vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 25 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Ancaq topların ağzından açılan atəş haqq sözüdür»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
PROBLEM  
23:19 | 14 avqust 2017 | Bazar ertəsi Məqaləyə 3204 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Hər an təhlükədir»

Velosipedçilər niyə tez-tez öldürülür və xəsarət alırlar?

MÖVZU İLƏ ƏLAQƏLİ

Dostları ilə həvəskar yürüşə çıxan 34 yaşlı velosipedçi Hüseyn Abdullayev Zığ şossesində bir avtomobil tərəfindən vurulduqdan sonra yeriyə bilmir. «30-35 nəfər idik, Zığ şossesində taksi məni vurdu. Bir neçə dəfə fırlanıb yerə düşüb sürünmüşəm, ayaqlarım cırıq-cırıqdır. Başımda dəbilqə var idi, olmasa idi.. indi mən olmazdım..».

Onurğasından və oturacaq sümüklərindən xəsarət almış velosipedçi deyir ki, ən yaxşı halda 2-3 həftə sonra yeriyə biləcək, hərçənd ki, yaxın 2-3 ayda yeriməsində çətinlik ola bilər.

Abdullayev avqustun 3-də baş vermiş belə qəzalara görə sürücüləri qınayır:

«Sürücülər qanuna fikir vermirlər, üstümüzə sürürlər. Velosipedçilər də yol hərəkəti iştirakçısıdır», deyən iki ilin velosipedçisi Yol hərəkəti haqqında qanuna istinad edir.

Cənab Abdullayev qanunvericiliyə daha çox nəzarət edilməsini istədiyini də bildirib.

Azərbaycanda xüsusən yay aylarında artan həvəskar və professional velosipedçilərlə bərabər ölüm və xəsarətalma halları da çoxalır.

Velosipedçilər səbəbi onlar üçün xüsusi yol zolağının olmamasında, qanunvericiliyə əməl edilməməsində və təhlükəsizlik qaydalarının pozulmasında görürlər.

Rəsmi qurumlar isə velosiped yolları olmasa da, velosipedçilərlə bağlı qanunvericilikdə qaydaların olmasına diqqəti çəkirlər.

Sosial şəbəkələrdə isə üzərində «velosipedçiləri öldürməyi dayandırın» yazılmış posterlə ölüm hallarının azalmasına çağırışlar edilir.

Çağırışlar Azərbaycan yığma komandasının keçmiş üzvünün ölməsinə səbəb olmuş hadisədən sonra hazırlanıb.

Avqustun əvvəlində Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğu Azərbaycan yığma komandasının keçmiş üzvü, 25 yaşlı Akif Abdullayevi avtomobillə vuran Nicat Quliyevi həbs etdiyini açıqlayıb.

8 avqustda axşam saat 10 radələrində Bakı dairəvi yolunun paytaxtın Qaradağ rayonu ərazisindən keçən hissəsində vurulan digər velosipedçi Fidan Rüstəmova isə xəsarət alıb.


«Şəhərdən kənarda təhlükə 99 faiz artır»


Bu hadisədən sonra çağırışlara qoşulan velosipedçi Səhər Mehman «ölkədə velosiped sürmək hər an təhlükədir», deyir.

«Hər an təhlükədir, şəhərdən kənarda olanda təhlükə 99 faiz artır. Zolağımız yoxdur. Ona görə də yolun sağı ilə hərəkət edirik, amma orada da taksilər dayanır. Hər zaman sağla gedə bilmirik. Yolda isə avtomobillər sanki bizi görmək istəmirlər, qəfildən siqnal verir, qaza basırlar, qorxudurlar, başlarını pəncərədən çıxarıb qışqırırlar».

Yeddi ildir ki, velosipeddən nəqliyyat vasitəsi kimi istifadə edən Səhər Mehmanın ən çox eşitdiyi cümlə isə «bura velosiped yoludur» sualı olur.

«Ən çox taksilər və köhnə avtobus sürücüləri bizə yola vermir. 2 il əvvəl məni də piyada keçidinin üzərində taksi vurmuşdu», deyə velosipedçi əlavə edir.

O bildirir ki, avtomobil yolunda sürərkən velosipedçilər qırmızı işıqda dayanmaq, yol istəmək, sağa və sola dönmə işarələri kimi yol hərəkəti qaydalarına əməl edirlər.

Hərçənd velosipedçi bulvarda insanların onların yoluna çıxması təhlükəsilə üzləşdiklərini deyirlər.

Səhər Mehmanın sözlərinə görə, ölkə ərazisində velosiped yolları təkcə bulvarda və yenicə istifadəyə verilmiş Novxanı yolunda mövcuddur.


«Buz yerindən tərpənib»


Velosiped zolaqlarının çoxalmasını istəyən Səhər Mehman bu barədə Azərbaycan Velosiped İdmanı Federasiyasına (AzVİF) müraciət etdiklərini deyir.

AzVİF-in «yol çəkən qurum olmadığını» söyləyən qurumun sözçüsü Pərviz Musayev isə qeyd edir ki, zolaqların olmaması onların da «narahatçılığıdır».

«Çünki bizim idmançılarımız da hamısı yola çıxır, məşqlərini yolda keçirlər. Bu nöqteyi-nəzərdə yol infrastruktunun olması Federasiya olaraq bizi də ən çox narahat edən məsələdir».

Cənab Musayev BBC Azərbaycancaya bildirib ki, yolların çəkilıməsi üçün həm yazılı, həm də şifahi şəkildə «dəfələrlə» müvafiq qurumlara müraciət edilib.

«Bu yaxınlarda Binəqədi-Novxanı yolunda bir zolaq çəkildi. Bizi sevindirən odur ki, buz yerindən tərpənib, amma məlum məsələdir ki, bu, hələ yetərli deyil. Davamının olmasını istəyərik».

Onun sözlərinə görə, ölkənin qanunvericiliyində velosipedçilər barədə maddələr varsa, demək ki, onlar yol hərəkətinə mane olmur, əksinə onlar da yol hərəkətinin bir hissədirlər.

«Qanunda deyilir ki, velosipedçilər ən müdafiəsiz iştirakçı sayılırlar. Yəni ən çox məsuliyyət sürücülərin üzərinə düşür, onlar daha diqqətli olmalı, velosipedçiləri qorunmalıdırlar».

Cənab Musayev həmçinin əlavə edir ki, velosipedçilərin ölüm hallarını onlara məxsus zolağın olması ilə azaltmaq mümkün olar.


Velosiped zolaqları çəkiləcəkmi?


Velosiped zolaqlarının salınması ilə bağlı birbaşa məsuliyyətli qurum «Azəravtoyol» ASC ilə yazı hazırlanarkən əlaqə saxlamaq mümkün olmayıb.

Lakin qurumun sözçüsü Anar Nəcəfli Binəqədi-Novxanı yolunda zolağın salınmasından sonra mediadaya bildirib ki, velosiped zolaqları çəkilərkən zərurətin olması, hərəkətin intensivliyi, yolun genişliyi araşdırılır.

«Hələlik respublika ərazisində velosiped zolaqlarının çəkilməsi praktikası yoxdur. Ümumiyyətlə, şəhər mərkəzində bu praktikanın tətbiqi çətindir. Çünki küçələrin darlığı buna imkan vermir. Amma şəhərətrafı, geniş yollarda velosiped zolaqlarının çəkilməsi labüddür. Gələcək layihələrimizdə nəzərdə tutmuşuq», modern.az cənab Nəcəflidən sitat gətirib.