vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
MƏHKƏMƏ, İSTİNTAQ  
21:08 | 12 iyul 2017 | Çərşənbə Məqaləyə 3227 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Əhmədovun əmlakı Trampdan çox imiş

«Təxmini 200 milyon mənimsəmişdi, dərindən yoxlanılsaydı, bu rəqəm bir neçə dəfə arta bilərdi»

MÖVZU İLƏ ƏLAQƏLİ

Sabunçu Rayon Məhkəməsinin binasında ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarov və onunla birlikdə həbs edilən üç MTN əməkdaşının məhkəmə baxışı davam edir.

Virtualaz.org-un əməkdaşı məhkəmə zalından xəbər verir ki, iyulun 12-də keçirilmiş prosesdə təqsirləndirilən Akif Çovdarov zərərçəkmiş, Bakı Metropoliteninin keçmiş rəisi Tağı Əhmədovun iddiası əsasında baxılmış epizod üzrə ifadə verib.

Həmin ifadəni qısa ixtisarlarla diqqətinizə çatdırırıq.


Metro stansiyalarına girişi kim bağladı?


Möhtərəm hakim, mən yeddi il Tağı Əhmədovun birbaşa kuratoru olmuşam. MTN-də nəqliyyat sahəsinə başçılıq etdiyim və metro da nəqliyyatın bir növü olduğu üçün nəzarət funksiyasını həyata keçirmişəm. Həmin 7 il ərzində bu sahə üzrə bütün nazir və nazir müavinləri, idarə rəisləri ilə əlaqələrim var idi. Lakin Tağı ilə bir dəfə də olsun üz-üzə gəlməmişəm. Ona zəng də vurmamışam.

İdarəmiz yeni yaradılanda funksiyaları çoxşaxəli olduğundan, MTN rəhbərliyindən xahiş etdim ki, idarəyə bir neçə xidməti avtomobil ayrılsın. İdarəmiz neft kəmərlərinə də nəzarəti həyata keçirirdi və avtomobil çox lazım idi. Rəhbərlik göstəriş verdi ki, kuratoru olduğun idarələrə xəbər elə, sponsor yardımı kimi bacardıqları qədər avtomobil ayırsınlar. Nəqliyyat idarəsinin rəis müavini Rəsul Rəsulov Tağı Əhmədovla görüşündə bu xahişimizi ona çatdırmışdı. Tağı da demişdi ki, pulum yoxdur, uzağı 5 min manat verə bilərəm.

Möhtərəm hakim, siz keçən dəfə qaçırtdınız Tağını, mən ona elə suallar verəcəkdim ki, hər şeyi özü açıb danışacaqdı, imkan vermədiniz.

Həmin o maşın hadisəsindən sonra mən, ümumiyyətlə, Tağı adlı adamı tanımadım. Heç bir ünsiyyətimiz də olmadı.

Sonra Tağını işdən çıxardılar və Bakı Metropoliteninə yeni rəis təyin etdilər. Yeni rəis təyin olunmuş Zaur Hüseynov müavinləri ilə birlikdə nazirliyə gəldi ki, kuratorlarımızla tanış olaq.

Bunun üstündən hardasa 1 ay keçmişdi ki, mənə zəng etdilər. Bildirildi ki, camaat metro stansiyalarının qabağını kəsib. Hər stansiyanın qarşısına 500-1000 nəfər yığılıb. Zaur dedi ki, metroda mağazaları sökürəm, camaat üsyan edir. Sonradan polisin köməyi ilə stansiyalara yol açıldı. Məsələ ilə bağlı nazirə məruzə etdim. Yuxarı səviyyədə müzakirə edildikdən sonra mənə göstəriş verildi ki, baş verənləri araşdırım. Camaatın üsyan etməsinin səbəblərini araşdırmalı idim. Mağazaların sökülməsi belə reaksiya doğura bilməzdi, çünki hamısı icarədə idi, öz mağazaları deyildi.


İcarə haqlarını kim yığırmış?


