vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 22 noyabr 2017
ABŞ dolları 1 USD = 1.7002 AZN
Avro 1 EUR = 1.9959 AZN
Rusiya rublu 1 RUB = 0.0287 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.2523 AZN
Türk lirəsi 1 TRY = 0.4327 AZN
Heydər Əliyev (1923 - 2003)

«Fikir müxtəlifliyi təbii hadisədir. Hamı bir boyda ola bilmədiyi kimi, eyni fikirdə də ola bilməz»

Heydər Əliyev (1923 - 2003)
REGİON  
14:59 | 2 sentyabr 2017 | Şənbə Məqaləyə 286 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Putini noyabrda cəzalandıracaqlar»

Ukrayna Rusiyanı tələyə salan yem olacaqmı?

Yekaterina KOZYUBENKO

MÖVZU İLƏ ƏLAQƏLİ

Davamlı Rusiya təbliğatı keçmiş SSRİ məkanı əhalisi və siyasi elitaları arasında rəsmi Moskvanın birmənalı üstün gücü haqda təsəvvür və vahimə yaratsa da, əksini – Rusiyanın öz əvvəlki əzəmətini sürətlə itirməyə doğru istiqamətləndiyi düşüncəsində olanlar da az deyil. Bu düşüncədə olanların qənaətincə, Rusiyanın 2014-cü ildə Ukraynaya hərbi müdaxiləsi əslində böyük mənada dünya düzəninin pozulması olmaqla yanaşı, həm də bu düzəni pozan Rusiya prezidenti Vladimir Putinin özünü, bir növ, tələyə salan yemdir və Qərb onu mütləq cəzalandıracaq…

Tez-tez Rusiya, xüsusən də Putin əleyhinə çıxışlarıyla diqqət çəkən hərbi ekspert Aleksey Arestoviçin aşağıda təqdim etdiyimiz müsahibəsində Qərbin Ukrayna vasitəsiylə yaxın aylarda Rusiya əleyhinə ata biləcəyi mümkün addımların bir hissəsindən bəhs edilib.

Xatırladaq ki, hərbi ekspertin bu müsahibəsi iyun ayının sonunda Ukraynanın «Apostrof» nəşri vasitəsiylə yayılsa da, son günlər kəskinləşən Rusiya-Qərb münasibətləri fonunda onun proseslərin mümkün ssenariləri haqda söylədiklərini yenidən aktuallaşdırıb. Beləliklə, Aleksey Arestoviçin həmin müsahibəsini Strateq.az oxucularına təqdim edirik:


– ABŞ dövlət katibi Reks Tillerson bəyan edib ki, Ukrayna və Rusiya Donbasdakı durumu Minsk razılaşmasından kənar həll edə bilər. Bu arada Ukrayna hakimiyyətində Antiterror Əməliyyatlarının (ATƏ) keçirilməsi formatının dəyişdirilməsi haqqında danışmağa başladılar. Sizcə bu format necə ola bilər?

– Minsk formatı işləmir, Rusiya öz tərəfindən hətta bu razılaşmanın birinci maddəsini (Donbasda atəşkəs haqqında – «Aposrtrof») yerinə yetirmir. O, belə bir sadə səbəbdən işləmir ki, Rusiya razılaşmanın tərəfi deyil, ancaq müşahidəçidir. Bu, bizi qane etmir, belə ki, Rusiya konfliktin tərəfidir. Qərb bunu dörd il keçəndən sonra anladı. Putin Trampı Suriyada və bütün dünyada elə boğaza yığıb ki, onlar onu Ukraynada nümayişkaranə şəkildə şallaqlamaq qərarına gəliblər.

