vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Demokratiya bəzi xalqlara mənəvi qidadırsa, bizim üçün dərmandır»

Əbülfəz Elçibəy (1938 - 2000)
ENERGETİKA  
11:31 | 11 avqust 2017 | Cümə Məqaləyə 2149 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Bakıdan keçən sirli neft marşrutu

Yüksək vəzifələrində ABŞ vətəndaşlarının işlədiyi «Dragon Oil» şirkətinin İrana neft ixracını bərpa edir?

Virtualaz.org-un da nəql etdiyi Türkmənistan neftinin İrana yollanması ilə bağlı əhvalat yeni təfərrüatlarla və «maraqlı tərəflər»in reaksiyası ilə zənginləşməkdə davam edir. Xatırladaq ki, daha öncə yayımlanmış məlumata əsasən, avqustun 3-də İranın Neka limanına «Dragon Oil» şirkətinin istehsalı olan 6000 ton neft gətirmiş, Rusiya bayrağı altında üzən «VF Tanker-20» gəmisi yan alıb.

Neft NİOC-a (İran Milli Neft Şirkətinə) məxsus terminala boşaldılıb. Bu, səhmlərinin 100 faizi BƏƏ-nin Milli Neft Şirkətinə (ENOC) məxsus «Dragon Oil» şirkətinin (başqa mənbələrə görə, şirkətin 50 faizi ofşor zonasında – Britaniyanın Virciniya adalarında qeydiyyatdan keçmiş şirkətə məxsusdur) uzun müddətdən bəri Sinqapurda qeydiyyatdan keçmiş törəmə «ENOC Trading» şirkəti ilə birgə İrana yolladığı ilk neft partiyası olub.

«Dragon Oil» və ENOC-un İrana neft ixracını bərpa etmək qərarı bazar iştirakçılarının təəccübünə səbəb oldu. Xatırladaq ki, 2016-cı ildə İrana qarşı sanksiyalar aradan qaldırılsa da, bir çox məhdudiyyətlər bu gün də qalmaqdadır. Bir sıra şirkətlər İranla hər hansı işbirliyinə başlamazdan əvvəl ABŞ Xəzinədarlığının (OFAC) Xarici aktivlərə nəzarət üzrə idarəsinin ətraflı tövsiyələrini gözləməyə üstünlük verirlər.

Türkmənistan nefti üzrə hesablaşmaları ABŞ dolları ilə aparan, amerikalı podratçılarla uzunmüddətli əsaslarla çalışan (məsələn, Amerikanın nəhəng «Schlumberger» neft servis şirkəti ilə) və yüksək vəzifələrində ABŞ vətəndaşlarının işlədiyi «Dragon Oil» şirkətinin İrana neft ixracını bərpa etmək qərarı suallar doğurur.

Virtualaz.org-un xəbərində deyildiyi kimi, ola bilsin, bu əməliyyat «Dragon Oil» tərəfindən əvvəlcədən heç planlaşdırılmayıbmış.

Belə ki, «VF Tanker 20» gəmisi Bakı limanına yan alıb və iyulun 25-dən avqustun 1-dək burada qalıb. Lakin bəyan edilməmiş (ola bilsin ki, qaçaqmal) yükün aşkar edilməsi üzündən gəmiyə neftin boşaldılmasına icazə verilməyib. Bundan sonra ENOC tankeri Neka limanına yollayıb ki, burada yükün sənədi təqdim edilmədən boşaldılmasına şərait var.

Yazının dərc edilməsindən az sonra redaksiyamıza «Qurami» adlı biri zəng etdi və bildirdi ki, məlumat həqiqətə uyğun deyil. Lakin nə öz adını, nə də kimi təmsil etdiyini bildirmədi.

Lakin redaksiyamız öyrənə bildi ki, Gürcüstan telefon nömrəsi Caba Tarimanaşvili adlı şəxsə məxsusdur və o, baş ofisi Cenevrədə yerləşən «Malianno Holding Inc» şirkətinin təmsilçisidir. Ekspertlərin bizə verdiyi bilgiyə əsasən, bu firma o qədər də tanınmış deyil və elə bir əhəmiyyətli rolu yoxdur.

