vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«İnsanlara hürriyət
Millətlərə istiqlal»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
GÜNDƏM  
21:43 | 24 iyul 2017 | Bazar ertəsi Məqaləyə 1707 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Rusiyanın kürəyindən saplanan xəncər

Ermənistan üzünü NATO-ya çevirir

Fərhad MƏMMƏDOV

MÖVZU İLƏ ƏLAQƏLİ

Yaşadığımız bu günlərdə dünya yeni geosiyasi kataklizmlərlə, inqilablara şahidlik edir, birqütblü dünya nəzəriyyəsi indiki nəslin gözləri qarşısında iflasa uğrayır və bunun nəticəsi olaraq dünya nəhəngləri arasında geosiyasi rəqabət də kəskinləşir. Bu rəqabətin ən şiddətlisi isə heç şübhəsiz ki, ABŞ-ın liderliyi ilə Qərb dünyası ilə itirilmiş mövqelərini bərpa etmək üçün çalışan Rusiya arasında gedir. Politoloqlar və geostrateqlər bu mübarizəni çoxdan «soyuq müharibə» ilə müqayisə edirlər, ancaq vəziyyətin daha təhlükəli olduğunu da gizlətmirlər.

Heç kimə sirr deyil ki, Qərb dünyası və əlbətdə ki, NATO başda olmaqla, onun aparıcı institutları, Rusiyanın başlıca geosiyasi  rəqibidir. Və Putinin Rusiyanı yenidən dünya nəhənginə çevirmək strategiyasının başlıca məqsədlərindən biri budur: NATO-nu mümkün qədər Rusiyanın sərhədlərindən uzaqda saxlamaq.

Və Rusiyanın bu məqsədlərinə çatmaq üçün xeyli irəlilədiyi göz qabağındadır. NATO-nun şərqə doğru ötən əsrin sonlarında başlamış sürətli ekspansiyası sona çatıb, hansı ki, bu eksansiya bir sıra keçmiş sovet respublikalarının da Alyansa üzvlüyünü, beləliklə də Rusiyanı hər tərəfdən NATO bazaları ilə əhatələməyi nəzərdə tuturdu. Bu çərçivədə alyans Cənubi Qafqaz respublikalarını da özünün prioriteti elan etmişdi və qeyd etmək lazımdır ki, regionda xüsusən Gürcüstanın sayəsində xeyli irəliləyə, möhkəmlənə bilib. Və proseslərin kulminasiya nöqtəsi 2000-ci illərin ortalarında Mixail Saakaşvilinin Gürcüstanın NATO-ya üzvlüyü üçün rəsmən müraciət etməsi olmuşdu.

Təbii ki, Rusiya da NATO-nun Baltik regionunun ardınca Cənubi Qafqazı da götürməsinə sakitcə yanaşa bilməzdi və 2008-ci ilin avqust müharibəsi Gürcüstanın NATO üzvlüyü planlarını çox uzaqlara atmış oldu. NATO üzvülüyünü əvvəldən qarşıya məqsəd qoymayan və balanslı, müstəqil siyasət kursuna sadiq qalan Azərbaycan dünyadakı, regiondakı geosiyasi dəyişiklikləri nəzərə alaraq alyansla əməkdaşlığını tədricən məhdudlaşdırmağa başladı. Ermənistan isə onsuz da regionun NATO ilə əməkdaşlıq baxımından ən geridə olan ölkəsi idi və Rusiyanın forpostunun onun bir nömrəli geosiyasi, hərbi rəqibi ilə tərəfdaşlığı ancaq formal xarakter daşıya bilərdi.

Lakin son vaxtlar xeyli təəcüblü hadisələr baş verməkdədir. Rusiyanın Cənubi Qafqazdakı forpostu fəal şəkildə Qərbə doğru meyl etməyə, Avropa İttifaqı və NATO ilə yaxınlaşmağa başlayıb. Ermənistanın Avropa İttifaqı ilə bu ilin payızında üstün tərəfdaşlıq razılaşması imzalamağa hazırlaşdığı haqda ötən buraxılışlarımızda yazmışdıq. Hansı ki, Avropa İttifaqının da postsovet ölkələri ilə iqtisadi, siyasi inteqrasiya səyləri Rusiyanı NATO-nun onun sərhədlərinə yaxınlaşması qədər qıcıqlandırır. Bu haqda Moskva dəfələrlə çox açıq danışıb, xəbərdarlıq edib. Doğrudur, Ermənistan «Putin ittifaqının» üzvü olduğu halda Avropa İttifaqı ilə yaxınlaşmanı Rusiya ilə razılaşdırılmış şəkildə həyata keçirdiyi barədə məlumatlar sızdırır. Ancaq buna inanmaq üçün ciddi dəlillər yoxdur.

