada çox müxtəlif səbəbləri qeyd etmək olar. Bu gün Ailə, Qadın və Uşaq Komitəsi bu işlə dərindən məşğuldur. Müvafiq dövlət qurumları da bu sahədə lazımi işləri görür. Əsas istəyimiz ailələrimizin tam, bütöv olmasıdır. Çünki sağlam ailə sağlam nəsil, sağlam dövlət deməkdir».


Boşanmaların əksəriyyətində günahkar qadınlardır?


Sosioloq Lalə Mehralı boşanmaların səbəblərindən söz açaraq, bildirdi ki, əsas amillər sonsuzluq, erkən nikah, qeyri-düzgün həyat tərzi, zərərli vərdişlər, maddi cəhətdən bərabər olmayan ailələrdir: «Bunların da arasında boşanmaya ən çox rəvac verən əsas amil sonsuzluqdur. Bizim mentalitetdə «uşaq olmasa, olmaz» düşüncəsi hakim olduğu üçün övladı olmayan qadını və ya kişini ailəli görmək istəmirlər. Çox maraqlı məqam isə odur ki, çox vaxt bunu valideynlər edir, qızını və ya oğlunu övladı olmayan biri ilə yaşamağa qoymur. «Övladın yoxdursa, sənin ailəli olmağa haqqın da yoxdur» kimi  düşüncə tərzi Azərbaycanda ailə institutunu dağıdır. Dağıdanlar isə atalar, analardır. Maddi problemlərə görə də boşanmaların olduğunu istisna etmirəm, var. Amma maddi problem faktoru boşanma səbəbləri arasında 10-15-ci yerdə qərarlaşır. Bu səbəbdən boşananlar, minimuma qane olmayanlardır. Qızlar ailə qurur, qayınana, qayınata ilə birlikdə yaşamağa başlayır, amma 3 ay keçməmiş ayrı ev istəyir. Axı sən bu adamla ailə quranda onun ata-anası ilə yaşayacağını bilirdin, başqa ev olmadığını da həmçinin. Bunu tələb etməklə, maksimum, kirayə evdə yaşaya bilərsən ki, bu da göründüyü qədər asan deyil. Asan olmadığının fərqinə varanda, tələb etdiyi həyatı ona verə bilməyən həyat yoldaşı ilə ayrılmağı seçir. Evləndikdən 2-3 ay sonra boşanan nə qədər ailələr var. Təəssüflə qeyd edim ki, boşanmaların əksəriyyətində günahkar qızlarımızdır. Məsləhət almağı sevmirlər, qayınananı düşmən hesab edirlər. İndi gənc ailələrin əksəriyyətinin tək yaşamasına səbəb də elə qızların böyük məsləhətinə qulaq asmaq istəməməyidir.  13 ilə yaxındır ailəliyəm, evimdə söz-söhbət də olub, küsüb-barışmağımız da. Çox təəssüf ki, daha analar qızına məsləhət vermir, ailəsini dağıdır. Son illərdə boşanmaların sayının bu qədər artmasının əlaqədar qurumları da narahat etdiyi üçün lazımi layihələr həyata keçirilir, AQUPDK regionlarda Dəstə Mərkəzləri açır, qadınlara ailə, büdcə idarəetməsi, problemlərdən çıxış yolu mövzularında təlimlər verilir, qadınlara hüquqları başa salınır, sənət öyrədilir, öz pullarını qazanmağa şərait yaradırlar. Əgər qadın da ailəyə pul gətirirsə, ərinə dəstək olursa, deməli, boşanmaya səbəb olan səbəblərdən biri - maddi problem aradan qalxmış olur, nəticədə, boşanan ailə sayı azalır. Bir ən vacib məsələni də qeyd edim ki,  efirlərimizdə boşanmış və karyera qurmuş qadınları verilişə dəvət edirlər, həyatını filmə çevirirlər.   Sanki, istənilən qadın boşanan kimi həyatı düzələcək, biznesi böyüyəcək. Amma heç vaxt 30-40 ildir möhkəm ailəsi olan birini çıxarıb danışdırmırlar. Efirdə olanlar cəmiyyətə təsir edir, necə deyirlər, göz gördüyünü çağırır. Ona görə, möhkəm ailə tablosunu ordan da nümayiş etdirmək, gəncləri motivasiya etmək vacibdir».