vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 25 sentyabr 2017
ABŞ dolları 1 USD = 1.7008 AZN
Avro 1 EUR = 2.0342 AZN
Rusiya rublu 1 RUB = 0.0294 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.3097 AZN
Türk lirəsi 1 TRY = 0.4864 AZN
Heydər Əliyev (1923 - 2003)

«Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdrusa, o insan mənəviyyatsızdır»

Heydər Əliyev (1923 - 2003)
AKTUAL  
12:02 | 12 sentyabr 2017 | Çərşənbə axşamı Məqaləyə 383 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Şanxay»da qalmaqal yetişir

Bakının mərkəzindəki gecəqondu məhəlləsinin sakinləri nədən narazıdır?

Ülviyyə XUDİYEVA, Gülnar ƏLİYEVA

Bu ilin sonunadək Keşlədəki «Şanxay» adlanan ərazinin, yəni Nizami rayonu, P.Fərzəliyev küçəsindəki gecəqondu daxmalardan ibarət qeyri-leqal yaşayış məhəlləsinin söküntüsünə başlanılacaq. Sentyabrın 11-də Azərbaycan Dövlət Dəmir Yolları QSC-nin nümayəndələri tərəfindən «Şanxay» sakinlərinə bildiriş təqdim olunub. Lakin bildirişdə göstərilən məbləğ sakinlərin narazı salıb, onlar bildirişi almaqdan imtina ediblər. Sakinlərə köçməyəcəkləri təqdirdə evlərindən polis vasitəsilə məcburi çıxarılacaqlarına dair xəbərdarlıq edilib. Bu barədəvirtualaz.org saytına «Şanxay» sakinlərinin özləri məlumat veriblər.

«Şanxay»da - Pəhləvan Fərzəliyev küçəsində 4 mindən çox sənədsiz ev var. 800-dən çox tikili isə məhz təhlükəli ərazidə yerləşir. Nazirlər Kabinetinin 22 yanvar, 2005-ci il qərarına görə, dəmir yolu mühafizə zolağında yerləşən tikililərlə dəmir yolu xətti arasında azı 20 metr məsafə olmalıdır. «Şanxay»dakı evlərlə dəmiryolu relslərinin ara məsafəsi ən çoxu 3 metrdir. İlkin mərhələdə dəmiryolu xəttinin yaxınlığındakı evlər köçürüləcək.

«İyunun əvvəlindən  evlərin qeydiyyatına başlanıldı, mənzillər ölçüldü. Lakin mənzillərin ümumi sahəsi və hər kvadrat metrə görə ödəniləcək məbləğlə bağlı açıqlama verilmədi. Sakinlərdən kimisi kvadrata görə 1500 manat, kimisi də 800 manat ödəniləcəyini deyirdi. Bildirişdə isə ümumi yaşayış sahəsinə görə 1000 manat ödəniləcəyi yazılıb. Mənzillərin ümumi sahəsi dəfələrlə kiçilib, qeyri-yaşayış sahəsi qeydiyyata alınmayıb. Mənzilin ümumi sahəsi nəzərə alınanda kvadrata görə bəzi sakinlərə 500, bəzilərinə isə 700 manatdan kompensasiya ödəniləcəyi bəlli olur», - qəsəbə sakini Süleyman Məmmədov deyib.

Sakinlərin sözlərinə görə, söküləcək ərazi «A, B,C» adlandırılan hissələrə bölünüb. İlkin mərhələdə dəmiryolu xəttinin üstündəki evlər söküləcək. «Hələlik dəmiryolu xəttinin 20 metr məsafəsindəki evlər söküləcək. Qəsəbənin bütövlükdə söküntüsü mərhələli şəkildə olacaq və yəqin ki, bir neçə il çəkəcək. Bildiriş yalnız dəmiryolunun ərazisindəki evlərə təqdim olunub», sakinlər söyləyiblər.

Qəsəbədə 10-a yaxın ikimərtəbəli, geniş həyəti olan ev var. «Bizim ev üçün 220 min manat kompensasiya ödənilir, halbuki evin sahəsinə görə 380 min manat verilməlidir. 100 kvadratmetrdən çox sahəsi olan evlərdə hamam, tualet, yardımçı hissə ümumi sahəyə əlavə edilməyib. Buna görə də sakinlər evlərin yenidən ölçülməsini tələb edirlər», sakinlərdən biri əlavə edib.

