vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Dil uğrunda mübarizə millətin son - ölməmək mübarizəsidir»

Əbülfəz Elçibəy (1938 - 2000)
TOP OYUNLARI  
16:58 | 2 sentyabr 2017 | Şənbə Məqaləyə 2031 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Mənasız ümidlər...

Yaxud 3 milyon avroluq Prosineçki, 5 qəpiklik futbol

CAVAD

MÖVZU İLƏ ƏLAQƏLİ

Məşqçinin taleyi belədi: qələbə oldusa kral elan edilir, məğlubiyyət zamanı hədəfə çevrilir. Norveçlə oyundan sonra Robert Prosineçki də eyni vəziyyətdədi. Aylar öncə bizi dünya çempionatının pley-offuna aparacağını gözlədiyimiz xorvat arzuolunmz şəxsə çevrilib.

Soyuq başla düşünək – yığmanın başında kimin dayanmasının nə önəmi var ki? Bu potensialla daha yaxşı nəyəsə ümid etmək yersizdi. 2-3 xal çox toplamaq, nisbətən yaxşı oynamaq olar, amma böyük məqsədlər, hədəflər üçün yetişməmişik. Bu gün milli komandanın problemi məşqçidə deyil, futbol idarəçiliyindədi.

Bəli, Prosineçki futbolumuza  biganədi, klubları izləmir, gənclərə diqqət yetirmir, onlara şans verib risk etmir. Ümumiyyətlə, «Bursaspor» söhbətləri çıxandan bu yana işinə biganədi. Amma hətta bütün günü Zirədə, Mərdəkanda, Suraxanıda, Bayılda yatsaydı da, böyük ölçüdə heç nə dəyişməyəcəkdi.

Rauf Əliyev, Coşqun Diniyev, Nizami Hacıyev milliyə çağırılsaydı, seçim imkanı daha geniş olardı, deyəcəksiniz. Onların da çoxunu görmüşük axı. Dünən Əfran İsmayılovun oynadılmasından narazı idik, bu gün onu əvəz edən Namiq Ələsgərovu söyürük. Araz Abdullayevi, Ruslan Qurbanovu ehtiyatda saxladığı üçün qınayırıq, dünən sərgilədikləri futbola görə bu futbolçuları yerlə bir edirdik. İndi arzuladığımız Raufu da sabah tənqid edəcəyik. Aşağı-yuxarı səviyyə eynidi.

Rəşad Sadıqovun oynadılmasından narazıyıq. Kapitan hazır deyil, yaşı keçib, lakin kimsə ona alternativ ola biləcək mərkəz müdafiəçisi tapa bilərmi? Və ya 6 aydı oynamaya-oynamaya qapıda dayanan Kamran Ağayevə?

Bütün bunlar Prosineçkinin problemi deyil. Layiqli davamçılar yoxdu və bunun olmamasının yeganə günahkarı AFFA, onun işbilməz rəhbərliyidi. Başları pul qazanmağa qarışıb, gələcək üçün təməl qoymayıblar. U-21 millisində 7-8 əcnəbi oynayırsa, deməli, gələcəyimiz ümumiyyətlə, qaranlıqdı. Ona görə AVRO-2020 ilə bağlı nağıllara da inanmayın, bunun üçün potensialımız yoxdu, AFFA rəhbərliyi ötən illər ərzində papağını günə verib, hazır futbolçuların sayəsində ayaqda qalıb, onları əvəzləyəcək nəslin yetişməsi üçün heç bir iş görməyiblər.

AFFA-nın ən böyük səhvi evin içini yox, çölünü bəzəməsidi. Görüntü xoşdu – milliyə Berti Foqts, Robert Prosineçki kimi məşhurlar rəhbərlik edib. Amma Şümaherə qalib olmaq üçün «Ferrari» lazımdı, sökük «NAZ Lifan» yox.

