vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Tariximiz bizim üçün dərs olmalıdır. O, heç nəyi silmir»

Heydər Əliyev (1923 - 2003)
REGİON  
08:09 | 3 avqust 2017 | Cümə axşamı Məqaləyə 2407 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Saraydan məhbəsə gedən «özbək şahzadəsi»…

Gülnarə Kərimova hakimiyyəti və çoxmilyonluq biznesini necə itirdi?

MÖVZU İLƏ ƏLAQƏLİ

«…«Bizi bütün dünyada rəzil etdin!» – qəzəbli İslam Kərimov avtomobilindən düşən kimi onu gözləyən qızına tərəf getdi. Əvvəlcə ona şillə vurdu, sonra da əməlli-başlı döyməyə başladı. «Bu, nə şəkildir?! Kameraların qarşısına yarıçılpaq çıxanda düşünmürdün ki, tək özünü yox, məni, ananı, bütün ailəmizi rüsvay edirsən?!». Gülnarə Kərimova atasının ayaqlarına düşərək, «Məni bağışla!» dedi. Qəzəbi soyumayan prezident ayağı ilə qızına vurdu və rezidensiyanı tərk etdi»…

Özbəkistandan olan müxalifyönlü jurnalistlər Gülnarə Kərimovanın 4 il əvvəl yoxa çıxmasını belə təsvir etmişdilər. O vaxtdan «özbək şahzadəsinin» taleyi haqda dəqiq-dolğun məlumat verən yox idi. Nəhayət, bu il iyulun sonlarında Özbəkistan prokurorluğu elan etdi ki, ölkənin mərhum prezidenti İslam Kərimovun böyük qızı Gülnarə Kərimova həbs olunub və ona bir neçə maddə üzrə ittiham irəli sürülüb. İttihamların arasında dələduzluq, cinayət yolu ilə əldə olunmuş vəsaitləri leqallaşdırmaq da vardı.

Məlum oldu ki, Gülnarə Kərimova hələ 2015-ci ildə 5 il müddətinə azadlıqdan məhrum edilib. İsveçrə hökuməti isə Kərimovaya məxsus, dəyəri 840 milyon dollar olan aktivlərin üzərinə həbs qoyub.

Strateq.az xarici mətbuata istinadən bu qalmaqalın arxasında duran məqamlara, bir neçə il əvvəl böyük siyasi ambsiyalarının olduğu bildirilən xanım Kərimovanın niyə cinayət təqibinə məruz qaldığına aydınlıq gətirməyə çalışacaq.


Psixoloji portret…


Gülnarə Kərimova uzun illər medianın diqqət mərkəzindəki əsas fiqurlardan olub. Tez-tez moda sərgilərini ziyarət edir, müsahibələr verir, media da onu messenat və uğurlu pop-sənətçi kimi təqdim edirdi.

Amma medianın cızdığı bu obraz müşahidəçilərin qənaəti ilə üst-üstə düşmürdü. Məsələn, 2000-ci ildə amerikalı diplomatlar xanım Kərimovanın psixoloji portretini tamamən fərqli təsvir etmişdilər.

Onlara görə, Gülnarə Kərimova ölkəsində nifrət qazanan və varis kimi qəbul edilməyən simalardandır. ABŞ Dövlət Departamentinin əməkdaşları bu qənaətdə idilər ki, prezidentliyə namizədliyini verəcəyi təqdirdə, Kərimovanı nə xalq, nə də elita dəstəkləyəcək: «Özbək ictimaiyyəti onu nə lider, nə «Millətin atası»nın davamçısı (İslam Kərimov) kimi qəbul edəcək».

Dövlət Departamentinin Gülnarə Kərimova ilə bağlı bu mövqeyi 2013-cü ildə – «WikiLeaks» saytı qurumun gizli yazışmalarını dərc edəndə üzə çıxmışdı.

Bununla belə, 2010-nun əvvəllərində bəzi KİV-lər onu İslam Kərimovun varisi adlandırırdı. Xanım Kərimova 2012-ci ildə jurnalistlərə demişdi: «Hərdən mənə tavanımın (hara qədər yüksələ biləcəyinin) harada olduğunu demək çətin olur. Lakin özümü sərt sərhədləri olmayan, özünü inkişaf etdirən biri hesab edirəm».

Özünü prezident postunda görüb-görmədiyinə dair suala isə Gülnarə belə cavab vermişdi: «Özümü ambisiyalı insan sayıram. Ambisiyası olan hər kəs dövlət başçısı ola bilər. Təbii ki, bununla yanaşı, beyin və hədəf də lazımdır».

Bu ifadə Kərimovanın prezidentin varisi olmaqdan imtina etməməsi kimi tirajlandı.

