vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 16 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Milli mənliyini itirmiş cəmiyyət, başqa millətlər üçün ovdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
TOP OYUNLARI  
20:55 | 16 sentyabr 2017 | Şənbə Məqaləyə 2443 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Neftçi» axır ki, qol vurdu

«Zirə» ilə qarşılaşma «Ağ-qara»lar üçün sindroma çevrilib

FƏRİD

MÖVZU İLƏ ƏLAQƏLİ

«Neftçi»nin «Zirə» sindromunu Tərlan Əhmədov da qıra bilmədi. Çempionatlar tarixində heç vaxt «qartallar»ı yenə bilməyən «ağ-qaralar» dünən də məyus oldu.

Yeni baş məşqçinin dəyişiklikləri yalnız görüntü xətrinə idi. Qapıda Rəşad Əzizlinin debütü məcburi idisə, Pavel Dreksa və Rəhman Hacıyevin ehtiyatda oturdulması Əhmədovun istəyi ilə olmuşdu. Ruslan Abışov müdafiənin mərkəzinə çəkilib, orta sahədəki yerini yeni transfer Rəşad Sadiqova vermişdi.

2 hücumçuya üstünlük verən Tərlan bəyin bu addımı daha çox publikaya hesablanmışdı. Çünki xüsusilə əks-hücumda oynayan «Zirə»yə qarşı belə oyun modeli riskli idi. Bəlkə də Daniel Seqoviya ilə Uqo Barqas rəqib müdafiəsini pressinqlə ciddi narahat etsəydi, qonaqların oyun qurması çətinləşərdi. Lakin bu iki legioner bunu bacarmırdı və bacarmayacağı da ndiyəqədərki oyunlarından bəlli idi.

Əhmədovun siftəsi erkən pozuldu. «Zirə» sürətli cinah hücumunu qolla tamamlayıb, qol vurdu. Bu epizodda Kiril Petrovla Məhəmməd Mirzəbəyovun səhvləri həlledici oldu. Qola kimi 3-4 dəfə ciddi ötürmə səhviylə yadda qalan Mirzəbəyovun oynadığı cinah matç boyunca su yoluna dönmüşdü. Zirəlilər əsas hücumları buradan qurur, dağıstanlı futbolçu isə aşıq-aşkar çatdırmırdı. Təsadüfi deyil ki, Əhmədov hücuma da dəstək verə bilməyən bu oyunçunu matçın sonlarında əvəzlədi. Sağ cinahın daha bir passivi Namiq Ələsgərov da eyni aqibəti yaşadı.

Bəlkə də imkan olsaydı, Tərlan bəy daha 2-3 əvəzləmə edərdi. Sanki buz üstə rəqs edən, daim yıxılacağından qorxan İqnaso Errera, yersiz mübahisələr edən Seqoviya heç 45 dəqiqə də oynamamalıydı.

«Zirə»nin 2-ci qolunda müdafiəçilərlə qapıçının anlaşmazlığı rol oynadı. Meydan sahibləri cərimə meydançasına ötürmə zamanı donub qaldılar və rəqib hücumçu dəqiq oynadı. Bəlkə də Barqasın qolu bir dəqiqə geciksəydi, «Zirə» böyük hesablı qələbə qazanacaqdı. Amma o, fərdi bacarığı hesabına «Neftçi»nin mövsümdəki ilk qolunu vurdu (ilk qol avtoqolla reallaşmışdı – red.) və oyundakı intriqanı yenidən bərpa etdi.

Matçın son dəqiqələri «Neftçi»nin üstünlüyü ilə keçdi. Rəqib qapısı önündə basqı, ardıcıl asmalar hətta heç-heçəyə də səbəb ola bilərdi. Amma «Zirə»nin müdafiəçiləri – xüsusilə Jozef Bum soyuqqanlı idi və 2:1-i qoruya bildilər.

Əhmədov «Neftçi»yə həyəcan gətirə bilib. Ən azı dünənki oyunda futbolçuları istəkli gördük və məşqçi dəyişikliyindən sonra bəlkə də bu, təbii idi. Meydan sahiblərinin belə oyununa Ayxan Abbasov da şərait yaratdı. Zənnimizcə, «Zirə»nin baş məşqçisi əvəzləmələrdə yanlışlığa yol verdi. David Manqanın oyundan alınması əks-hücumdan imtina edib, ortada top saxlamağa hesablanmışdısa, Milan Duriçin əvəzinə buraxılan 5-ci müdafiəçi «Neftçi»nin irəli daha həvəslə getməsinə şərait yaratdı. Hətta son dəqiqələrdə meydan sahiblərinin azlıqda qaldığı da hiss olunmurdu. Baxmayaraq ki, Mirabdulla Abbasov meydana daxil olduqdan sonra qısa müddətə 2 yersiz sarı vərəqə alaraq komandanı çətin vəziyyətdə qoymuşdu.

İstənilən halda, «Neftçi» elə vəziyyətdədir ki, onu xilas etmək üçün aylar bəs etməyə bilər. Komandanın heyəti, oyun tərzi, psixoloji durumu – heç biri yerində deyil. Transferlərin doğru edilməməsi hər keçən gün özünü göstərir. Bəlkə də bu oyunçular haradasa uğurlu ola bilər, lakin hər biri ayrı-ayrı oyun modelinə uyğundurlar, yumruq kimi birləşmələri çətin olacaq. Xüsusilə legionerlərin keyfiyyətləri müxtəlifdir - biri digərini tamamlamır. Sabiq məşqçi Elxan Abdullayevin vurduğu bu zərbəni aradan qaldırmaq üçün «Neftçi» çox zaman itirəcək.