«Dragon Oil» isə neft və qazın kəşfiyyatı, hasilatı və işlənməsi üzrə ixtisaslaşmış şirkətdir. Onun aktivlərinə Xəzər dənizinin Türkmənistan şelfinin şərqində yerləşən Çeleken müqavilə meydançası aiddir. Şirkətin Tunisdə, İraqda, Əfqanıstanda, Misirdə və Əlcəzairdə kəşfiyyat aktivləri mövcuddur. Korporativ mənzil-qərargahı BƏƏ-nin Dubay əmirliyində yerləşir.

İlk növbədə redaksiyamız şirkətin Aşqabaddakı ofisi ilə əlaqə saxlamağa çalışdı. Biz şirkətin rəsmi saytında göstərilmiş +971 4 305 3500 nömrəsinə zəng etdik. Operator bizi PR üzrə məsul şəxslə birləşdirdi. Zəngin Azərbaycandan edildiyini eşidən kimi, ara kəsildi. Danışmaq üçün daha bir cəhd etsək də, nəticə eyni oldu.

Daha sonra biz Dubaydakı baş ofislə əlaqə saxlamaq istədik və +971 4 305 3600 nomrəsinə zəng etdik. Operator bizi PR üzrə məsul şəxslə (mister Qorovla) birləşdirdi. O söhbətə çox dostyana başlasa da, haradan və nəyə görə zəng etdiyimizi öyrənən kimi bildirdi ki, bu məlumatları verməyə ixtiyarı yoxdur və mətbuat üçün bəyanatları yalnız icraçı direktor Əli Rəşid Əl-Carvan verə bilər. İcraçı direktorun köməkçisinin +971 4 305 36 11 nömrəsini bizə təqdim etdi.

Köməkçi xanım cavab əvəzinə bizi qaydalara riayət edilməsinə nəzarət şöbəsi ilə caladı. Burada isə heç kim cavab vermədi və ara kəsildi. Operatora, yaxud direktorun köməkçisinə bir daha zəng etmək cəhdləri nəticə vermədi. Bizə cavab vermirdilər. Bəlkə gizlətməli nəsə vardı?

Qeyd edək ki, şirkətin Londondakı ofisinə də zəng etdik. Lakin məlum oldu ki, şirkətin saytında göstərilmiş +44 20 7647 7800 nömrəsi ENOC-in London ofisinə məxsusdur. Oradan bildirildi ki, «Dragon Oil»lə bağlı bütün məsələləri onların Dubay ofisinə zəng edərək həll etmək lazımdır. Bunu etməyə çalışdıq, lakin nəticə hasil olmadı.

Yeri gəlmişkən, bu neft partiyasını müşayiət edən sənədlərdə göstərilir ki, ixracat İtaliyaya olunur. Bəs belə olan halda Bakıda nəzarət orqanlarında yaranmış şübhələrdən sonra tanker nəyə görə İrana yollanmışdı?

Virtualaz.org-un mənbələrindən biri qeyd edib ki, İtaliya özünəməxsus habdır və buna görə də, yükün son mənzili kimi göstərilir. Lakin ora gedən yolda neft bir neçə dəfə alınıb satıla bilər və bu adi praktikadır.

Tehranda yerləşən və adının çəkilməsini istəməyən mənbə qeyd etdi ki, bu neft partiyası doğrudan da İran üçün nəzərdə tutulmuşdu və Aşqabadın İrana olan Türkmənistanda optik-lif şəbəkəsinin montajı ilə bağlı yaranmış borcun müqabilində yola salınıb.

Maraqlısı odur ki, «Dragon Oil» hələ 2011-ci ildən «qara cəngavərlər» sisteminə daxildir və bu sistemə daxil olan şirkətlərlə əməkdaşlıq İrana beynəlxalq sanksiyalardan yan keçməyə yardım edir. Hüquqi cəhətdən heç bir sübut yoxdur, lakin 2013-cü ildə «ENOC Trading»ə qarşı da belə ittihamlar səslənmişdi.

Ola bilsin ki, indi söhbət gələcəkdə istifadə etmək üçün marşrutun yoxlanılmasından gedir. Belə desək, kəşfiyyat reysi imiş. Lakin indidən dəqiq demək olar ki, Azərbaycanın müvafiq strukturları sayıqlıq göstərərək, gəmidə sənədlərdə göstərilməyən malın olmasından şübhələniblər.