vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 25 sentyabr 2017
ABŞ dolları 1 USD = 1.7008 AZN
Avro 1 EUR = 2.0342 AZN
Rusiya rublu 1 RUB = 0.0294 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.3097 AZN
Türk lirəsi 1 TRY = 0.4864 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Hər  bir millətin ləyaqətinin ilkin şərti müstəqillikdir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
GÜNDƏM  
11:21 | 13 sentyabr 2017 | Çərşənbə Məqaləyə 229 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Zakir Həsənovun İsrail səfərindən mühüm gözləntilər

Bakı-Təl-Əviv arasında yeni hərbi sazişlər istisna deyil; Ermənistanı məyus edən prosesin növbəti mərhələsinə start verilib; səfirliyin açılması da gündəmə gələ bilər...

Cavid TURAN

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənovun İsrail səfəri davam edir. Görüşlər barədə artıq məlumat verilib. Səfərin ikinci günü Azərbaycanın Müdafiə Nazirliyinin nümayəndə heyəti İkinci Dünya müharibəsi illərində nasizmin qurbanı olmuş yəhudi xalqının nümayəndələrinin xatirəsinə ucaldılan «Yad Vaşem» memorial kompleksini ziyarət edib. MN-in məlumatına görə, müdafiə naziri, general-polkovnik Zakir Həsənov Holokost qurbanlarının abidəsi önünə əklil qoyub, xatirə kitabını imzalayıb.

Müdafiə nazirinin İsrailə səfəri çox ciddi hadisə və erməni təbliğatına ciddi zərbədir. Nazirin İsraildə olarkən hərbi dairələrlə görüşünün də müstəsna əhəmiyyəti var. Amma Zakir Həsənovun Azərbaycanın Milli Qəhrəmanı, 1992-ci ilin 8 mayında Şuşa uğrunda döyüşdə həlak olmuş, Şəhidlər Xiyabanında uyuyan tankçı qardaşımız Albert Aqarunovun qardaşı Rantik Aqarunovla görüşməsi xüsusilə diqqət çəkir. Bu, həm də erməni işğalına qarşı döyüşdə fədakarlıq edən hər bir vətəndaşımıza milliyyətindən asılı olmayaraq, verilən dəyərin nümunəsi, həm də Ermənistana mesajdır.

Səfərin Dağlıq Qarabağ məsələsinin həlli, münasibətlərin perspektivi baxımından nə dərəcədə önəmli olması barədə sualımıza Müdafiə Nazirliyinin mətbuat xidmətindən yalnız bu bildirildi ki, səfərdə əsas məqsəd hərbi və hərbi-texniki məsələlərlə bağlı əməkdaşlıqdır. Amma ümumi şəkildə müşahidələr deyir ki, Bakı-Təl-Əviv arasında yeni hərbi sazişlər istisna deyil.



Səfərin önəmindən danışan politoloq Arzu Nağıyev dedi ki, iki dövlət arasında münasibətlər strateji əhəmiyyətlidir: «Bu strateji xarakterin də əsas istiqaməti müdafiə sənayesi sahəsidir. Bununla bağlı statistik rəqəmlərə baxanda bir daha hiss olunur ki, təkcə silah və hərbi avadanlığın əldə edilməsi üçün vəsait 5 milyard dollara yaxındır. Təbii ki, iki dövlət arasında iqtisadi münasibətlər bir sıra sahələrdə, o cümlədən kənd təsərrüfatı, təhsil, informasiya texnologiyaları və s. mövcuddur. Bundan başqa, təbii qazın ixracı üçün birgə müəssisələrin yaradılması da planlaşdırılan məsələdir. Zənnimcə, mənəvi dəyərlər də mühüm rol oynayır və çoxsaylı yəhudi icmasının hüquqlarının tam təmin edilməsi və İsraildəki çoxsaylı Azərbaycan diasporunun da İsraildə yüksək səviyyəli təminatı da mühüm amildir. Məhz buna görə də Dağlıq Qarabağ münaqişəsinin həllində İsrailin verdiyi töhfələr, mənəvi və hərbi cəhətdən Azərbaycanın haqq səsini dünyaya çatdırması mühüm əhəmiyyət kəsb edir».

A.Nağıyev istisna etmir ki, bu münasibətlər ermənilərə və anti-Azərbaycan qüvvələrinə xoş gedə bilməz və vaxtaşırı biz bu münasibətləri pozmaq istəyən addımların şahidi oluruq: «Lakin Azərbaycan balanslı siyasət yürüdür və heç kimin hüququnu pozmur. Müdafiə nazirinin İsrailə səfəri və keçirdiyi görüşlər də bunu bir daha təsdiq edir. Erməniləri narazı salan amil məhz Azərbaycanın İsraildən əldə etdiyi müasir texnikadan işğalçı qüvvələrə qarşı apardığı müharibədə müsbət istiqamətdə istifadəsidir. Fikrimcə, səfirlik məsələsi də yaxın gələcəkdə öz həllini tapacaq».



