vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Üzeyir bəy Hacıbəyov (1885 - 1948)

«Əgər asudəlik istəyirsənsə, vaxtını hədər yerə itirmə»

Üzeyir bəy Hacıbəyov (1885 - 1948)
MƏHKƏMƏ, İSTİNTAQ  
21:01 | 25 iyul 2017 | Çərşənbə axşamı Məqaləyə 2644 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Polislər dindirildi

«Yaralılar qan içindəydilər, sürücülər onları götürmürdülər»

İlkin MURADOV

MÖVZU İLƏ ƏLAQƏLİ

6 tələbinin öldüyü qəzaya görə həbs edilən sürücünün cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. Bakı Ağır Cinayətlər Məhkəməsində Namiq Hüseynovun cinayət işi üzrə məhkəmə prosesinə hakim Novruz Kərimov sədrlik edib. Məhkəmə prosesində polis əməkdaşları ifadə verib. Onlar dünyasını dəyişən tələbələrin valideynlərinin vəsatəti əsasında məhkəməyə çağırılıblar.

Polis baş serjantı Əkbər Mahmudov deyib ki, hadisə baş verən gün xidməti təhvil verib: «Biz səhər saat 8-də növbəni təhvil verdik. Bizim vəzifəmiz həmin yolda yol-nəqliyyat hadisəsinin qarşısını almaq idi. Axşamdan yolda xarab olan yük dolu maşın da nəzarətdə saxlanılırdı».

Mərhum İbrahim Nəsibovun anası Xatirə Nəsibova polis əməkdaşına sual verib ki, əgər daşla dolu maşın yolda xarab olmuşdusa, niyə ərazidən aparılmayıb?

Polis əməkdaşı Əkbər Mahmudov: «Axşamdan maşının yanında olmuşuq. Qəza baş verməsinin qarşısını aımaq üçün tədbir gördük. Saat 8-də növbəni dəyişmək üçün getdik. Qəza da həmin bir neçə dəqiqə ərzində baş verib».

Xatirə Nəsibova: «5-6 dəqiqəyə görə bizim övladlarımız öldü. Bu, məsuliyyətsizlikdir. Axı siz niyə o qədər vaxt ərzində yük maşınını ordan aparmadınız?»

Əkbər Mahmudov: «Yüklə dolu olduğu üçün apara bilmədik».

Xatirə Nəsibova: «Qəza baş verəndən sonra 1 saat ərzində aparıldı. Olan da bizim övladımıza oldu. Siz hər gün sərnişin avtobuslarının 30 tələbəni apardığını görmürdünüz?»

Əkbər Mahmudov: «Həmin vaxt müşahidə etməmişik. Bəzən də sürücülər polis görəndə sərnişinlərə deyirlər ki, əyilin. Camaat da əyilir».

Polis əməkdaşı dünyasını dəyişən valideynlərə baş sağlığı verib. Valideynlər isə baş sağlığı verməyin asan olduğunu deyiblər.

Polis serjantı isə baş verən qəzadan təəssüfləndiyini və bu hadisəni heç vaxt unutmayacağını deyib: «Bu, mənim üçün də çox çətindir. Heç vaxt unutmayacam. Allah rəhmət eləsin».

Valideynlər yol polisi əməkdaşlarının yüklə dolu maşını orada qoyaraq getməsinə etiraz ediblər: «Axı növbəti polis əməkdaşları gəlmədən siz niyə oranı boş qoyub gedirdiniz?»

Polis serjantı isə deyib ki, növbəni təhvil vermək üçün posta gedib. Polis əməkdaşı növbəni postda dəyişdiklərini söyləyib.

Məhkəmədə Nəqliyyatın İntelektual İdarəetmə Mərkəzinə ünvanlanmış sorğuya verilmiş cavab elan edilib. Sorğu valideynlərin istəyi ilə Mərkəzə göndərilib. Məqsəd gecədən yolda qalan yük maşınının orada qalmasını göstərən görüntülərin əldə edilməsidir. Mərkəzdən verilən cavabda göstərilib ki, həmin ərazidə kamera olmayıb. Bu cavaba valideynlər etiraz edib.

