vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 23 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Milli mənliyini itirmiş cəmiyyət, başqa millətlər üçün ovdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
AKTUAL  
12:22 | 25 iyul 2017 | Çərşənbə axşamı Məqaləyə 1215 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Rusiya regionda Azərbaycana üstünlük verir

Prezidentlərin Soçi görüşü iki ölkə arasında gələcək perspektivləri müəyyənləşdirir

Bəxtiyar MƏMMƏDLİ

Dünyada geosiyasi vəziyyət dəyişdikcə, Cənubi Qafqaz regionuna maraq getdikcə artır. Əslində bu marağın yaranmasında Azərbaycan dövlətinin yürütdüyü xarici siyasət və bu kontekstdə həyata keçirilən beynəlxalq layihələrin mühüm rolu olub. Ölkəmiz qonşu dövlətlərlə də hər zaman münasibətlərin davamlı olmasına üstünlük verib. Belə ki, bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyevin rusiyalı həmkarı Vladimir Putinlə Soçi şəhərində görüşərək müxtəlif məsələlər ətrafında müzakirələr aparması da təsadüfi deyil. Hər iki dövlət başçısının görüşdən sonra verdiyi açıqlamalar Azərbaycan-Rusiya münasibətlərinin gələcək inkişafından xəbər verir.

Prezidentlərin Soçi görüşünü «Kaspi» qəzetinə şərh edən Milli Məclisin deputatı, politoloq Hikmət Məmmədov bildirdi ki, Rusiya-Azərbaycan münasibətləri regionun təhlükəsizliyi və hər iki ölkənin strateji maraqları üçün olduqca əhəmiyyətli münasibətlərdir: «Ona görə də Rusiya və Azərbaycan prezidentlərinin görüşü təkcə region mətbuatı tərəfindən deyil, qlobal media tərəfindən də maraqla izlənilir. İyulun 21-də Soçidə baş tutan görüş əvvəlcədən planlaşdırılmadığı üçün daha çox diqqəti cəlb etdi və burada maraqlı məsələlər müzakirə edildi. Əgər bu görüşün əhəmiyyətini Rusiya prezidenti Vladimir Putinin fikirləri ilə qiymətləndirməyə çalışsaq, müzakirələrin çox geniş spektri əhatə etdiyinin şahidi olacağıq. «Bir sıra regional məsələləri qlobal kontekstdə müzakirə etdik və eyni zamanda heç şübhəsiz ki, iki ölkə arasında münasibətlərin, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsinin perspektivləri ilə bağlı söhbət etdik. Yekun fikir bu oldu ki, hər iki ölkə arasında münasibətlərin inkişafında birgə fəaliyyət üçün çoxlu imkan var» - deyə Putin vurğulayıb. Əslində, bu fikirlər, görüşün əhəmiyyətinin nə dərəcədə böyük olduğunu göstərməklə yanaşı, iki ölkə arasındakı münasibətlərin necə böyük perspektivə malik olmasını izah edən fikirlərdir».

H.Məmmədov qeyd etdi ki, hazırda regionda və dünyada çox mürəkkəb hadisələr baş verir: «Rusiya-Azərbaycan münasibətlərinin yüksək səviyyədə olması təkcə iki ölkənin əlaqələri baxımından deyil, bütövlükdə region xalqlarının hamısının maraqları baxımından əhəmiyyətlidir. Çünki Azərbaycan mövqe və güc etibarı ilə regionun ən böyük ölkəsidir və Cənubi Qafqazda Rusiyanın tərəfdaşıdır. Bu istər həyata keçirilən meqa layihələr baxımından, istərsə də ölkələrarası iqtisadi potensial baxımından belədir. Ona görə də iki ölkənin münasibətləri regionda təhlükəsizliyin təminatçısı kimi çıxış etməklə, həm də regionun gələcəyinin müəyyənləşdirilməsində əsas faktor rolunu oynayır. Bu zaman isə biz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlərin nə qədər aktual və zəruri olduğunun şahidi oluruq. Ona görə də hazırkı mərhələdə bu münasibətlərin keyfiyyətini müəyyənləşdirən əsas faktorlardan biri Dağlıq Qarabağ probleminin həllidir. Rusiya həm tarixi qonşu, həm ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri, həm də regionda işğalçı Ermənistan və Azərbaycanla yaxşı münasibətlərə malik ölkə kimi Ermənistana təzyiq üçün ən real rıçaqlara sahib olan ölkədir. Heç şübhəsiz ki, bu müzakirələrdə status-kvonun qəbuledilməzliyinin bir daha qeyd olunması vacib məsələlərdən biri idi. Düşünürəm ki, iki ölkə prezidentinin bu görüşü münasibətlərin gələcəyi baxımından olduqca əhəmiyyətlidir».