Lakin elə həmin müsahibəsində o, atasını prezident olmağa ən layiqli namizəd kimi dəyərləndirmişdi: «O, kasıb və çoxuşaqlı ailədən gəlib. Və kifayət qədər böyük uğurlar qazanıb».


Şöhrətin zirvəsində…


Həmin dövr Gülnarə Kərimovanın karyerası yüksələn xətt üzrə davam edirdi. Özbəkistan Xarici İşlər Nazirliyində çalışırdı. 1995-ci ildən nazirin müşaviri kimi, 2003-2005-də Moskvadakı səfirlikdə məsləhətçi kimi, 2008-dən ölkəsinin BMT-də və Cenevrədəki digər beynəlxalq təşkilatlarda daimi təmsilçisi kimi. Paralel olaraq xarici işlər nazirinin beynəlxalq məsələlər və mədəni-humanitar sahə üzrə müavini postunu tutmuşdu. 2010-dan 2012-dək isə Özbəkistanın Madriddəki səfiri olmuşdu.

Dövlət qulluğunda uğur qazanmaqla yanaşı, o həm də müğənnilik edirdi. 2012-ci ildə ABŞ-da səhnəyə çıxmışdı.

Təsis etdiyi «Özbəkistanın mədəniyyət və incəsənət forumu»nun bir neçə ölkədə nümayəndəliyi vardı. Bu ad altında tədbirlər, moda həftələri təşkil olunur, özbək dizaynerlərin əl işləri nümayiş etdirilirdi.

2005-ci ildə Kərimovanın şəxsi brendi olan «Guli» adı altında geyim, parfümeriya və zinət əşyaları satışa çıxarıldı.

2012-ci il Gülnarə Kərimovanın mediadakı populyarlığının ən yüksək olduğu dövr idi. Elə həmin il İsveçrə prokurorluğu Gülnarə Kərimovanın yaxın ətrafındakı 4 nəfərlə bağlı təhqiqat başlatdı. Bir il sonra isə Kərimovanın özünə «çirkli pulların yuyulması» ittihamı üzrə cinayət işi başladıldı.

İstintaqçıların diqqətini Özbəkistanın telekommunikasiya bazarında qanunsuz fəaliyyət çəkmişdi. İş üzrə Kərimovanın adına olan 560 milyon avroluq bank hesabı donduruldu.

Elə həmin il Kərimova İspaniyadakı səfir postunu tərk etdi. 2013-cü ilin yayında isə mətbuatda xəbər yayıldı ki, onun Parisdəki mülkünə və dəbdəbəli kurort sayılan San-Tropedəki villasına həbs qoyulub.

2014-cü ildə mətbuat yazdı ki, Fransa məhkəməsi «mütəşəkkil dəstə tərəfindən çirkli pulların yuyulması» və «əcnəbi vəzifəli şəxslərin korrupsiya əməlləri» təhqiqatı çərçivəsində Özbəkistan prezidentinin böyük qızının mülklərinə həbs qoyub.

2014-cü ildə Gülnarə Kərimovanın adına olan müəssisələr və biznes imperiyası mülkiyyətçilərini dəyişdi. Bir qismi də tamamən qapadıldı.

«Guli» firmasının kosmetika və geyimləri vitrinlərdən yığışdırıldı. «Coca-Cola»nın Özbəkistan qolunda problemlər yaşandı. Həmin vaxt Özbəkistandakı zavoda G.Kərimova nəzarət edirdi. Prezident qızınına məxsus spa-mərkəzinin və kinoteatrın da sahibi yeniləndi.

2016-cı ilin 2 sentyabrında ölkənin birinci prezidenti İslam Kərimovun ölüm xəbəri yayıldı.«YouTube»da dərhal «Yurtbaşı» adlı mahnı peyda oldu. Kadr arxasında qadın oxuyurdu: «Yanımda olanda qədrinizi bilmədim, saçlarımı yenidən hör, atam mənim».

Lakin növbəti gün dəfn mərasimində Gülnarə Kərimova gözə dəymədi. Orada yalnız Kərimovun kiçik qızı Lola Kərimova-Tillyaeva iştirak edirdi.

Bir il keçdi və 2017-ci ilin 28 iyununda Özbəkistanın Baş Prokurorluğu Gülnarə Kərimovaya aşağıdakı ittihamlar üzrə cinayət işinin açıldığını elan etdi – dələduzluq, xarici valyutanın gizlədilməsi, gömrük qanunvericiliyinin pozulması, ticarət və xidmət qaydalarının pozulması, sənəd saxtalaşdırılması, cinayət fəaliyyəti ilə əldə olunan gəlirlərin qanuniləşdirilməsi.

Xanım Kərimovaya qarşı ittihamlar cinayətkar qruplaşma üzvlərinin, şahid və zərərçəkənlərin ifadələri, eləcə də qrupun nəzarətindəki 14 firma və 16 offşor şirkətin fəaliyyətinə dair materialların yoxlanılması əsasında irəli sürülüb.

