vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 23 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Uca Türk, sənin üçün yüksəkliyin hüdudu yoxdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
TOP OYUNLARI  
10:32 | 5 sentyabr 2017 | Çərşənbə axşamı Məqaləyə 2030 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Nadir hallarda qol vuran komanda üzərində qələbə

Rekorda sevinməli, yoxsa buraxılan qola üzülməliyik?

AĞA

MÖVZU İLƏ ƏLAQƏLİ

Milli komandamız yenə 3-cü pilləyə qalxdı. Yəqin ki, Çexiya ilə Bakıdakı görüşdə qrupda kimləri qabaqlayacağımız dəqiqləşəcək. Çünki yığmamızın Almaniyaya səfəri zamanı xala ümidimiz yoxdu və həmin gün Norveçlə Çexiyanın bizim keçmək üçün yaxşı şansı olacaq. Bakıda çexlərə uduzmasaq, ən azı 4-cü ola bilərik. İndi bu komandanı 2, Norveçi 3 xal qabaqlayırıq.

Mundiala yollanmaq şansımız isə bitdi. Şimali İrlandiya dünənki qələbə izləyiciləri üçün əlçatmaz oldu. Bu komanda indidən pley-offa hazırlaşa bilər.

Millimiz tarixinin ən yüksək xalını topladı. Artıq 10 xalımız var və 4 oyunluq məğlubiyyət seriyası da bitib. Bu 10 xalın 6-nı məhz dünən yendiyimiz San Marinodan almışıq, hansı ki, «sırtdanlar» üzərində qələbələrə sevinmək özü yersizdi. Robert Prosineçkinin qürrələnməsinə baxmayın, bu komandanı hətta bizim jurnalist komandası rahatca büdrədərdi.

5:1 hesablı qələbəyə sevinməkdənsə, buraxılan qola görə üzülməliyik. İndiyədək qələbəsi olmayan bu komanda tsikldə ikinci qolu məhz bizə vurdu. Tərlan Quliyevin səhvindən sonra fərqlənən rəqibin baş məşqçisi də buna inanmırmış: «Oyundan razı qala bilmərəm. Amma sevindirici haldı ki, qol vurduq. Bu isə nadir hallarda baş verir».

Amma o nadir hadisə dünən baş verdi. Millimiz yarıəsas heyətlə oynadığı görüşdə buna imkan yaratdı. Elə qol epizodu da göstərdi ki, millidə yeni nəsil yoxdu, əvəzedicilər hətta San Marinonun qabağına çıxarılacaq qədər abırlı deyil. Rəqib o qədər zəif idi ki, ölkə prezidentinin zarafatla irad tutduğu Əfran İsmayılov şirə dönüb dubl etdi, Araz Abdullayev qol vurdu, Rəşad Sadıqov Oslodakı avtoqolu cərimə zərbəsindən basketbolda səbətə top atırmış kimi yerinə yetirməklə unutdurdu.

İki debütantdan Təmkin Xəlilzadə fövqəladə bir şey göstərmədi, Renat Dadaşov isə sanki sevilməyən fiqur idi. Əla fiziki göstəriciləri olan, mövqe seçimi, topsuz hərəkətləri ilə diqqət çəkən forvard demək olar, ötürmə almadı.

Bütün bunlara rəğmən, milli komanda tarixinin ən böyükhesablı qələbəsini təkrarladı, rəsmi oyunlarda ilk dəfə 5 qol vurdu. Bu nəticəyə yeganə məqsədi qol vurmaq olan və bunu reallaşdıran qonaqların dəlicəsinə sevinməsi də kölgə sala bilməz.

Norveçə məğlubiyyətdən sonra millinin düşərgəsində gərgin ab-hava vardı. Prosineçkinin davranışları futbolçuları da qane etmir və münasibətlər isti deyil. Hətta AFFA belə zəif rəqiblə görüşdəki qələbəyə görə də mükafat ayırmışdı. Bizimkilər də elektrikin, jurnalistin işdən icazə alıb oynamağa gəldiyi bir ölkənin millisini yenib, arzusuna çatdı.

P.S.: Dünənki oyundan sonra sosial şəbəkədə 2 status diqqətimi çəkdi:

1. O vaxt Bakıda San-Marino Universiteti var idi - kənddən bir qoyun gətirirdin, diplom verirdilər - sonra bağlandı, tələbələri ortalıqda qalmasın deyə, San-Marino millisinə "perevod" elədilər...

2. Rəqib elə gündədi ki, adam qola sevinməyə də ərinir… (futbolinfo.az)