Tağının özünün ifadəsində bildirdiyi kimi, metroda cəmi 1200 ticarət nöqtəsi var idi. İcarə oğulları isə 3 ay əvvəldən yığılırmış. Yəni 3 ay əvvəldən pulunu verən oturub işləyirmiş. Çünki rəqabət həddən çox idi, hamı metroda yer götürmək istəyirdi. Hər bir ticarət nöqtəsinin aylıq haqqı isə 300 manatdan 1500 manata qədər idi – sahəsindən, yerindən, stansiyadan və başqa bu kimi amillərdən asılı olaraq qiymət dəyişirdi. 1 kvadrat metrlik dönər satışı nöqtəsi aylıq 200-250 dollar verirdi.

Hesabladıq ki, 3 aylıq icarə haqqı kimi camaatdan 4 milyon manata yaxın pul yığılıb. Camaatdan əvvəlcədən pul yığılıb, indi isə mağazaları sökülürdü. Bizə lazım idi ki, bu etiraz aksiyalarının təşkilatçılarını tapaq. Mənə tapşırıldı ki, bu məsələni araşdırım. Əməkdaşların apardığı araşdırmalardan sonra mənə təxminən 50 nəfər şikayətçinin ərizəsini gətirdilər. Hamı yazırdı ki, pulumu alıb qaytarmırlar. Bəzilərinin pulunun bir hissəsini qaytarıb, qalanını gözləməklərini istəmişdilər.

Tağının qardaşı oğlu Şövqi Əhmədov nazirliyə çağırılan kimi nə var idisə, açdı sandığı, tökdü pambığı. Olanların hamısını bir-bir danışdı. Bütün o mexanizm bizə aydın oldu. Deməli, bütün metropoliten 5 yerə bölünmüşdü. Qardaşı oğlu «Koroğlu» stansiyasından «Həzi Aslanov» stansiyasına qədər olan hissəyə nəzarət edirdi. Tağı Əhmədovun hakim işləyən oğlu Rauf Əhmədov bütün 1200 mağazanı öz uşaqlıq dost-tanışlarının adlarına rəsmiləşdirmişdi.

Tağı Əhmədovun sözlərinə görə, 1200 ticarət nöqtəsindən ildə dövlət büdcəsinə 1 milyon 200 min manat pul köçürülüb. Deməli, o boyda mağazaların aylıq haqqı büdcəyə köçürmələrə görə, cəmi 8 manat təşkil edir. Arada əmələ gələn fərq isə Rauf Əhmədova verilirdi. Orta hesabla hər mağazanın aylıq haqqını 800 dollardan götürsək, bu, ayda 1 milyon, illik isə 12 milyon dollar edirdi. Hələ biz ən aşağı qiymətlə hesablamışıq, əslində, rəqəm daha böyük idi. Yəni 2007-ci ildə həmin mağazalar Bakı Şəhər İcra Hakimiyyətinin balansından Bakı Metropoliteninin balansına keçdiyi vaxtdan qazanc 100 milyon dollara yaxın idi.


Bakıdan Moskvaya təcili zəng


Bu hadisələr baş verəndə Tağı Moskvada idi. Moskva Metropoliteninin rəisinin ad gününə getmişdi. Təbii ki, biz artıq onun telefonlarını dinləyirdik. Bakıdan Tağı Əhmədova zəng olundu. Deyildi ki, işin MTN-ə tapşırılıb, tez qayıt. Həmin o Tağı Əhmədovun «Petya» adlandırdığı adam zəng etmişdi. Tağıya telefonda deyildi, ki, bilirsən ki, MTN işə başladısa, səni tutacaqlar, gəl, camaatın pulunu qaytar. Tağı həmin gecə Bakıya qayıtdı.

Yuxarıda bizim təqdim etdiyimiz arayışa baxandan sonra dedilər ki, bu Tağı gündə gəlib ağlayır ki, metro pul qazana bilmir. Mənə tapşırıldı araşdırım ki, büdcədən gizlədilmiş cəmi vəsait nə qədər olub və bu pullar haradadır.


