vaxtlı-vaxtında oxuyun! Bazar, 19 noyabr 2017
ABŞ dolları 1 USD = 1.7002 AZN
Avro 1 EUR = 2.0070 AZN
Rusiya rublu 1 RUB = 0.0285 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.2488 AZN
Türk lirəsi 1 TRY = 0.4410 AZN
Hüseyn Cavid (1882 - 1941)

«İdealsız nicat ümidi-məhal...
«İttihad!» İştə ən böyük ideal!
Səni qurtarsa, qurtarır birlik,
Çünki birlikdədir fəqət dirlik!»

Hüseyn Cavid (1882 - 1941)
MÜƏLLİF  
19:59 | 2 sentyabr 2017 | Şənbə Məqaləyə 329 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ölü arxamca gəlirdi

(Bu hekayəni oxuyanda Mövlud demişdi, elə bildim Nazim mənəm).

Murad KÖHNƏQALA

Sizi bilmirəm, mən uşaq olan vaxtları bizim kənddə adam öləndə molla-zad olmazdı, cənazəni qəbiristanlığa qəmli musiqinin müşayiəti ilə aparardılar. Adətən, klarnetçi və ona züy tutan qarmonçu camaatın qarşısında gedərək qaboyçu Kamil Cəlilovun çaldığı qəmli bir havanı ifa eləyərdi. Klarnetin səsi kəndimizin üzərinə bir yas pərdəsi çəkərdi. Qəbiristanlığa tərəf yeriyən kənd əhlinin arasında ölənin doğmaları ağlaşa-ağlaşa gedərdi. Belə mənzərələrdən qorxsam da maraq məni boğar, pəncərənin pərdəsini aralayıb yola baxan böyük bacımın yanında izdihama nəzər salmaqdan özümü saxlaya bilməzdim. Çiyinlərdə gedən cənazəni görən kimi məni mifik bir vahimə basardı.

O vaxtın adamları yalnız qocalıb ölərdi. Bir gəncin ölməsi çox nadir hallarda baş verərdi. Bəzən subay ölən gəncin cənazəsi önündə anası, bacısı havalı kimi qol götürüb qəmli musiqiyə oynayardılar da. Yəni, toyunda oynamaq fürsətini əllərindən aldığına görə, tanrının acığına yasında oynayırdılar. Bu ayinə, «filankəs tərs oynadı» deyərdilər. Düzdü, mən bu ayini görməmişdim, ancaq dəfələrlə eşitmişdim ki, filankəsin dəfnində anası tərs oynayıb. 

Mən nəinki yas yerlərinə gedər, hətta o həndəvərlərə yaxınlaşa bilmirdim. Çünki qadınların xorla ağlaşmasından ətim ürpəşir, tüküm biz-biz olardı. Nə vaxtsa məcburən qəbiristanlığın yanı ilə keçəsi olsaydım qorxudan qəbirlərə tərəf baxmazdım. 

Nə vaxtsa cənazə aparılan küçədə qaranlıq vaxtı gəzməyə ürək eləməzdim. Bu vahimə bəzən aylarla davam edərdi. Hətta gündüzlər məktəbə gedərkən yas yeri olmuş evin yanından keçəndə belə, ürpənərdim. Bağımızın qaranlıq tərəfində yerləşən tualetə gecələr təkcə gedə bilmirdim. Böyük qardaşım bu xəstəliyimi bildiyinə görə mənimlə həmişə məzələnərdi. Mən gecə həyətə çıxan kimi kənddə son zamanlar ölmüş adamların adını arxamca çəkib məni qorxudardı: «Ayə, qaç, Məsim kişi gəlir!» Belə hallarda mənə elə gəlirdi, doğrudan da bir qoca kişinin meyiti arxamca çathaçatdı. Düzdü, bilirdim ki, ölən adam yeriyə bilməz, basdırılan adam geri gələ bilməz, ancaq yenə də vahimədən bağrım yarılırdı. 

Belə vaxtların birində, evləri bizdən iki ev aralı olan dayımgilə getmişdim. Dayım təzə nərd almışdı. Mən onlara gedib dayım uşaqları ilə dalaşa-dalaşa nərd oynamağı öyrənirdim. Dayımoğlu Famillə eyni, 7-ci sinifdə oxuyurduq. 

Başımız qalmaqallı nərdə o qədər qarışdı ki, bir də baxdım, qaranlıq düşüb. Vay-vay-vay, bəs mən evə necə gedəcəm? Düşündüm ki, gecələr vahimələndiyimi Famil bilsə sabah bütün sinfə yayacaq. Ona görə, heç nə olmamış kimi, bizdən iki yaş kiçik olan dayıoğlum Nazimə dedim, gedək məni qapıdan ötür. Nazim durub mənimlə küçə qapısının ağzına qədər gəldi. Mən maraqlı söhbət eləyib başını qataraq onu öz evimizə qədər aparmalı idim. 

