vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 18 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«İnsanlara hürriyət
Millətlərə istiqlal»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
GÜNDƏM  
13:43 | 13 avqust 2017 | Bazar Məqaləyə 1925 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Vassal balanslı siyasət apara bilməz»

Elxan Şahinoğlu: «Rusiya hakimiyyəti nə zaman məsələlərə məntiqlə yanaşdı ki?»

Cavanşir ABBASLI

MÖVZU İLƏ ƏLAQƏLİ

Son zamanlar Ermənistanın Azərbaycan kimi balanslı siyasətə üstünlük verməyə çalışdığı müşahidə olunur. Son olaraq, NATO-nun Gürcüstanda keçirilən hərbi təlimlərinə düşmən ölkənin də dəvət olunması və iştirakı onu göstərdi ki, Qərb dairələri də Ermənistanı Rusiya caynağından qoparmaq istəyirlər.

Xüsusilə Amerika başda olmaqla, Qərb ölkələri tərəfindən Rusiyaya qarşı təzyiqlərin artmasından, ard-arda gələn sanksiya qərarlarından sonra ermənilərin təşviş içərisində olduqları göz önündədir. Ekspertlər isə balanslı siyasəti aparmağın rəsmi İrəvan üçün elə də asan olmayacağını düşünürlər. Çünki tarix boyu Rusiyanın qoltuğunun altında yaşayan, indinin özündə də formal olaraq müstəqil olan bu ölkənin Qərblə Rusiya arasında balanslı siyasəti necə yürüdəcəyi ciddi suallar doğurur. Amma istənilən halda Qərbin Cənubi Qafqazdan Rusiyanı çıxarmaq üçün Ermənistanı da öz təsiri altına almaq niyyətinin olduğu şübhəsizdir.

Azərbaycan acısından ermənilərin Qərbə meyllənmələri müxtəlif cür dəyərləndirilir. Rusiyadan tam fərqli olaraq, demokratik ənənələrə sahib olan Qərbin Dağlıq Qarabağ probleminin həllində ədalətin yanında olacağına inananlar çoxluq təşkil edirlər. Xristian təəssübkeşliyi baxımından Amerika başda olmaqla, Qərb dairələrinin Ermənistan Qərbə meyllənsə belə, Rusiyanın problemin həllini uzada biləcəyi ilə bağlı da səslənən fikirlər az deyil.

Politoloq Elxan Şahinoğlu təcavüzkar dövlətin balanslı siyasət apara biləcəyinə inanmır: «Ermənistan hakimiyyəti heç bir balans siyasət aparmır. Vassal dövlətlərin balanslı siyasət aparması mümkün deyil. Ermənistan tamamən Rusiyadan asılıdır. Ermənistanın İranla və Türkiyə ilə sərhədini Rusiya qoşunları qoruyur, Ermənistanda Rusiyanın hərbi bazaları və birgə qoşun birliklər mövcuddur. Ermənistan silah almaq üçün daima Rusiyadan dilənir. Ermənistanın əsas fabrik və zavodları da Rusiyanın nəzarəti altındadır. Belə olan halda İrəvanın hansı balanslı siyasətindən danışmaq olar? Ermənistanın NATO-nun ikinci və üçüncü dərəcəli təlimlərdə iştirakı İrəvanın balanslı siyasət aparmasına dəlalət etmir. Rusiyanın icazəsi olmadan İrəvan bir addım da ata bilməz. Rusiya bu təlimlərdə özü üçün təhlükə görmədiyindən Ermənistanın az saylı kontengentlə iştirakına icazə verib. Yox, əgər bir gün Ermənistan prezidenti Serj Sərkisyan qərar versə ki, Qərb Rusiya qədər onun üçün dəyərlidir, həmin gündən başlayaraq hakimiyyətinin itirilməsini göz önünə gətirməlidir. O isə belə riskə getməz».

Politoloq məsələni Azərbaycan istiqamətindən bu cür dəyərləndirdi: ««Rusiya-Ermənistan münasibətləri gərginləşərsə, bu bizim xeyrimizə olacaq» fikri illüziyadan başqa bir şey deyil. Ermənistan vassal kimi qalacaq, Rusiya da daima vassalının başını tumarlayacaq. Azərbaycan Rusiya üçün dəyərli tərəfdaşdır, tək elə hərbi əməkdaşlıqdan Rusiya milyardlarla dollar qazanır. Rusiya Ermənistanla əməkdaşlıqdan qazanc əldə etmir, əksinə, vassalına daima pul xərcləmək durumundadır. Yəni məntiqlə Moskva əldə etdiyi gəlir və səmərəyə görə Azərbaycanla əməkdaşlığa üstünlük verməli və Qarabağ münaqişəsinin həllini sürətləndirməlidir. Ancaq Rusiya hakimiyyəti nə zaman məsələlərə məntiqlə yanaşdı ki? Məntiq olsaydı, Gürcüstan və Ukraynanı parçalamaz, qonşularının ərazilərini işğal etməz, separatçılara dəstək verməz və bununla sivil dünya ilə üz-üzə qalmazdı. Odur ki, Moskvadan məntiq gözləyib onun Qarabağ münaqişəsinin həllinə ədalətli yanaşacağını proqnozlaşdırmıram».