vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«İnsanlar hər zaman qəhrəman ola bilməzlər, ama hər zaman insan ola bilərlər»

Barış Manço (1943 - 1999)
GÜNDƏM  
10:34 | 30 avqust 2017 | Çərşənbə Məqaləyə 2113 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Qarabağda Skofer dönəmi başladı

ABŞ və Rusiyanın problemin tənzimlənməsi ilə bağlı planları haçalanır, təhlükəli durum yaranır

E.PAŞASOY

MÖVZU İLƏ ƏLAQƏLİ

ATƏT-in Minsk Qrupunda ABŞ-ı təmsil edən Hoqlandı əvəzləyən Endryu Skofer (Andrew Schofer) rəsmən səlahiyyətlərinin icrasına başlayıb. Artıq rəsmi Vaşinqton bununla bağlı mövqeyini açıqlayıb. ABŞ Endryu Skoferin ATƏT-in Minsk Qrupunun həmsədri təyin olunmasını alqışlayır. APA-nın «Amerikanın Səsi»nə istinadən verdiyi məlumata görə, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Heder Nouertin bəyanatında bildirilir.

Bəyanatda vurğulanır ki, E.Skofer Avropa və beynəlxalq təşkilatlarla zəngin iş təcrübəsinə malikdir. «ABŞ beynəlxalq hüquqa, o cümlədən Helsinki Yekun Aktında əksini tapmış güc tətbiq etməmə, ərazi bütövlüyü və xalqların öz müqəddəratını müəyyən etmə prinsiplərinə əsaslanan ədalətli həll yollarının axtarılması üçün səy göstərəcək», - deyə sözçünün bəyanatında qeyd olunur. Məlumatda deyilir ki, E.Skoferin təyinatı barədə qərar Azərbaycan və Ermənistan hökumətlərinə göndərilib. Bununla da o, rəsmi olaraq vəzifəsinin icrasına başlamış sayılır.

Bu təyinatdan əvvəl E.Skofer ABŞ-ın Vyanadakı beynəlxalq təşkilatlarda müvəqqəti işlər vəkili vəzifəsini tutub. 2015-ci ilin avqustundan 2017-ci ilə qədər o, missiyanın sözçüsünün müavini olub. Buna qədər diplomat 2014-cü ilin avqustundan 2015-ci ilə qədər Atom Enerjisi üzrə Beynəlxalq Agentlikdə müşavir kimi çalışıb. 2011-2014-cü illərdə ABŞ-ın Kiprdəki səfirinin müavini olub, ABŞ-ın Küveyt, Bəhreyn və Rusiyadakı səfirliklərində işləyib. Vaşinqtonda isə Dövlət Departamentinin İraq üzrə bölməsində çalışıb, dövlət katibinin müavinin siyasi məsələlər üzrə köməkçisi olub.

Sələfi Riçard Hoqland da Skoferi müsbət xarakterizə edib. «O, ABŞ-ın çox təcrübəli diplomatıdır. Skofer Vyanada beynəlxalq təşkilatlar yanında ABŞ-ın Missiyasında işləyib», - keçmiş həmsədr deyib.

Ancaq yeni həmsədrin dönəmində Qarabağ məsələsinin həlli ilə bağlı ciddi uğurların əldə olunacağını gözləmək sadəlövhlükdür. Ən azı ona görə ki, az qala 30 ilə yaxındır mövcud olan bu münaqişə çox həmsədrləri yola salıb. Xatırladaq ki, 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında atəşkəs sazişi imzalanandan sonra Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk Qrupu məşğul olur. Qrup ATƏT-in Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, Polşa, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir. 1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir. Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən BMT Baş Assambleyası, AŞ PA, ATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur. Ancaq Ermənistan bu günədək bir beynəlxalq təşkilatın qətnamə və tələblərinə əməl etməyib. R.Hoqlandın keçən həftə açıqladığı tənzimləmə prinsiplərinə isə Ermənistanda ciddi münasibət sərgilənmədi. Prezident Serj Sərkisyan açıqlanan müddəaların yenilik olmadığını dedi, hətta Rusiya prezidenti Vladmir Putinlə Soçidəki görüşündə Qarabağ məsələsinə geniş yer ayırmadıqlarını vurğuladı. Bu isə ondan xəbər verir ki, erməni tərəf daha çox Rusiyanın təklif etdiyi variantlar üzrə hərəkət etməyə meyllidir, nəinki digər dövlətlərin. Odur ki, amerikalı həmsədrin kim olması da vəziyyəti ciddi şəkildə dəyişməyəcək. Belə olan halda yenidən hərb variantı gündəmə gələ bilər ki, bunu vasitəçilər də anlayır. Ona görə də Rusiya sentyabrın ilk ongünlüyündə Moskvada dini liderləri, ABŞ isə BMT Baş Assambleyası çərçivəsində XİN başçılarını bir araya gətirməklə gərginliyi nisbətən səngitməyə çalışır. Erməni mətbuatı da bugünlərdə açıq şəkildə yazır ki, Sərkisyana Rusiyanın dəstəyini alaraq yaxın bir neçə ay ərzində də Qarabağda status-kvonun saxlanmasına nail olmaq və gələn il hökumətin başına keçməsinə zəmin yaratmaq daha çox lazımdır. Ona görə də o, sadəcə, zamanı uzatmağa meyllidir, nəinki danışıqları bərpaya.