Putinin vəziyyəti etirazlar üzündən mürəkkəbdir. Noyabr ayında (Böyük Oktyabr sosialist inqilabının 100 illiyi – red.) onlarda etirazların və sentyabr-oktyabr aylarında hərbi xidmətdə olanların demobilizasiyası səbəbindən döyüş qabiliyyətinin düşməsinin eynizamanlı piki olacaq. Bu, 18 mart 2018-ci ilə təyin edilmiş prezident seçkilərinə üç ay qalmış baş verəcək. Bu da o deməkdir ki, Donbası götürmək lazımdır.

Minsk formatı işləmir, lakin uzun müddət onun görüntüsünü qoruyub saxladılar. Hər şey ABŞ-ın mövqeyindən asılı idi və o, hər şeydən göründüyü kimi, artıq formalaşıb. Görünən odur ki, söhbət Donbasdan rus qoşunlarının çıxarılıb atılması üçün hərbi əməliyyatın keçirilməsindən və separatçıların açıq şəkildə cəzalandırılmasından gedir. Bu əməliyyatı Ukrayna silahlı qüvvələri elə indi apara bilər: qüvvə və vəsaitə görə üstünlük bizdədir, biz daha yaxşı döyüşürük və bizdə mənəvi-ruhi üstünlük var.

Mən görürəm ki, Qərbdə kimsə Putini seçkiyə üç ay qalmış nümayişkaranə şəkildə döyüb cəzalandırmaq, eyni zamanda  ona «Boinq»ə (2014-cü ildə Donbasda vurulan – «Apostrof»), vurulan Kaçinskiyə (2010-cu ildə Smolensk ətrafında baş verən aviaqəza), Ukraynaya, Suriyaya, bir yerdə bütün hamısına görə, hesab ödətmək istəyir. Sonra bütün bunların hamısını Rusiyadakı etirazların piki ilə birləşdirib, prezident seçkilərində onun perspektivini məhv etmək; sadəcə öldürmək və ya açıq şəkildə cəzalandırmaq.

Görünür, Vaşinqton tərəfdən baxdıqda, Ukrayna burda başlıca vasitədir. Rusiyanı Moldova və Gürcüstan cəzalandırmayacaq, ancaq Ukrayna qarşılaşdırıla biləcək gücdür. Hər şey – Poroşenko və Trampın maraqları,  Ukrayna və Amerika elitasının maraqları üst-üstə düşür. Bu hücumun zərbəsi Vladimir Putinə yönəlib, onu hardasa noyabrda cəzalandıracaqlar.


– Bu prosesdə Birləşmiş Ştatların rolu nədən ibarətdir?

– Çox ehtimal ki, Birləşmiş Ştatlar Ukraynaya ona qarşı tammiqyaslı əməliyyatların keçirilməyəcəyi təminatını verəcək. Onlar Vovanı başa salacaqlar ki, əgər o, aviasiyanı və ya raketləri qaldıracaqsa, onda iqtisadi anlamda ona çox «bo-bo» (uşaqların işlətdiyi ifadə: «uf, ağrıyır» – red.) olacaq. Burda həmən letal silah daşıyan Amerika təyyarələri oturmağa başlayacaq.


– Budapeşt memorandumu təkrarlanmayacaq?

– Təkrarlanmayacaq. Baxın, vəziyyət necədir: Ukrayna Ali Radasının spikeri Andrey Parubiy Birləşmiş Ştatlara getdi və bəyan etdi ki, biz burada Amerika ordusunun strateji ehtiyatlarının anbarlarının mövcudluğunu nəzərdə tutan əməkdaşlıq haqqında saziş bağladıq. Bu anbarlar çox tez – yarım ilə yaradıla bilər. Ancaq belə əməliyyatlar bir ilə hazırlanır. Bu durumda amerikalılara bura silah daşımaq lazım olmayacaq, biz sadəcə olaraq anbarları açacaq və onu götürəcəyik. Onların razılığı ilə.


– Ukrayna Donbasın azad edilməsinin aktiv fazasını başlarsa, bizi Minsk razılaşmasını pozmaqda günahlandıra və necə deyərlər, «rusdilli əhalini xilasetmə əməliyyatı» başlada bilərlər.

