vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Üzeyir bəy Hacıbəyov (1885 - 1948)

«Əgər asudəlik istəyirsənsə, vaxtını hədər yerə itirmə»

Üzeyir bəy Hacıbəyov (1885 - 1948)
PROBLEM  
10:30 | 19 avqust 2017 | Şənbə Məqaləyə 4051 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Xunveybin metallurgiyası» xərçəngin mənbəyi kimi...

Bakının metal sexləri 19-cu əsrdə icad edilən kustar üsulla düzəldilmiş induksiya sobaları ilə çalışrır

Get-gedə böyüyən, meqapolisə çevrilən Bakı dünyanın digər iri şəhərləri kimi ənənəvi ekoloji problemlərlə qarşılaşır. Bura atmosferə hər gün yüz minlərlə avtomobilin mühərrikindən atılan zərərli qazlar, neftlə çirklənmiş ərazilər və nəhayət onsuz da məhdud olan yaşıllıq sahələrinin şəhəri bürüyən yeni tikintilərin təsiri ilə sürətlə azalması kimi fundamental ekoloji problemlər daxildir.

Ekoloqlara görə Bakıda sovet dövrünün iri sənaye müəssisələrinin əksəriyyətinin fəaliyyəti dayandırıldığından atmosferin çirklənməsinə istehsalla bağlı amillərin təsiri son dövrlər azalıb. Lakin Bakının ucqarlarında, yaxud elə şəhərin içərilərindəki gecəqondulardan ibarət məkanlarda yarıgizli fəaliyyətlərini hələ də davam etdirən qara metal sexlərinin fəaliyyətinin ətraf mühitə, yaxınlıqda yaşayan insanların səhhətinə vurduğu ziyanla bağlı deyəsən heç kim maraqlanmayıb, bu məsələ araşdırılmayıb.

Ümumiyyətlə, qara metallurgiya ənənəvi olaraq ətraf mühiti ən çox çirkləndirən sənaye sahəsi hesab olunub. Hesablamalara görə 1 ton qara metalın emalı zamanı ətraf mühitə 50-120 kiloqram arasında zərərli tullantı atılır. Hazırda texnologiyaların inkişaf etməsi sayəsində iri metallurgiya müəssisələrində bu göstəricini kəskin aşağı salmaq mümkün olub. Hazırda təkmilləşdirilmiş metallurgiya proseslərində ətraf mühitə atılan zərərli tozların miqdarı 1 ton metalın emalına görə 10 kiloqramı keçmir. Lakin bu rəqəmi Bakının əsl cəhənnəm mənzərələrini xatırladan kustar metal sexlərinə aid etmək olarmı?

Virtualaz.org araşdırıb ki, həmin qara metal sexlərinin demək olar hamısı kustar üsulla düzəldilmiş induksiya sobalarından istifadə edir. İnduksiya sobaları hələ 19-cu əsrdə icad edilsə də metallurgiyada geniş tətbiqi sonralar-elektrik enerjisi istehsalının artması və nəticədə dəyərinin aşağı düşməsi nəticəsində mümkün olub. Bu sobalarda metal yüksək tezlikli elektrik dalğalarının təsiri ilə əridilir.

Sənaye üsulu ilə hazırlanmış və qaz-toz təmizləyici qurğularla təchiz edilmiş induksiya sobaları iri metallurgiya komplekslərində tətbiq olunmaqdadır. Ancaq Bakının metal sexləri kustar üsulla düzəldilmiş induksiya sobaları ilə işlədiyinə görə onlarda heç bir qaz-toz təmizləyici qurğuların mövcud olmasından söhbət gedə bilməz. Hansı ki, virtualaz.org bir müddət əvvəl bu metal sexlərinin bir neçəsinə baş çəkərək oradakı heç bir normativlərə, təhlükəsizlik standartlarına və texnoloji normalara cavab verməyən «istehsal prosesini» əyani müşahidə etmişdi.

Araşdırmalar göstərmişdi ki, bu sexləri işlədənlərin metallurgiyada ekoloji normalara əməl edilməsi barədə ümumiyyətlə anlayışları yoxdur. Onların işi metal tullantılarını qəbul edib kustar üsulla əritmək və pəstahlara çevirib daha sonra bunlardan heç bir standarta cavab verməyən armaturlar, digər metal məmulatlar hazırlamaqdır.

Metallurgiya müəssisəsi yaratmaq sanballı investisiya tələb edən işdir. Belə müəssisə istehsal edəcəyi məhsulun beynalxalq standartların tələblərinə cavab verməsi üçün müəyyən texnologiyaya və bu texnologiyanı həyata keçirəcək avadanlıqlar kompleksinə malik olmalıdır. Həmin müəssisələrin poladəritmə sobaları kükürdsüzləşdirmə və fosforsuzlaşdırma kimi prossesləri həyata keçirə bilməlidir.

Azərbaycanda isə hazırda bu texnoloji normalara cavab verən yeganə metallurgiya müəssisəsi Baku Steel Company hesab edilir. Hansı ki, bu müəssisədə Almaniyanın Siemens VAİ şirkətinin istehsalı olan, avtomatik rejimdə işləyən və bütün mühafizə sistemləri tam elektronlaşdırılmış 60 tonluq Elektrik Qövs Sobası işləyir. Həmin sobadan buraxılan çirkli havanı təmizləmək üçün isə «Demora» şirkətinin yenə də tam avtomatik rejimdə işləyən qaz-toz təmizləyici qurğusu quraşdırılıb. 90-cı illərin sonları, 2000-ci illərin əvvəllərində həmin zavodun üzərindən qalxan qara tüstü yəqin şəhər sakinlərinin yadından çıxmayıb. Sonradan zavoda qoyulan yüz milyonlarla dollar investisiya və quraşdırılan təmizləyici qurğular sayəsində həmin qara tüstü artıq yoxdur.

Bu təmizləyici qurğunun dəyəri milyonlarla dollardır və təbii ki, Bakının yarıgizli metal sexlərinin sahiblərindən həmin qurğunu alıb öz sexlərində quraşdırmağı gözləmək əbəsdir. Bakının bu qara metal sexləri ancaq tərkibi qabaqcadan məlum olan metal tullantılarını əritmək üçün nəzərdə tutulan, metallurgiyanın normativ proseslərini yerinə yetirmək imkanında olmayan və təbii ki, zərərli elementləri heç bir təmizləmə aparılmadan ətraf mühitə buraxan kustar induksiya sobaları ilə işləməkdədir. Belə sobaların necə yığıldığına dair internet mənbələrində kifayət qədər çertyoj və təlimat tapa bilərik. Lakin Bakının qara metal sexlərində vaxtilə bu sobaları çinlilərin köməyi ilə quraşdırıblar...

Niyə məhz çinlilər? Virtualaz.org qeyd edir ki, dünyada polad istehsalına (ildə 800 milyon tondan yuxarı) görə lider ölkə olan Çində iri metallurgiya kompleksləri ilə yanaşı çoxsaylı kiçik qara metal sexləri də fəaliyyət göstərir. Həmin sexlər texnoloji normalara cavab verməyən induksiya sobaları ilə təchiz edilib. Bu baxımdan çinlilər hər ölçüdə kustar induksiya sobalarının quraşdırılması üzrə ən bacarıqlı mütəxəssislər hesab edilirlər.

Məsələ burasındadır ki,  ötən əsrin 50-60-cı illərində iqtisadiyyatın inkişafı və sənayeləşmə naminə çinlilərə özlərinin fərdi polad istehsalını yaratmağa icazə vermişdilər. Nəticədə 1958-ci ilin payızında Çində 700 mindən çox kustar domna sobaları işləyirdi, metal istehsalına 100 milyona yaxın adam cəlb olunmuşdu. Lakin cəmi bir il sonra aydın oldu ki, belə kustar sexlərdə keyfiyyətli metal istehsalı mümkün deyil, az-çox keyfiyyətli məhsulu ancaq iri metallurgiya kombinatlarında əldə eləmək olar. Nəticədə Çini başına götürən kustar sexlərin sayı azalmağa başladı. Bununla belə indiki dövrdə də Çində həmin təcrübəni təkrarladılar. İstehsalı artırmaq naminə yenidən kustar sexlərin fəaliyyətinə şərait yaratdılar və nəticədə Çində polad istehsalı sürətlə artdı.

Lakin Çin son illərdə qara metallurgiyanın, kustar metal sexlərinin ətraf mühitə vurduğu zərəri azaltmaq üçün radikal tədbirlər görür. «Bloomberg» agentliyinin məlumatına görə Çin hakimiyyəti qara metallurgiyada ekoloji normaları sərtləşdirib və polad istehsalının azalması hesabına başa gəlsə belə, kustar metal sexlərinin fəaliyyətini dayandırmağa başlayıb. Çin hökumətinin zərərli tullantıları təmizləmədən atmosferə buraxan induksiya sobalarını qadağan etməsi nəticəsində ölkədə polad istehsalının həcminin 5 faiz azalması baş verib.

Ölkənin dörd əyalətində qeyri-leqal metal sexlərinə qarşı görülən tədbirlərdən sonra Çindən polad ixracı son 10 ildə ilk dəfə aşağı düşməyə başlayıb. Gözlənilir ki, ölkədə bütün kiçik metal sexlərinin fəaliyyətinin dayandırılmasından sonra dünya üzrə polad istehsalı ildə 200 milyon ton aşağı düşəcək. (Müqayisə üçün qeyd edək ki, Azərbaycanın ən iri metallurgiya müəssisəsi olan Baku Steel Company-nin illik istehsal gücü cəmi 1 milyon tondur).

