vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Üzeyir bəy Hacıbəyov (1885 - 1948)

«Əgər asudəlik istəyirsənsə, vaxtını hədər yerə itirmə»

Üzeyir bəy Hacıbəyov (1885 - 1948)
REGİON  
10:16 | 19 iyul 2017 | Çərşənbə Məqaləyə 2508 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Dnestryanı separatçıları qorxu içində

Moldova Ukraynanın köməkliyi ilə oyuncaq respublikanı təcrid etməyə başlayıb

AZƏR, kaspi.az

MÖVZU İLƏ ƏLAQƏLİ

Separatçı Dnestryanı bölgənin ətraf aləmdən təcrid olunmasına start verilib. Ukrayna prezidenti Petro Poroşenko ilə Moldovanın baş naziri Pavel Filippin Moldova-Ukrayna birgə nəzarət buraxılış məntəqəsini açmaları şok effekti doğurub. Ən önəmlisi isə odur ki, perspektivdə daha 13 nəzarət buraxılış məntəqəsinin açılması nəzərdə tutulub. Bununla da Dnestryanı bölgə üzük qaşı kimi mühasirəyə alınır, Kişinyov və Kiyevin icazəsi olmadan separatçı bölgədən giriş və çıxış mümkünsüzləşir.

Lakin mühasirə əsas məsələ deyil. Separatçı Dnestryanı bölgənin rəhbəri Vadim Krasnoselski bildirib ki, Kişinyov üçün şərq sərhədlərinin bərpası NATO və Avropa İttifaqına üzvlük istiqamətində növbəti bir addımdır. Ən əsas isə bu qərar Rusiyanın maraqlarına bir zərbədir. Separatçıları narahat edən odur ki, onlar tam şəkildə mühasirə vəziyyətinə düşürlər. Onların liderinin sözlərinə görə, Dnestryanı bölgədə Moldova və Ukraynanın birgə sərhəd və gömrük postlarının quraşdırılması tanınmamış qurumun tam şəkildə mühasirəsi deməkdir. V.Krasnoselskinin ehtiyat etdiyi Moldovanın NATO və Aİ-yə üzvlüyünün reallaşa bilməsidir. Nəzarət edilməyən sərhəd Moldovanın avrointeqrasiyasına mane olur. Bu, Ukraynaya da aiddir. Kiyev də Aİ və NATO-ya üzv olmağa can atır və onun da həllini tapmayan ərazi mübahisələri var. «Ukraynanın  Donbasda onun Rusiya ilə, eləcə də Dnestryanı bölgə ilə sərhədi var», - deyə Krasnoselski bildirib.

Separatçı lider diqqəti ona yönəldib ki, onların Moldova və Ukrayna ilə sərhədinin faktiki olaraq qapadılması Rusiyanın maraqlarına ziddir: «Dnestryanı bölgədə Rusiyanın 220 min vətəndaşı var. Məhz onların Odessa vilayətinə girişi məhdudlaşdırılacaq, hüquqları azaldılacaq. Mən onların hüquqlarını qorumağa çalışacağam. Ümid edirəm ki, Rusiya öz vətəndaşlarını atmayacaq. Özü də Rusiya Federasiyasının Kişinyova təsir rıçaqları hələ də qalır», - deyə Krasnoselski bildirib. Onun sözlərinə görə, sərhəd ərazilərdə nəzarət-buraxılış məntəqələrinin qoyulması Kişinyovun Dnestryanı qarşı zor tətbiq etmək ssenarisinin başlanğıcıdır. Söhbət Dnestryanı bölgənin iqtisadi vəziyyətinin pisləşməsindən gedir. Bu, moldov hakimiyyət orqanlarının birgə qərarıdır. Dnestryanı bölgə ilə dialoqun tərəfdarı olan prezident İqor Dodon isə Rusiya ilə əlaqələrin qurulmasının tərəfdarıdır. Maraqlıdır ki, o, birgə moldov-Ukrayna nəzarət-buraxılış məntəqələrinin yaradılması ideyasının da tərəfdarıdır. Dnestryanı münaqişənin həlli ilə bağlı keçirilən 5+2 ( Moldova, Dnestryanı bölgə, Rusiya, Ukrayna, ATƏT – vasitəçilər. Avropa İttifaqı və ABŞ- müşahidəçilər) formatındakı danışıqlarının yekununda qərara alınıb ki, problem ilə bağlı hər hansı bir qərar danışıqlar stolu arxasında və separatçı bölgənin nümayəndələrinin iştirakı ilə verilsin. «Bizimlə heç kim hər hansı bir müzakirə aparmayıb. Nəzarət- buraxılış məntəqələrinin açılması barədə qərar «5+2» formatının pozulması deməkdir», - deyə separatçı qurumun lideri bildirib. Onun qənaətincə, Ukrayna hazırkı şəraitdə münaqişənin nizamlanmasının təminatçısı qismindən maraqlı tərəfə çevrilir. Xüsusən də Kiyevin Dnestryanı bölgə ilə sərhədi gücləndirməsi faktı nəzərə alınmalıdır.

Bəlli olub ki, tanınmamış respublikanın sərhədində Ukrayna milli qvardiyasının əməkdaşları və polis yerləşdirilib. Moldova polisi də əraziyə cəlb edilib. Moldova mətbuatı yazır ki, mövcud durum müharibəqabağı vəziyyəti xatırladır. «Ukrayna olaraq Moldovanın ərazi bütövlüyünün qorunmasını istəyirik», - deyə Ukrayna prezidenti moldov baş naziri ilə keçirdiyi brifinqdə bəyan edib. «Ölkədə məqsədyönlü şəkildə Dnestryanı bölgədə aktiv fəaliyyət göstərilməsi üçün spesifik atmosfer formalaşdırılır», - deyə Kişinyovun «Moldovskie vedemosti» nəşri yazır. Publika TV-də gedən Fabrika verilişində isə bildirilib ki, Dnestryanı problemini Birləşmiş Ştatlar Konqresində lobbistlər qrupu müzakirə etməlidir. Verilişdə iştirak edən professor Ruslan Şevçenko bildirib ki, ABŞ Konqresi Moldovaya Rusiya tərəfindən tətbiq edilən sanksiyaların aradan qaldırılmasını müzakirəyə çıxarmalıdır. Öz növbəsində Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova bildirib ki, Dnestryanı bölgədə vəziyyət ağırlaşmaqda davam edir. O bildirib ki, artıq Moldova prezidenti İqor Dodonla Dnestryanı bölgənin rəhbəri arasında yanvar-mart aylarında keçirilən görüşlər mənasızlaşır. Dnestryanı bölgədəki vəziyyəti Moldovanın Rusiyadakı səfiri Andrey Nequçe Rusiya XİN rəhbərinin müavini Qriqori Karasinlə də müzakirə edib. Öz növbəsində Moldova Demokratik Partiyasının lideri Vladimir Laxotnyuk Nyu-Yorkda Birləşmiş Ştatlardan Dnestryanı bölgədən Rusiya sülhməramlılarının çıxarılmasına dəstək verməsini xahiş edib. Bu çağırış hökumətdə və parlamentdə ciddi dəstək qazanıb.

Bütün bunlardan belə bir nəticəyə gəlmək olar ki, Dnestryanı münaqişənin sülh yolu ilə həlli məsələsi arxa plana keçir. Artıq problemi iqtisadi rıçaqları işə salmaqla və hərbi yolla həllinə üstünlük verilir. Bu münaqişənin həli isə digər həlli uzanan problemlərin, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin həlli üçün zəmin yarada bilər.