vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Uca Türk, sənin üçün yüksəkliyin hüdudu yoxdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
AKTUAL  
11:13 | 27 iyul 2017 | Cümə axşamı Məqaləyə 2558 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Sən vermədin, mən də almadım

Elektron xidmətlərdən istifadə, birbaşa təmasın aradan qaldırılması rüşvət cinayətlərini məhdudlaşdır

Şəbnəm MEHDİZADƏ, kaspi.az

MÖVZU İLƏ ƏLAQƏLİ

Bu günlərdə Baş prokurorun müavini, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev keçirdiyi mətbuat konfransında qeyd edib ki, ölkədə rüşvət vermə cinayəti rüşvət almadan çoxdur: «2017-ci ilin birinci yarım ili ərzində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində vətəndaşların 3656 müraciətinə baxılıb. 125 cinayət xarakterli material araşdırılıb. Həmin materialların 75-i üzrə cinayət işi başlanıb, 50 material üzrə təsir aktları tətbiq edilməklə, 29 nəfər vəzifəli şəxs intizam məsuliyyətinə cəlb edilib. Həmçinin hesabat dövründə korrupsiyaya qarşı mübarizə sahəsində Baş İdarə əməkdaşları tərəfindən bir sıra qabaqlayıcı tədbirlər həyata keçirilib.

Həmişə rüşvət verilmə məsələsi gündəmə gəldikdə,  bu işin günahkarı kimi məmurlar qələmə verilir. Əslində isə bu işdə hər iki tərəf eyni dərəcədə günahkardır. Təəssüflər olsun ki, son illər cəmiyyətimizdə belə bir fikir formalaşıb ki, rüşvət vermədən özünə iş tapa bilmək, imtahan vermək, yaxud bir iş qurmaq   mümkün deyil. Bəs görəsən bu yanaşma nədən irəli gəlir? Niyə insanlar rüşvət vermədən  problemi həll etməyə cəhd etmirlər? Təkcə asan yol olduğu üçün, yoxsa başqa səbəblər də var?

Sosioloq Əhməd Qəşəmoğlu deyir ki, hər bir davranışa təsir edən mühüm faktorlar  var: «Bizim davranışlarımıza əsasən, mühit, aldığımız  informasiya və insanların üstünlük verdiyi dəyərlər faktoru daha çox təsir edir. Rüşvət vermək və rüşvət almağın özü də bir davranışdır. Əgər səbəbləri axtarırıqsa, bu üç faktoru mütləq nəzərdən keçirməli və təhlil etməliyik. Cəmiyyətdə belə bir yanlış fikir formalaşıb ki, bizim millət rüşvətə meyllidir. Hətta bunun bizim qanımızda olduğu deyilsə də, tamamilə yanlış fikirdir. Dünyada gedən müasir  proseslər bütün xalqlara və o cümlədən bizə də  təsir edir. Ona görə də hansısa neqativ davranışı təkcə özümüzə aid etmək düzgün deyil. Həmçinin, rüşvət məsələsini hansısa bir ölkənin daxili məsələsi kimi qələmə vermək tamamilə yanlışdır. Dünyanın bir çox ölkələrində bu problem aktualdır. Hətta bir sıra inkişaf etmiş ölkələrdə də insanlar  işlərinin tez və asan başa gəlməsi üçün rüşvətə meyl edirlər. Düzgün əqidədə olmayan bir çoxları bu yola üz tuturlar. Ona görə də rüşvət verənlər, rüşvət alanlardan daha çoxdur. Hər kəs ətrafından nəyinsə rüşvət hesabına düzəldiyini eşidir, yaxud rüşvət vermədən işə qəbul olmağın qeyri-mümkün olduğunu düşünürlər. Hər gün bu haqda eşidən isə fikirləşir ki, rüşvət vermədən nəsə iş görmək mümkün deyil. Əslində, insanlar mənəvi dəyərlərə üstünlük verdiyi zaman,  rüşvətə meyl də azalacaq.  Maddi dəyərlərə üstünlük verildikdə isə rüşvətvermə halları da artır. Təəssüf  ki, bu gün maddi dəyərlər cəmiyyətdə daha vacib rol oynayır».