Rusiyanın diktəsi ilə hərəkət etdiyi şübhə doğurmayan Qarabağ separatçılarının da mövqeyindən belə aydın olur ki, onlar da, sadəcə, oyun oynamaqda maraqlıdırlar. Separatçıların təmsilçisi David Babayanın «keçmişə qayıtmaq mümkün deyil, nə əvvəlki sərhədlərə, nə də statusa» iddiası da hərbsiz keçinməyin mümkün olmayacağını deməyə imkan yaradır. Onun iddiasına görə, Azərbaycan Dağlıq Qarabağın müstəqilliyinə razı olmadığı üçün konsensus olmayacaq. Belə bir situasiyaya ABŞ başda olmaqla, aparıcı ölkələrdən tutarlı reaksiya verməməsi də Azərbaycan üçün başqa çıxış yolu qoymur.

Ancaq rəsmi Bakı sonadək danışıqlarda iştirakın da tərəfindədir. Azərbaycan XİN substantiv danışıqları davam etdirməyə hazır olduğunu BMT görüşündən qabaq bir daha açıqlayıb.

Politoloq Hikmət Hacızadə Hoqlandın açıqladığı sənəd haqda «Yeni Müsavat»a danışarkən bunları bildirdi: «Təəssüf ki, bu sənədin arxasında ABŞ-ın heç bir konkret cəhdi görünmür. İşğalçılara heç bir sanksiyanın tətbiqindən də bəhs olunmur. Beləliklə, ortada bir ciddi plan var, o da Rusiyanın planıdır. Yəni ətraf rayonlar qaytarılsın, təmas xəttinə «rus sülhməramlı quvvələri» yerləşdirilsin. Onda Dağlıq Qarabağ əbədi olaraq Azərbaycandan ayrılacaq və Azərbaycan Rusiyanın güclü təsirinə düşəcək. Yeganə plan budur». H.Hacızadə əmindir ki, Qarabağ məsələsinin həlli məsələsində Rusiya və ABŞ-ın mövqeləri üst-üstə düşmür: «Rusiya Azərbaycanı qaytarmaq istəyir. ABŞ-a isə onun müstəqil olması sərfəlidir ki, bura ilə neft, strateji və s. işbirliyi qursun». Ekspertin dediklərindən ortaya çıxan nəticə budur ki, iki böyük paytaxtın fərqli yanaşmaları təhlükəli perspektiv vəd edir.

«Putin həm Azərbaycan prezidenti İlham Əliyevlə, həm də Ermənistan prezidenti Serj Sərkisyanla görüşməklə real vəziyyəti araşdırır». Bunu isə keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov azvision.az-a müsahibəsində deyib. O, Minsk Qrupunun sabiq amerikalı həmsədri Riçard Hoqlandın problemin həllinə dair təklif etdiyi 6 prinsiplə bağlı danışarkən deyib ki, Hoqlandın təklifləri ABŞ-ın mövqeyini əks etdirir: «Bundan qabaq müxtəlif bəyanatlar olub. Şəxsən mən həmin bəyanatları tənqid etmişəm. Çünki mükəmməl olmayıb. Hoqlandın bəyanatı isə bəzi məqamlara işıq salır. Əgər bizə Lavrovun planının incəlikləri məlum olsaydı, bu bəyanatla fərqini görə bilərdik. Hesab edirəm ki, bu, çox maraqlı olardı.

Əgər Lavrovun planı ilə bu mövqe arasında fərqlər varsa, deməli, biz açıq şəkildə ABŞ-ın münaqişənin həllində fəallaşmasının ilkin siqnallarını alırıq».

T.Zülfüqarov deyib ki, Azərbaycan və Ermənistanın mövqeyi fərqlidir: «Həmsədrlər və Azərbaycan tərəfi reallığa əsaslanaraq istəyir ki, məsələlər mərhələli şəkildə həll olunsun. Ermənistan isə məsələlərin paket şəkildə, yəni eyni vaxtda həllinə tərəfdardır. Bu, reallıqdan uzaq təklifdir. Burada əsas məqsəd ondan ibarətdir ki, ümumiyyətlə, danışıqlar nəticə verməsin».

Eks-nazir deyib ki, Rusiya bu və ya digər formada Ermənistanın qarşısında şərt qoyub: «Biz müzakirə etdiyimiz məsələdə ABŞ-ın mövqeyi açıqlanır. Bu mövqe məhz Ermənistan tərəfindən qəbul olunmur. Deməli, hər hansı inkişafa nail olmaq, müharibə riskinin qarşısını almaq üçün Ermənistana bu və ya digər formada təzyiq olunmalıdır. De-fakto Ermənistana təzyiq edilmir. Aprel döyüşlərindən sonra imkan vardı ki, münaqişənin həllində inkişafa nail olunsun. Amma baş vermədi. Əksinə, Rusiya tərəfindən Ermənistana silah göndərilir. Eyni zamanda Rusiya Xarici İşlər Nazirliyi müxtəlif bəyanatlar verərək danışıqları təmas xəttində atəşkəs rejiminin qorunması istiqamətinə yönəldib. Sərkisyanla görüşdə xarici işlər nazirləri iştirak etmədi. Belə görünür ki, Putinin bu məsələdə xarici işlər naziri ilə fikir ayrılığı mövcuddur. Ona görə də Putin özü bu məsələ ilə şəxsən məşğul olmaq istəyir. Putin həm Azərbaycan prezidenti İlham Əliyevlə, həm də Ermənistan prezidenti Serj Sərkisyanla görüşməklə real vəziyyəti araşdırmaq və hansısa qərara gəlmək istəyir».