Bu ərazidəki evlərin hamısı sənədsizdir. 1960-cı ildən bu ərazidə yaşayanlar var. Amma dəmiryolunun lap yaxınlığındakı evlər sonradan tikilib, əsasən, kirayə vermək üçün nəzərdə tutulub. Lakin sakinlər bu iradla razılaşmır. Onların sözlərin görə, burda daşı daş üstünə qoyanda hər kəsin xəbəri olub və göz yumublar.

«Bütün kommunal xidmət haqlarını ödəyirik, təhlükəli şəraitdə qorxa-qorxa böyütdüyümüz oğulları hərbi xidmətə göndəririk. Bircə kompensasiya məsələsinə gələndə evlərin qanunsuz olduğu yada düşür»-sakinlər bir ağızdan deyir.

«Şanxay»lılar deyirlər ki, onlar da sözü bir yerə qoyaraq bildirişləri imzalamaqdan imtina edirlər. «Bu gün sentyabrın 12-də narazı sakinlər məscidin yaxınlığında toplanacaq, söküntüyə nəzarət edən nümayəndə heyəti də gələcək. Biz evlərin təkrar hesablanmasını, kompensasiyanın 1500 manatdan ödənilməsini istəyəcəyik. Çünki yaşadığımız ərazi şəhərin mərkəzindədir, burdan avtobusla metroya 15 dəqiqəyə gedə bilirik. Onların təklif etdiyi pulla şəhərdən kənar qəsəbələrdən ev almaq mümkündür. Hesablama apararkən bazar qiymətləri nəzərə alınmalıdır», -narazı sakinlər bildiriblər.

Sakinlər bildirişi də təqdim ediblər. Bildirişdə göstərilir ki, Keşlə stansiyasının 2-ci blok postundan Böyük Şor stansiyasına qədər uzunluğu 1 kilometr və 2-ci blok postundan Yeni Bakı Neftayırma zavoduna gedən dəmiryolu xəttinin mühafizə zolağına düşən tikililərin köçürülməsi nəzərdə tutulub.

Problemlə bağlı Nizami rayonunun Keşlə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Qara Qarakişiyevlə əlaqə saxladıq. İcra nümayəndəsi virtualaz.org-a açıqlamasında sakinlərin evlərindən məcburi çıxarılması ilə bağlı məlumatın həqiqətə uyğun olmadığını bildirdi. Onun sözlərinə görə, bu gün sakinlər tərəfindən ona həqiqətən də şikayət olunub, lakin şikayət evlərindən məcburi köçürülməklə bağlı deyil, gələn bildirişlərin izah edilməməsilə bağlıdır.

«Bu gün qəsəbədə yaşayan bəzi sakinlər tərəfindən bizə müraciət olunub. Lakin onlar evlərindən məcburi çıxarılma deyil, onlara göndərilən bildirişlərin izah olunmamasından narazılıq edirdlər. Məsələn, onlara kompensasiya ilə bağlı bildiriş gəlib, orada evin ölçüsü, hər kvadrat metrə görə verilən kompensasiyanın miqdarı və qeyri-yaşayış sahələrinə görə kompensasiyanın miqdarı göstərilməyib. Biz sakinlərlə birlikdə Azərbaycan Dəmir Yolları QSC-nin əməkdaşı ilə görüşdük və bunu onlara çatdırdıq. Çünki sakinlərə nə qədər kompensasiyanın verilməsindən bizim xəbərimiz yoxdur, bu məsələ bizimlə razılaşdırılmayıb», - deyə Q. Qarakişiyev bildirdi.

İcra nümayəndəsi həmçinin bildirib ki, heç kimi evindən məcburi şəkildə çıxarmırlar: «Mən sakinlərlə danışmışam, onlara demişəm ki, hər ərazinin dövlət tərəfindən təsdiq olunmuş qiyməti var və o məbləğ də təklif olunacaq».

Şikayətlə bağlı Dəmir Yolları QSC-nin mətbuat xidmətindən suallarımıza cavab ala bilmədik. QSC-dən mətbuat xidmətinin rəhbərinin ezamiyyətdə olduğunu və bu məsələ ilə bağlı açıqlama verməyin yalnız onun səlahiyyətində olduğu deyildi.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *