vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«Keçmişini tanımayan bugününü anlaya, sabahını isə qura bilməz»

Barış Manço (1943 - 1999)
TOP OYUNLARI  
15:40 | 25 iyul 2017 | Çərşənbə axşamı Məqaləyə 1113 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Qarabağ», Balina, bir də Lobanovski...

Bugünkü «Şerif» oyunu öncəsi düşüncələr

Nazim SABİROĞLU

MÖVZU İLƏ ƏLAQƏLİ

«Qarabağ»ın bu gün Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində Bakıda Tiraspolun «Şerif» klubu ilə qarşı-qarşıya gəlməsi ilə bağlı ötən həftəki «qorxulu» proqnoz-yazılarım, deyəsən, nəticəsini verib. Futbolun bütün incəliklərini bilən dostlar deyir:

««Şerif»dən yaman qorxursan, o nə komandadır ki... « Haqlıdırlar, UEFA-nın 19 iyul reytinqinə görə, «Şerif» klublar sırasında 140-cı yerdə qərarlaşıb (mənbə:klubun saytı). Dostlar, qorxu təkcə «Şerif» deyil, başqa bir klub olsa da, daha «seyid cəddinə arxayın» olan kimi oturmaq olmur. Rəhmətlik Valeri Lobanovskini yaşlı nəsil yaxşı xatırlayır. Kiyev «Dinamo»sunun baş məşqçisini deyirəm... Kiyevlilər neçə top üstün olsalar da, hətta uduzsalar da, o kişi yerindən qalxmazdı. Amma oturduğu skamyada... elə hey dayanmadan dala-qabağa yırğalanardı. Narahatlığını bu cür büruzə verərdi, rahat olduğunu isə kimsə görmədi... İndi bu «Lobanovski sindromu» inanıram ki, «Qarabağ» üçün narahat olanların çoxunda var... Cəmi 4 oyun bizi illərdir arzuladığımız Çempionlar Liqasının qrup mərhələsinə çıxara bilər. Ta bu şansı itirməkdən böyük qorxu?


***


İkincisi, Azərbaycanda çoxlarının azarkeşlik etdiyi iki, hətta üç dünya klubu var. Bir ürəkdə iki-üç sevgili gəzdirmək kimi bir şey yani... ««Qarabağ» olmazsa, ÇL «Real»a azarkeşlik edərik» deyən azdırmı? Amma mənim kimilərin bu dünyada cəmi azarkeşi (həm də yalnız Avropa miqyasında oynayanda) olduğu bir klub varsa, niyə qorxmayaq, niyə ürəyimiz həyəcandan yerindən çıxmasın...


***


Ötən həftə «Qarabağ»ın «nömrə 1» azarkeşi hörmətli Aqil Abbas durub-dururkən azarkeşlərə bu gün meydanı doldurmaq müraciəti də yəqin hansısa narahatlıqdan doğub. Mən bu müraciətin məhz «Şerif»lə oyun üçün olduğuna, doğrusu, təəccübləndim də. Aqil Abbas dünya görmüş adamdır, o da indi stadionu doldurmaq üçün çağırış edirsə... Ya nəsə təhlükə hiss edib, ya da elə kefi belə istəyib... Mən birinci «ya» dan tərəfəm...


***


«Qarabağ»ın Çempionlar Liqasına düşməsi üçün «Şerif»i keçməsi yetərli deyil, hələ daha bir klubu da pley-offda Avroliqanın qrupuna göndərmək lazım gələcək. Amma öncə bu yükü çiynimizdən atmaq lazımdır. Səmimi deyirəm, «Qarabağ» bu dəfə ÇL qrup mərhələsinə düşməzsə, Avroliqda qrupda necə oynamasının şəxsən bəndəniz üçün o qədər də önəmi olmayacaq. Daha Azərbaycan azarkeşini Avroliqanın qrup mərhələsi ilə ovundurmaq olmur e, «Qarabağ», nəhayət, bu il yaranmış fürsətdən istifadə edib tilsimi qırıb tarixi uğura imza atmalıdır. Bu dəfə hədəfə ÇL qrupu deyilsə, elə «Şerif»lə bu iş bitsə yaxşıdır... Bu, qarğış deyil əsla, çağırışdır, bütün Azərbaycanın əsas klub komandasından da istədiyi, zənnimcə, budur. Kluba yaxşı oynamadığı üçün indilikdə irad bildirmək Allaha xoş getməz: stadiondakı 11 bəndəsi oynayır, bizdən daha çox arzulayırlar bu tarixi yazmağı. Amma daha bu Qarabağ problemi deyil ki, istədiyimizə çatmaq üçün üç dövlətin razılığını alaq. Bu, «Qarabağ»ın bacara biləcəyi işdir.


