vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Yüksəlməyə hər millətin
Öz yolları vardır
Millətlər uçar,
yüksələr öz doğma dilyilə»

Səttar Xan (1866 - 1914)
GÜNDƏM  
10:14 | 21 sentyabr 2017 | Cümə axşamı Məqaləyə 2076 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

BMT – dünyanın savaş meydanı...

Ən nüfuzlu və aparıcı beynəlxalq təşkilatın 72-ci sessiyası həyəcanla izlənilir; ötən onilliklərdə bu qurumun izlaslarında elə olaylar olub ki...

Elşad PAŞASOY

MÖVZU İLƏ ƏLAQƏLİ

Bugünlərdə dünyanın nəzər-diqqəti ABŞ-ın Nyu-York şəhərinə, BMT-nin Baş Assambleyasının keçirildiyi ünvana yönəlib. Ona görə ki, 25 sentyabra kimi davam edəcək sessiya çərçivəsində dünyanın qaynar bölgələri ilə bağlı bir sıra vacib müzakirələr, o cümlədən Azərbaycanın işğal altındakı ərazilərlə bağlı sənəd gündəliyə salınıb və hər kəs ədalətli qərarların veriləcəyinin intizarındadır.

BMT baş katibi Antonio Qutteriş Baş Assambleyanın 72-ci sessiyasında ümumsiyasi müzakirələrərin açılışı zamanı ümidverici çıxış edib. Deyib ki, dünyada qeyri-sabitlik və münaqişələr dərinləşir, lakin bu prosesi aradan qaldırmaq mümkündür («Report») «Birləşmiş Millətlər Təşkilatı ciddi çağırışlarla üzləşir. İnsanlar çətinlik çəkir və əziyyət içindədir. Onlar təhlükəsizlik sahəsinin pisləşdiyinin, bərabərsizliyin, münaqişələrin dərinləşməsinin, iqlimin dəyişməsinin şahidi olurlar. Bütün bunlara baxmayaraq, biz sülhə nail ola biləcəyik», - baş katib bildirib. A.Qutteriş vurğulayıb ki, Suriyada, Yəməndə, Əfqanıstanda baş verən münaqişə və böhranları yalnız siyasi yolla həll etmək lazımdır.

Baş katibdən fərqli olaraq, qardaş Türkiyə prezidenti Qarabağın işğalına ayrıca yer ayırıb. Deyib ki, Cənubi Qafqazda Azərbaycan və Gürcüstanın ərazi bütövlüyünün bərpa edilməsi bölgədə sülhün bərqərar olması üçün əsas şərtdir.

Ali məclisdə İsrailin baş naziri Binyamin Netanyahu da ölkəmizə diqqət çəkib. O, Təl-Əvivin Azərbaycan və Qazaxıstan kimi müsəlman ölkələri ilə əməkdaşlığı genişləndirdiyindən bəhs edib, Fələstin daxil, digər İslam dövlətləri ilə də normal əməkdaşlığa maraqlı olduğunu vurğulayıb.

BMT Baş Assambleyasının sessiyasının ilk günləri hələlik sakit keçir. Amma ali təşkilatın tarixində ilginc çıxışlar və hadisələr baş verib. Bir sıra hallarda isə BMT Baş Assambleyası savaş meydanına dönüb. Bu savaş isə BMT tarixində son illərədək davam etməkdədir. Məsələn, 26 sentyabr 1960-cı ildə Fidel Kastronun BMT-nin tribunasından 4 saat 29 dəqiqə davam edən çıxışı BMT tarixində ən uzun çıxış kimi «Ginnesin rekordlar kitabı»na düşüb. 1964-cü il oktyabrın 12-də BMT Baş Assambleyasında ilk dəfə olaraq SSRİ lideri çıxış edib. Nikita Xruşşov filippinli hesabatçını tərcüməçiləri «Amerika imperializminin nökəri» adlandırıb. Hətta iclasın gedişi zamanı N.Xruşşov ayaqqabısını çıxararaq, BMT tribunasını döyəcləmişdi. Tarixçilər bunu sovet liderinin sonradan Amerika ilə münasibətlərin pozulması kimi də qiymətləndirib. Sonralar məlum olub ki, Nikita Xruşşovun adını daşıyan nəvəsi həmin ayaqqabıları hərracda 30 000 ABŞ dolları qiymətinə satıb.

