vaxtlı-vaxtında oxuyun! Bazar, 22 oktyabr 2017
ABŞ dolları 1 USD = 1.7001 AZN
Avro 1 EUR = 2.0087 AZN
Rusiya rublu 1 RUB = 0.0296 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.2277 AZN
Türk lirəsi 1 TRY = 0.4644 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Haqqı almaq asan bir işdir, onu saxlamaq şərtdir»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
GÜNDƏM  
17:16 | 22 sentyabr 2017 | Cümə Məqaləyə 398 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İrəvanı kim cəzalandıracaq?

Prezident Əliyevin BMT-dəki çıxışı Rusiyada rezonans doğurdu

Siyasət şöbəsi

MÖVZU İLƏ ƏLAQƏLİ

MÖVZUYA AİD VİDEO

  • «Bu, ikili standartdır»

Azərbaycan prezidenti İlham Əliyev BMT Baş Məclisinin sonuncu 72-ci sessiyasında çıxışı zamanı Dağlıq Qarabağ probleminin hələ də öz həllini tapa bilməməsinə xüsusi diqqət yönəltdi. Xəbər verdiyimiz kimi, prezident işğalçı Ermənistanın bu günədək BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağa dair 4 qətnaməsini yerinə yetirməməsinin əsas səbəbi kimi beynəlxalq birliyin ikili standartla yanaşmasını göstərdi.

Azərbaycanın dövlət başçısı öz çıxışında Azərbaycan torpaqlarının 20 faizinin 25 ildən artıqdır ki, Ermənistanın işğalı altında olmasına diqqət çəkərək dedi ki, Dağlıq Qarabağ Azərbaycanın qədim və tarixi torpaqlarıdır və Ermənistanın işğalı nəticəsində bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. «Ermənistanda, Dağlıq Qarabağ və Azərbaycanın işğal olunmuş digər rayonlarında azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti həyata keçirib. Ermənistan azərbaycanlılara qarşı Xocalı faciəsi törədib. Bu faciə dünyanın 20-dən artıq ölkəsi tərəfindən rəsmən tanınıb. 1992-ci ilin 26 fevralında Ermənistan 613 Xocalı sakinini qətlə yetirib. Onların arasında 106 qadın və 63 uşaq var. Bu cinayəti törədənlərdən biri də Ermənistanın hazırkı prezidentidir. Aparıcı beynəlxalq təşkilatlar Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın işğal olunmuş torpaqlarından çıxarılmasını tələb edən qətnamələr qəbul edib. BMT Təhlükəsizlik Şurasının da 4 qətnaməsi var», - deyə prezident İlham Əliyev qeyd edib.

Prezident onu da xüsusi vurğulayıb ki, Ermənistan BMT qətnamələrini yerinə yetirmir, 24 ildir ki, bu qətnamələrə əhəmiyyət vermir və cəzalandırılmır: «Bəzən BMT Təhlükəsizlik Şurasının qətnamələri bir neçə gün içində icra olunur. Bizim vəziyyətimizdə isə 24 ildir, icra olunmur. Bu, ikili standartdır və qəbuledilməzdir. Ermənistana qarşı beynəlxalq sanksiya tətbiq olunmalıdır. BMT-də aparılmalı olan islahatlardan biri də Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin icra mexanizmləri ilə bağlı olmalıdır. Ermənistan «status-kvo»nun dəyişməməsi üçün hər şey edir. Substantiv danışıqları bloklayır. ATƏT-in Minsk Qrupunun həmsədrləri dəfələrlə bəyan edib ki, status-kvo qəbuledilməzdir».

Azərbaycan dövlət başçısı həmçinin, ölkəmizin Dağlıq Qarabağ məsələsinin dinc yolla həllinə sadiq olduğunu, konfliktin beynəlxalq hüquq, BMT TŞ-nin qətnamələri əsasında yoluna qoyulmalı olduğunu vurğulayaraq, «Azərbaycanın ərazi bütövlüyü tamamilə təmin edilməlidir», deyib.


***


Prezidentin çıxışını şərh edən tanınmış rusiyalı tarixçi analitik və politoloq Oleq Kuznetsov «Vestnik kavkaza» nəşrinə bildirib ki, beynəlxalq birlik əslində BMT timsalında İrəvanı qətnamələri yerinə yetirməyə məcbur eləmək gücündədir.

