vaxtlı-vaxtında oxuyun! Cümə, 26 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
ELM-TƏHSİL, DİN  
20:39 | 13 avqust 2017 | Bazar Məqaləyə 2811 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Ya ADA-da oxuyacaqsan, ya da heç yerdə»

Aprel şəhidinin övladı atasının arzusunu yerinə yetirdi

Günay RƏSULQIZI

MÖVZU İLƏ ƏLAQƏLİ

2016-cı ilin «Aprel döyüşləri»ndə böyük hünər, rəşadət göstərərək, şəhidlik zirvəsinə yüksələn polkovnik-leytenant Raquf Orucovun böyük oğlu Aqşin Orucov tələbə adını qazanıb. Belə ki, o, Azərbaycan Diplomatik Akademiyasının (ADA) beynəlxalq münasibətlər fakültəsinə daxil olub.

Şəhidin həyat yoldaşı Sevinc Alızadə təəssüratlarını bölüşüb. O bildirib ki, Raquf Orucov da övladının bu universitetə qəbul olunmasını istəyirdi:

«Aqşin 600 bala namizəd uşaq idi. Bunu müəllimləri də  təsdiqləyirdi. Lakin övladım çox həyəcanlanır, stress keçirirdi, buna görə  müalicə də  aldı. İmtahandan pis vəziyyətdə çıxdığını gördük. Digər tərəfdən imtahan çətin olduğu üçün ümidimizi itirmişdik. O da həvəsdən düşmüşdü. Düşünürdük ki, 600 balı yığa bilməyəcək. Təqribən 550-yə yaxın bal yığmışdı.  Düzdür, digər universitetlərin də özünəməxsus perspektivləri var, amma biz ADA universitetini istəyirdik. Bu səbəbdən ixtisas zamanı ilk yerə həmin təhsil ocağının adını yazdıq.

Ora qəbul olmaq Aqşinin ən böyük arzusu idi. Həmişə ona «Azərbaycanda oxusan, təkcə ADA-da oxuyacaqsan, yoxsa səni heç bir yerdə oxutmayacağam. Dəfələrlə hazırlaşıb yenə də ora qəbul olacaqsan» deyirdim. İnanın ki, ümidimizi kəsdiyimiz üçün Aqşinin sənədlərini hətta Türkiyəyə də verdik. Başqa bir universitet düşünmürdük».

Sevinc Alızadə deyib ki, bunu Aqşinin atası da çox istəyərdi.

«O, həmişə Aqşinə deyirdi ki, çalış oranı qazanasan. Hətta şəhid olmamışdan üç gün qabaq zəng edib «Aqşinə de, oxusun. Mən ona görə çöllərdəyəm və onların yaxşı yaşaması üçün əziyyət çəkirəm» dedi.

Bu gecə ikimiz də həyəcanlı idik, yatmamışdıq. Şükür ki, oğlum istədiyi yerə qəbul ola bildi. O, həm atasının, həm də özünün arzunu reallaşdırdı».