vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Dil uğrunda mübarizə millətin son - ölməmək mübarizəsidir»

Əbülfəz Elçibəy (1938 - 2000)
BÖHRAN  
12:31 | 28 iyul 2017 | Cümə Məqaləyə 1663 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Putinin mövqeyindən çəkiləcəyi gözlənilmir

Kreml-Ağ Ev münasibətləri yaxın zamanlarda daha da kəskinləşəcək

İSMAYIL

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ senatorları Rusiyaya qarşı sanksiyaların genişləndirilməsini nəzərdə tutan qanun layihəsi üzrə razılığa gəliblər. Respublikaçı-senator Bob Korker bəyan edib ki, yeni sanksiyalar paketi bu həftə qəbul oluna bilər. Yeni sanksiyalar 2014-cü ildəki paketdən daha miqyaslı və kompleksli olacaq. ABŞ-ın tətbiq etdiyi yeni sanksiyalara Rusiyadan sərt reaksiya gəlib. Moskva hökuməti 35 amerikalı diplomatı ölkədən qovacağını deyib.

Deyilənə görə, diplomatların Rusiyadakı mülklərinə isə həbs qoyulacaq. Rusiyanın xarici işlər nazirinin müavini Sergey Ryabkov da sanksiyaların cavabsız qalmayacağını söyləyib. Ryabkov Rusiya ilə ABŞ arasında münasibətlərin normallaşma şanslarını aradan qaldırdığını bildirib. Politoloq Vladimir Şapovalovun fikrincə, sanksiyalar ilk növbədə Avropaya zərbə vuracaq: «ABŞ-ın sanksiyaları hazırda Rusiya və bir sıra Aİ ölkələrinin reallaşdırmaq istədiyi ən nəhəng layihəyə, daha dəqiq desək, «Şimal axını - 2» layihəsinə birbaşa təsir edəcək». 

Amerikalı iqtisadçı Herri Xafbauerin sözlərinə görə, ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyaları Moskvanın siyasətinə təsir etməyəcək. Birinci Dünya Müharibəsindən bu yana tətbiq edilən 200 iqtisadi sanksiyanı xatırladan iqtisadçı artıq bunun yararlı olmadığını bildirib: 

«Sanksiyalara məruz qalan ölkələr öz ticarət əlaqələrini dəyişə bilirlər. İqtisadi sanksiyalar daha çox kiçik ölkələrin siyasətinə təsir göstərir. Daha böyük dövlətlərə qarşı isə bu işləmir». Almaniyanın Xarici İşlər Nazirliyi də sanksiyalara sərt reaksiya verib. Nazirliyin spikeri Martin Şafer bildirib ki, sanksiyalar ABŞ-ın kommersiya gəlirlərini dəstəkləyən siyasət mexanizmi halına gəlməməlidir. Yeni sanksiyaları dəyərləndirən bəzi ekspertlər hesab edirlər ki, həddindən artıq sıxışdırılan Rusiya geri addım ataraq, Krımdan çəkilə və ya Ukraynanın cənub-şərqindəki vəziyyəti yenidən nəzərdən keçirə bilər.

Şahin CəfərliMəsələ ilə bağlı «Şərq»ə danışan politoloq Şahin Cəfərli deyib ki, nə qədər Putin hakimiyyətdədir, Rusiyanın təslim olması ehtimalı zəifdir. Onun sözlərinə görə, bunun baş verəcəyinə dair hər hansı işarə yoxdur: «Donbas probleminin həllində Rusiyanın geri addım atması və Qərblə anlaşması mümkün ola bilər, lakin Putinin Krımı Ukraynaya geri qaytarmağa razılaşacağı inandırıcı deyil. Bu, onun bir siyasətçi kimi tamamilə məhv olması, simasını itirməsi və karyerasının iflası mənasına gələr. Putinin Krım məsələsində güzəştə getməyə razılaşması çox böyük sürpriz və sensasiya olardı. Bunu heç Qərb də gözləmir. Ola bilsin ki, Putindən sonrakı Rusiya Prezidenti bu məsələnin müzakirəsinə razılaşsın, bunu yalnız zaman göstərəcək».

Ş.Cəfərli bildirib ki, hazırda ABŞ-SSRİ münasibətlərinə oxşar bir situasiya yaranıb: «Təbii ki, Rusiyanın SSRİ kimi dağılması gözlənilmir. Lakin şübhə yoxdur ki, Rusiya iqtisadiyyatı sanksiya altında inkişaf edə bilməz. Yəni, Rusiya iqtisadiyyatı çökməsə belə, durğunluq davam edəcək, texnoloji sahədə Qərb və Rusiya arasında olan fərq daha da böyüyəcək. İqtisadiyyatı zəifləyən və texnoloji tərəqqidə geridə qalan Rusiyanın dünyadakı destruktiv rolunu uzun müddət davam etdirməsi çətinləşəcək».

Ekspertin fikrincə, Rusiya və ABŞ arasında gərginlik müharibə səviyyəsinə çatmayacaq, çünki hər iki dövlətin nüvə silahı var: «Lakin gərginliyin yaxın zamanda səngiməsi də qeyri-mümkün görünür. Hazırda gərginliyin artmasına təsir edən iki təməl problemi qeyd etmək olar: - Birincisi, Rusiyanın 2014-cü ildə Krımı ilhaq etməsi və Ukraynanın şərqində separatizm ocağı yaratmasıdır. İkincisi, Rusiyanın 2016-cı ildə ABŞ-da keçirilən prezident seçkilərinə müdaxilə etməsidir. Münasibətlər məhz bu iki hadisəyə ABŞ-ın reaksiya verməsindən sonra gərginləşib. ABŞ Krımın ilhaqını tanımır və Ukraynanın ərazi bütövlüyünü, suverenliyini dəstəkləyir. Bu hadisələrlə əlaqədar Rusiyaya sanksiyalar tətbiq edir. Digər məsələyə gəldikdə isə, Rusiya faktiki olaraq ABŞ-ın müqəddəs saydığı dəyərlərdən biri olan demokratik seçki prosesinə müdaxilə edib. Təbii ki, ABŞ kimi bir dövlət bu müdaxiləni cavabsız qoya bilməz. Keçmiş prezident Barak Obama bu hadisəyə görə, Rusiyaya qarşı bəzi sanksiyalar tətbiq etdi. Rusiyanın ABŞ-dakı 35 diplomatını ölkədən qovdu. Konqresin qəbul etdiyi son sanksiya qanunu da Rusiyanın həm seçki prosesinə müdaxiləsinə, həm də Ukraynada törətdiklərinə cavabdır. Əgər bu məsələlərdə Rusiya öz mövqeyindən geri çəkilməsə, ABŞ-Rusiya münasibətlərində istiləşmə olmayacaq və sanksiyalar davam edəcək».