vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Türk oğlu əcdadını tanıdıqca, daha böyük işlər görmək üçün özündə güc tapacaq»

Mustafa Kamal Atatürk (1881 - 1938)
GÜNDƏM  
09:54 | 26 sentyabr 2017 | Çərşənbə axşamı Məqaləyə 3126 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Doveryay, no proveryay?!»

Axı bu Rusiya bizim konqresimizdən nə istəyir?..

Hüseynbala SƏLİMOV

MÖVZU İLƏ ƏLAQƏLİ

Biz azərbaycanlılar, xüsusən də hakimiyyət mənsublarımız Azərbaycan-Rusiya münasibətlərindəki problemləri nə qədər görməməyə çalışsaq da, onlar əskilib-kiçilmir, əksinə, ildən-ilə bir az da kəskinləşir və çılpaq xarakter alırlar...

Budur, ümid edilirdi ki, növbəti məhkəmə instansiyası Ümumrusiya Azərbaycanlıları Konqresi ilə (ÜAK) bağlı daha ədalətli qərar qəbul edəcək. Amma olmadı, o da aşağı instansiyanın qərarını qüvvədə saxladı. Ardınca da qayıdıb dedilər ki, Azərbaycanla Rusiya arasındakı münasibətlər «strateji» xarakter daşıyır və bu cür kiçik məsələlər bu münasibətlərə kölgə sala bilməz...

Əvvəllər də yazmışam və indi də təkrar edirəm ki, mümkündür ki, elə həqiqətən də bir struktur kimi ÜAK-ın işində hansısa nöqsanlar var, ən azı ona görə ki, biz azərbaycanlılar olan yerdə mümkün deyil ki, hansısa bir əmma olmasın. Amma bütövlükdə Rusiya məhkəmələrinin qərarı tam absurddur və məntiqlə yozula bilmir.

Məsələ də bundadır ki, Rusiyada milyonlarla azərbaycanlı yaşayır və yerli qanunlar onlara təşkilatlanmaq hüququ verir. İndi də ÜAK olmasın, digər bir struktur olsun, azərbaycanlılar onsuz da bir struktur yaradacaq və daha düzgün olmazdımı ki, Konqresə öz işini yenidən qurmaq imkanı verilsin?

Olardı. Amma gəl ki, etmirlər. Görünür, ÜAK tamamilə Rusiyanın müvafiq strukturlarının əlində deyil, ona görə də ona bir az yad kimi baxırlar və bu təşkilatı da müəyyən mənada özünküləşdirmək istəyirlər, çünki rus siyasətinin bir ciddi qaydası var: «doveryay, no proveryay!»...

Məsələn, biz «erməni diasporu» deyirik, amma Rusiyadakı erməni diasporu da elə Ermənistanın özü kimi bir şeydir, Moskvanın müvafiq strukturlarının əlində bir alətdir. Yada salaq ki, əvvəllər, özü də çox yaxın keçmişdə Moskvanın sərəncamında hər bir keçmiş sovet ölkəsini qorxutmaq üçün bir siyasi «puqalo» vardı. Bunlar ya öz ölkəsində devrilmiş və Moskvaya qaçmağa məcbur olmuş dövlət başçıları və ya çox yüksək rütbəli məmurlar olurdu, yaxud da ki, rus mühitində təşkil olunmuş «siyasi kondensat»lar kimi təzahür edirdi.

Sonradan münasibət bir az dəyişdi. Ssenarilərə müəyyən düzəlişlər edildi. Daha açıq şəkildə «siyasi puqalo»lar saxlamağa ehtiyac olmadı, əvəzində diqqət Rusiyada məskunlaşan və müxtəlif respublikaları təmsil edən insanlara və onların yaratdıqları təşkilatlara yönəldi, Rusiya bunlardan «dəyənək» kimi istifadə etməyə başladı. İndi mümkündür ki, ÜAK ətrafında yaşananlar da bununla bağlıdır, Rusiya orada yaşayan azərbaycanlılardan özünə ikinci vətən kimi deyil, lap birinci vətən kimi baxmağı və Rusiyanın maraqlarını önə çəkməyi tələb edir...

Ümumi halda götürdükdə isə, Rusiya-Azərbaycan münasibətlərində yetərincə düyünlü nöqtələr var. Bəli, biz hər şeyi adı ilə çağıra bilmir və bir növ siyasətbazlıq edirik, çünki siyasətdə hər şeyi öz adı ilə çəkməyin fasadları da ola bilir. Məsələn, qonşu Gürcüstan bunu etdi və bundan nə alındı, - bunu hamınız bilirsiniz...

Bəli, on illərdir ki, Rusiya Ermənistanı bizə müstəqil və öz iradəsi olan  dövlət kimi sırıyır. Biz də Moskvaya deyə bilmirik ki, Qarabağın işğalının arxasında sən dayanmısan və sən olmasan, biz bu məsələni bir həftəyə həll edərdik, hətta bəlkə də bu problem heç yerli-dibli olmazdı, çünki ermənilərin Qafqaza gəlişi də bilavasitə Rusiya imperiyasının işidir və biz bunu gözəl bilirik...

Amma ki, bütün bunları ruslara deyə bilmirik və səbəbini də bir az əvvəldə dedim. Həm də «Siyasət mümkün olanın sənətidir» - deyiblər. Bununla heç kim mübahisə etmir. Amma hələ M.Veber yazırdı ki, əsl siyasətçi mümkün olanın çərçivələrinin əsiri olmamalıdır və həmin bu çərçivələri daim genişləndirməyə çalışmalıdır.

Həm də vacib deyil ki, bir millətin hamısı siyasətçi olsun. Bəli, dövlət ierarxiyasında elə adamlar var ki, onlar hər şeyi açıq deyə bilmirlər, ona görə ki, bunun ölkə üçün böyük fəsadları ola bilər. Amma başqaları bunu deyə bilər və deməlidirlər də... Bir ara məhz belə də olurdu və o şeyləri ki, hakimiyyət mənsubları deyə bilmirdi, onları müxalifətçilər dilə gətirirdi.

İndi isə bunlar yoxdur. Ona görə ki, hamı ya dönüb hakimiyyət olub, ya da daha «müxalifətçilik yetər!» deyib, qırağa çəkilibdir. Fəqət, siyasətin qırağı olsa da, vətənin qırağı olmur, çünki vətənin elə aşağısı-yuxarısı, sağı-solu da eyni şeydir - Vətəndir...