vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 16 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
BÖHRAN  
15:51 | 18 avqust 2017 | Cümə Məqaləyə 3335 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Barselona terroru hədəfi

Terrorçular həm də düşmənçilik toxumu səpirlər

Sədrəddin SOLTAN

MÖVZU İLƏ ƏLAQƏLİ

İspaniyanın Barselona şəhəri dünyada daha çox eyniadlı futbol komandası ilə tanınır. Ancaq ötən gün həmin şəhərdə də faciə baş verdi.

Dünyanın aparıcı, inkişaf etmiş, başqa millətlər və dövlətlərə bütün sahələri ilə nümunə olan, vətəndaşlarının haqqı başqa ölkələrin cəmiyyətləri ilə müqayisə olunmaz dərəcədə müdafiə edilən, təhlükəsizliyi yüksək dərəcədə təmin olunan Avropa İttifaqı ərazisində, o cümlədən dünyanın ən yüksək inkişaf etmiş ölkələrindən birinin, İspaniya krallığının ərazisində terror törədilib. Avqustun 17-də İspaniyanın Kataloniya əyalətinin Barselona və onun yaxınlığındakı Kambrils şəhərlərində iki terror hadisəsi olub. Birinci hadisə nəticəsində 14 nəfər ölüb, 119 nəfər yaralanıb. İkincidə isə 2-si ağır olmaqla 5 nəfər yaralanıb.

Anti-terror əməliyyatı nəticəsində 4 terrorçu öldürülüb. Qanlı faciənin məsuliyyətini terrorçu İŞİD qruplaşması üzərinə götürüb. 

Kataloniya hökuməti ölkədə üçgünlük matəm elan edib. Avqustun 18-də terror qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Bütün zorakılıqlar insanlıq tərəfindən pislənilir. Terror isə ən nifrət edilən hadisədir. Bu qanlı faciə nəticəsində dinc sakinlər, o cümlədən uşaqlar, yaşlılar və qadınlar ölür. Ona görə də lənətə layiqdir.

İspaniyada törədilən terrorlar da ən nifrətedici ifadələrə layiqdir.

Bu faciədə 23 ölkənin 100-ə yaxın ailəsi ziyan çəkib. Deməli, terrordan heç bir dövlət və fərd sığortalanmayıb.

Terrora qarşı mübarizə artıq ümumbəşəri fəaliyyətə çevrilir. Çünki terror insanların ümumi evi olan planetin gələcəyini təhdid edir. Ona qarşı bu evin hər bir sakini ayıq-sayıq olub, mübarizə aparmağa çalışmalıdır.

Baş vermiş qanlı hadisələr terrorların həssas və daha çox diqqətçəkən ərazilərdə törədildiyi qənaətinə gəlməyə əsas verir.

Ona görə də təbii olaraq belə bir sual meydana gəlir: niyə terrorçular məhz Barselonanı seçiblər?

İspaniyanın bu əyalətində Kataloniyanın müstəqil olmasını istəyən qüvvələr var. ETA («Euzkadi ta azkatasuna» – «Vətən və Azadlıq») adlı terrorçu qruplaşma uzun illər bu istiqamətdə terrorlar törədb, silahlı mübarizə aparıb.

Hadisədən bir gün əvvəl, avqustun 16-da Kataloniya Milli Assambleyası «Müstəqillik haqqında referendumda «Hə» de!» şüarı altında təbliğat planının təqdim edilməsi barədə məlumat yayıb. Bu kampaniya düz bir ay sonra başlayacaq. Avqustun 12-də isə minlərlə insan San-Sebastyana çıxaraq Kataloniya və Basklar ölkəsinin müstəqilliyinə dəstək nümayişi keçirib.

Qeyd edək ki, referendumun bu il oktyabrın 1-də keçirilməsi nəzərdə tutulub.

Basklar ölkəsinin müstəqilliyi ilə bağlı referendum keçiriləcəyi məsələsi isə bir neçə ildir gündəlikdə var. Ona görə də baskları təmsil edən terrorçu ETA qruplaşması 2011-ci ildə silahlı mübarizənin bitdiyini elan edib.

