vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir»

Heydər Əliyev (1923 - 2003)
XADİM  
14:16 | 29 iyul 2017 | Şənbə Məqaləyə 2317 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Mafiozların düşməni, odiozların qənimi olan liderin kədərli aqibəti

Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin başına gələnlər çox ibrətamizdir

MÖVZU İLƏ ƏLAQƏLİ

Çağdaş dünyanın ən demokrat, ən mübariz, ən dürüst siyasilərindən olan eks-prezidentin bir günün içində vətəndaşlığı olmayan birinə çevrilməsi siyasət dünyasının etibarsızlığının bariz nümunəsi kimi ortaya çıxdı.

40 ilin diktatorları – zimbabveli Muqabedən kubalı Raul Kastroya qədər – iş başında qaldıqları, hakimiyyətlərini əmin-arxayın sürdürdükləri vaxtda dünya bir demokrat liderin başına dar edildi. Əvvəlcə onu dogma Gürcüstandan cəlayi-vətən etdilər, sonra da ikinci vətəni saydığı Ukraynadan.

Saakaşvilinin barəsində istər Rusiyada, istər vətəni Gürcüstanda, hazırda isə Ukraynada çoxlu mənfi səciyyəli əfsanələr dolaşır, onu yerdən-yerə vurur, pisləyir, hətta psixopat adlandırırlar.

Ancaq bu adam haqqında ortaya bir ifşaedici sənəd qoyan yoxdur.

Bir siyasi lideri ifşa etmək üçün adətən ortaya nə çıxararlar? Mal-mülklərini, gizli bank hesablarını, korrupsiya ilə məşğul olmasına dair sənədləri və s.

Saakaşvilinin bir daxmasını belə tapa bilməyiblər. Onun adi bank hesabı, gizli əmanət kitabçası da yoxdur. Bəlkə var, tapa bilmirlər?

Təbii ki, olsaydı, tapardılar. Müasir dünyada bu, o qədər də çətin deyil.

Əlbəttə, bu o demək deyil ki, hazırda Saakaşvili acından ölənin biridir və dar gün üçün 3-5 manat pul-parası yoxdur. Yəqin ki, var.

Ancaq bu adamın öz xalqından oğurlamadığı, dövlətin büdcəsini talamadığı, prezident olduğu illərdə yalnız millətinin rifahını, istiqbalını düşündüyü açıq-aşkar ortadadır.

Saakaşvili, deyildiyi kimi, diktaturaya meylli biri olsaydı, bir kələk fikirləşər, konstitusiyanı dəyişər, ölkənin müharibə vəziyyətində olduğunu, başladığı islahatları davam etdirməyin vacibliyini əsas gətirərək daha beş il, hətta on il hakimiyyətdə qalmaq istəyərdi və bu məqsədinə saxtakarlıq, zorakılıq yoluyla olsa da çatardı.

Hələ bunun hakimiyyətin baş kreslosunu müvəqqəti olaraq yaxın dosta verib, sonra geri almaq kimi hiyləgər fəndləri də var.

Ancaq Saakaşvili elə etmədi, xalqı üçün etdikləri bütün xidmətlərin lazımınca qiymətləndirilmədiyini, seçicilərin ona müxalifətdə olanlara səs verdiyini görüncə, dinməz-söyləməz şəkildə, olan-qalan varidatını, əsasən də kitablarını qablaşdırdı, pərt-pərt çıxıb getdi.

Təcrübə göstərdi ki, o Gürcüstanı tərk etməklə uzaqgörən addım atıb. Onu çox ağır şəkildə mühakimə edəcəkdilər. Darmadağın etdiyi mafiyalar, qanqsterlər, karyeralarını baltaladığı odioz fiqurlar ondan ağır qisas alacaqdılar və hələ də o fikirdədirlər.

Adam bir mafiya düşməniydi, mütəşəkkil banditizmin, oğru dünyasının terminatoruydu. Mafiyalar və oğru dünyası isə belə adamları bağışlamırlar.

Saakaşvili həmin qəbildən olan adamlarla Ukraynada da toqquşdu, amma burada uğurlu ola, onları darmadağın edə bilmədi. Çünki əsas iradə yiyəsi özü deyildi, əlinin üstündə əl var idi. Həmin əlin bir neçə barmağı isə mafiozların ovcundadır.

Beləcə, hazırda vətəndaşlığı olmayan bir siyasi lider ABŞ-a sığınmağa məcbur olub. Demək, idealist olmağın, mafiyalarla savaşmağın, xalqa təmənnasız xidmətin, korporativ maraqlara qulluq etməməyin, şəxsi kapital toplamamağın mükafatı bu imiş.

Bu o qədər parlaq bir anti-örnəkdir ki, bunu demokratiyaya keçid dövrü yaşayan ölkələrdə yetişib ortaya çıxmağa çalışan siyasi liderlər üçün faciəvi nümunə saymaq olar.

İndi heç kəs Saakaşvili kimi olmaq istəməyəcək. Heç kim onun kimi hakimiyyəti öz əliylə başqasına verməyəcək, nəyin bahasına olursa, olsun, əlində saxlamağa çalışacaq.

Bir halda ki, təmiz işləyən siyasi lider hakimiyyətdən gedəndən sonra təqib olunur, maddi sıxıntı çəkir, üstəlik, psixopat adlandırılır, heç kim o cür «dəli» olmaq, sıxıntı çəkmək istəməyəcək.

İki ölkədən qovulmuş və pasportsuz qalmış Saakaşvili olub ABŞ-a sığınmaq yerinə, Jan-Klod Düvalye (Haitinin keçmiş diktatoru) olub ömrünü Fransanın kurort şəhərciyindəki villada başa vurmaq daha cəlbedicidir.

Saakaşvilinin başına gələnlər dünyanın demokratikləşməsi prosesinə ağır zərbədir. Demokrat lider olmaq diktator olmaqdan yüz dəfə çətin, iztirablı, şəxsi planda faydasızdır.