1974-cü il noyabrın 13-də isə Fələstin lideri Yasir Ərəfat BMT Baş Assambleyası tribunasından İsrailə müraciətlə «Mən bir əlimdə zeytun budağı, digərində isə azadlıq uğrunda döyüşçü silahı ilə gəlmişəm. Zeytun budağının əlimdən düşməsinə imkan verməyin!», deyərək, tarixə düşən fikirlər səsləndirib.

2013-cü ildə dünyasını dəyişmiş Venesuela prezidenti Uqo Çaves isə anti-amerikan bəyanatları ilə daim gündəmdə olub. 2006-cı ilin sentyabrında BMT Baş Assambleyasının iclasında çıxışı zamanı Çaves ondan bir gün öncə bu kürsüdə çıxış edən amerikalı həmkarı Corc Buşu «şeytan» adlandıraraq tənqid atəşinə tutmuşdu: «İblis, insan cildinə girmiş iblis, bu binadadır. Düz bu yerdə. Mən hələ də kükürd iyini hiss edirəm. ABŞ prezidenti insan cildinə girmiş iblisdir. O bizə həyatı öyrədir, özünü dünyanın hökmdarı kimi aparır. Ona psixiatr lazımdır. Onun diaqnozu Hiçkokun filmlərindəkindən də ciddidir». Əvvəllər də ipə-sapa yatmayan Çaves rəsmi müsahibələrində Corc Buşu «uzunqulaq», «əyyaş» və «qorxaq» adlandırmışdı.

BMT tribunasında çıxışları daim maraqla izlənilən digər bir lider isə Liviya lideri Müəmmar Qəddafi idi. O, 2009-cu il sentyabrın 23-də BMT Baş Assambleyasının 64-cü sessiyasında 15 dəqiqə danışmalı olduğu halda, 1.5 saat danışmışdı. Liviya lideri öz nitqində BMT Təhlükəsizlik Şurasını kəskin tənqid edib, onu «terrorizm şurası» adlandırmışdı. Sonrakı illərdə Qərbin layihəsi olan «Ərəb baharı»nın nəticəsində tifaqı dağılan Liviya inqilabının lideri həmin çıxışında demişdi ki, ABŞ prezidenti Corc Buş və Böyük Britaniyanın baş naziri Toni Bler İraq prezidenti Səddam Hüseynin edamında şəxsən iştirak ediblər. Çıxışının sonunu o, iştirakçılara xitabən «Siz artıq yorulmusunuz. Hamınız yatırsınız» deməyi də unutmamışdı. M.Qəddafi tribunanı «Hitleri siz ortaya çıxardınız, biz yox. Siz yəhudiləri təqib etdiniz. Holokostu da siz təşkil etdiniz» sözləri ilə tərk etmişdi.

Elə çıxmasın ki, Baş Assambleyaya ev sahiblik edən ABŞ-ın rəhbərliyi həmişə tənbeh olunan tərəf olub. Ötənlərdə ABŞ liderləri də diqqətçəkən çıxışları ilə yadda qalıb. Məsələn, ABŞ prezidenti Ronald Reyqan 1987-ci il sentyabrın 21-də BMT Baş Assambleyasının 42-ci sessiyasında ölkələrin qarşılıqlı ziddiyyətini həll etməyə qadir faktoru səsləndirib: «yadplanetli təhlükəsi». ABŞ liderinin fikrincə, bu, SSRİ və ABŞ-ı barışdıra bilərdi.