Ermənistanın NATO ilə yaxınlaşması isə bu ölkənin vassal statusunu nəzərə alanda daha təəcüblü, heyratamiz görünür. İş o yerdədir ki, Yerevanın siyasi dairələri, NATO rəsmiləri hətta Ermənistanın Alyansa üzvlüyü imkanları haqda danışmağa başlayıblar. Bəli, məhz belədir və heç Qərbin regionda kifayət qədər güclü olduğu dövrlərdə belə NATO üzvlüyünü xəyal etməyən Ermənistan özünü alyansın regionda az qala əsas tərəfdaşı qismində görmək istəyir, blokun proqramlarında fəali iştirak edir.

Təkcə son aylarda, həftələrdə baş vermiş, yaxud baş verəcək hadisələrin xronikasına nəzər salaq.

İyulun 11-dən 20-nə qədər Ermənistan NATO-nun Rumıniyada keçirilən, ABŞ silahlı qüvvələrinin Avropa komandanlığı tərəfindən maliyyələşdirilən «Saber Guardian» təlimlərində iştirak edib. Bu, NATO-nun 2017-ci ildə keçirdiyi ən irimiqyaslı hərbi təlimlərindən biri idi.

Gələn ay, avqustun birinci ongünlüyündə Gürcüstanda NATO-nun «Noble partner» təlimləri start götürəcək. ABŞ vitse-prezidenti Maykl Pensin izləyəcəyi həmin təlimlərdə Ermənistanın özünün əhəmiyyətli sayda hərbi kontingenti ilə iştirak edəcək.

Sentyabrda isə NATO-nun Almaniyada «Combined Resolve IX» hərbi təlimləri keçiriləcək. Həmin təlimlərdə NATO hərbçiləri ilə çiyin-çiyinə Ermənistan silahlı qüvvələrinin 112 hərbçisi dayanacaq.

Qeyd edək ki, Azərbaycan NATO-nun bu hərbi təlimlərinin heç birində iştirak etmir.

2008-ci il üçün də NATO-nun Ermənistanla tərəfdaşlıq qrafiki sıxdır. Gələn il Ermənistan NATO-nun azı 4 hərbi təlimində iştirakını təsdiqləyib və bu təlimlərdə əhəmiyyətli sayda kontingentlə iştiraka hazırlaşır.

Ermənistanın NATO ilə rəsmi-diplomatik təmasları da xeyli sıxlaşıb. Ötən ay alyansın Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Apaturay Yerevanda səfərdə idi. Onu ən yüksək səviyyədə qarşıladılar, prezident Serj Sərkisyan, parlamentin spikeri Ara Babloyan, Müdafiə Nazirliyinin rəhbərləri NATO rəsmisi ilə Ermənistanın Alyansla tərəfdaşlığı haqda fikir mübadiləsi apardılar. Sərkisyan hətta NATO Baş katibini tezliklə Yerevana səfərə dəvət etdi. Müdafiə naziri Vigen Sərkisyan isə Apaturayla danışıqlarda bildirdi ki, Ermənistan NATO-nun Əfqanıstan missiyasındakı əsgərlərinin sayını xeyli artırmağa hazırlaşır.

Həmin səfər zamanı Ceyms Apaturay Ermənistanın NATO ilə münasibətlərini «etimada əsaslanan, möhkəm və dayanmadan dərinləşən üstün münasibətlər» adlandırmışdı. Üstəlik bildirdi ki, yaxın vaxtlarda blok «Ermənistan üçün maraq kəsb edən» yeni proqramlar təqdim edəcək. Hansı ki, NATO rəsmisinin intriqa doğuran bu bəyanatının arxasında nəyin dayandığı haqda erməni ekspert çevrələrində ciddi ajiotaj yaranıb.

Apaturay Ermənistan-NATO və Ermənistan-Aİ yaxınlaşmasının paralel, uzlaşdırılmış şəkildə getdiyinə (Şərq blokunun keçmiş üzvlərinə münasibətdə də Qərbin taktikası belə olub - müəl.) eyhamla deyib ki, Alyans İrəvanın payızda Aİ ilə üstün tərəfdaşlıq razılaşması imzalamaq planlarını alqışlayır. Çünki Qərb Ermənistanla yaxınlaşmağı arzu edir.

NATO-nun Cənubi Qafqazdakı xüsusi nümayəndəsi, eyni zamanda Alyansın Tbilisi ofisinin rəhbəri Uilyam Lahyu isə bu günlərdə daha da irəli gedərək Ermənistanın NATO-ya üzvlüyü haqda danışıb. Diplomat açıq deyib ki, NATO Qafqaza doğru genişlənmək planlarını dayandırmayıb və əgər Ermənistan nəhayət NATO-ya üzv olmaq qərarı versə bu, əməkdaşlıq imkanlarını genişləndirəcək. «Lakin Ermənistan özü qərar verməlidir ki, Alyansla əməkdaşlığını nə dərəcədə dərinləşdirə bilər», - diplomat əlavə edib.