Nazim üçün maraqlı olan mövzudan, yəni qız istəməkdən danışa-danışa küçəyə çıxıb evimizə tərəf yön aldım. Mənimlə eyni sinifdə oxuyan Cəmiləni sevməyimdən basıb-bağladıqca Nazimin marağını çəkirdim. Biz artıq birinci evin yanından ötəndə Cəmiləyə sevgi məktubu göndərdiyimi ona söyləyirdim. Nazim dərhal maraqla soruşdu: «Bəs məktubu kiminlə göndərdin?»

Bildim ki, dayıoğlum sevdiyi qıza məktub göndərmək üçün təcrübə toplayır. Dedim, məktubu yazıb Cəmilənin xalası qızı Elnarəyə verdim. Nazimi işıqlı bir maraq bürüdü: «Bəs qorxmursan, birdən Elnarə məktubu açıb oxuyar?» Dedim, oxusun daa, onsuz da onlar mənim məktubumu birgə oxuyurlar. 

Nazim hər şeyi ətraflı bilmək istəyirdi: «Sən canın, məktubda nə yazmışdın?» Dedim, neynirsən nə yazmışdım, nəsə yazmışdım daa. 

Nazim əl çəkmirdi: «Sən canın nə yazmışdın, qağamın canıyçün heç kimə demərəm, de görüm nə yazmışdın?» Dedim, yazmışam ki, Cəmilə, mən səni sevirəm, nə olar, icazə ver sabah sinifdə əlimi sənin əlinə vurum. Altından da biri-birinə yaxınlaşan iki dənə qırmızı ürək şəkli çəkmişəm. Dayıoğlunu təzədən maraq bürüdü: «Ay daa! Bəs sabah nə oldu, sən canın, əlini vura bildinmi?» 

Artıq ikinci evi keçib bizim evə yaxınlaşırdıq. Dedim, hə, vurdum. Nazim səbirsizliklə soruşdu: «Necə elədin, necə?» Dedim, tənəffüsdə ondan «Cəbr» kitabını istədim, o da dərhal çantasından çıxarıb mənə uzatdı. Mən də götürəndə kitabın altından əlimi əlinə vurdum, bir xeyli belə qaldıq. Nazim yenə soruşdu: «Sən canın, bəs birinci əlini kim çəkdi?» Dedim, o çəkdi.

Artıq gəlib bizim çöl qapımızın ağzında dayanmışdıq. Nazim məni yenə suala tuturdu: «Demək, qız razıdı, həə, sənə? Əlin ona dəyəndə utanırdı, mən ölüm, neynirdi? Özün necə olurdun, mən ölüm, nətəri oldu, danış daa bir az!» Dedim, hə, ikimiz də özümüzü itirmişdik. 

Nazimi evə dəvət eləsəm də, onsuz, razılaşmayacaqdı, çünki gec idi. Ona görə dedim, ta gecdi, qayıt evinizə, evdəkilər narahat olar, qalanını sonra danışaram. Nazim qayıdıb mənə nə desə yaxşıdı? «Sən nə danışırsan, tək evə qayıdamı bilərəm? Qadan alım, məni geri, evimizə ötür». Gülüb dedim, a tanrısız, mən səndən də betərəm, bəs, səni bunun üçün çağırmışdım daa. İkimiz də xeyli güldük. Bir az fikirləşib dedim, onda gəl, belə eləyək, səni yarıyola qədər ötürüm, sonra hərə öz tərəfinə qaça-qaça getsin. Nazim dedi, hə, belə yaxşı olar, həm də evə çatana qədər biri-birimizi çağırıb səs eləyərik. 

Biz birgə qayıdıb təxminən yolun yarısına çatdıq. Sonra dərindən nəfəs alıb qorxa-qorxa: «Davay, qaçdıq!»- deyərək, hərəmiz öz evimizə tərəf götürüldük. Qaranlıqda yalnız ayaqlarımızın şappıltısı eşidilirdi. Bir az aralanmışdıq ki, Nazim qışqırdı: «Ay Murad, ordasanmı?» Mən qorxmamaq üçün göy üzündəki iri ulduzlara baxa-baxa qaçırdım. Məndən kiçik olsa da onun bu səsindən xeyli ürəkləndim. Əvəzində dayıoğlunu ürəkləndirmək üçün: «Ay Nazim, qorxma, burdayam!» deyə, qışqırdım. Bir az keçməmiş Nazim yenə səsləndi: «Ayə, mən çatdım evə!» Onun səsi ildırım kimi qaranlıqda işıq saçırdı. Mən qapıdan girməmiş ona tərəf qışqırdım: «Mən də çatdım, ay Nazim, gecən xeyirə qalsın!»


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *
 
 

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)