vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 25 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Hər bir millətin ləyaqətinin ilkin şərti müstəqillikdir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
TOP OYUNLARI  
18:49 | 30 sentyabr 2017 | Şənbə Məqaləyə 2929 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Q» yığını

Qumar? Qruplaşma? Qiyam? Qriqorçuksuz «Qəbələ»?

AĞA

MÖVZU İLƏ ƏLAQƏLİ

«Qəbələ»də nə baş verdiyini bilmirəm, amma «Kəpəz»ə dünənki məğlubiyyət təsadüf sayıla bilməz. Qurma oyun, qəribə nəticə, qarışıq bir şeylər var idi.

Qərəzli olmasın – «Kəpəz»in əziyyətini yerə vurmaq, uğurunu kiçiltmək olmaz. Qalibi mühakimə etmirlər və 2:0 hesabı ilə üstün olan gəncəlilər haqda mənfi bir şey deməyin də anlamı yoxdur. Qarşılarına məqsəd qoydular və «Səbail»ə biabırçı oyunla uduzduqları ötən tur matçından sonra dirçəldilər, aşkar autsayder olmayacaqlarını isbatladılar.

Qəribə olan rəqibin oyunu idi. «Qəbələ» bu qədər dişsiz, bu qədər ruhsuz olmamalı idi. «Qarabağ»ın çempionluq taxtını əlindən almağı hədəf götürən komandanın oynamalı olduğu futbol bu deyil.

Qriqorçukun mətbuat konfransında dedikləri təzadlıdır. Qarşılaşmanı şərh edən mütəxəssis əvvəlcə məsuliyyəti boynuna götürür, ardınca «təki mən narahat olum» deyir. Qəribə açıqlamalıdı və Roman İosifoviçin stili deyil. Qarmaqarışıq futbola qarmaqarışıq şərh verir.

Qarşılaşmanın gedişindəcə artıq sosial şəbəkələrdə bu oyunla bağlı müxtəlif ittihamlarla rastlaşırdıq. Qumar isə ön planda idi – əksəriyyət nəticənin başqa yollarla müəyyənləşdiyini iddia edirdi. «Qəbələ» rəhbərliyini tanımasaq, biz də şübhələnərdik, amma ortada başqa amillər də var. Qriqorçuk Xaqani Məmmədovun məşur «15 dənə verirlər» qalmaqalında iştirak edən adamlardan biridi, Latviya karyerasında bəzi şübhəli məqamlar haqda söhbətlər eşitmişik. Qısası, mümkündür, amma ehtimaldır, bu insanın Qəbələdə qazandığı uğurları sübut olunmayan bir şübhəylə silmək olmaz. Qəhrəman kimi böyütdüyümüz məşqçini indi belə ittihamlarla sıradan çıxarmaq məntiqsizdi.

Qiyama da oxşayır, sanki kimlərsə nəyəsə etiraz edir, bilərəkdən oynamır. «Qəbələ»nin əsl futbolu bu deyil. Qara günlər hələ Avroliqadan başlayıb. Qruplara qalmaq mümkün olmayınca klubda narazıların sayı artdı. Qəribədi ki, güclənmək üçün gətirilən futbolçuların hamısı ehtiyatda oturduldu, sanki Qriqorçuk onları başqalarının istəyi ilə heyətə götürdüyünü nümayiş etdirməyə çalışdı. Qrafik ziqzaqlıdı, həmin gündən komandanın oyunu da sabit deyil, bir parlaq oyunu keyfiyyətsiz digər matç əvəzləyir. «Qəbələ» bu mövsüm hələ ki, liderə yaraşan futbol sərgiləməyib.

Qruplaşma ehtimalı daha çoxdu. Qəbələdə «Neftçi»ylə matç bitəndən sonra Ruslan Qurbanovla Stiven Monrozun dalaşması bəlkə də münasibətlərin pik həddi idi. Qurbanovu yerlilər, Monrozu əcnəbilər hadisə yerindən uzaqlaşdırdı. Qəribəydi, amma sanki müxtəlif dəstələr var idi - hətta köhnələrlə yenilərin düşərgələrə bölünməsi də mümkündür.

Qışda komandanın zəifləyəcəyi, sponsorların klubdan üz döndərəcəyi ehtimalları da ümumi ab-havaya təsir edir. «Qəbələ» taleyi ilə barışmış, sonun yaxınlaşdığını bilən və onu gözləyən insanların toplaşdığı kluba oxşayır. Qara buludlar komandanın başının üstünü alıb, qəbiristanlıqda uyuyan «Bakı», «Xəzər Lənkəran», «Karvan» və digərləri də dağılmaq ərəfəsində belə xaosun içində idi.

Qarışıq durumdu, heç kim əsas səbəbi demir, hamı kənar amilləri qabardır. «Qəbələ»nin vitse-prezidenti Fariz Nəcəfovun tez-tez AFFA-nı hədəfə alması, limitdən şikayət etməsi təsadüf ola bilməz. Qeyri-adi görünə bilər, amma yerli yeniyetmələrlə qələbə qazanan «Kəpəz» sübut etdi ki, komandanın problemi təkcə limit deyil. Qriqorçukun və ya rəhbərliyin bəhanəsi «Qəbələ»nin zəif çıxışının səbəbi ola bilməz.

«Qırmızı-qaralar»la bağlı çox ehtimal var, həqiqəti isə yalnız klubun içindəkilər bilir. Qriqorçukun futbolçularla yola getməməsi çoxdanın söhbətidi, o yalnız hazır futbolçularla işləməyi sevir, «qara siyahı»sına düşənləri bağışlamır. Qayət, bəlkə artıq bıçaq sümüyə dayanıb, bunun üzərinə yubanan maaşlar, gərgin atmosfer, transferlərlə bağlı fikirlərin haçalanması gəlib və qatar relsdən çıxıb?

Quru hesablı bu məğlubiyyət mütləq ciddi dəyişikliklərə səbəb olacaq, rəhbərliyin hesab sormasına rəvac verəcək. Qırmancla hesablaşmaq qan çıxara bilər, amma başqa yol da yoxdur, komanda indi ayılmasa, bu, ölkə futbolunda iz qoyan bir kollektivin sonunu tezləşdirəcək.

Qriqorçukun dedikləri bəhanə idi və reallığın tam əksi deyildi. Qarmaqarışıq durumla bağlı bəlkə klub rəhbərliyi danışsın, vəziyyəti aydınladacaq bir açıqlama versin? Qışa kimi hələ tam bir dövrə var: futbolçular cümə faciəsinin tam təsadüf olduğunu da sübut etmək imkanına sahibdir. (futbolinfo.az)