– Qoy, yoxlasınlar. Onlarda 90 şəhərdə etirazlar var, Aleksey Navalnı bütün aləmə car çəkir. Bu anda onlar Ukraynaya qarşı, daxili etirazlarla və əlavə sanksiyalar paketinin qəbulu ilə üst-üstə düşən avantüraya başlayır. Nə olacaq? Təsəvvür edək ki, onu eyni zamanda hardasa Suriyada sıxırlar. Tam idiot olmaq lazımdır ki, bunu başlayasan.


– Ukrayna nəyə hazır olmalıdı?

– Biz onları sadəcə öldürərik.


– Bizim ordu hissələri komplektləşdirilməyib axı.

– Hər zaman nə isə çatışmır. İdeal ordular olmur. Bizdə ATƏ zonasında və onun ətrafında təqribən 90 minlik şəxsi heyət var. Ruslarda – 40 minlik. Bu, artıq ikiqat üstünlükdür. Jelebok uğrunda gedən döyüşlər zamanı nə baş verdi? Əgər güclü sxematikləşdirsək, bizimkilər hakim yüksəklikləri götürdülər, onların ərazilərinə 20 km irəliyə doğru nəzarət etməyə başladılar. Hücumun qarşısını almaq üçün separatçılar irəli verildikdə, onlar bacarmadılar. Bir sutkadan sonra rus hərbi kadrları gəldilər. Orda durduqları müddətdə onlara artilleriya dəstəyi verdilər, Rusiya tərəfdən daxil olan komandirlər isə şəraiti öyrəndilər.

Mənə Piterdən bizi sevən rusiyalılar zəng etdi və məlumat verdi ki, bu hadisədən sonra 4 sutka Hərbi-Tibb Akademiyanın (RF MN-in S.M.Kirov adına Hərbi-tibb  akademiyası) yanında sanitar təyyarələr yendi. Sizin də anladığınız kimi, Rusiyanın ən yaxşı tibb müəssisəsinə hər halda separatçıları aparmazlar. Bunlar Rusiyanın nizami ordusunun hərbçiləri idi. Oradan (Donbasdan – «Apostrof») «ət» daşıyırdılar.

Rusiyada hərbçilər arasında narazılıq var. Onlar deyir ki, hərbçiləri utilizasiya etmək olmaz, ya tammiqyaslı əməliyyatlar olsun, ya da Donbasdan çıxaq. Onlar, bizimkiləri on dəfə aşan, çox böyük itkilər verir. Onlar çox böyük sayda kütbeyin səhvlər edir. Və hibrid müharibə formatının özü – nə vaxt ki onlar gizlənirlər və öz güclərini istifadə edə bilmirlər, – onların sayını azaldır. Ən başlıcası, mənəvi-psixoloji baxımdan çökdürür – onlarda döyüş əhval-ruhiyyəsi yoxdur.

Mən sizi əmin edirəm ki, rus hərbçiləri Donbasdan çəkilməyi və bu hərc-mərcliyə onlar tərəfindən son verilməsini rahatlıqla qəbul edəcəkdir. Putin bunu gözəl bilir və rus ordusunu zorla kəsimə göndərəcək. Qoy, onlar gəlsinlər. Bizim komandirlər orda 4 ildir vuruşur və hər kolu tanıyırlar. Ancaq bunlar isə gələcək və şəraiti bilməyəcəklər. Əgər hücum olacaqsa, şərait 20-30 km/sutka sürəti ilə dəyişəcək. Onlar hadisələrin dəyişmə sürətinə çatdıra bilməyəcəklər.

