vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 23 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Haqqı almaq asan bir işdir, onu saxlamaq şərtdir»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
GÜNDƏM  
09:53 | 18 sentyabr 2017 | Bazar ertəsi Məqaləyə 2153 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ermənistan siyasi defoltla üz-üzə

Düşmən ölkə «tikişlər»indən sökülür; ordusuna çağırışçı tapmayan İrəvanın xarici borcu büdcəsindən dəfələrlə çoxdur

Siyasət şöbəsi

MÖVZU İLƏ ƏLAQƏLİ

Dağlıq Qarabağ probleminin, öz qonşularına qarşı əsassız ərazi iddialarının doğurduğu iqtisadi blokada Ermənistanı günbəgün daha kritik duruma soxmaqdadır. Səbəbləri qoyub nəticələrlə əlləşən təcavüzkar ölkənin indiki rəhbərliyi isə faktiki surətdə suda boğulanın saman çöpündən yapışması kimi əbəs cəhdlərdə bulunmaqda, uğursuz çıxış yolları aramaqdadır. İrəvan paralel surətdə Rusiya ilə Qərb arasında təhlükəli var-gəllər eləməkdədir.

Düşmən ölkədən gələn son xəbərlər bu qənaəti daha da möhkəmlədir. Reallıq belədir ki, Ermənistanın Avrasiya layihələrinə qoşulması da onun xilasına gətirməyib, iqtisadi duruma müsbət təsir etməyib. O sadə səbəbə ki, işğalçı ölkənin Avrasiya İqtisadi Birliyi və Gömrük İttifaqı üzvləri ilə quru sərhədi yoxdur (yol Azərbaycandan keçir) və blokadada olan Ermənistan sovetdən qalma iqtisadi «resursları» ilə onlar üçün heç bir önəm kəsb eləmir.

Bu yandan da işğalçı qonşumuzun izolyasiya vəziyyətinə düşməsi və əsas himayəçi dövlət olaraq Rusiyanın yeni sanksiyalarla üzləşməsi, habelə silahlanma yarışında Azərbaycanla ayaqlaşmaq zərurəti onun vəziyyətini daha da ağırlaşmaqdadır. Son günlər Ermənistanda Avrasiya Birliyindən çıxmaqla bağlı artan çağırışlar da şübhəsiz ki, vəziyyətin kritikliyinin və çıxılmazlığının xəbərçisidir.

 

***

 

Baş verənlərin fonunda Ermənistanda həm də bir demoqrafik fəlakət yaşanır: ölkə əhalisi, onun artım tempi, doğum faizi ilbəil azalır, ölkədən köç isə güclənir. Bu isə o deməkdir ki, erməni ordusunu canlı qüvvə ilə komplektləşdirmək və işğal altındakı Azərbaycan torpaqlarına kifayət sayda hərbçi göndərmək getdikcə çətinləşir.

Elə məhz bunun nəticəsidir ki, Azərbaycanla qoşunların təmas xətti boyu erməni mövqelərini möhkəmləndirmək üçün canlı qüvvənin çatışmaması Ermənistan Müdafiə Nazirliyini yeni qanun layihəsini parlamentə göndərməyə məcbur edib (Virtualaz.org). Xəbər verilir ki, qanun layihəsinə əsasən ali məktəblərə qəbul edilənlər üçün hərbi xidmətdən möhlət hüququ ləğv ediləcək. Bu haqda erməni KİV-ləri yazıb.

İndiki qanunvericiliyə əsasən, dövlət hesabına pulsuz ali təhsil alanlar təhsil müddətini başa vurana qədər hərbi xidmətdən möhlət hüququ qazanırdı. Lakin Müdafiə Nazirliyinin təklif etdiyi qanun layihəsinə əsasən təhsilini davam etdirmək üçün ancaq o tələbələr hərbi xidmətdən möhlət hüququ qazanacaqlar ki, onlar paralel olaraq nazirliklə müqavilə bağlasın və təhsil müddəti ərzində hərbi hazırlıq keçsin. Təhsili başa vurandan sonra isə nazirliyin təklif etdiyi yerdə və təklif etdiyi şərtlər əsasında hərbi xidmətə yollansın.