İran prezidentləri Mahmud Əhmədinejad da Baş Assambleyanın tribunasından Qərbi yıxıb-sürüdüyünə görə diqqət çəkib. O, BMT-nin Baş Assambleyasının sessiyasında çıxış edərkən dəfələrlə Qərbi «nüvə şantajında» ittiham etmişdi. Demişdi ki, Təhlükəsizlik Şurasında «məhdud diktat hökumətlər» var və onlar BMT-nin öz öhdəliklərini yerinə yetirməsinə mane olur. Hətta Assambleyanın toplantılarının birində Kanada nümayəndə heyəti Mahmud Əhmədinejatın çıxışını boykot etmişdi. İran rəhbərliyi də dəfələrlə ABŞ liderlərinin çıxışlarını boykot edərək iclası tərk ediblər. Həmçinin Mahmud Əhmədinejadın «sionistlər İran üçün hərbi təhdidirlər» kimi bəyanatlarını ABŞ və İsrail nümayəndələri dinləməkdən imtina ediblər. Göründüyü kimi, BMT tarixində savaşlar heç də az olmayıb.

Arzu NağıyevPolitoloq Arzu Nağıyev budəfəki Baş Assambleyada savaş olacağını güman etmir: «Problemlər əsasən müzakirə edilən məsələlərdən və hər bir prezidentin şəxsi keyfiyyətlərindən irəli gəlir. Bu sessiya demək olar ki, ən ağır mövzulara toxunur və sədr də yeni seçilmiş şəxsdir. Təbii ki, tənqid və təhqirin də fərqi var. Artıq konkretlik dövrüdür. Həm də BMT-nin reforması gündəlikdədir. Buna görə də inanmıram ki, savaş olsun. Lakin bir-birinin mövqeyi ilə razılaşmayanlar mütləq olacaq».

Ekspertin dediyi kimi, budəfəki sessiya barış nümunəsi ilə də diqqəti cəlb edib. Belə ki, BMT Baş Assambleyasının 72-ci sessiyasında iştirak etmək məqsədilə ABŞ-a səfər edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Baş Assambleyanın salonunda böyük diqqətlə qarşılanıb. Teleqraf.com xəbər verir ki, Ərdoğan salona girər-girməz bütün gözlər ona tərəf dönüb. Dünya liderləri ilə bir-bir salamlaşan Ərdoğan Baş Assambleyada çıxış edib. Daha sonra bir sıra ölkələrin liderləri ilə ikitərəfli görüşlər keçirib. Nahar yeməyi zamanı isə ilginc bir an yaşanıb. Belə ki, ABŞ Prezidenti Donald Tramp yerindən qalxaraq Ərdoğanın yanına gəlib və iki prezident bir müddət söhbət edib.

«Biz İordaniyaya, Türkiyəyə və Livana suriyalı qaçqınlara sığınacaq verdiklərinə görə minnətdarıq». Bunu isə ABŞ prezidenti Donald Tramp çıxışı zamanı söyləyib. O həmçinin, Avropadakı miqrasiya böhranına Suriya konfliktinin uzanmasının səbəb olduğunu bildirib.

Politoloq Qabil Hüseynli isə «Yeni Müsavat»a bildirdi ki, Baş Assambleyada ilk dəfə olaraq Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BMT tribunasından həyəcan təbili çaldı: «Bildirdi ki, Dağlıq Qarabağ problem beynəlxalq hüquqa uyğun surətdə, özü də təcili həll edilməsə, bölgədə çox irimiqyaslı, həm də beynəlxalq xarakterli qarşıdurma yarana bilər. Zənnimcə, Ərdoğan kimi nüfuzlu şəxsin söylədiyi bu fikirlər Baş Məclisin üzlərinə kifayət qədər təsir göstərəcək. Baş Assambleya BMT-nin ən nüfuzlu məclisidir və orada 200 BMT üzvü olan dövlətin prezidenti və ya baş naziri iştirak edir. Bu məsələnin orada qaldırılması çox prinsipial əhəmiyyətə malikdir».