Metroda baş verən qaranlıq məsələlər


Təxminən bir aylıq işdən sonra məlum oldu ki, təkcə mağazaların aylıq haqlarından dövlətdən gizlədilmiş və hakim işləyən Rauf Əhmədova çatmış pulun məbləği 2008-2015-ci illər ərzində 100 milyon manatdan çoxdur.

Yadınıza gəlirsə, o vaxt metroya giriş jetonla idi. Araşdırdıq ki, həmin jeton qəbul edən turniketlərdə metropoliten rəhbərliyi elə sistem qurub ki, daxil edilən 4 jetondan yalnız 1-i qeydiyyata düşmür. Yəni gündəlik metrodan istifadə edənlərin 25 faizinin pulu Tağı Əhmədovun cibinə gedir. Bu da ildə təxminən 4 milyon manat edir (metropolitenin özünün reklam bannerlərindəki rəqəmə görə hər gün metrodan 590 mindən artıq adam istifadə edir. Sadə riyazi hesablama aparsaq, 590 000 min nəfərdən gündəlik 118000 manat gedişhaqqı yığılıb. Bu məbləğin 25 faizi yəni 29500 manat Tağı Əhmədova çatırdısa, bu ildə 10 767 500 manat, 16 ildə isə 172 280 000 manat edib – VAXT.AZ) Hər il də dövlətdən zərərlə işləyən qurum kimi dotasiya alırdı.

Yeni rəis təyin olunan Zaur Hüseynov deyirdi ki, metronun «Azərişıq»a 40 milyon manat borcu qalıb.

Digər məsələ yeni vaqonların gətirilməsi ilə bağlıdır. Hərəsi 1 milyon manata Moskvadan vaqonlar alındı. Əslində isə, Moskvada dəyişdirilmiş və yeniləri ilə əvəz edilmiş vaqonlar əsaslı təmir etdirilərək, yeni vaqon adı ilə Bakıya gətirilmişdi. Yalnız bu əməliyyatdan Tağı Əhmədov 10 milyon manat əldə etmişdi.

Vaqonların təmiri isə başqa məsələdir. Zaur Hüseynov vəzifəyə təyin olunan kimi Bakıda depoda təmir sexini bərpa etdi və vaqonlar bilavasitə Bakıda təmir olunmağa başladı. Bu vaxta kimi isə Tağı Əhmədov vaqonları təmir üçün Gürcüstana göndərirdi. Hər vaqonun təmirinə 120-150 min dollar pul köçürülürdü. Vaqonda isə təmir adı ilə rəngləmə və bəzi elektrik naqillərinin dəyişdirilməsi işləri aparılırdı. Zaur Hüseynovun sözlərinə görə, vaqonun ən baha təmiri uzağı 45 min manata başa gəlir. Gürcüstana göndərilən pullardan 70-80 min manatı hər dəfə geri qayıdırdı. Mən hələ yadımda qalanları deyirəm.

Təmir işinə Tağı Əhmədovun kiçik oğlu, hazırda Xarici İşlər Nazirliyində işləyən Ruslan Əhmədov baxırdı. Bütün lazım olan materiallar onun adına olan firmalara göndərilirdi. Bir sözlə, həmin 7 ildə təmirdən təxminən 100 milyon manat mənimsənilmişdi. Yadımda olan bu 7 il ərzində səthi yoxlama nəticəsində 200 milyon manatın mənimsənildiyi məlum oldu. Daha dərindən yoxlansaydı, bu rəqəm bir neçə dəfə arta bilərdi.

Mən bütün bu sözlərimin hər birinin altından imza çəkirəm. Əgər yalan deyirəmsə, ittihama 1-2 maddə də artırın, etiraz eləmirəm, amma bütün dediklərim olub.


Dubayda 3 mərtəbə, Taksimdə 2 mağaza...