***


İnternet resurslarından axtarış verdim, Moldova mətbuatında oyunla bağlı xüsusi ajiotaj yoxdur, əksinə, mərhələni keçə bilməzlərsə, Avroliqanın qrup mərhələsi üçün pley-off şanslarından daha çox yazırlar. Amma qorxmurlar da, «Qarabağ»ın Avroliqanın qrup mərhələsində yaxşı təcrübə topladıqlarını xatırladırlar. Moldovada artıq çempionatın üç turu geridə qalıb, «Şerif» keçirdiyi üç oyunda uduzmayıb.

Çempionatın başlaması onlar üçün bəlkə də indi əlavə yük kimi görünə bilər, amma klub rəsmiləri fərqli düşünür. Komanda formada qalır, yeni transferlər klubda oynamağa alışırlar. Yeri gəlmişkən, «Qarabağ»la oyun ərəfəsi klub Moldova çempionatı tarixində ən çox top vurmuş Vilfred Bendjamin Balinamı yenidən heyətinə cəlb edib.

1985-ci il doğumlu afrikalı müdafiə və yarımmüdafiə xəttində əvəzedilməz oyunçu sayılır. «Şaman» ləqəbi ilə tanınan Burkina Faso millisinin oyunçusu 12 il «Şerif»in heyətində çıxış edib və 53 qol vurub. İyunda klubu tərk edən afrikalı iyul ayında yenidən klubun heyətinə qayıdıb. Bunun səbəbi haqda Moldova mətbuatı heç nə yazmır. Amma «Qarabağ»la oyun ərəfəsi onun klubun heyətinə daxil edilməsi mediada ümidlə qarşılanıb. Hollandiyalı yarımmüdafiəçi Joremi De Noyerin qırmızı kart alması səbəbindən bugünkü oyunda meydana çıxa bilməyəcəyi klub üçün itkidir. Bunu Moldova mətbuatı da yazır.

Bendjamin Balinamın tələsik heyətə cəlb olunması da bu boşluğu doldurmağa hesablanıb. Bəzi media saytlarında müxtəlif vaxtlarda Azərbaycan klublarında oynamış futbolçuların da ara-sıra şərhləri də var ki, onlar mərhələ keçmək şanslarını yarıbayarı qiymətləndirirlər.


***


«Qarabağ»a və onun sükuna arxasında dayanmış Qurban Qurbanova «filan oyunçu oynasın, ya oynamasın» kimi məsləhətlər vermək peşəkarların işidir. Biz sadə azarkeşlər yaxşı futbol, yaxşı nəticə arzusundayıq. «Şerif» 15 qat ölkə çempionudur, Bakıya da böyük ehtimalla heç-heçə arxasınca gəlir. Komandanın italiyalı(bir tərəfi də liviyalıdır) çalışdırıcısı Roberto Bordin «Kukesi»ilə oyunda buraxılan ciddi müdafiə səhvlərindən nəticə çıxardıqlarını deyib. İtaliyalı futbol mütəxəssisləri müdafiə taktikasını sevirlər. Bunu istər millidə, istəsə də baş məşqçisi olduğu klublarda da tətbiq edirlər. Bakıya gəlməzdən öncə «biz Samtredia deyilik» kimi göndərmələrə də rast gəldim onların yerli mətbuatında.

«Qarabağ»a psixoloji basqı lazım deyil, klub həm rəhbərliyin, həm də «Qarabağ»ı sevənlərin nə istədiyini hamıdan yaxşı bilir. Oyun alınsa, inşallah ki, 3 top fərqli üstünlüyümüz ola bilər. Alınmasa, ümid qalır Tiraspola...


***


Tiraspolda isə vəziyyət yaxşı deyil. Ötən həftə Moldova parlamenti 61 səslə Rusiya qoşunlarını Dnestryanıdan çıxarmaqla bağlı deklarasiya qəbul edib.

Təkrar oyunda «Qarabağ» azarkeşlərinin separatçı bölgəyə gedib-gedə bilməyəcəyi barədə dəqiq bilgi yoxdur. Yeri gəlmişkən, «Qarabağ» gələn həftə Tiraspola gedəcək üçüncü Azərbaycan klubudur. Hələ 2006-cı ildə İntertoto kuboku adlanan yarışmada «MTK-Araz» «Şerif»lə qarşılaşıb. Birinci oyunda 1:0 qalib gələn imişlililər rəqib meydanında 0:2 məğlub olublar. 2014-2015-ci il sezonunda isə «İnter» hər iki oyunda «Şerif»ə qalib gəlib...

Üçüncü cəhd «Qarabağ»ın qismətinə düşüb... Hər şeyi isə Bakıda həll etmək də mümkündür. Saat 21:00-da başlayacaq qarşılaşmanı Belarusdan olan baş hakim Sergey Tsinkeviç idarə edəcək.