vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Türk milləti böyük bir daşa bənzər, çox gec qızar və gec də soyuyar»

Səttar Xan (1866 - 1914)
REGİON  
20:19 | 17 avqust 2017 | Cümə axşamı Məqaləyə 3005 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Hicabı çıxarmağa razıyam, əgər...»

Ölkə qadınlarının 90 faizdən çoxu etiraf edib ki...

MÖVZU İLƏ ƏLAQƏLİ

Tacikistanın dövlət qurumlarının əməkdaşları paytaxt Düşənbədə 8 min hicablı qadınla söhbət aparıb. Məlumatı Tacikistan hökuməti yanında Qadın məsələləri komitəsinin sədr müavini Marhabo Olimi verib. Belə söhbətlər avqustun 3-dən 13-dək bütün ölkə ərazisində aparılıb.

Qadın məsələləri komitəsi, Dini işlər üzrə komitə, DİN və başqa dövlət qurumlarının nümayəndələrinin daxil olduğu işçi qruplar qadınlara izah ediblər ki, hicab, türban və bu kimi baş örtükləri taxmaq tacik ənənələrinə yaddır.

Marhabo Oliminin sözlərinə görə, paytaxtdakı reydlər zamanı qadınların 90 faizdən çoxu etiraf edib ki, müsəlman baş örtüyü taxmağa ərləri və ya uşaqları tərəfindən məcbur edilirlər. Qadınların çoxu ərləri icazə versə, hicablarını çıxarmağa razı olduqlarını deyiblər.

«Biz kişilər arasında da iş aparmalıyıq. Axı onlara heç kim demir ki, həyat yoldaşları və qızları örpəksiz gəzməlidir. Öyrənmişik ki, bəzən ər özü Rusiyada miqrasiyada ola-ola telefonla arvadını hədələyir ki, hicabdan imtina edərsə, onu boşayacaq», – Marhabo Olimi deyir.

Hicab və sətr (qabaqdan bağlanaraq sinəni örtən örtük) Tacikistanda milli dəyər və ənənələrə zidd geyim növləri elan edilib. Tacikistan hökuməti yanında Qadın və ailə məsələləri komitəsinin mətbuat xidməti bildirib ki, paytaxtın «Şanxaybazar» adlanan hissəsində reydlər zamanı türban adlı qadın baş örtüyünün satışı aşkarlanıb. Bu baş örtüyünün də tacik geyim mədəniyyətinə zidd olduğu bildirilir.

 

110 dollar cərimə

 

Bu günlərdə «Shohmansur» bazarının qadın satıcıları jurnalistlərə bildiriblər ki, reydlər zamanı dövlət qurumlarının əməkdaşları onlara izahat verməyiblər, hicabı çıxarmaz, yaxud sətri arxadan bağlamazlarsa, cəriməylə hədələyiblər.

«Mübahisə etmək istəməyənlər sakitcə onların dediyini etdilər, boyunlarını açdılar, etiraz edənləri isə böyük cəriməylə hədələdilər. Əgər bir həftə öncə bizə hicab taxmağa görə cərimənin 100 somoni (11 dollar) olduğunu deyirdilərsə, indi artıq 1000 somonidən (110 dollar) danışırlar», – bazarın işçilərindən biri jurnalistlərə deyib.

Ancaq Tacikistanın Daxili İşlər Nazirliyi hicab taxan qadınların cərimə oluna biləcəyini inkar edib. Qurumun mətbuat xidmətinin rəhbəri Umarjoni Emomali bildirib ki, milis əməkdaşları yad geyimlər, o cümlədən hicab və sətr, yaxud «nalayiq» geyimlər geyməyə görə heç kimi cərimələməyəcəklər.

«Heç bir cəza nəzərdə tutulmayıb. İndi söhbət aparılır – hökumət sadəcə qadınlara xatırladır ki, hicab, sətr, türban taxmaq tacik xalqının ənənələrinə ziddir», – o deyib.

Daha öncə Tacikistanın hakim dairələri hökumətin hicaba qarşı kampaniyaya başladığını inkar edirdi.

Tacikistan hökuməti yanında Qadın məsələləri komitəsi bildirib ki, hökumət ölkədə taciklərin milli mədəniyyət və dininə zidd, yad və «nalayiq», yarıçılpaq geyimlərlə mübarizəyə başlayıb.

 

Qara və tünd geyimlər

 

Tacikistan prezidenti Emomali Rahmon bu günlərdə cəmiyyətin radikallaşmasından, tacik gənclərinin yad geyimlərə marağından narahatlıq ifadə edib.

«Yaradanı ağılla dərk edirlər və ona geyimlə, sətr, hicab, çalma və saqqalla yox, ürəklə itaət edirlər. Ekstremist xarakterli dini cərəyanların ortaya çıxması ilə ölkədə taciklərin mədəniyyətinə yad adət-ənənələrə itaət və təqlid tendensiyaları güclənib. Son illər internet şəbəkələrinin və ayrı-ayrı qrupların təsiri altında şəhər və rayonlarımızda, xüsusən də qadınlar arasında mədəniyyətimizə yad geyimlərin təbliği genişlənir. Bu isə narahatlıq doğurmaya bilməz», – dövlətin başçısı deyir.

Emomali Rahmon qeyd edib ki, bəzi qadınlar və qızlar dindarlığı qəlbdə yox, zahiri görkəmdə görür. Onun sözlərinə görə, onlar qara və tünd rəngli geyimlər geyməklə xalqın milli mədəni dəyərlərinə hörmət etmirlər.

Hüquq müdafiəçiləri Tacikistanda hicaba qarşı kampaniyanı özəl həyata müdaxilə və ölkə Konstitusiyasının pozulması kimi qiymətləndirirlər.