vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Milli mənliyini itirmiş cəmiyyət, başqa millətlər üçün ovdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
GÜNDƏM  
22:39 | 25 iyun 2017 | Bazar Məqaləyə 2509 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Tank qatilləri» və digərləri...

Azərbaycana Rusiyadan gələn 42 eşelon silah

MÖVZU İLƏ ƏLAQƏLİ

MÖVZUYA AİD VİDEO

  • Ordu günündə təslimat

Ötən gün Azərbaycan Müdafiə Nazirliyi Rusiyadan Bakıya gətirilən növbəti iri silah partiyası barədə məlumat və görüntülər yayıb. Bu görüntülərə əsasən Bakı limanına yan alan «Bəstəkar Raxmaninov» quru yük gəmisindən çoxsaylı hərbi texnika və sursat boşaldılır. Hərçənd Müdafiə Nazirliyi gətirilən silahların adları və təyinatı barədə məlumat yaymayıb. Bununla belə hərbi qaynaqlardan virtualaz.org-a məlum olub ki, nazirliyin yaydığı görüntülərdə əks olunanlar gətirilən silahların hamısı deyil. Belə ki, Rusiya ilə əvvəldən bağlanmış müqavilələr əsasında təkcə dünən Bakıya 42 eşelon silah-texnika gətirilib.

Kadrlardan görünür ki, gəmidən boşaldılanlar «Xrizantema-S» tank əleyhinə raket kompleksləri, habelə bu komplekslərdən ibarət batareyanın idarəolunması üçün 9P157-4 komanda-qərargah maşını, çox güman ki, «Xrizantema» raketlərinin qablaşdırıldığı konteynerlərdir. Lakin bunlar gətirilən silahların ancaq bir hissəsidir. Qalanların nədən ibarət olduğu açıqlanmır. Ötən ay isə Rusiyadan Azərbaycana BTR-82A zirehli transportyorlarının böyük partiyası da daxil olmaqla çoxsaylı texnika gətirilmişdi.

Beləliklə, Müdafiə Nazirliyinin yaydığı qısa görüntülər Ermənistanda Azərbaycanın durmadan artan hərbi gücü ilə bağlı təşvişi daha da artırmaq üçün kifayət etməlidir. Çünki «Xrizantema-S» tank əleyhinə raket kompleksi Rusiyadan başqa cəmi bir-iki ölkənin silahlanmasında mövcud idi, Ermənistanda isə belə komplekslər yoxdur.

Rusiya hərbi nəşrlərinin məlumatlarına əsasən «Xrizantema-S» çoxməqsədli raket kompleksi ilk dəfə 1996-cı ildə nümayiş etdirilib. (Azərbaycana gətirilənlər isə yayılan kadrlara əsasən bu kompleksin ən müasir versiyasıdır). Özüyeriyən raket kompleksi gələcək nəsil tanklarla, həmçinin helikopter və digər aşağı hündürlükdən uçan hava hədəflərilə mübarizə aparmaq və onları məhv etmək məqsədilə hazırlanıb. NATO-da «AT-15 Springer» kod adı ilə tanınan və 9M123 raketlərindən istifadə olunan bu texnika sutkanın istənilən vaxtında, istənilən hava şəraitində hədəfi aşkar edib məhv etməyə qadir olan heybətli silahdır. Onun özəlliyi təchiz olunduğu «Xrizantema-S» raketinin dəhşətli zərbə gücündədir. Bu raketin zərbəsi qarşısında heç bir, o cümlədən ən müasir tank zirehi dayanmaq gücündə deyil. Təbii ki, raket kompleksinin hədəfi təkcə tanklar olmaya bilər, bu hədəflərə həm də yüngül zirehli texnikadan tutmuş istənilən başqa hərəkətli və hərəkətsiz obyektlər, o cümlədən möhkəmləndirilmiş atəş nöqtələri daxildir. Lakin «Xrizantema» raketlərindən heç bir tankın yayına bilməyəcəyini nəzərə alan hərbi ekspertlər bu kompleksə «tank qatili» adını veriblər.

«Xrizantema-S» kompleksi BMP-3 piyada döyüş maşınının bazasında yığılıb, nəticədə raket kompleksi mürəkkəb relyefə malik ərazilərdə saatda 45 kilometr sürətlə hərəkət edə bilər. Şosse yolda isə saatda 70 kilometr sürət yığır, dolu yanacaq çənləri ilə 600 kilometr yürüş məsafəsinə malikdir.

Hərbçilər deyirlər ki, «Xrizantema-S» döyüş mövqeyini cəmi 20 saniyədə alır: bunun üçün maşının dayanması və daim döyüşə hazır olan iki «Xrizantema» raketinin hədəfə buraxılması kifayətdir. Üstəlik iki raketi eyni vaxtda buraxıla və müxtəlif məsafələrdən iki müxtəlif hədəfi vura bilər. Bu da kompleksi populyarlaşdıran daha bir özəlliyidir.

Digər tərəfdən «Xrizantema-S» kompleksi hədəfi operatorun onu görüb-görməməsindən asılı olaraq məhv edə bilər. Özü də istənilən hava şəraitində, qatı dumana, qaranlığa baxmayaraq.

Kompleks buna unikal radiolokasiya sistemi sayəsində nail olur. Radiolokasiya sistemi hədəfi aşkar edir və avtomatik rejimdə raketə komanda verir, bu zaman hədəf yüz faiz məhv olunmuş hesab edilə bilər. Bildirilir ki, dünyada başqa heç bir bu cür texnika nümunəsi analoji sistemə malik deyil.