Başqa sözlə desək, bu, tələbələr üçün Qarabağda xidməti bəri başdan seçmək deməkdir. Həmin tələbələr ali təhsili başa vurduqdan sonra Ermənistan ordusunda 3 il zabit kimi xidmət etməlidir. Qanun layihəsi nəzərdə tutur ki, hərbi xidmətdən möhlət hüququ qazanmaq istəyən tələbələr ali təhsillə paralel olaraq şənbə və bazar günləri iki il ərzində ali hərbi instituta hazırlıq kursuna getməlidir. Bu kursu bitirənlərə leytenant rütbəsi veriləcək və onlar 540 dollardan başlayan maaşla təmas xəttində xidmətə göndəriləcəklər.

Xatırladaq ki, erməni işğalçı qüvvələri yeni döyüş əməliyyatlarının başlaması riskinə qarşı təmas xətti boyu mövqelərini möhkəmləndirməyə çalışır, lakin bunun üçün kifayət qədər canlı qüvvə yoxdur və postların bir çoxunda cəmi iki-üç əsgər saxlamaq mümkün olur. Ermənistan vətəndaşları isə Qarabağda xidmət etməkdən bütün mümkün üsullarla yayınmağa çalışırlar.

 

***

 

Ermənistanın iqtisadi-maliyyə göstəriciləri də sürətlə pisləşməkdədir. Bu xüsusda «Jamanak» qəzetinin son sayında yer alan qeydlər diqqət çəkir. Qəzet yazır: «Hökumət 2018-ci ilin büdcəsini müzakirə edib. Vitse-baş nazir Vaçe Qabrielyan məlumat verib ki, indiyədək dövlət borcuna xidmət üçün təqribən 140 milyard dram ayrılıb. 2019-cu ildə isə 250 milyard dram nəzərdə tutulub ki, bu da büdcə üçün nəhəng yük olacaq. Bizim məlumatımıza görə, bütün nazirliklərə daxili qaydada tapşırılıb ki, təqribən 7 faizi həcmində öz xərclərini azaltsınlar. Hətta məktəb gözətçiləri də daxil, mühafizə əməkdaşlarına da eyni göstəriş gəlib ki, öhdədə olan vəsait kifayət eləsin. Bu zaman - iclas vaxtı belə bir narahatlıq da ifadə edilib ki, artıq gələn ildən mümkündür ki, bizim ölkə xarici borca qaytarmaq qabiliyyətində olmayacaq və defolt təhlükəsi ilə üzləşəcək».

Bu yerdə yada salaq ki, Ermənistanın xarici borcu ilbəil artır. Artıq onun həcmi illik büdcədən (2.6 milyard) iki dəfədən də çoxdur və təxminən 6 milyard dollar təşkil edir. Bu ÜDM-nin 55 faizi həcmindədir və iqtisadçı ekspertlər onu çox böyük rəqəm hesab edirlər.

 

***

 

Əslində Ermənistan artıq iqtisadi yox, siyasi defoltla üz-üzədir. Məsələ ondadır ki, Qarabağın işğalına görə könüllü şəkildə Rusiyanın girovluğunu, daha doğrusu, vassallığını qəbul edən təcavüzkar ölkə getdikcə qat-qat ağır formada bu asılılığın bədələni ödəməkdədir. Qeyd olunduğu kimi, Ermənistanın durumunu qəlizləşdirən indi həm də Rusiyaya qarşı beynəlxalq sanksiyaların altını şərikli şəkildə çəkmək aqibətidir.

Təcrid vəziyyətində saxlanılan cırtdan ölkənin güclü emiqrasiya hesabına ilbəil daha sürətlə boşalmasını, ölkədə faktiki surətdə iş qabiliyyəti olmayan yaşlı əhalinin qalmasını, yekun etibarilə orduya yetərli sayda çağırışçı tapılmamasını proqnoz eləmək çətin deyildi. Ermənistan indi hətta bu olan-qalan əhalini də yedizdirmək iqtidarında deyil.

Qarabağa, Azərbaycan torpaqlarına əsassız iddialar davam elədikcə, ağır blokada rejimi daha da ağırlaşdıqca, Ermənistan iri iqtisadi və kommunikasiya layihələrindən kənarda qaldıqca, nəhayət, kriminal «Qarabağ klanı» Ermənistanda hakimiyyət əlində saxladıqca düşmən ölkənin durumu bir az da ağırlaşmaqda davam edəcək. Bunu bilmək və proqnoz eləmək üçün artıq nə politoloq, nə də iqtisadçı olmağa ehtiyac yoxdur.