Buna onu da əlavə edin ki, biz öz torpağımızı azad edəcəyik. Necə entuziazm və kükrəmə olacaq. Onlarda nə olacaq? Onlar gəliblər, yazıları başa düşmürlər, separatçılara inanmırlar və Ukrayna artilleriyası mütəmadi olaraq onları vurur. Bu şəraitdə döyüşmək, hətta şanlı rus ordusuna, – hansı ki, əslində üfürülmüş qovuqdur, – çox çətindir. Rus təbliğatı və rus hərbi gücü bir şey, döyüş meydanında şərait isə başqa şeydir.

Biz elə indi bu əməliyyatı həyata keçirə bilərik. Bir il sonra isə, amerikanın köməyi, düzgün quruculuq, müvafiq normativ-hüquqi baza, ehtiyat zabitlərin 18 aylıq çağırışı və təlimi, ehtiyatın və müqavilə əsasında xidmət edənlərin davamlı təlimi ilə – hansı ki, daima keçirilir… Bizim 200 minlik ehtiyat qüvvəmiz var, bu adamlar ATƏ-də döyüşmüş adamlardı. Hə, salam, Vova.


– General Vatutin prospektinin adının Şuxeviç prospekti olaraq dəyişdirilməsinə etiraz edən rusiyameylli qüvvələrin axırıncı etiraz aksiyasını nəzərə alsaq, bu qüvvələr nə qədər güclüdür?

– Onlar necə güclüdürlər ki, 300 təqaüdçü və millətçilərin qəzəblə döydüyü 50 «tituşka» çıxarmışdılar? Əgər rusiyameylli qüvvələr burda vəziyyəti qarışdırmaq istəyirlərsə, deməli, burda, sənin ölkəndə hər şey yaxşı olmalıdı. Əgər ölkədə kütləvi etirazlar varsa və uşaqlar da etiraz edirsə, onda bunu etmək çətindir. Bir də bu dörd il ərzində hamı öyrənib və anlayır ki, kim, kimi və hara çıxarır.

Əgər bu mitinqlərdə onları döymək deyil, öldürməyə başlasalar, tamamilə mümkündür ki, onlar prinsipcə daha çıxmasınlar. Cəmi 500 qrivnəyə görə sən öldürülə biləcəyin yerə getməzsən. Unutmayın ki, Poroşenko dinc ölkənin prezidenti deyil, o, döyüşən ölkənin ali baş komandanıdır. Güc strukturlarının 400 min demobilizasiya olunmuş qan iyləmiş əməkdaşı var. Axır iki ili onlar yalnız qələbələrdə tərbiyə olunurlar – biz bir metr belə itirməmişik, ancaq hücum edirik, ancaq alırıq.

Rus təbliğatının təsvir etdiyi dəhşətli düşmən – yenilməz Rusiya vardı. Onlar bu düşməni artıq dörd ildir qovalayır. Bu insanları durdurmaq çox çətindir. Onlar ayaqlarını istənilən kimsənin – həm daxili, həm də xarici düşmənin böğazına qoya bilər.

İndi Poroşenkonun həmən görə biləcəyi işlərin siyahısını götürürük: qısalüləli silahların leqallaşdırılması, avtomobillərə qoyulan aksizlərin götürülməsi, bütün ölkə üzrə yolların çəkilişinə başlanılması, AES-in modernləşdirilməyə başlanılması, Medvedçukun və Timoşenkonun həbs edilməsi, oliqarxların sıxışdırılması, Donbasda hərbi əməliyyat və s. Siz bu addımların reytinq potensialını təsəvvür edirsinizmi? Onları elə indi həyata keçirmək olar. Hansı daxili düşmən, Rusiya burada kimi sarsıtmaq istəyir?


– Ancaq cəhd edəcəklər?

