vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əli bəy Hüseynzadə (1864 - 1940)

«Hürriyyət!.. O nə qüvvədir ki, zehinləri, fikirləri, xəyalları, bəşərin bütün ruh və mənəviyyatını sövq edir!»

Əli bəy Hüseynzadə (1864 - 1940)
GÜNDƏM  
20:16 | 18 avqust 2017 | Cümə Məqaləyə 2284 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«O qədər bisavad və səriştəsizdir ki...»

Müdafiə Nazirliyi Ermənistanın yaydığı «məktub» haqda açıqlama yaydı

MÖVZU İLƏ ƏLAQƏLİ

Son günlər Ermənistan Müdafiə Nazirliyinin nəzarətində olan saytlarda, sosial şəbəkə qruplarında Azərbaycan ordusu barədə hansısa «məxfi məktublar», «daxili yazışmaları əks etdirən sənədlər» yayılır. Virtualaz.org qeyd edir ki, düşmən ölkənin növbəti belə dezinformasiyası guya ötən ilki aprel döyüşləri zamanı Azərbaycan Silahlı Qüvvələrinin Baş qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıqovun müdafiə naziri, general-polkovnik Zakir Həsənova «məktubu» barədədir.

Kifayət qədər primitiv üslubda hazırlanan və çoxsaylı səhvlərin yer aldığı həmin saxta «məktubda» Azərbaycan ordusunun döyüşlərdə guya açıqlanandan dəfələrlə çox itki verməsindən bəhs olunur. Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Artsurun Ovanisyan həmin qurama «məktubu» özünün Facebook səhifəsindən yayaraq guya Azərbaycan ordusunun itkilərini gizlətdiyini sübut etməyə çalışıb.

Bundan əvvəl isə Ermənistan tərəfi Füzuli rayonunun təmas xəttinə yaxın Alxanlı kəndinin sakinlərinin guya Azərbaycan ordusunun həmin istiqamətdə yerləşdirilmiş artilleriya bölməsi ilə «qarşıdumada olduğu» haqda qurama «məktub» yaymışdı.

Ermənistan Azərbaycana qarşı müntəzəm olaraq dezinformasiyalardan istifadə etməyə çalışıb və bu, təəcüblü deyil.

Lakin guya Azərbaycan Müdafiə Nazirliyinə aid olan hansısa «məxfi məktubların» yayılması düşmən tərəfdən təzə taktikadır. Və belə görünür ki, Ermənistan «göbbelsləri» həmin taktikanı yaxşı mənimsəməyiblər, çünki onların quraşdırdıqları «sənədlərin» uydurma, saxta olduğunu müəyyən etmək üçün heç mütəxəssis olmağa da ehtiyac qalmır. Həmin «məktublar» olduqca primitiv formada, çoxsaylı səhvlərə yer verilməklə hazırlanıb yayılır.

Azərbaycan Müdafiə Nazirliyi Ermənistan «göbbelslərinin» sonuncu dezinformasiyasına münasibət bildirib və bununla bağlı xüsusi bəyanatla çıxış edib.

Bəyanatda deyilir ki, son günlər Ermənistan Müdafiə Nazirliyinin nəzarətində olan saytlarda Azərbaycan Ordusu haqqında daxili auditoriyaya hesablanmış yalan və saxta məlumatlar yayılmaqdadır.

«Ermənistan tərəfi bu cür dezinformasiyaları yaymaqla özünü guya Azərbaycan Silahlı Qüvvələri barədə məlumatlı göstərməyə çalışır. Əslində isə nümayiş etdirilən «məxfi məlumatlarla dolu məktublar» o dərəcədə bisavad və səriştəsiz hazırlanır ki, onların əvvəldən axıradək saxta olduğu heç bir şübhə doğurmur. Bütün bunlar erməni xüsusi xidmət orqanları və «əks-təbliğat mütəxəssisləri» tərəfindən qeyri-peşəkar səviyyədə, tələm-tələsik uydurularaq, səliqəsiz düzülüb-qoşulmuş kağız parçasıdır»-MN bildirir.

Nazirlik qeyd edir ki, son yayılan məktubdakı saxtakarlıq və səhvlər isə daha tez diqqəti cəlb edir. Çünki Baş Qərargah rəisi müntəzəm olaraq ordudakı vəziyyət haqqında müdafiə nazirinə şifahi məruzələr etdiyindən xidməti məsələlərlə bağlı Ermənistan mətbuatının təqdim etdiyi formada yazılı müraciətlərə zərurət qalmır.