Mütəxəssislər təsdiq edir ki, üç «Xrizantema-S» kompleksi düşmənin böyük sayda qüvvəsinin qarşısını sanballı məsafədən almağa qadirdir. Bu komplekslər döyüşə başlayaraq düşmənin hücum edən tank rotasınının hücumunu poza, cəmi bir neçə saniyədə rotanın tanklarının yarısından çoxunu məhv edə bilər. Və bütün bunlar düşmənin özünə gəlib cavab tədbirinə əl atmasına qədər baş verəcək. «Xrizantema-S» 400 metrdən 6 min metrə qədər hədəfləri vura bilir. Raketlərinin ağırlığı 54 kiloqramdır, kumulyativ döyüş başlığının çəkisi 8 kiloqramdır. Raket bərk yanacaqla işləyir.

Qeyd etmək lazımdır ki, Azərbaycan tank əleyhinə dünyada ən mükəmməl silah sistemlərindən sayılan və İsrailin «Rafael» şirkətinin istehsalı olan «Spike» raketlərinin bir neçə modifikasiyasına da malikdir. Hansı ki, bunları artıq Qarabağda ötən ilin aprelində (o cümlədən bir neçə həftə əvvəl)  uğurla tətbiq edib. Erməni zabitlərinin sonradan etiraf etdikləri kimi «Qarabağ ordusunun» köhnə T-72 tankları «Spike»ların qarşısında aciz idi və nəticədə düşmənin tankların dəstəyi ilə itirilmiş mövqeləri geri qaytarmağa hesablanmış əks-hücumu iflasa uğramışdı.

O zaman sual yarana bilər ki, Azərbaycan nədən İsraildən «Spike» raketlərini almaqla kifayətlənməyib və Rusiyanın «Xrizantema-S» komplekslərinin də böyük partiyasını əldə edib?

Belə görünür ki, bu sualın cavabını «Xrizantema-S» komplekslərinin təchiz olunduğu raketlərin böyük dağıdıcı gücündə və həmin komplekslərin daha çox müdafiə xarakterli döyüşlərdə yüksək effektivlik nümayiş etdirməsində axtarmaq lazımdır.  Çünki «Xrizantema-S» hədəfə hərəkətdə olarkən deyil, döyüş mövqeyi seçərək atəş açır. Habelə kompleksin nisbətən yüngül zireh müdafiəsinə malik olması onun hücum edən qoşunların ön sıralarında tətbiqi məqsədəuyğun deyil.

Ərazilərin işğaldan azad edilməsinə yönəlmiş mümkün hərbi əməliyyatlar zamanı müəyyən istiqamətlərdən hücumla yanaşı silahlı qüvvələr digər istiqamətlərdə taktiki manevr edə və müdafiə mövqeyi seçə bilər. Bu zaman «Xrizantema-S» kompleksləri düşmənin əks-həmləsinin qarşısını almaq üçün effektiv vasitə olardı.

İstənilən halda bu komplekslərin böyük partiyasını əldə etməklə Azərbaycan özünün tank əleyhinə silahlanmasını daha da gücləndirmiş oldu ki, bu, Ermənistan üçün hazırda əlçatmaz səviyyədir.

Bütün variantları hesablayan Azərbaycan ordu komandanlığının bu silahı almasında məqsədi müdafiə xəttinin gücləndirilməsi olub. Çünki, bütün dünya analitikləri tərəfindən və o cümlədən Azərbaycan prezidentinin verdiyi ciddi xəbərdarlığa əsasən status-kvonun dəyişməyəcəyi təqdirdə yaxın günlərdə başlanması ehtimal edilən müharibədə ikinci cəbhə faktoru var. Belə ki, işğalçı ordunun Qarabağda gözlənilən müharibəni uduzacağı qaçılmazdır. Bu məğlubiyyəti kompensasiya etmək və KTMT-ni bu müharibəyə cəlb etmək üçün Serj Sərkisyan rejimi çox güman ki, ölkəsinin Azərbaycanla sərhədindəki mövqelərindən hücuma keçməyə və yeni ərazilər tutmağa cəhd edəcək. Bunun nəticə verməsi üçün əsas şərt hücumun qısa zaman ərzində məqsədinə çatması ola bilər və bu vaxt zirehli texnika (tank, PDM, ZTR, Özüyeriyən artilleriya qurğusu və s.) və helikopterlərdən istifadə yeganə çıxış yoludur. Nəzərə alanda ki, Ermənistanın zirehli texnika və helikopter arsenalı köhnəlmiş, ötən əsrin 80-ci illərinə aid T-72 tanklarından və sınıq-salxaq «zirehli»lərdən və yerindən güclə qalxan helikopterlərdən ibarətdir o zaman düşmən bəri başdan arxayın ola bilər ki, mümkün hərbi əməliyyatlar zamanı onun texnikaları «metallom»dan başqa heç nəyə yaramayacaq.

Digər tərəfdən «Xrizantema-S» həm də, çox güclü möhkəmləndirilmiş istehkam qurğularının, səngərlərin, komanda qərargah məntəqələrinin məhv edilməsində əvəzsizdir. Bir dəqiqədə bir neçə hədəfi vurmaq bacarığı isə bir neçə saniyə ərzində möhkəmləndirilmiş mövqelərdəki bütöv bir divizionun artilleriya batareyalarını darmadağın etməyə imkan yaradacaq.