– Təbii ki, edəcəklər. Rusiya Ukraynanı darmadağın etmək üçün tarixi şansı buraxdı. Bunu 2014-cü ilin baharında etmək lazım idi. Lakin onlar o vaxt öz imkanlarını qiymətləndirdilər və anladılar ki, bacarmırlar. Hətta onlar Kiyevə, Odessaya, Dneprə daxil olarlarsa, onda partizan müharibəsi olacaq. Onları orada öldürməyə başlayacaqlar. Və bunu Əfqanıstanda, Çeçenistandə edildiyindən daha aktiv şəkildə edəcəklər. Çünki Çeçenistan Kiyev vilayətinin yarısı boydadır. Əgər hər gün 5 adam öldürüləcək səkkiz vilayəti götürsək, bu, gündə 40 nəfər deməkdir. İki aydan sonra nə olacaq? Ona görə də onlar həmən anladılar ki, heç nə alınmayacaq.

Düşünmürəm ki, nə zamansa Ukraynaya qarşı tammiqyaslı əməliyyat nəzərdən keçirilib. Maksimum – raket zərbələri.


– Bəs onlar nəyə arxalanırdılar?

– Blefə və rusiyameyilli əhalinin dəstəyinə. «Rus baharı» 2 mayda Odessada sındırıldı, «Çernomorets»in rusdilli fanatları bütün bunların hamısını sındıranda. Rusdilli ukraynalılar Putinə qarşı çıxdı. Bundan sonra aydın oldu ki, ruslar bu müharibəni uduzdular. Sonrası isə zaman və texnika məsələsidir. İndi onlar öz şanslarını buraxıb, biz isə ordumuzu gücləndirmişik – bizim 250 minlik demobilizasiya olunmuş ordumuz, 200 minlik ehtiyat qüvvəmiz var. Rusiyanın bütün quru qoşunları cəmi 330 mindir. Lakin Rusiya bir az Ukraynadan böyükdür, orada Kalininqraddan Kuril adalarına kimi müdafiə etmək lazımdır, hələ bir də Suriya, Orta Asiya, Qafqaz var. Onlar buralardakı qüvvələrin hamısını yığıb bizə ata bilməzlər. Sərhəddə onların 25 min adamı dayanır.

Beləliklə, onlar nə varsa, hamısını yığacaq, milli qvardiyanın bir hissəsini götürəcək (davamlı etirazlara görə hamısını götürə bilməzlər) və 100 minlik qruplaşma düzəldəcəklər. Ancaq bu, qısamüddətli olacaq, digər yerlərdə onların problemləri başlayacaq. Bütün bunlarla birlikdə onlar hücum cəhdi edəcəklər, bizdə isə 400 minlik demobilizasiya olunmuş qüvvə var.

Deyək ki, onlar aviasiyanı qaldıracaqlar. Kiçik Gürcüstanın, Ukrayna mütəxəssislərinin hazırladığı, HHM mütəxəssisləri müharibənin 5 günü ərzində 7 təyyarə vurdu, 19-na isə, o cümlədən strateji bombardmançı təyyarəsinə – hansı ki, heç zaman vurulmayıb, – xəsarət yetirdi. Biz həftəyə 90-nı vurarıq. Unutmamalı ki, bizim özümüzün qırıcı aviasiyamız var və ukraynalı pilotlar çox qəzəblidir, ruslarla təkə tək vuruşmağa hazırdırlar. Təsəvvür edin ki, Ukraynalı pilotu Zaporojye və ya Kiyev üzərində vururlar, o paraşütlə yerə enir və onu orada qızlar qarşılayır, əllərində hospitala aparırlar, şəkillər çap olunur və o, ömrünün sonuna kimi qəhrəmandır. Rus pilotu paraşütlə hara düşəcək? Oraya – o yerə ki, onu toxa ilə döyəcəklər. Bu, pilotun əhval-ruhiyyəsini və ya ustalığını artırmayacaq…

Bu avantüra təkcə Putin rejimini deyil, Rusiyanı məhv edəcək. Onlar 20 min meyit alacaqlar, gizlədə bilməyəcəklər, əsir kolonlarını alacaqlar, canlı efirdə vurulan aviasiyalarını və əsir pilotlarını görəcəklər. İqtisadi sanksiyaların tam paketini alacaqlar.

