vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«Keçmişini tanımayan bugününü anlaya, sabahını isə qura bilməz»

Barış Manço (1943 - 1999)
MÜƏLLİF  
01:05 | 19 yanvar 2014 | Bazar Məqaləyə 3012 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Müdirindən «inciyən»

Bir siyasi lideri «mənim atam» səviyyəsinə endirmək yumşaq desək, təcrübəsizlikdir...

Sevinc TELMANQIZI

MÖVZU İLƏ ƏLAQƏLİ

Bir maraqlı lətifə var. Deyir, bir yaltaq işçi olur. Hər gün müdirinə dürlü-dürlü yaltaqlıqlar edir. Bir sabah müdirini görəndə qayıdır ki, «Müdir, sizdən bərk incimişəm». Müdir də şoka girir ki, bu yaltağa nə oldu belə, cəsarətləndi? Soruşur ki, «niyə incimisən»? Yaltaq qayıdır ki, «incimişəm, özünüzə yaxşı baxmırsız».

Gülməli də olsa, günümüzün reallığıdır. Son illər sağımız-solumuz belələri ilə doludur. Bizim camaat özündən bircə, yarımca pillə aşağıda duranı əzməyə meyllidir. İş yerində, yolda, küçədə-bacada... İş yeridirsə, incidəcək, çalışacaq ki, ondan asılı olan adamı imkanı olduğu qədər sıxsın, özündən asılı vəziyyətə salsın, sındırsın. Yolda-izdə bir az kasıb geyimli birisi ilə dalaşanda, sözü çəp gələndə bir anda aslana çevrilənlər ordusu var. Maşınlar qəza törədəndə belə bahalı maşınların yiyəsinin, hətta günah onda olsa da, necə kükrədiyinin şahidi olmusuz? Köhnə Sovet maşını bahalı bir Range-Rover qarşısında az qala motorunacan əriyir, kiçilir. Yaxşı bir söz var: «Birini tanımaq istəyirsənsə, ona vəzifə ver». Vəzifə onun bütün cılızlarını - əgər varsa - üzə çıxaracaq. 
Bu, bir psixoloji durumdur. Amma səbəbini anlamırsan. Bilmirsən kompleksdən qaynaqlanır, şəxsiyyət natamamlığından, yoxsa...? İnsanı bunca alçaldan durumu yaradanları qınayasan, ya özünü bu duruma salanları? Yəni, Hamletsayağı dilemma qarşısında qalanda kimin daha çox rəzil olduğu barədə düşünürsən. Ya da yumurta öncə yaranıb, yoxsa toyuq. Müdir pis adam olmasa işçisi yaltaq olmaz, ya da yaltaq adam onsuz da yaltaqdır, müdirin bunda günahı nə? 
Amma fikir vermisizsə, özü min dəfə sındırılmış adamın xislətindədir bu. Özündən aşağını sındırsın. Adam hər gün bayır-bacıda yaltaq insan görmür. Amma sosial şəbəkə sanki bu insanları ifşa etmək üçün yaranıb. Xüsusən də son günlərdə ağız-ağıza verib, rəhbərlərini müdafiə etmək üçün dəridən-qabıqdan çıxanlar ürək bulandırır. Anladıq, polemika, mübarizə, söz atışması gedir. Ortada fikirlər, əqidə savaşı var və susmaq lazım deyil. Necə deyərlər, susma, susduqca sıra sənə gələcək... Amma hər şeyi bu qədər aşağı səviyyədə etmək olarmı? Az qalırlar bellərinə atom bombası sarıyıb dərədən atılsınlar aşağı.  Bir-birinin qanını içməyə hazırcasına aparırlar müzakirəni, polemikanı. Heyrətə düşürsən: doğrudanmı ümumi düşmən, ümumi rəqib yaddan çıxıb? 
Didişmədən söz düşmüşkən, bu arada diqqətimi ən çox çəkən Elçibəyin oğlu Ərturqut Əliyevin açıqlaması oldu. Müxalifətdə baş verən siyasi polemikalara münasibət bildirən gənc deyib: «Heç bir siyasi partiya öz işlərinə görə mənim atamın adını çəkməsin. Sizin sayt vasitəsilə onlara səslənirəm ki, bir-birlərinə ünvanladıqları ittihamlarda Əbülfəz Elçibəyin adından istifadə etməsinlər. Atamın ruhunu sakit buraxsınlar!». 
Bəlkə də ilk baxışda haqlı görünür. Atasının adı, tarixdəki yeri fərqlidir, məlum... Amma inanın ki, haqqında danışılan tarixi söhbətlər, kluarlardakı müzakirələr baş verəndə Ərturqut yəqin ki, balaca bir uşaq idi, çoxu yaşananda isə bəlkə heç dünyaya gəlməmişdi. Və burada söhbət Ərturqutun atasından yox, bir siyasətçidən, partiya rəhbərindən, eks prezidentdən gedir. Yəni, Əbülfəz Elçibəy adı kiminsə kurasiyasında, şəxsi inhisarında deyil, ondan danışanda icazə alınmamalıdır, alına bilməz. Azərbaycanın müstəqillik tarixinin çox önəmli bir dönəmi, ayları, illəri məhz onunla, onun adı ilə bağlıdır. Müxalifətdə yaşanan əksər olayların içində Əbülfəz Elçibəy, onun qərarları olub. Bu, ona bənzəyir ki, Rəis Rəsulzadə də tez-tez mediaya açıqlama versin ki, mənim babamdan yazmayın, onun adını hallandırmayın. Arqumentin, faktın, hansısa sənədin varsa, açıqla. Haqsız danışan dilləri susdur... Amma ki, bir siyasi lideri «mənim atam» səviyyəsinə endirmək yumşaq desək, təcrübəsizlikdir... 
Adam gözünü yuma və bir də açanda görə ki, kluarlardakı bütün dartışmalar sona çatıb. Müdiri özünə yaxşı baxmadığı üçün ondan «inciyənlər» də, atasının adına qısqanclıqla yanaşan oğullar da öz işindədir... Sanki belə ürəkbulandırıcı söhbətlər olmayıbmış kimi... (musavat.com)

   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)