Qəzanın baş verməsini əks etdirən görüntülərin mətbuatda yayıldığını deyən valideyn Xatirə Nəsibova bildirib: «Axı o görüntülər hardan çıxıb? Polis əməkdaşı deyir ki, axşamdan yük maşınının yanında növbə çəkib. Görüntüləri təqdim eləsinlər».

Məhkəmədə bildirilib ki, qəzanın baş verdiyini göstərən görüntülər nəzarət kamerasından çıxarılıb. Valideynlər nəzarət kamerasından gecə yük maşınının görüntülərinin çıxarılmasını tələb ediblər.

Məhkəmədə yük maşınının sürücüsü Elvin Şəmistanlı da iştirak edib. O, maşın xarab olduğu üçün gecə yolda saxlayaraq getdiyini deyib: «Usta tapa bilmədim. Səhər usta ilə gələndə artıq qəza baş vermişdi».

Digər şahid, yol polisi əməkdaşı Ramil Allahverdiyev isə ifadəsində deyib ki, qəza baş verəndən sonra hadisə yerinə gəlib. O, qəzanın baş verdiyini gördükdən sonra ərazidə lazımi tədbirlərin görülməsinə başladıqlarını deyib: «Xeyli yaralı var idi. Biz yoldan keçənlərin maşınına yaralıları qoyurduq. Bəziləri etiraz edirdilər. Yaralılar qanlı olduğu üçün qorxurdular. Hərə də bir fikirdədir. Amma biz məcbur edib yaralıları yola saldıq. Hətta polis maşınlarına da yaralıları yerləşdirib yola saldıq».

Polis serjantı deyib ki, axşam saatlarından yolda qalan yük maşınını onlar ərazidən uzaqlaşdırmalı imişlər: «Amma yük maşınının sahibi olmadığından biz maşınını apara bilməzdik».

Məhkəmədə valideynlər dövlət ittihamçısına etiraz ediblər. Onlar deyiblər ki, prokuror şahidlərə sual vermir. Hakim isə bildirib ki, polis əməkdaşları valideynlərin tələbi ilə şahid qismində dəvət edildiyindən prokuror onlara sual vermir.

Dindirilməyən yeganə şahid qəza zamanı tələbələrin olduğu qırmızı rəngli «Ford»la ötüşdüyü deyilən yaşıl rəngli «Ford»un sürücüdü Rauf Seyfullayev yenə də məhkəməyə gəlməyib. Onun məhkəməyə məcburi gətirilməsi ilə bağlı qərar çıxarılıb. Hələ ki, onun məhkəməyə gətirilməsi mümkün olmayıb. Əlavə edək ki, qəzadan sonra yayılan videogörüntülərdə qəzaya uğrayan «Ford»un yaşıl rəngli «Ford»la ötüşdüyü və sağ tərəfdən ötmə əməliyyatı etdiyi görünür.

Hakim bildirib ki, yaşıl «Ford»un sürücüsü məhkəmədən gizlənir. Valideynlər isə etiraz edərək deyiblər ki, həmin sürücü Lerik rayonundadır: «2 saatlıq yoldur. Polis gedib onu Lerikdən gətirə bilmir».

Xatırladaq ki, hadisə bu il martın 9-da Sumqayıt yolunda baş verib. Sumqayıt şəhər sakini Namiq Hüseynovun idarə etdiyi «Ford» markalı mikroavtobus yolun hərəkət hissəsində dayanmış Elvin Şəmistanlıya məxsus «ZİL» markalı yük avtomobilinin arxa hissəsinə çırpılıb. Nəticədə mikroavtobusda olan Sumqayıt Dövlət Universitetində təhsil alan 6 tələbə dünyasını dəyişib, 20 tələbə isə yaralanıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb. Mikroavtobusun sürücüsü N.Hüseynov şübhəli şəxs qismində məsuliyyətə cəlb olunub. Daha sonra onun barəsində həbs-qətimkan tədbiri seçilib.