Ofşorda qeydiyyatdan keçmiş 4-5 firma vasitəsilə Tağı Əhmədov 58 milyon dolları Dubaya çıxarmışdı. Orada tikilən 37 mərtəbəli otelin 3 mərtəbəsini oğlu Ruslanın adına almışdı. Əgər Tağının gediş-gəlişinə baxsanız, həmin dövrdə Dubaya o qədər gedib ki, elə bil Naxçıvana gedir.


Tağı Əhmədov və oğulları


Bundan başqa, Dubayda iki mağaza və bir restoran alınmışdı.

7 milyon dollara İstanbulun Taksim meydanında iki mağaza alıb icarəyə verib.

Daha 5 milyona Moskvanın «Tverskaya» metro stansiyasının yaxınlığında mağaza alaraq icarəyə verib. Bundan başqa, Rusiya paytaxtında daha 4-5 obyekt alınıb.

Bakıya gəlincə, Tağı Əhmədov «Sahil» metro stansiyasının üstündə 4 mənzil, «Yeni Həyat» yaşayış kompleksindı 4 mənzil, başqa ünvanlarda 4-5 ev alıb. Bir neçə restoranı var – bunlardan ən məşhurları «Kolizey» və «Şəhrizad»dır. Həmin «Kolizey» 2015-ci ildə 20 milyon manata satışa çıxarılmışdı.

«Gənclik» metro stansiyasının yaxınlığında 1200 kvadrat metrlik ev tikdirib, evin içində mini-ATS quraşdırılıb.

Bundan başqa, Tağı Əhmədovun Bakıda və Bakıətrafı kəndlərdə bir neçə mülkü və bağ evləri müəyyən edildi.

«28 May» metro stansiyasının yaxınlığında ən məşhur mağazalardan bir neçə Tağı Əhmədova məxsus idi. Bunların hamısının siyahısı məndə var.

Hakim işləyən oğlu Raufla bağlı apardığımız araşdırmalardan xəbər tutan Tağı Əhmədov Rəsul Rəsulova demişdi ki, guya oğlunun başına torba salıb MTN-ə gətirmək istəyirik. Bunu eşidib dedim ki, yaxşıdır mənə 1 milyon manat verdiyini demir. Bax, məsələ bu cür olub. Sonra həmin o verilməmiş 1 milyon çevrilib 3 milyon oldu. Burada ifadəsində demədi, amma Rəsul Rəsulov mənimlə söhbətində bildirmişdi ki, Tağı adama heç 3 manat verməz, 3 milyon necə verəcəkdi?

Daha bir maraqlı məsələ ondan ibarətdir ki, mənə 3 milyon verdiyini deyən qohumu «SKA» stadionunun harada yerləşdiyini deyə bilmədi. Halbuki, guya o pulu mənə orada vermişdilər. İttiham aktında göstərilən və zərərçəkmişlərin burada dedikləri 986 nömrəsi ilə məndə heç vaxt maşın olmayıb – prokurorluq burada səhvə yol verib.


Tağı Əhmədov ərizəni niyə geri götürmədi?


Tağı Əhmədov ərizəsini geri götürmək istəyirdi. Bildirmişdi ki, bu yaşımda mənə belə söz-söhbət lazım deyil. Lakin buna imkan vermədilər və bunun öz tarixçəsi var.

Televiziya kanallarımızdan birində kriminal verilişində aeroport yolunda törədilmiş qəza barədə reportaj göstərilmişdi. Sonradan həmin reportaj tez-tələsik efirdən yığışdırıldı. Tağı Əhmədovun oğlu Rəsul maşınla adam vurub öldürmüşdü. Həmin qəzanı pulla kiminsə üstünə yazıb məsələni bağladılar. Lakin bu yaddan çıxmadı. Tağıya bildirdilər ki, ərizəsini geri götürsə, oğluna qarşı cinayət işi başlanacaq.

Təqsirləndirilən Akif Çovdarovun digər epizodlar üzrə ifadələrini virtualaz.org diqqətinizə çatdırmaqda davam edəcək.