Politoloq Elçin Mirzəbəyli də bildirdi ki, Azərbaycan müdafiə nazirinin İsrailə səfəri iki ölkə arasında hərbi-texniki əməkdaşlığın möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir: «Amma bu səfərin sensasiya xarakterli bir hadisə kimi dəyərləndirilməsinin tərəfdarı deyiləm. Azərbaycanla İsrail arasında çox yaxşı münasibətlər var və bu münasibətlər hərbi sənaye sahəsində də özünü büruzə verir. İsrail Azərbaycanın sabit, dayanıqlı tərəfdaşıdır. Münasibətlərin inkişafı hər iki dövlətin mənafeyinə xidmət edir. İki ölkə arasında hərbi sahədəki əməkdaşlığın üstünlüyü və gətirdiyi dividentlərin yaxın tarixdə şahidi olmuşuq. Düşünürəm ki, bu əlaqələrin inkişafı üçün geniş perspektivlər var. Qənaətimə görə, Azərbaycanın İsraildə səfirliyinin açılmasının zamanı da çoxdan yetişib. Bu məsələdə bizi bir kimsə ittiham edə bilməz. Azərbaycan torpaqları Ermənistan tərəfindən işğal olunub və ölkəmizin qarşısında dayanan ən önəmli məsələ işğala son qoyulmasıdır».

E.Mirzəbəylinin fikrincə, bu məsələdə kim bizim ədalətli mövqeyimizi dəstəkləyirsə, o, bizim dostumuzdur: «Ermənistanla yaxından əməkdaşlıq edən, başqa bəhanə tapılmadıqda ermənilərlə ortaq dəyərlərə malik olduqlarını iddia edənlər isə heç bir halda bizi ittiham edə bilməzlər. İsrail Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir, Azərbaycanın hərbi sənaye kompleksinin güclənməsində, silahlı qüvvələrimizin hərbi-texniki bazasının möhkəmləndirilməsində iştirak edirsə, deməli, dolayısıyla həm də işğala son qoyulmasına dəstək verir. Deməli, İsrail Azərbaycanın haqlı mövqeyini əməldə dəstəkləyir və bizim dostumuzdur. O zaman niyə dostumuzun evində bizim də bir diplomatik köşəmiz olmasın? Azərbaycanla İsrailin münasibətləri bu münasibətlərdən bəhanə kimi istifadə edən dövlətlərin əleyhinə yönəlməyib. Bunu onların özləri də yaxşı bilirlər. Azərbaycanla İsrailin münasibətlərindən isə ona görə narahatdırlar ki, Bakı ilə Tel-Əviv arasındakı əlaqələr bəziləri üçün aparıcı ideoloji xəttə çevrilmiş anti-İsrail ritorikasını dəyərdən salır. Cəmiyyətə təqdim etmək üçün isə başqa alternativləri qalmır».

Müdafiə nazirinin İsrailə səfər etdiyi gün İsrail vətəndaşı olan blogger Aleksandr Lapşinin prezident tərəfindən əfv edilməsi də diqqət çəkdi. Hətta dərhal xəbərlər yayıldı ki, nazir Təl-Əvivə səfər edərkən bloggeri də öz təyyarəsində İsrailə aparıb. Lakin Müdafiə Nazirliyindən bu məlumat təkzib edildi. Bildirildi ki, prezidentin əfv fərmanı elan olunan zaman artıq nazir İsraildə idi.



Azərbaycan prezidentinin hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi Fuad Ələsgərov da AZƏRTAC-a müsahibəsində Lapşin mövzusundan danışıb. Dövlət rəsmisinin sözlərindən bəlli olub ki, Lapşin hələ də ölkəmizdədir. F. Ələsgərov bildirib ki, əfv sərəncamından sonra bir sıra KİV-də Aleksandr Lapşinin başqa bir dövlətə ekstradisiya olunacağı və ya təhvil veriləcəyi barədə məlumatlar yayılıb: «Lakin burada müəyyən hüquqi anlayışlar qarışdırılır. Belə ki, Aleksandr Lapşin əfv edildiyi üçün onun hansısa dövlətə verilməsi məsələsi artıq gündəmdən düşüb. Beynəlxalq konvensiyalara görə, məhkum edilmiş şəxsin başqa dövlətə verilməsinin məqsədi onun cəzasını vətəndaşı olduğu ölkədə çəkməsidir. Cənab prezidentin əfv sərəncamından sonra Aleksandr Lapşin cəzasının qalan hissəsini çəkməkdən azad edilib və o, gedəcəyi yeri müəyyənləşdirməkdə tam sərbəstdir. Bizdə olan məlumata görə, A. Lapşin vətəndaşı olduğu İsrailə getmək arzusundadır. O, sağlamdır, səhhətində heç bir problem yoxdur və istədiyi zaman İsrailə gedə bilər».


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *