vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 16 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Bir gün azad yaşamaq, qırx il boyunduruq altında yaşamaqdan daha üstündür»

Babək Xürrəmi (798 - 838)
ELM-TƏHSİL, DİN  
15:50 | 29 avqust 2017 | Çərşənbə axşamı Məqaləyə 2573 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Duxun çatırsa…»

Təhsil Nazirliyi kriminal jarqonla danışaraq jurnalisti hədələyən məktəb direktoru ilə bağlı qalmaqalı araşdırmağa başladı

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycanda məktəb ətrafında məktəb adına yaraşmayan daha bir qalmaqal baş qaldırıb. Bakının Sabunçu rayonunun Maştağa qəsəbəsindəki 187 saylı orta məktəbin direktoru Nailə Məmmədova (boş vaxtlarında şairəliklə də məşğuldur) bu məktəbdə müəllimlərdən haqq yığıldığı, direktorun işçilərlə kobud davranıb onları təhqir etdiyi barədə şikayəti araşdırmağa cəhd edən jurnalistə telefonda hücum çəkib. Jurnalist (axar.az saytının əməkdaşı) özünü təqdim edib təzəcə şikayətin məzmunu direktora çatdırmağa imkan tapan kimi Nailə Məmmədova onu hədələyib.


«Ay qız, eyy!...»


Məktəb direktorunun jurnalistlə telefon danışığının audioyazısı artıq internetdə yayılıb. Dialoqan görünür ki, bu xanım direktor kriminal aləmin jarqonlarından gen-bol istifadə edir, jurnalistin başının ağırlığı ilə bədəninin bu ağırlığı daşımaq imkanları arasında birbaşa uyğunsuzluğu onun nəzərinə çatdırır.

Nailə Məmmədova qəzəblə deyir:  «Get işinlə məşğul ol. Sənin basin deyəsən bədəninə ağırlıq edir. Get işinlə məşğul ol, ay qız eyy!! Get əvvəl öyrən, gör sən kimə zəng eləmisən. Nailə xanım kimi təhqir edib, kimdən pul alıb?! Sübutun varsa yaz! «Dux»un varsa, dediklərinin arxasında dayan! Səni məhkəməyə verib başına oyun açaram. Çox ayıb olsun. Sənin »Axar.az»ına da ayıb olsun, axmayan ağzına da ayıb olsun... Tərbiyəsiz!»


Məktəb qalmaqalları: porno söhbəti və digərləri


Azərbaycan məktəbinin, məktəb personalının adının son illərdə hər cür xoşagəlməz, biabırçı hadisələrdə, hətta seks qalmaqallarında, pedofiliya cinayətlərində çəkilməsi dəfələrlə baş verib. Məsələn, Beyləqan rayonundakı orta məktəblərdən birində yetkinlik yaşına çatmayan qızın şagirdlər tərəfindən zorlanması, məktəb rəhbərliyinin də bu əhvalatı bilə-bilə üstünü örtməsi ətrafında qalmaqal hələ səngiməyib. Bunun ardınca Hacıqabul məktəblərindən birində oğlan uşağının zorlanması hadisəsi ilə bağlı mətbuatda rüsvayçı məlumatlar yer aldı

Ötən il isə Şəmkirdə məktəbdə porno qalmaqalı (direktor məktəbin qadın lobarantını məktəbdə kompüterdə porno videolar izləyərkən yaxaladığını deyirdi) uzun müddət müzakirə olunmuşdu və sonda bu qalmaqal məktəb direktorunun işdən çıxarılması ilə nəticələndi. Məktəblərdə rüşvət, müəllimlərdən və şagirdlərdən pul yığılması isə kütləvi yayılmış şikayətlərin mövzusudur. Hərçənd bu kimi şikayətləri edənlər uşaqlarını nəzərə alıb kimliklərini açıqlamaq istəmirlər, Təhsil Nazirliyi isə ənənəvi olaraq anonym şikayətlərə məhəl qoymur.

Bəs indi necə? Təhsil Nazirliyi məktəb direktorunun jurnalistlə bu danışığından məmnun qalıbmı? Dərhal əlavə edək ki, burada həmin ifadələrin jurnalistlə danışıqda işlədilməsi məsələnin ən axırıncı tərəfidir, əsas məsələ məktəb direktorunun işlətdiyi jarqonlar, onun ifadə tərzi və hədələyici tonudur. Direktorun bu cür danışıq üslubuna malik olduğu məktəbdə biz yüksək təlim-tərbiyədən əmin ola bilərikmi?


Təhsil Nazirliyi araşdırma başladıb


Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov və Bakı Şəhər Təhsil İdarəsinin mətbuat katibi Bəşarət Məmmədov direktorun səs yazısı ilə bağlı araşdırmalar başladığını açıqlayıb. Bəşarət Məmmədov deyir ki, gərək əvvəlcə dəstəyin o başında danışanın kim olduğunu dəqiqləşdirsinlər. Bəlkə danışan heç direktor deyildi?

Lakin bu açıqlama ilə eyni vaxtda qəzəbli direktor saytlardan birinə açıqlama verib və telefondakı səsin ona aid olduğunu təsdiqləyib. Direktor bildirib ki, jurnalist məktəbin uğurlarından yazsaydı ona afərin deyərdi. İndi isə o, məktəbdəki problemlər barədə suallarla direktoru narahat edib və bu, xanım Məmmədovanı özündən çıxarıb. Direktor jurnalisti məhkəməyə verəcəyini də deyib. Bildirib ki, onun icazəsi olmadan səsini yazıblar və bu, qanunsuzdur.


«Dux sözünü cəsarət mənasında deyib…»


Virtualaz.org saytı da  Nailə Məmmədova ilə əlaqə saxlamağa çalışıb. Özünü təlim-tərbiyə işləri üzrə müavin kimi təqdim edən məktəb əməkdaşı bildirib ki, əslində direktorun son iki cümləsində bir qədər sərt ifadə səsləndirilib. Bu isə təhqir hesab edilməməlidir.  Üstəlik telefon zəngimizə cavab verən qadın dedi ki, Təhsil Nazirliyinin araşdırma başlatdığı haqda deyilənləri də bizdən eşidirlər. «Heç bir araşdırma-filan yoxdur, nə Təhsil Nazirliyindən, nə başqa yerlərdən məktəbə bu məsələ ilə bağlı zəng vuran olmayıb»-həmin şəxs bildirib.

Telefon zənginə cavab verən «direktor müavininin» sözlərinə görə sayt əməkdaşının  eyni sualla 4 dəfə müraciət etməsi direktoru özündən çıxarıb. Birinci dəfə zəng vuranda direktor məktəbin nailiyyətlərini sadaladı, dedi ki, bunlardan yazmaq lazımdır. «Ötən tədris ilində 2 şagirdimiz qızıl medal aldı, 6 şagirdimiz 600-dən çox bal topladı. Jurnalist yenə dəfə zəng vurdu,  sual verdi, direktorumuz da əsəbləşdi. Məktəbdə təmaüllü sinif yaradılır, hazırda bu siniflərə qəbul gedir, yəni işin qızğın vaxtıdır. Nailə xanım «dux»sözünü «cəsarət» kimi deyib. Hazırda Nailə xanım işləri yoluna qoyur», -adını söyləmək istəməyən «direktor müavini» deyib.

Onun sözlərinə görə, Təhsil Nazirliyi və ya Bakı Şəhər təhsil İdarəsi tərəfindən araşdırma başlanılmasından xəbərsizdir.

Nailə Məmmədovanın özü ilə danışa bilmək üçün təkrar məktəbə zəng vurduq. Bu dəfə dəstəyi götürən şəxs bizim bayaq elə Nailə Məmmədovanın özüylə danışdığımızı dedilər…


Vəkil rəyi: «Başın bədəninə ağırlıq edir» sözləri təhdiddir, məsuliyyət yaradır


Qeyd olunduğu kimi direktorun işlətdiyi ifadələr arasında «basin bədəninə ağırlıq edir» sözləri də yer alır. Bəs hüquqi baxımdan bu sözlər təhdid kimi qəbul edilə bilərmi?

Tanınmış vəkil Ceyhun Yusifov virtualaz.org saytına bildirib ki, məktəb direktorunun məlum açıqlaması hüquqi məsuliyyət yaradır. «Başın bədəninə ağırlıq edir ifadəsi ölümlə təhdid kimi qiymətləndirilə bilər. Bu isə Cinayət Məcəlləsinin 135-ci maddəsi ilə tənzimlənir. Buna görə də direktor məsuliyyətə cəlb edilə bilər. Mənim praktikamda bu cür təhdidlərə görə qaldırılan cinayət işləri olub.  Əgər həmin jurnalist direktorun bu ifadələri ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etmək istəsə ona vəkil xidməti göstərə bilərik.  Bundan əlavə, pedaqoji işçilərin etik davranış kodeksi mövcuddur, direktor açıqlaması ilə bu kodeksə zidd hərəkət edib. Həmçinin açıq təhdidlə jurnalistin peşə fəaliyyətinə maneə yaradıb», -vəkil deyib.

C.Yusifov əlavə edib ki, jurnalistlə bu cür danışan direktorun tabeliyindəki işçilərlə, şagirdlərlə necə rəftar etdiyini öyrənmək üçün məktəbdə araşdırma aparmaq lazımdır:  «Nəzərə almaq lazımdır ki, direktor idarəedəndən əlavə həm də pedaqoqdur, öyrədir».

Direktorun səs yazısı sosial şəbəkələrdə də geniş müzakirəyə səbəb olub. İstifadəçilər yazırlar ki, Nailə Məmmədovanın bu üslubu yeni deyil, o məktəbi də belə üslubda idarə edir. Deyilənlərə görə direktor hansısa deputatın qohumudur, məktəbdə hamı ondan çəkinir…