vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Fikir müxtəlifliyi təbii hadisədir. Hamı bir boyda ola bilmədiyi kimi, eyni fikirdə də ola bilməz»

Heydər Əliyev (1923 - 2003)
SAĞLAMLIQ  
20:53 | 2 iyul 2017 | Bazar Məqaləyə 3410 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Cərrahiyyə cavanlaşır

Getdikcə kosmetik əməliyyatlara daha gənc qadınlar müraciət edirlər

MÖVZU İLƏ ƏLAQƏLİ

«The İndependent» qəzeti plastik və kosmetik cərrahiyyənin bu günü haqqında maraqlı yazı dərc edib.

Londonda plastik cərrahiyyənin əsas «məhəlləsi» sayılan Harli Strit (Harley Street) ünvanında bir cərrah qəzetə bildirib ki, gözəllik naminə cərrah bıçağı altına girən qadınların orta yaşı 39-a enib. Üç il əvvəl bu rəqəm 42 idi.

Doktor Culian De Silva (Julian De Silva) «The İndependent» qəzetinə deyib ki, indi liposaksiya, qarının yığışdırılması, üzün cavanlaşdırılması və botoks əməliyyatına müraciət edən qadınların əhəmiyyətli hissəsi heç orta yaşlarına çatmayanlardır.

Elə kosmetik cərrahiyyəyə girən kişilərin də orta yaşı 47-dən 45-ə düşüb.

Buna baxmayaraq, doktor Culian De Silva cərrah həmkarlarına məsləhət görür ki, adamları əməliyyat etməzdən əvvəl bunun həqiqətən də lazımlı olub-olmadığını diqqətlə müəyyən etsinlər.

Həkim deyir ki, kosmetik cərrahiyyəyə müraciət edənlərin sayının artması, qismən də «filtrlənmiş selfilərin «İnstagram» mədəniyyətinə» görədir.

Bununla belə, o əlavə edir ki, gənc adamların əksəriyyəti plastik cərrahiyyədən əvvəl adətən yaxşıca düşünür.

«Onlar müstəqil olaraq araşdırma aparır və zahiri görkəmlərini yaxşılaşdırmaq üçün pozitiv qərar qəbul edirlər. Onlar cəmiyyətdə qəbul edilmələri üçün enli burunlarını, sallaq göz qapaqlarını, nazik dodaqlarını və zəif çənələrini maneə kimi görürlər və bunları dəyişmək istəyirlər», - deyib həkim.

Hammersmitdəki Mütərəqqi Kosmetik və Plastik Üz Cərrahiyyəsi Mərkəzinin rəhbəri olan doktor De Silva bunu da qeyd edir ki, gözəllik cərrahiyyəsinin təbliğində sosial media böyük rol oynayır.

Onun sözlərinə görə adamlar sosial mediada başqalarının zahiri baxımdan gözəlləşdiyini əyani olaraq görürlər.

«Misal olaraq olimpiya çempionu, üzgüçü Rebeka Adlinqtonu (Rebecca Adlington) göstərmək olar. O 25 yaşında rinoplastika cərrahiyyəsi etdirib və üzünün yaxşılaşması ona yarışlarda daha böyük özünəinam verib», - deyib De Silva.

Məqalədə bu da deyilir ki, 2013-cü ildə İngiltərədə kosmetik cərrahiyyə əməliyyatlarına nəzarəti gücləndirmişdilər. O vaxt professor Bryus Keof Bruce Keogh tərəfindən qoyulan qaydalara görə «bir əməliyyat pullu, biri pulsuz» praktikası qadağan olunmuşdu.

Məsələn cərraha rinoplastika və başqa bir kosmetik cərrahiyyə əməliyyatını eyni vaxtda güzəştli qiymətlərlə həyata keçirmək icazəsi verilmirdi. Kosmetik cərrahiyyə reklamlarına nəzarət də gücləndirilmişdi.

Bütün bunlar cərrahiyyəyə müraciət etmiş şəxslərə iki əməliyyat arasında yaxşıca düşünmək imkanı verirdi.

Torontolu cərrah doktor Daniel Martin deyir ki, belə əməliyyatlara gələn adamlar üç faktora diqqət yetirməlidirlər:

Birincisi, sağalma müddətidir. Bu, bir çoxlarının gözlədiyindən daha uzun çəkir.

İkincisi budur ki, adamlar kosmetik cərrahiyyəni seçəndə gözləntilərində realist olmalıdırlar.

Üçüncü faktor isə cərrahın düzgün seçilməsidir.

Britaniyada kosmetik cərrahiyyəyə nəzarət edən orqanların verdiyi məlumata görə ötən il ərzində ölkədə kişili-qadınlı 30 min plastik cərrahiyyə əməliyyatı keçirilib.

Əlbəttə bunların əksəriyyəti - 28 min 341-i qadınlar olub.

Qadınların əksəriyyəti döşlərin böyüdülməsi, kişilərin əksəriyyəti isə burun görünüşünün dəyişdirilməsi üçün müraciət ediblər.