Sosioloq deyir ki, rüşvətlə mübarizə aparmağın ən effektiv üsulu nümunəvi davranış sərgiləməkdir: «Yaşlı nəslin nümayəndələri gənclərə davranışları ilə düzgün örnək olmalıdırlar. Əgər uşaq birinci sinfə gedəndə valideynindən eşidirsə ki, məktəbə rüşvət hesabına düzəlib, orada müəllimlər rüşvət alır, o da gələcəkdə rüşvətə meylli biri olacaq. Televiziyalarda rüşvətin mənəvi dəyərləri  aşındırdığına dair maarifləndirici sosial layihələr təqdim olunmalıdır ki, insanlar mənəvi dəyərlərə üstünlük versinlər. Bunun üçün isə ilk növbədə ciddi elmi əsaslarla fəaliyyət proqramları hazırlanmalıdır. Qanunvericilikdə dəyişikliklər edilməli, KİV-də və inzibati qaydada hansı işlər görüləcəyi ilə bağlı elmi fəaliyyət proqramı olmalıdır».

«Konstitusiya» Araşdırmaları Fondunun prezidenti Əliməmməd Nuriyev bizimlə söhbətində bildirdi ki,  sanksiyaların ağırlaşdırılması ölkədə rüşvətvermə hallarını  xeyli azaldıb: «Bir çox hallarda  insanlar  övladının işə götürülməsi, yaxud öz işini sürətləndirmək naminə vəzifəli şəxslərə rüşvət təklif edirlər. Son illərdə Azərbaycanda rüşvət verməklə bağlı qanunvericiliyə ciddi dəyişikliklər edilib və sanksiyalar ağırlaşdırılıb. Aktiv rüşvətə görə cərimənin miqdarı iki min manatdan dörd min manata qədərdir. Həmçinin, qanunvericilikdə bununla bağlı  4 ildən 8 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Bununla yanaşı,  sadə rüşvət verməyə görə də sanksiyalar ağırlaşdırılıb. Əvvəllər bu sanksiyalar çox aşağı olduğuna görə, neqativ  hallar xeyli artmışdı. Vətəndaşların əksəriyyəti  rüşvət verməyə o qədər vərdiş ediblər  ki, hətta bəzi hallarda vəzifəli şəxs qanuni hərəkət etdikdə belə, rüşvət təklif edirlər. O, bundan imtina etdikdə isə birmənalı yanaşmırlar. Bu baxımdan deyə bilərəm ki, bizdə qəribə bir münasibətlər sistemi formalaşıb. Lakin son illərdə aparılan işlər nəticəsində sovetlər birliyi dönəmində  formalaşan  «korrupsiya mədəniyyəti»nin sıradan çıxma prosesi gedir. Cəmiyyət də  yavaş-yavaş bu kimi davranışlardan imtina edir və əvvəlki illərə nisbətən rüşvətvermə halları xeyli azalıb. İstər rüşvət verməyə, istərsə də almağa görə cinayət məsuliyyəti nəzərdə tutulduğundan, bir çox şəxslər belə hərəkətə yol verməkdən çəkinirlər. İstənilən halda, bu sahədə görüləsi çox işlər var. Dövlət qurumları  öz işini vaxtında yerinə yetirərsə,  vətəndaş bu yola əl atmaz. Məsələn, bu gün Asan Xidmətin timsalında qəti olaraq söyləmək olar ki, korrupsiya hallarının qarşısı alınıb. Bu, həm də vətəndaşlarda yeni bir mədəniyyətin formalaşmasına gətirib çıxarır. Demək istədiyim odur ki. idarəetmə mədəniyyətindən çox şey asılıdır. Bu mədəniyyət yüksəldikcə və modern idarəetməyə keçdikcə, korrupsiyanın səviyyəsi də azalır. Həmçinin elektron xidmətlərdən istifadə, birbaşa təmasın aradan qaldırılması rüşvət cinayətinin məhdudlaşdırılmasına gətirib çıxarır».