Biz əvvəlcə çəkiləcəyik, sonra isə qazandığımız hər şeyi götürəcəyik. Bu, bizim hərbi qələbəmiz, onların isə məğlubiyyəti olacaq – 102 faizlik zəmanətlidir. Onların başında nə isə var və gözəl anlayırlar ki, hər hansı bir tammiqyaslı əməliyyatdan söhbət getmir.

Onlar hər zaman təhdid edəcəklər, bu ilin avqustunda bizə şimal cəbhəsi yaratmaq üçün Belarusun yumşaq işğalını həyata keçirəcəklər ki, biz şimal-qərb istiqamətindən daima təhdid olunacağımızdan Şərqə doğru güclü çıxarma həyata keçirə bilməyək. Ancaq bu halda biz elə indi Donald Trampa deyə bilərik: «Siz Polşa və Pribaltika ilə bağlı problem istəmirsiniz ki? Onda gəlin, Rusiyaya Şərqdə problem yaradaq, onun Şərqdə nə qədər böyük problemi olacaqsa, NATO ilə problem o qədər az olacaq. Belə, razılıq verin, Putinə qırmızı cizgilər qoyun və bizə silah verin».


– Cəbhədə vəziyyəti dəyişmək üçün nə qədər letal silah lazımdır?

– Rus hücumunun əsasını zirehli texnika ilə möhkəmləndirilmiş rota və batalyon taktiki qrupları təşkil edir. Bizə tank əleyhinə komplekslər verilərsə, biz zirehli texnikanı vurub sıradan çıxararıq, o halda kimsə heç bir yerə hücum edə bilməz- hücum üçün potensial yoxdur. Əvvəllər bizdə tank əleyhinə vasitələr yox idi: onlar hücum etdikdə biz qranatatanlar və SPQ (Tank əleyhinə dəzgahlı sovet qranatatanı – red. ) ilə vuruşurduq, lakin bu, ümumiyyətlə tank əleyhinə vasitə deyil. Amma, vay ana,  bizim uşaqlar Debaltsevoda bu tank əleyhinə olmayan vasitələrlə o qədər tank yandırdı ki!

Belə də etdilər: xüsusi təyinatlılar dərinə gedib baxdı, rusların zirehli tank ehtiyatları harada qruplaşır, artilleriyanı yönləndirdi və o, bu ehtiyatları və təmir bazalarını, yanacaq və silah anbarlarını vurdu. İki-üç gün ərzində onlar hücum potensiallarını itirdilər.

Əgər biz tank əleyhinə komplekslərin işini bizim artan imkanlarımızla birləşdirsək və ön cəbhəyə qədər gələn tankları vurub sıradan çıxarsaq, hər hansı bir rus hücumundan söhbət belə getməyəcək.

Ukrayna mövqelərinə hücum etmək üçün tank rotası gəldi, ancaq 6 tank geri dönmədi. Siz növbəti hücuma gedərsinizmi? Siz tankçıları tanka oturda bilməyəcəksiniz: onların çənəsi əsəcək, siqareti ağızlarına qoya bilməyəcəkllər.

Mənə danışıblar ki, Gürcüstanda müharibə olarkən birinci gün gürcülər iki təyyarə vurdu. Növbəti gün bütün vurulan pilotların qanında alkoqol vardı və onların rütbəsi mayordan aşağı deyildi. Bu o deməkdir ki, onlar dopinqsiz uçmadılar və gənc pilotlar uçmadılar – qorxdular. Polk komandirlərinin müavinləri və eskadrilya komandirləri uçdu. Necə uçdular: qonşu dağın arxasına keçib döyüş sursatlarını dağlara atdılar, geri döndülər və dedilər ki, gürcü kolonunu bombaladıq. İş burasındadır ki, çox dəhşətlidir – aerodromdan dörd təyyarə qalxdı, ancaq ikisi geri dönmədi. Bu, heç kimin əhvali-ruhiyyəsini qaldırmır. Xüsusən də o vaxt ki, sən nə üçün döyüşdüyünü anlamırsan. Əgər Rusiyaya hücum olarsa, onlar öz vətənlərini müdafiə edəcəklər, ancaq indi onlar təcavüzkardır.