Q.Hüseynli qeyd etdi ki, Türkiyə və Azərbaycan prezidentlərinin BMT kürsüsündən Qarabağla bağlı ətraflı bilgilər verməsi, problemin həllinin bölgə üçün böyük təhlükə olduğunu söyləməsi Baş Assambleyaya ciddi təsir göstərəcək: «Zənnimcə, BMT bu problem konseptual şəkildə həll etmək üçün cəhdlər göstərəcək. Qarabağla bağlı BMT Təhlükəsizlik Şurasında 4, Baş Assambleyada isə 1 qətnamə qəbul edilib. Sonuncu qətnamədə Dağlıq Qarabağın nəzarət edilməyən ərazi olduğu və bu ərazidən heroin qaçaqmalçılığı üçün istifadə edildiyi bəyan olunub. Əvvəlki 4 qətnamə isə sırf işğal olunmuş ərazilərin azad olunması ilə bağlıdır. Fikrimcə, BMT Baş Assambleyası qətnamə qəbul etməsə də, hər halda bəyanat, yaxud müraciət formasında Qarabağ probleminin həlli ilə bağlı yığcam bir sənəd qəbul edə bilər ki, bunu da Azərbaycan xarici siyasətinin uğuru kimi dəyərləndirmək olar».

Bu yerdə qeyd edək ki, Ermənistan prezidenti Serj Sərkisyan sessiyanın ilk günündəki çıxışında yenə də beynəlxalq hüquqa zidd mövqeyini sərgiləyib. Bununla da o, nüfuzlu beynəlxalq təşkilatın toplantısında məsuliyyət hissini unudaraq, özü barəsində dövlət başçısından çox, islaholunmaz şəxs təsəvvürü yaradıb. Yalanların sərhədini o qədər aşıb ki, Dağlıq Qarabağın heç vaxt Azərbaycan ərazisi olmadığını iddia edib, Qarabağ ermənilərinin «müstəqilliyinin» vazkeçilməz olduğunu deyib, Azərbaycanı ermənifobiyada (?-E.P.) ittiham eləyib. Çıxışının çox hissəsini Qarabağ münaqişəsinə ayıran prezident Azərbaycana ittihamlar yağdırıb. O, deyib ki, Dağlıq Qarabağ ermənilərinin öz müqəddəratını təyin etmək uğrunda 30 il əvvəl başlayan yeni mübarizəsi Azərbaycanın güc tətbiq etməsi ilə müharibəyə gətirib. O, Dağlıq Qarabağın heç vaxt müstəqil Azərbaycanın tərkib hissəsi olmadığını vurğulayıb, Dağlıq Qarabağın demokratik inkişaf yolu tutduğunu iddia edib, Azərbaycanı bu fonda orta əsrlərin simvolu adlandırıb. (Novator.az) Sərkisyan Dağlıq Qarabağı Azərbaycana zorla qoşmaq səylərinin ədalətsizlik olduğunu vurğulayıb, nəticəsiz qalacağını deyib. Serj Sərkisyan deyib ki, Dağlıq Qarabağın indikindən aşağı statusu ola bilməz: «Azərbaycan Dağlıq Qarabağın öz gələcəyini azad təyin etmək hüququna hörmət etməlidir. Dağlıq Qarabag ermənilərinin təhlükəsizliyi beynəlxalq təminat altında olmalıdır».

Arzu Nağıyev hesab edir ki, Sərkisyan başqa cür çıxış da edə bilməzdi: «Məlumdur ki, bu, prezident kimi onun BMT kürsüsündən son çıxışıdır. Odur ki, yenə də qondarma qurumla bağlı, hər bir millətin öz müqəddəratını həll etmə haqqı, qondarma soyqırım məsələsi onun əsas çıxış xətti oldu. Bu, bir daha göstərir ki, Sərkisyan və onun səhra komandirlərindən təşkil olunmuş hakimiyyəti Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlı deyil və hətta əksinə olaraq daha da qızışdırıcı bir mövqe tutur».

P.S. Azərbaycan prezidenti İlham Əliyevin Baş Assambleyadakı çıxışı barədə digər materialda bəhs olunur.