vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 23 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Rauf Denktaş (1924 - 2012)

«Biz milli və mənəvi dəyərlərimizi qorursaq, o dəyərlər də bizi qoruyacaq»

Rauf Denktaş (1924 - 2012)
TOP OYUNLARI  
22:17 | 14 avqust 2017 | Bazar ertəsi Məqaləyə 2032 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Ağır olacaq, amma...»

Qurban Qurbanov: «Əlbəttə, qol vurmağa çalışacağıq, ancaq qol buraxmamaq üçün də əlimizdən gələni edəcəyik»

MÖVZU İLƏ ƏLAQƏLİ

MÖVZUYA AİD VİDEO

  • «Ehtiyatlı olacağıq»

Avqustun 15-də UEFA-nın Çempionlar Liqasının play-off mərhələsində Azərbaycanın «Qarabağ» klubu Danimarkanın «Kopenhagen»i ilə qarşılaşacaq. Azərbaycan klubu üçün tarixi və önəmli oyundan bir gün öncə «Qarabağ»ın baş məşqçisi Qurban Qurbanov sualları cavablandırıb.


– Qurban bəy, sabahkı qarşılaşmadan gözləntiniz nədir?

– Hazırlaşırıq. Ciddi komandaya qarşı bir oyuna hazırlaşırıq. İlk dəfədir Çempionlar Liqasının play-off mərhələsində oynayırıq. Ağır olacaq. Amma meydanda ən düzünü, ən doğrusunu etməyə çalışacağıq.


– «Kopenhagen»lə ilk oyun Bakıda baş tutacaq. Bunun üstünlüyü ilə yanaşı mənfi tərəfi də var. İlk dəfə qarşılaşacağınız rəqibin qapısından top keçirmək, meydanda üstünlüyü əldə saxlamaq üçün, yəqin, taktikanız var.

– Play-off oyunları, yəni iki qarşılaşmadan ibarət oyunlar elədir ki, burda qol buraxmamaq da çox önəmlidir. Həm evdə, həm də səfərdə. Buna görə ehtiyatlı olacağıq. Əlbəttə, qol vurmağa çalışacağıq, ancaq qol buraxmamaq üçün də əlimizdən gələni edəcəyik.


– Belə başa düşmək olar ki, bu, ehtiyatlı oyun olacaq?

– Bunu oyunun gedişatı göstərəcək. Çünki rəqiblə ilk dəfədir qarşılaşırıq. Biz rəqib komandanı nə qədər tanısaq da, analiz etsək də meydanda canlı görmək tam başqadır. Ona görə də hər şey oyunun gedişatında bilinəcək. Buna görə həm hücumda aktiv olmalıyıq, həm də müdafiədə.


– «Qarabağ» birinci dəfədir Çempionlar Liqasının play-off mərhələsində oynayacaq. Bunun təbii ki, məsuliyyəti də var, məsuliyyətsə həyəcan və gərginliyə yol açır. Baş məşqçi kimi siz bu həyəcanı, məsuliyyəti azaltmaq üçün nə edəcəksiniz?

– Həyəcan mütləq olacaq. Həyəcan varsa, deməli, məsuliyyət də var. Belə oyunlarda futbolçunu həyəcanlı görəndə bu məni bir az da inamlı edir.


– Niyə?

– Həyəcan, məsuliyyət varsa, deməli, futbolçu oyun haqqında, onun mahiyyəti haqqında düşünür. Həyəcan mütləq olacaq. Amma biz oyun zamanı bunları kənara atıb, tam oyunu düşünməliyik. İnşallah, oyunçularımız hazırlıqlı olacaqlar. Hər bir futbolçunun xeyli təcrübəsi var. Düşünürəm ki, psixoloji baxımdan oyunçuların hər hansı problemi və ya sıxıntısı olmayacaq.


– Komandada fiziki baxımdan durum necədir? Zədəlilər varmı? Kimlər meydana çıxmaya bilər?

– Belə, mikrozədələrimiz var. Amma düşünürəm ki, oyuna qədər tam düzəlməlidir. Məsələn, Maksim Medvedevin, Michelin zədəsi var. Onlar «Neftçi» ilə əvvəlki oyunu da buraxdılar. Ancaq növbəti oyuna kimi hazır olmalıdırlar. Kiçik problemlərimiz var, amma bu da normal haldır.


– Bakıda havalar isti keçir. Bu, oyuna təsirini göstərə bilərmi?

– Biz bu şeylər haqqında düşünməməliyik. Bu səbəblər haqda oyundan sonra danışmaq daha doğru olar. Biz sadəcə, oyun haqqında düşünməliyik. Hər iki komanda eyni şəraitdə oynayacaq.


– Qurban bəy, artıq avqustun 15-dəki oyuna kassalarda bilet qalmadığı, mediada, sosial şəbəkələrdə biletlərin qara bazarda satıldığı deyilir. Azarkeşlərin dəstəyi, oyuna maraq sizə nə dərəcədə stimul verir?

– Biz həmişə azarkeşlər üçün işləmişik, yaxşı oynamağa, yaxşı nəticə göstərməyə çalışmışıq. Oyuna bu cür böyük marağın olması bizə əlavə motivasiya verir. Belə hallara ancaq sevinirik. Qaldı ki qara bazar, bilet kasadlığı haqqında deyilənlərə, bunlar mənə aid olmayan şeylərdir. Bunlar klub rəhbərliyi tərəfindən yoluna qoyulur.


– Son sual. Nəhayət bu mövsüm «Qarabağ» tarix yaza biləcəkmi?

– Mən əvvəlcədən nəsə deməyi xoşlamıram. Bu elə oyundur ki, digər komandalar da qələbə haqqında düşünürlər. Biz meydanda maksimum nəticə uğrunda sona qədər mübarizə aparmağa çalışacağıq. Qismətimizdə varsa, bizim ona gücümüz çatacaqsa, inşallah, qələbə bizə nəsib olacaq. Yoxdursa, bir şey edə bilmərik.