Buna baxmayaraq Çin hökuməti ətraf mühiti çirkləndirən xırda müəssisələri və onların istifadə etdiyi induksiya sobalarını qadağan etməkdə qərarlıdır. Çünki çoxsaylı belə metaləritmə sexlərindən ətraf mühitə atılan geniş çeşiddə zərərli tozlar və qazlar bir çox xəstəliklərin, xüsusən də Çində son vaxtlar sürətlə artan onkoloji xəstəliklərin əsas mənbələrindən biri hesab olunur. (Bəlkə Azərbaycanda , xüsusən Bakıda da son dövrlər onkoloji xəstələrin sayının dəfələrlə artmasının səbəblərini araşdıran tapılacaq?!)

Çin hökuməti qısamüddətli perspektivdə ölkədə polad istehsalının və ixracının, o cümlədən iş yerlərinin azalmasına gətirib çıxarsa belə, ancaq ekoloji normalara cavab verən iri metallurgiya komplekslərinin fəaliyyətinə icazə vermək niyyətindədir. Hansı ki, həmin müəssisələr müasir qaz-toz təmizləyici qurğularla təmin olunub və onların ətraf mühitə buraxdığı zərərli tullantıların miqdarı minimaldır. Çində həyata keçirilən bu tədbirlərin nəticəsi olaraq dünya bazarlarında poladın qiyməti kəskin sıçrayışla (35-40 faiz) artıb.

Qeyd etmək lazımdır ki, Azərbaycanda ətraf mühitin çirklənməsinə qarşı mübarizə uzun illər boyu aparılmayıb. Bu sahəyə dövlət səviyyəsində diqqət ancaq son 10-12 ildə yetirilib, prezident İlham Əliyev paytaxt Bakıda və Sumqayıtda ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair kompleks tədbirləri nəzərdə tutan dövlət proqramı qəbul edib. Bu proqram çərçivəsində Azərbaycanda az qala bir əsrdən çoxdur neftlə çirkləndirilən torpaqların bir qismi təmizlənib, neftlə çirklənmiş torpaqların yerində yaşıllıqlar salınıb. Xəzərin kanalizasiya suları ilə çirkləndirilməsini azaltmaq üçün təmizləyici stansiyalar quraşdırılıb. Uzun illərdir dünyanın ən çirkli şəhəri adını qazanmış Sumqayıt artıq imicini dəyişib, şəhərdə ekoloji vəziyyət kəskin şəkildə yaxşılaşıb.

Ekoloji vəziyyətin yaxşılaşdırılması uzunmüddətli və böyük həcmdə vəsaitlər tələb edən prosesdir. Və bu proses qurbanlarsız başa gəlmir, bəzən iş yerlərinin itirilməsi və istehsalın azalması, iqtisadi itkilər hesabına da baş verə bilər. Çünki insanların sağlamlığı, hamımızın udduğu havanın təmizliyi daha önəmlidir. Gələcək nəsillərin sağlamlığı bundan asılıdır.

Azərbaycanda isə ümumiyyətlə metallurgiyadan anlayışı olmayanların bir vaxtlar yağışdan sonra göbələk kimi artan kustar metal sexlərinin ətraf mühitə vurduğu zərər uzun müddətdir diqqətdən kənarda qalıb. Həmin sexlərin buraxdıqları, standartlara cavab verməyən və bazarlara yol taparaq tikintidə tətbiq olunan, nəticədə gələcəkdə ciddi fəsadlara gətirib çıxara biləcək məhsullar bir yana qalsın, onların ətraf mühiti çirkləndirməsinin də qarşısını almaq istəyən nəyə görəsə tapılmır.

Bu sexlərdə heç bir təhlükəsizlik normalarına cavab verməyən şəraitdə işləyən fəhlələrin səhhətinə vurulan zərər də o cümlədən. Müşahidələrimiz göstərmişdi ki, metal sexlərinin fəaliyyəti bir çox hallarda yarıgizli olduğundan həmin fəhlələr qapıları bağlı, heç bir ventilyasiya sisteminə malik olmayan yarıuçuq tikililərdə gündə 10-12 saat metal tullantılarını kustar üsulla əridib yaranan zərərli toz və qazı sinələrinə çəkirlər...

Maodan sonra Çin «xunveybin metallurgiyasından» (xunveybinlər-Çin inqilabını həyata keçirən maoçu gənclərdir) imtina etdi, ancaq «xunveybin metallurgiyası» Bakıda fəaliyyətdədir və insanların həyatını təhdid edir. Hətta çinlilər də başa düşdülər ki, puldan iy gəlir. Biz isə hələ də başlıca həqiqəti-bu kustar metal sexlərindən gələn pulların ölüm iyi verdiyini dərk etmək istəmirik. Bu sexləri kim himayə edir, onların öz kustar induksiya sobaları ilə ətraf mühitə vurduğu zərərə kimlər göz yumur? Hökumət bu suallar üzərində düşünməlidir!