Millət vəkili vurğuladı ki, bəzi hallarda informasiya siyasi proseslərə də təsir göstərir: «Yaxud informasiya ilə siyasi proseslərə təsir etmə cəhdləri olur. Son günlərdə regional informasiya məkanında Rusiya-Azərbaycan münasibətləri ilə bağlı müxtəlif fikirlər səsləndirilirdi. Bəlli oldu ki, bu fikirlər əslində Rusiya-Azərbaycan münasibətlərinin yaxşı olmasını arzu etməyən güclər tərəfindən informasiya dövriyyəsinə buraxılır. Belə güclərin başında isə erməni lobbisi və Ermənistan dayanır. Çünki Rusiya ilə Azərbaycanın münasibətlərinin yaxşı olması ilk növbədə Ermənistanın maraqlarına ziddir Ona görə də iki ölkə prezidentlərinin yüksək səviyyədə görüşü uzunmüddətli və etibarlı tərəfdaş kimi dostcasına bütün məsələlərin yenidən müzakirəsi, bu münasibətlərin böyük perspektivinin olmasının qeyd edilməsi baxımından, eləcə də informasiya ilə manipulyasiya edən və Rusiya-Azərbaycan münasibətlərinə kölgə salmağa çalışan antiAzərbaycan, antiRusiya mərkəzlərinə layiqli cavab oldu. Bəlli oldu ki, heç də bu münasibətlər erməni lobbisinin Rusiyadakı fəaliyyətinə məruz qalacaq, yaxud da təsiri altında olacaq münasibətlər deyil. Bu münasibətlər tərəfdaşlıq, strateji əhəmiyyətli və hər iki ölkənin milli, təhlükəsizlik maraqlarına xidmət edən münasibətlərdir».

Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa vurğuladı ki, Soçi görüşü Azərbaycan ilə Rusiya arasında ikitərəfli münasibətlərin inkişafı baxımından böyük əhəmiyyət daşıyır. Onun sözlərinə görə, Azərbaycan ilə Rusiya bir sıra problemlərin, xüsusilə Dağlıq Qarabağ münaqişəsinin həllini birlikdə axtarmalıdır: «Rusiya tərəfindən müəyyən addımların yumşaldılması, ermənilərə dəstəyin azaldılması istiqamətində danışıqların aparılması vacibdir. Digər tərəfdən, sərhədyanı problemlər gündəmə gəlib, ermənilərin uşaq ölümləri ilə bağlı atdığı addımlar problemlər yaradır. Bunlar hamısı üst-üstə gələndə, ciddi narahatlıq yaradan amillər ortaya çıxır. Bu baxımdan Azərbaycanla Rusiya arasında söhbət aparıb bu məsələlərin həllini tapmaq hər kəsin marağındadır. Ona görə də Soçi görüşünün faydalı olduğunu düşünürəm, yəqin ki, müsbət nəticələri olacaq».

Deputat əlavə edib ki, Rusiyada yaşan azərbaycanlıların da problemləri, eləcə də turizm və digər məsələlər var: «Bu məsələlərin həlli baxımdan bu görüşlər çox faydalıdır».

Politoloq Fikrət Sadıxov bildirdi ki, Rusiya ilə Azərbaycan arasında strateji partnyorluq formatı mövcuddur və inkişaf etməkdədir: «Bu kontekstdə Rusiya və Azərbaycan dövlət başçılarının görüşü hər iki dövlətin maraqlarına cavab verir. Görüşdə müxtəlif məsələlər müzakirə olunub. İlk növbədə burada iki dövlət arasında siyasi, iqtisadi və humanitar sahələrin bundan sonra da inkişafı, bir sıra layihələrin həyata keçirilməsi müzakirə olunub. Şübhə etmirəm ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemi də ciddi şəkildə müzakirə edilib. Xüsusilə, Ermənistan tərəfindən törədilən təxribatlar fonunda dinc əhalinin öldürülməsi kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Mətbuatda gedən fikirlərə əsaslansaq, payızda Azərbaycan və Ermənistan prezidentlərinin görüşü planlaşdırılır. Belə bir ərəfədə Azərbaycan dövlət başçısının prinsipial mövqeyini irəli sürməsi və Rusiya prezidentinin diqqətinə çatdırması çox vacib məslədir».

F.Sadıxov qeyd etdi ki, prezidentlərin Soçi görüşündən ermənilər çox narahatdır və təşviş içindədir: «Çünki onlar başa düşür ki, Azərbaycan-Rusiya münasibətlərinin hərbi-texniki əməkdaşlıq aspekti də var. Bu da onları çox narahat edir. Biz Rusiyadan müasir silahlar alırıq və təbii ki, həmin silahları anbarlarda saxlamayacağıq. Bunlar torpaqlarımızı azad etmək üçün ermənilərə qarşı yönəlmiş silahlardır. Bunu da ermənilər çox yaxşı başa düşür. Həmçinin prezidentlərin görüşündə Rusiya Xarici İşlər Nazirliyinin erməni mənşəli vətəndaşların Bakıya gəlməsində problemlərin yaranmasını qabartması, Ümumrusiya Azərbaycanlıları Konqresinin fəaliyyətinin bərpa olunması məsələləri ciddi şəkildə müzakirə edilib. Azərbaycan bu məsələlər ətrafında qəti mövqeyini Rusiya prezidenti qarşısında qaldırıb».