Rusiyanın baş verənlərə dair rəsmi reaksiyasına hələ rast gəlinməyib. Lakin təxmin etmək çətin deyil ki,  Kremlin daxilində bütün bu intriqaları necə narahatlıq və narazılıqla izləyrlər. Axı Ermənistanın NATO üzvlüyü haqda hipotetik də olsa danışmaq o deməkdir ki, bu ölkənin KTMT üzvlüyünə son qoyub onun ərazisindən Rusiya hərbi bazalarını çıxarmaq niyyətləri var. Maraqlıdır, Yerevanın özündə də belə niyyətlər yaranıbmı?

Uilyam Lahyu isə bununla kifayətlənməyib, Moskvanı daha çox qıcıqlandırmaq istəyirmiş kimi deyib ki, NATO ilə Ermənistan arasında münasibətlər «çox yüksək səviyyədədir». Hansı ki, bu münasibətlərin sonrakı irəliləyişi «ciddi siyasi qərar tələb edir». Yəni diplomatın bu sözlərindən çıxan nəticəyə əsasən Ermənistan siyasi rəhbərliyi hazırda seçim qarşısındadır və Rusiyadan üz döndərib Qərbi seçmək üzərində düşünməlidir, elə deyilmi?

Üstəlik NATO nümayəndəsi onu da deyib ki, Alyans Ermənistanla yaxınlaşmada onun İran və digər ölkələrlə mövcud münasibətlərinə əsaslanmır. «Çünki Ermənistan suveren dövlətdir və qonşuları ilə münasibətlərini necə qurmaq barədə özü qərar verir»-diplomat belə deyib. Bu, NATO tərəfdən tamamilə yeni yanaşmadır, çünki indiyə qədər İran və Rusiya ilə münasibətlər, habelə nizamlanmayan Qarabağ münaqişəsi Alyansın region ölkələri ilə tərəfdaşlığında əsas amillərdən idi.

Digər yüksək vəzifəli NATO rəsmisi Ceyms Apaturay da Ermənistanı Alyansa cəlb etmək , yaxınlaşdırmaq üçün onun KTMT-yə, yəni başqa və faktiki olaraq düşmən hərbi bloka üzvlüyünə göz yumacaqlarını ifadə edib. «Ermənistan eyni zamanda KTMT üzvü və NATO-nun etibarlı tərəfdaşı kimi qala bilər», - o, Yerevanda jurnalistlərə deyib.

İyunun 29-da isə Ermənistan müdafiə naziri Vigen Sərkisyan NATO ilə danışıqlar üçün Brüsselə yollanıb, alyanın mənzil-qərargahında NATO-nun Əfqanıstan missiyasının iştirakçısı olan ölkələrin müdafiə nazirlərinin toplantısına qatılıb. Hansı ki, Azərbaycan Müdafiə Nazirliyi bu toplantıda yüksək səviyyədə iştirak etməyib.

Ermənistan KİV-lərinin məlumatları əsasında Sərkisyanın Brüssel təmaslarına və apardığı müzakirələrə nəzər salaq. Erməni nazir tolantıdan sonra NATO Baş katibinin müavini Ruuq Qotemellerlə ayrıca görüş keçirərək ölkəsinin Alyansla münasibətlərinin daha da dərinləşdirilməsi yollarını, Ermənistan silahlı qüvvələrində NATO standartları əsasında islahatların aparılmasını müzakirə edib.

Sərkisyanın  digər təması Avropa İttifaqının hərbi komitəsinin rəhbəri, ordu generalı Mixail Kostanakosla olub. Həmin görüşdə Ermənistanla Aİ arasında hərbi tərəfdaşlıq imkanlarından danışılıb.

Ermənistanda, Rusiyanın Cənubi Qafqazdakı tək hərbi müttəfiqi elan etdiyi ölkədə NATO-nun ayaq səsləri vətəndaş cəmiyyəti institutlarının qismində də yüksəkdən eşidilməkdədir. Vaxtaşırı olaraq erməni QHT-ləri NATO-nun vətəndaş cəmiyyəti proqramlarına qatılır, Ermənistanda tez-tez Qərb fondlarının qrantları və təkilatçılığı ilə NATO ilə münasibətlər mövusunda konfranslar təşkil edilir.

Məsələn, ötən ayın ortalarında Konrad Adenaur fondunun və NATO-nun dəstəyi ilə Ermənistanda jurnalistər üçün «NATO Cənubi Qafqazda stabilləşdirici qüvvə kimi: cari çağırışlar və regionda inkişaf» mövzusunda seminar təşkil edilib. Ermənistan Müdafiə Nazirliyinin müdafiə siyasəti idarəsinin rəis müavini Mqer İsraelyan həmin seminarda təqdim etdiyi məruzədə Ermənistan-NATO münasibətlərini «strateji» adlandırıb, bu münasibətlərin daha da dərinləşəcəyi haqda danışıb.

Bütün bunlar nə deməkdir? Müstəqilliyi formal mahiyyət daşıyan bu uğursuz ölkənin öz vassalına qarşı bunt qaldırması deyilmi?  Hansı cəsarətlə Ermənistan öz ağasına qarşı bunt qaldırır və bunun nəticələrini hesablayıbmı?