Prosineçki ayda 120 min avro (!!!) maaş alır. Bu, illik 1,44 milyon avro, yəni 3 milyon manat deməkdi. Bu pula 5-6 bölgə stadionunu təmir etdirmək, 2-3 komanda saxlamaq, uşaq futboluna daha yaxşı qayğı göstərmək olardı.

Düzdü, indi də uşaq futboluna 3 milyon manat ayrılır, amma ayrılmaq başqa, ondan səmərəli istifadə etmək başqa. Uşaq futbolunun inkişafı, milliyə layiqli ehtiyat qüvvənin hazırlanması üçün düzgün strategiya seçilməli, öncə müəllim-məşqçi kadrları yetişdirilməli, onlar yetişənə kimi əcnəbilərin xidmətindən istifadə olunmalıdı. Bu gün milliyə bahalı məşqçi gətirmək lazım deyil, həmin pulu bünövrəyə yönəltmək gərəklidi. Oyunçu potensialı böyük, seçim imkanı geniş olduqdan sonra onları idarə etmək üçün daha təcrübəli məşqçi axtarmaq olar.

Bu gün Prosineçkiyə sərvət vermək bar gətirməyəcək ağacın dibinə su tökməyə bənzəyir. Bu, yalnız rəhbərlərin özünü reklamı üçün lazımdı, futbolun inkişafına heç bir faydası yoxdu. Prosineçki perspektiv görmədiyi oyunçuları izləməkdənsə, yay boyunca istirahət edib, loxladığı AFFA-dan aylıq 120 mini havayı almağı daha məqsədəuyğun hesab edir. Şəxsən mənim onu qınamaq üçün haqqım yoxdu.

Xorvat mütəxəssisin AFFA-dan küsməsi doğrudu. Bunun üçün işinə biganə yanaşır və bizim rəhbərlərin ağlı olsa, buna qarşı cəza mexanizmi fikirləşərdi. Amma küsmək Bursaya buraxlmamağa görə deyil, yeni müqavilə imzalanmaması üçündü.

Xatırlayırsızsa, Robertin müqaviləsinin bitməsinə 6 ay qalmış ona təkliflər «gəlməyə» başladı. İspaniyadan «Valensiya», Türkiyədən «Bursaspor», daha neçə türk klubu. Bunlar təsadüf deyildi və real təklif də yox idi. Sadəcə, menecerlər əla oyun qurmuşdu və AFFA-nın küyə düşüb Prosineçki ilə yeni, daha sərfəli müqavilə bağlamasını istəyirdilər. Belə deyildisə, bursalılar konkret təklif göndərərdilər, mətbuata xəbər sızdırmazdılar.

Vaxtilə Berti Foqtsla bağlı da eyni ssenari yaşanmışdı. Münhenqladbax «Borissiya»sı, Frankfurt «Ayntraxt»ı, Polşa yığması guya alman çalışdırıcını istəyirdi. Nəticədə AFFA Foqtsla daha sərfəli müqavilə bağladı, az sonra onunla vidalaşıb - bölüşmək şərti ilə - böyük kompensasiya ödədi. Və indi Berti heç bir komandanın başında deyil, daha təklif almır, şərhçilik edir, Azərbaycanda qazandıqlarını xərcləyir. Tələb olunan məşqçi idisə, niyə ortada qalıb?

Bundan dərs alan AFFA Prosineçki ilə bağlı eyni oyuna getmədi. Tsiklin sonuna 3 oyun qalıb və Robertin müqaviləsinin bitməsini gözləyirlər. Yaxşı olardı ki, qışda onu birdəfəlik yola salsınlar və millini az maaşa qane olan bacarıqlı, istəkli bir yerli məşqçiyə tapşırsınlar. Millinin baş məşqçisinə indiyə qədər ayrılan pullar isə yeni nəslin inkişafına sərf olunsun. Əks halda illəri, qərinələri mənasız ümidlərlə ötürəcəyik. (futbolinfo.az)