Onlar gözəl anlayır ki, Ukrayna qoşunlarını bombalamaq üçün uçarkən polyak və ya amerikan qırıcısı ilə rastlaşa bilərlər. Tramp sadədir axı, götürüb belinə «uçuşayasaq zona» yapışdıracaq. Suriyada o, artıq belə edib və presedentlər var – kürdləri bombalayan qırıcını vurdular, kürdlərə isə letal silah verdilər.

Əgər Ukraynaya vizasız gediş-gəliş verdilərsə, nə üçün bunu etməsinlər. Vizasız gediş-gəliş verilənə qədər hər şey asılı vəziyyətdə idi, ancaq indi hər şey aydın oldu – bizi gücləndirilmiş templərlə Qərbə inteqrasiya edirlər. Deməli, müdafiə və ya kömək edəcəklər. Bizi heç müdafiə etmək lazım da deyil, sadəcə bir az kömək etmək lazımdır, biz isə özümüz kimi istəyirsinizsə, müdafiə edərik. Hazırda bizimkiləri öyrətməyə gələn qərb hərbçiləri onlardan öyrənir və gedirlər. İndi Ukrayna ordusu döyüş təcrübəsinə görə, NATO ölkələri fonunda 1 nömrədir, çünki heç kim çoxdandır rəqibin tankları və artilleriyası ilə döyüşməyib. Xüsusən də heç kim hibrid müharibədə döyüşməyib.


– Hazırda Suriyada Putinin hansı perspektivləri var?

– Heç bir. Onu küllük iti kimi döyəcəklər. Putin bir meymun xarakterindədir. Tailandda meymunlar üçün tələ var: meymun əlini qəfəsə soxur, bananı götürür və əlini çıxara bilmir. Bunun üçün bananı buraxmalıdır, ancaq psixologiyası bunu etməyə imkan vermir, axı salxımını ələ keçirib. Putin, bax özünün bütün Rusiyası ilə, bu meymunu xatırladır. Burax, əlini çək və çıx get. Hələ də daha yaxşı oynamaq imkanı var. Hələ Suriya, Krım və Donbası üzrxahlıqla geri qaytarmaq olar. Hamıdan üzr istəməklə, yenidən sivilizasiyalı ölkə olmaq, qaydalarla oynamaq, rəqabət aparmaq və inkişaf etmək mümkündür, ancaq onlar bacarmırlar. Onlar banandan yapışıblar, lakin buraxa bilmirlər. Belə meymuna nə olur? O, yerlilərin axşam yeməyi olur. Bax o da Suriyada, Ukraynada və öz Rusiyasında yerlilərin axşam yeməyinə düşəcək. Vova hamını uddu, necə böyük oyunçudur. 


– Hazırda döyüşçülərin kontrol etdiyi Rusiya ilə sərhədi nəzarət altına almaq imkanı varmı?

– ATƏT, AB və ya BMT-nin polis missiyasını istifadə etmək imkanı var. Ancaq ruslar BMT TŞ üzvü olmalarından istifadə edərək buna imkan vermirlər. BMT TŞ-ni yan keçmək olar, ancaq təsəvvür edin, rusların çamadanla pul verəcəyi bu Nauru və digər adaları düz səs vermələri üçün yola gətirmək necə çətin olacaq. Bu, dalana aparan qoldur, polis missiyası ideyasını artıq iki ildir ki, basıb keçirmək istəyirlər. Minsk razılaşmasını iki ildir ki, basıb keçirmək istəyirlər. Ancaq bunlar keçmir. Digər metodlarla hərəkət etmək lazımdır.