Onlar həmin il Fransa və İspaniya hökumətlərini münaqişənin həlli və silahlı qarşıdurmanın başa çatması istiqamətində birbaşa danışıqlara başlamağa çağırdı. Onda İspaniyanın baş naziri Xose Luis Rodriqes Sapatero silahlı mübarizənin dayandırılmasını «demokratiya, qanun və sağlam düşüncənin qələbəsi» kimi dəyərləndirmişdi.

O vaxt müxalifətdə olan Mariano Raxoy isə bildirmişdi ki, ETA buraxılandan və tam tərksilah olandan sonra ispanlar rahat olacaqlar.

Bu ilin aprelində isə ETA əllərində qalan silahları da təhvil verdiklərini bildirdilər.

Yeri gəlmişkən, bu silahlı qruplaşma 1959-cu ildə Frankonun diktatorluğu zamanında milliyyətçi bask tələbələr tərəfindən İspaniyanın şimal və Fransanın cənub-qərbindəki ərazilərində müstəqil bask dövlətini qurmaq məqsədi ilə yaradılıb. Qruplaşma fəaliyyət göstərdiyi müddət ərzində çoxsaylı terror aktı törədib. Onlar çoxlu sayda insanın ölümünə bais olublar.

Bununla belə, katalonlardan fərqli olaraq, Basklar ölkəsinin hökuməti İspaniyadan ayrılmaq ideyasını qismən dəstəkləyir.

Beləliklə, terrorçular İspaniyanın ən zəif bəndini - Kataloniyanı hədəf seçiblər. Onlar bununla rəsmi Madridi şantaj etməyə cəhd göstəriblər. Başqa sözlə, müstəqilliklə bağlı referendum keçirməyi planlaşdıran kataloniyalılar bu terrorda İspaniyanın əlinin olduğundan da şübhələnə bilərlər. Nəticədə krallıqda iğtişaşlar baş verə bilər. Odur ki, öz uydurma hədəflərinə çatmaq üçün terroru dəstəkləyən separatçılar, eləcə də onların havadarları bu kimi faciələrdən nəticə çıxarmalıdırlar. Avropanın bir sıra dövlətlərinin ərazisində belə separatçı qruplaşmaların tərəfdarları fəaliyyət göstərməkdədirlər. Təəssüf ki, terrorçu qruplaşmalara yanaşma birmənalı deyil. Azərbaycanın ərazisini işğalda saxlayan Ermənistanın və erməniləri təmsil edən terrorçuluq fəaliyyəti, Türkiyənin ərazi bütövlüyünü pozmaq istəyən terrorçu PKK və onun fərqli adlarla fəaliyyət göstərən qolları Qərb dövlətləri və Rusiya tərəfindən müdafiə edilir.

Ona görə də Kataloniyanın mərkəzi şəhəri Barselonada terror törədənlər vəziyyəti gərginləşdirmək, düşmənçilik toxumu səpib, iğtişaş yaratmaq məqsədi ilə payızda referendum keçirmək arzusunda olan İraqın şimalındakı muxtar bölgədə, Dnestryanı ərazidə, Ukraynanın şərqində, habelə Krımda, Gürcüstanın tabeliyindən çıxarılmış bölgələrdə, işğal altında olan Azərbaycanın Xankəndi şəhərində də terror aktları törədə bilərlər. Ancaq belə əməllər törədilərsə, onun məsuliyyətini mərkəzi hakimiyyətlər daşımayacaqlar. Həmin terrorlara görə, silahlı separatçıları dəstəkləyənlər və onları silah-sursatla təchiz edib, həmin qüvvələrə siyasi dəstək və sığınacaq verənlər cavabdehdirlər. Barselonadakı qanlı faciə terrorçuların təsnif edilməməsini bir daha təsdiqləyir. Onlar iyrənc məqsədləri həyata keçirmək istəyənlərin əlində alət, silahdır. Bu baxımdan onların yaxşısı olmur. Onların və himayədarlarının yaxşısına da pisinə də lənət!

Avqustun 16-da İspaniya Superkubokunu «Barselona" deyil, kral klubu, Madridin «Real» komandası aldı. Bunu da elə belə söz gəlişi yazdıq.


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)