«Çoxlu qrammatik səhvlər və yazılış üslubundakı uyğunsuzluqlarla (məktubda 20-dək səhv var) hazırlanmış bu məktubun Müdafiə Nazirliyində  mövcud olan daxili yazışmalara və kargüzarlığa azacıq da olsa uyğunluğu yoxdur. İstər mövcud olmayan simvolikalı rəsmi blank, istərsə də orada olan imzalar saxtalaşdırılıb, həmin sənədlərdə göstərilən tarixlər, rəqəmlər, yer və adlar da tamamilə uydurmadır»-Müdafiə Nazirliyi bildirir.

Bəyanatda deyilir ki, «məktubda» göstərilən məqamlardan biri də 2016-cı ilin aprel döyüşlərindəki itkilər barədə məlumatların ağlasığmaz dərəcədə şişirdilməsi və bilərəkdən qat-qat çox göstərilməsidir. Hansı ki, bütün ölkə mətbuatı və ictimaiyyət həmin dövrdə şəhidlərin dəfn mərasimlərində iştirak edib, hər kəs bu proseslərin nə qədər yüksək səviyyədə və təntənəli təşkil olunduğunu izləyib, Ali Baş Komandanın Ordumuza yüksək qiymət verməsinin və qəhrəmanlarımızın mükafatlandırmasının şahidi olub.

MN daha sonra bildirir: «Odur ki, üstündən bu qədər vaxt keçdikdən sonra Ermənistan mətbuatının guya itkilərin gizlədilməsi barədə məlumatlar tirajlaması blefdən başqa bir şey deyil və heç bir etik normalara sığmır. Texniki tərəqqinin hazırkı inkişaf mərhələsində itkilərin əhalidən gizlədilməsi də qeyri-mümkündür. Aprel döyüşləri zamanı itkilərin sayı barədə göstərilən rəqəmlər əslində Ermənistanın öz itkilərinin sayıdır və onlar hələ də ictimaiyyətə bu barədə düzgün məlumat verməyiblər.  Aprel döyüşlərindən sonra özünə gəlməyən, Ermənistan rəhbərliyi bilərəkdən Azərbaycan tərəfinin itkilərini qat-qat artıraraq verməklə Ermənistan əhalisinin fikrini yayındırmağa çalışır. Nədənsə uğurlu əks-hücum əməliyyatı keçirərək sarsıdıcı zərbələr endirən Azərbaycan Ordusunun 2000 hektaradək ərazini işğaldan azad etdiyini unudurlar».

Nazirlik qeyd edir ki, düşmən tərəfinin bu kimi saxtakarlığı son günlər Azərbaycan mətbuatında işğalçı Ermənistan ordusundakı neqativ hallar barədə yayılan faktlara cavab olaraq ermənisayağı atılmış növbəti uğursuz bir addımdır. Özünü təmizə çıxarmaq məqsədi daşıyan cinayətkar hərbi-siyasi rejim rəhbərliyi bu xəbərlərlə Ermənistan ordusundakı acınacaqlı vəziyyət səbəbindən hərbi qulluqçular arasında artan intihar, nizamnamədən kənar münasibətlər və digər cinayət əməllərindən əhalinin fikrini yayındırmağa çalışır.

Cəbhədəki döyüşdə uğur qazana bilməyən Ermənistan bu gün mətbuat, virtual məkan və kağız üzərində savaş açmaqla, hətta Azərbaycan Ordusunda heç zaman xidmət etməyən, sosial şəbəkələrdə saxta İP ilə qeydiyyatdan keçərək və azərbaycanlı bloqer adı  altında «döyüşərək» qismən də olsa uğursuzluqlarının əvəzini çıxmağa çalışır.

«Müdafiə Nazirliyi bildirir ki, yayılan məlumatlar və sənədlər tamamən saxtadır, uydurmadır, Azərbaycan mətbuatı tərəfindən yayılması, sosial şəbəkələrdə müzakirəsi qətiyyən yolverilməzdir. Yayılan dezinformasiya xarakterli məlumatlar düşmən maraqlarına xidmət etdiyindən bu kimi təbliğata uymamağa çağırırıq»-bəyanatda vurğulanır.