Məlumata görə, 12 xarici ölkədə G.Kərimovaya məxsus cinayət yolu ilə qazanılmış 1 milyard 394,1 milyon dollarlıq, 18,5 milyon franklıq və 63,5 milyon avroluq aktivlər aşkarlanıb.

Bir müddət əvvəl mətbuat xaricdə Gülnarə Kərimovaya məxsus daşınmaz əmlakın da bir hissəni üzə çıxarıb dərc etmişdi. 

Siyahıda aşağıdakılar vardı:


– Parisdə 30 milyon avroya alınmış mülk. Mülk Madumarov R.T adlı şəxsin adına rəsmiləşdirilib;

– Cenevrədə 2473 kv.m.-lik 2 mərtəbəli villa. 2009-cu ildə 18.2 milyon dollara alınıb;

– Dubayda elit yaşayış kompleksində 3 mənzil;

– Dubayda möhtəşəm villa. 36,9 milyon dollara alınıb;

– Dubayda – «Dubai Marina» rayonunda yerləşən «DAMAC HEİGTS» göydələnində 3 mənzil;

– Honq-Konqda 36 milyon dollara alınmış mülk;

– Londonda Chesham-25 küçəsində yerləşən binanın 4 ayrı mərtəbəsində 4 mənzil;

– BƏƏ-də «The Palm Jumeirah»da dəyəri 13,1 milyon dollar olan torpaq sahəsi;

– San-Trope-də villa. 2010-cu ildə 2,5 milyon avroya alınıb;

– Parisdə mənzil. 2007-ci ildə 30 milyon avroya alınıb;

– Moskva şəhəri, Komsomol prospekti, «Kamelot» yaşayış kompleksində 420 kv.m-lik mənzil; 

– Krımda pansionat;

– Moskva şəhəri, Krasin küçəsi, ev 21-də üç otaqlı mənzil;


2013-cü ildə isə Gülnarə Kərimova vergidən yayınmaqda ittiham olunmuş və iki il sonra məhkəmə onun barəsində 5 il həbs cəzası çıxarmışdı. Elə həmin gün İsveçrə prokurorluğundan xəbər çıxmışdı ki, Kərimovanın 840 milyon dollarlıq aktivlərinə həbs qoyulub.

«İslam Kərimovun təşəbbüsü ilə başladılan cinayət işi Özbəkistanın birinci prezidentinin siyasətçi kimi məsuliyyətindən xəbər verir. Gülnarə Kərimova 2014-cü ildən məhz onun göstərişi ilə izolyasiyadadır. Hazırkı ittihamlar isə iş üzrə yeni epizodların yaranması ilə bağlıdır», – deyə Orta Asiya üzrə ekspert Aleksandr Knyazev bildirir.

Ekspertin sözlərinə görə, Gülnarə Kərimovanın işində hər hansı siyasi motiv yoxdur. Kərimovanın siyasi ambisiyaları ilə bağlı deyilənlər isə qərbli piarçıların ortaya atdığı iddiadır.

Orta Asiya üzrə digər mütəxəssis Rustam Burnaşev deyir ki, Gülnarə Kərimovanın adı ətrafında medianın qaldırdığı səs-küy son xəbərləri obyektiv qiymətləndirməyə imkan vermir: «Dövlətin birinci şəxsləri və onların övladlarının həyatı ilə bağlı şayiələr həmişə olacaq. Hələ ki Özbəkistan hüquq-mühafizə orqanlarından quru faktlar ala bilirik».

Hər bir halda Gülnarə Kərimovanın yüksəlişi və enişi bir daha təsdiqləyir ki, piarçıların cızdığı tablo siyasi reallıqdan uzaq olur. Dövlət Departamentində Gülnarə Kərimovaya hələ illər əvvəl «diaqnoz» qoyulmuşdu – ölkənin ən arzuedilməz adamı.

Qonşu ölkənin nümunəsi də bunu təsdiqləyə bilər. Qazaxıstan prezidenti Nursultan Nazarbayevlə keçmiş kürəkəni Raxat Aliev arasında yaşanan qalmaqal… Bu qalmaqalı məhz Vaşinqtondan olan lobbiçilərlə piarçıların alovlandırdığı bildirilir. Raxat Aliev o vaxt Avstriyada səfir postunu tuturdu. O, Qazaxıstandan olan biznesmenlərin oğurlanmasında ittiham olunmuşdu. Rəsmi versiyalara görə, Aliev Vyanadakı həbsxanada intihar etmişdi. Bir vaxtlar Raxat Aliev də Qazaxıstan prezidentinin varisi kimi qiymətləndirilirdi…