Musavat.com-un məlumatına görə, politoloq daha sonra deyib: «İstənilən kiçik dövlət bu və ya digər dərəcədə daha iri dövlətdən asılıdır – o dövlət həmin kiçik dövlətin ya sahibi, ya da himəyadarıdır. Bu – beynəlxalq münasibətlərin iniversal qanunudur. Yəni ortada iradə olarsa, Ermənistan da qətnamələri yerinə yetirməyə məcbur edilə bilər. Sual ortaya çıxır ki, bəs, İrəvan üçün patron-ölkə qismində kim çıxış edəcək?»

Rusiyalı analitikə görə, yaxın zamanlara kimi belə bir ölkə qismində Rusiya çıxış edib: «Ancaq Moskva Ermənistanı qətnamələri yerinə yetirməyə tələsdirmədi. İndi isə biz görürük ki, İrəvan Avroatlantik oriyentasiyaya doğru de-marş eləməyə çalışır, sözdə deyil, məhz işdə Rusiyanın ondan ötrü artıq patron-ölkə olmadığını göstərmək istəyir. Əgər nəzərə alsaq ki, Ermənistan ərazisində sayca dünyada ikinci olan 1500 nəfərlik ABŞ səfirliyi yerləşir (bundan böyüyü Bağdadadır), o zaman söyləmək olar ki, Rusiya yalnız üzdə Ermənistanın arxası sayılır, İrəvan hakimiyyətinə əsas təzir rıçaqları isə ABŞ-ın əlindədir. Lakin ABŞ və Rusiya indi qarşıdurma vəziyyətindədir və onlardan heç biri Ermənistanı qətnamələri yerinə yetirməyə vadar eləmək üçün digərinı kompromisə getməyəcək».

Serj Sərkisyanın Xocalıda kütləvi qətliamda əlinin olmasını şərh edən Oleq Kuznetsov qeyd edib ki, hüquq nöqteyi-nəzərincə Ermənistanın hazırkı prezidenti beynəlxalq terrorçudur: «Sərkisyan Qarabağ klanının başçısı, hazırda Ermənistanda hakimiyyətdə olan hərbi-siyasi xuntanın rəhbəridir. Bu xunta isə Dağlıq Qarabağdakı qanunsuz separatçı qüvvələrin hərbi səhra komandirlərindən ibarətdir. Ermənistanın özünü belə, Qarabağ klanı işğal edib».

Analitikin sözlərinə görə, Dağlıq Qarabağ konfliktinin coğrafi şərtləri elədir ki, hələlik beynəlxalq ictimaiyyət Ermənistanın qətnamələri yerinə yetirməsi üçün lazımı siyasi iradə göstərmir. «Qarabağda müharibə gedir. Sülh məramlıların ora yeridilməsi heç bir effekt verməyəcək. Düşünmürəm ki, hanslsa ölkə eni 20 km, uzunluğu 500 km olan bir zolağı nəzarətdə saxlamaq üçün öz hərbi qulluqçularını buraya göndərsin», - deyə ekspert əlavə edib.


***


Öz növbəsində digər rusiyalı tanınmış politoloq, prezident V.Putinin səlahiyyətli şəxslərindən sayılan Sergey Markov qeyd edib ki, konfliktin nizamlanmasına «Kazan formulu» kömək edə bilər: «Dağlıq Qarabağ ətrafındakı rayonlar iki dəhliz və bölgənin hərbsizləşdirilməsi qarşılığında azad edilməlidir. Bundan sonra Dağlıq Qarabağın təzədən Azərbaycan tərkibində mərhələli şəkildə iqtisadi, sosial və humanitar re-inteqrasiyası başlaya bilər. Aydındır ki, Qarabağın qaytarılmasından sonra erməni icması orada üstünlükdə olacaq. Və bu da məhz elə hardasa kondominimum – belə münaqişələrin həllində müasir dinc həll yolu deməkdir».

Prezident İlham Əliyevin hazırda Ermənistana hərbi cinayətkarın, Xocalı hərbi canisinin rəhbərlik eləməsi barədə sözlərini şərh edən Markov hesab edir ki, bu məqam onsuz da Ermənistanın zəif mövqeyini daha da zəiflədir: «Bir yandan Xocalı məsələsi daha yuxarı qaldırılır, ümumi diqqəti daha çox çəkir, böyük nəticələr çıxarmağa, daha geniş miqyasda onu tanımağa imkan verir, - o mənada ki, orada böyük cinayət törədilib, - başqa yandan isə Ermənistan rəhbərliyi daha radikal bir situasiya salınmış olur. Bütövlükdə Ermənistan rəhbərliyi üçün məntiqli olardı ki, «Kazan formulu» üzrə dinc həll yoluna çıxsın. Di gəl, o, öz radikal diasporundan qorxur», - deyə sonda Markov əlavə edib.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *