vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«Bir kərə yüksələn bayraq bir daha enməz!»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
GÜNDƏM  
14:18 | 21 iyul 2017 | Cümə Məqaləyə 1991 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Azərbaycan elə bir dərs verdi ki...

Bakıdakı məhkəmədən düşmənə göz dağı; Rusiya öz vətəndaşı olan qalmaqallı bloqqerdən imtina etdi

Siyasət şöbəsi

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycan dövləti özünün sərt üzünü və gücünü göstərdi. Qarabağa qanunsuz səfər eləmək azmış kimi, separatçı rejimi təbliğ edib Azərbaycanı aşağılayan yəhudi bloqqer Aleksandr Lapşinə cəza kəsildi. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əlövsət Qasımovun sədrliyi ilə keçirilən prosesdə Lapşinə hökm oxundu. Məhkəmənin hökmünə əsasən, A. Lapşinə ittiham olunduğu Cinayət Məcəlləsinin 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar) maddəsi ilə bəraət verilib. Məhkəmə qeyd edib ki, bu maddə ilə verilən ittiham məhkəmə istintaqı zamanı sübuta yetirilməyib.

Lakin məhkəmə onu Azərbaycan Cinayət Məcəlləsinin 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddəsi ilə təqdirli bilərək 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edib. Prokuror ona 6 il 6 ay həbs cəzası istəmişdi.

Doğrudur, bu, hələ onun 3 il günə-gün Azərbaycan həbsxanasında yatacağı anlamına gəlmir. Çünki bundan sonrası qalır ölkə prezidentinin onu əfv edib-etməyəcəyi məsələsinə. Dövlət maraqları, strateji tərəfdaşımız İsrail və Rusiyanın xahişləri nəzərə alınarsa, yəhudi bloqqer öz cəzasını çəkmək üçün bu iki ölkədən birinə verilə də bilər, əfvlə azadlığa çıxa da.

Əsas odur ki, Azərbaycan dövləti olduqca həssas bir məsələdə, düşmənə qarşı Dağlıq Qarabağla bağlı aparılan təbliğat savaşında və sağdan-soldan (Rusiya, İsrail) edilən təzyiqlərə rəğmən, ortaya öz maraqlarını qorumaq üçün iradə qoya bildi, sifətini saxladı, Qarabağ məsələsində xeyrimizə işləyəcək yaxşı bir presedent, ilk yaratdı.

Sözsüz ki, buna görə heç kim, heç bir ölkə bizə irad tuta bilməz. Lakin bizdən ötrü A.Lapşinin məhkəmə istintaqına cəlb edilib cəza kəsilməsi də hədəf yox, əslində vasitə idi. Çünki önəmli olan - işğal altındakı ərazilərimizə bu kimi qanunsuz səfərləri durdurmaqdır. Dağlıq Qarabağın ölkəmizin ayrılmaz parçası olduğunu, Azərbaycanın öz bir qarış torpağını belə, Ermənistana heç vaxt güzəşt etməyəcəyini daim beynəlxalq birliyin, vasitəçi dövlətlərin diqqətinə çatdırmaqdır.


***


Xəbər verdiyimiz kimi, Rusiya, İsrail və Belarus vətəndaşı olan yəhudi bloqqer məhkəmədə səmimi etiraflar edib, səhvini boynuna alıb, Azərbaycana öz ərazi bütövlüyünü tezliklə təmin etməyi arzu edib. Adı «qara siyahı»da olan və separatçıların dostu sayılan odioz birisinə haqq-ədaləti etiraf etdirməyin özü də az iş deyil, Azərbaycan dövlətinin uğurudur.

Fəqət, bu, həbsxanamızın təzə qonağı kimi A.Lapşinin sındırılması və ya alçaldılması anlamını da vermir. Düz yola gəlib islah olmaq, səhvləri səmimi və publik şəkildə boynuna alıb peşmançılıq keçirmək sınmaq və ya sındırılmaq sayılmaz. Yəhudi bloqqerin prosesdəki etiraflarını isə səmimi saymamağa əsas yoxdur.

Məhkəmədə qaçqın-köçkünlərin, Xocalı soyqırımı şahidlərinin ifadələrini eşidəndən sonra onun vicdanı tərpənibsə, demək, içində heç də hər şey ölməyibmiş. İnsanlıq duyğuları tam korşalmayıbmış. Kimin, hansı əşirətin, terrorçu-başkəsənlərin maraqlarına qulluq etdiyinə o, yəqin ki, balaca Zəhranın faciəsindən sonra daha möhkəm yəqinlik hasil edib. Bunu onun məhkəmədəki son sözündən də görmək olardı.

Sitat: «Özümü peşman hiss edirəm. Hiss edirəm ki, mən düşünmədən, bilmədən Azərbaycana və onun xalqına zərər vurmuşam. Ancaq günahım Azərbaycan qarşısında mənəvi müstəvidədir, hüquqi yox. Peşmanam ki, bloqqer kimi Qarabağa səfər edəndə Azərbaycana qarşı kəskin sözlər işlətmişəm. Heç zaman Azərbaycana nifrətim olmayıb. Öz hərəkətlərimlə azərbaycanlılara mənəvi əzab vermişəm - xüsusən də erməni qəsbkarlarından əziyyət çəkənlərə. Ümid edirəm ki, Azərbaycan öz ərazi bütövlüyünü tez bir zamanda bərpa edər. Qarabağ münaqişəsi tezliklə Azərbaycanın xeyrinə başa çatar».

Bu sözləri Lapşinin elə özü haqda çıxardığı qiyabi hökm-ittiham da adlandırmaq olar...


***


Yazı hazırlanarkən məlum oldu ki, Kremli Lapşinin Rusiyaya ekstradisiyası maraqlandırmır. «Rusiya, İsrail, Ukrayna vətəndaşı, Bakıda məhkəmə tərəfindən 3 il müddətinə azadlıqdan məhrum edilmiş bloqqer Aleksandr Lapşinin mümkün ekstradisiyası Kremlin mövzusu deyil». Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

«Xeyr, bu Kremlin mövzusu deyil», - deyə Rusiya rəhbərliyində bu mövzunun izlənilməsi və Lapşinin ekstradisiya edilib-edilməyəcəyi ilə bağlı suala cavab verərkən Peskov bildirib.

Xatırladaq ki, Lapşin Belarusdan ekstradisiya edilməzdən yüksək çinli Rusiya rəsmiləri (xarici işlər naziri Sergey Lavrov, XİN sözçüsü Mariya Zaxarova, ombudsman Moskalkova) az qala, Bakıya qarşı hədələyəci tonda onun azad onun sərbəst buraxılmasını tələb etmişdilər. Moskva indinin özündə belə, Bakıda narkotik ittihamı ilə 8 il həbs cəzası almış erməni əsilli Rusiya vətəndaşı Marat Ueldanovun ekstradisiyasına çalışır.

Amma indi məlum olur ki, üçlü vətəndaşlıq daşıyan yəhudi bloqqer daha Rusiya üçün maraq kəsb eləmir. Ola bilsin, Kreml Lapşin səhifəsini qapatmaqla son vaxtlar Bakı ilə heç də yaxşı olmayan münasibətlərə əlavə soyuqluq qatmaq istəmir. Hərçənd Lapşin işinə nöqtə qoyulduğunu demək də tez olar. Çünki məsələyə İsrailin yekun mövqeyi hələ bəlli deyil.