– Donbasın azad edilməsi əməliyyatı necə olmalıdır?

– Öncə ora xüsusi təyinatlılar daxil olur və rabitəni, orada oturan kök rabitəçiləri və praporşikləri kəsib doğrayır, sonra idarəetmə mərkəzlərini məhv edir, döyüş sursatı və yanacaq anbarlarını minalayır. Sonra kəşfiyyatın müəyyən etdiyi hədəflərə massiv zərbələr endirilir, 80 faizini biz bilirik. Ardınca atəş zərbələrinin nəticəsindən istifadə etməklə piyada və tanklar girir. Hardasa üçüncü gün, biz onları qovarkən və müdafiə xətlərini yararkən, vəziyyətsə hər bir saatda dəyişdikdə və onlar idarəçiliyi itirdikdə, bizim aviasiya işləməyə başlayacaq.


– Rus ordusu üçün geri dönüşü olmayan nöqtə nə olacaq?

– Hər şey üç günə həll ediləcək. Hər şey çox sadədir. Bizə üç yerdə 50 km-dək dərinliyə girmək, üç «debaltsova dəhlizi» açmaq kifayətdir – bu, onların sonu olur. O halda bizim artilleriya Rusiya sərhədinə kimi vura biləcək, bütün yollar kəsiləcək və onlar manevr edə bilməyəcəklər.

Avdeyevka ilə bağlı hekayə nədən ibarətdir? Biz Donetsk-Qorlovka yolunu atəş nəzarətinə aldıq, Qorlovka isə cəbhənin açarıdır. Əgər biz Qorlovkanı götürsək və ya o, mühasirəyə alınsa, bunu indi də etmək olar, cəbhə dağılacaq – LNR və DNR birgə hərəkət edə bilməyəcək. Biz hər şeyi atəşlə vurmağa, yarmağa başlayırıq və bununla da onların bütün müdafiəsi bitir.


– Donbasın azad edilməsindən sonra partizan müharibəsi mümkündürmü?

– Heç nə olan deyil. Rusiya xüsusi xidmətlərinin ayrı-ayrı etirazlar və partlayışlar törətmək cəhdləri olacaq, ancaq bu, adi terror müharibəsidir. Həftədə bir dəfə komandiri dinləməyib harasa düz istiqamətdə getməyən bir Ukrayna hərbçisini öldürəcəklər. Ancaq bu hər zaman olur. Orda miqyaslı partizan müharibəsi mümkün deyil, bu qurum bir sutkaya ortaya çıxar. Orda bu işi görəcək kimsə qalmayıb. Kimlər ki, partizanlıq edə bilərdi ya Ukraynaya, ya da Rusiyaya gedib. Bundan əlavə, orada hərbi vəziyyət olacaq, xüsusi xidmətlər aktiv tədbirlər həyata keçirəcək. Bizimkilərlə qalanların hamısı oradakı ən aktiv olanları barmaqla dəqiq göstərəcəklər. Oraya sadəcə Luqansk və Donetskdən olan, bütün bunların necə başladığını görən, bunları kimin başlatdığını bilən, onlarla bir sinifdə oxuyan, lakin bizim tərəfimizə keçən və bizim üçün döyüşən yerliləri buraxmaq lazımdır.

Bax onları ora buraxmaq lazımdır, onlar çox sürətlə nizam-intizam yaradacaqlar və bu ediləcək. SBU-nun (Ukrayna Təhlükəsizlik Xidməti – red.) yerli idarəsi üçdə bir luqansklılardan və donetsklilərdən, üçdə bir lvovlulardan və ivano-frankovsklılardan və bir qədər də Kiyevdən mərkəzi aparatdan olmaqla komplektləşdirilməlidi. Bu, orada hər şeyi üyüdəcək ideal birləşmədir.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *