vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«İnsanlar hər zaman qəhrəman ola bilməzlər, ama hər zaman insan ola bilərlər»

Barış Manço (1943 - 1999)
GÜNDƏM  
22:32 | 2 oktyabr 2017 | Bazar ertəsi Məqaləyə 2214 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Sülh prosesinin «xilas»ı

Moskvada hərbi əməliyyatların Qarabağdan Ermənistan ərazisinə keçməsi gözləntiləri var...

MÖVZU İLƏ ƏLAQƏLİ

Moskva Karnegi Mərkəzi Dağlıq Qarabağ münaqişəsi ətrafındakı vəziyyətlə bağlı öz saytında təhlil yerləşdirib. Virtualaz.org xəbər verir ki, mərkəzin ekspertləri ilin sonuna qədər Azərbaycan və Ermənistan prezidentləri arasında görüşün olacağını gözləyirlər, lakin ehtiyatlı optimizm baxmayaraq bu görüşdə ciddi dönüşün əldə ediləcəyinə ümid yoxdur.

Məqalədə deyilir ki, uzun illərdir davam edən danışıqlarda vasitəçilər bütün mümkün həll yollarını təklif ediblər və Bakı ilə İrəvanı barışdırmaq üçün bütün kreativ ideyalar tükənib. Ona görə də münaqişə tərəflərinin rəhbərləri və vasitəçi diplomatlar tərəfindən hansısa möcüzəvi həll yolunun tapılmasını gözləməyə dəyməz. Hazırda danışıqlar masasında iki əsas məsələ-Dağlıq Qarabağın statusu və işğal edilmiş ətraf rayonların boşaldılması (ikisi qismən, beşi tamamilə) müzakirə olunur. Və müəlliflər qeyd edirlər ki, tərəflərin bu məsələlərlə bağlı mövqeləri diametral fərqlidir.

Bununla belə Karnegi Moskva mərkəzi hesab edir ki, münaqişəni həll etmək olar. Bu münaqişə postsovet respublikalarındakı digər münaqişələrdən fərqlənir. Erməni diplomatiyası üçün əsas element «ərazilərin statusa dəyişdirilməsi»dir. Bakı isə ərazi bütövlüyünün bərpasında israrlıdır. Habelə Qarabağ münaqişəsi zonasında heç vaxt sülhməramlılar olmayıb. Atəşkəs Bakı ilə Yerevan arasında balansa əsaslanır, ancaq münaqişənin dondurulması haqda danışmaq olmaz. Hansı ki, ötən ilin aprelində «dördgünlük müharibə» münaqişənin dayandırılmasından bəri ən irimiqyaslı eskalasiya oldu. Ümumiyyətlə vaxtaşırı olaraq münaqişənin eskalasiyası baş verir. Danışıqlar isə imitasiya xarakterlidir, mahiyyət üzrə getmir. Hər dəfə XİN rəhbərləri və ya prezidentlər «danışıqlar masası arxasına qayıtmağın» vacibliyindən danışır, həmsədrlər sülh prosesinin «xilas edilməsindən» bəhs edir, amma hər yeni «xilasdan» sonra yeni eskalasiya baş verir. Və hər şey beləcə təkrarlanır. İş praktiki kompromislərin, güzəştlərin və ya mübadilənin müzakirəsinə qədər gedib çıxmır.

Ekspertlərə görə bu, dalan vəziyyətidir və ilk baxışdan oradan çıxış yolu görünmür. Lakin bu münaqişənin bir mühüm özəlliyi də var ki, o da Qərblə Rusiya arasında geosiyasi qarşıdurma predmeti olmamasıdır. Hətta Gürcüstanla Rusiya arasında 2008-ci ilin avqust müharibəsindən sonra Qərb diplomatları Moskvada Azərbaycan və Ermənistan prezidentləri arasında ilk yazılı bəyannamənin-Mayndroff bəyannaməsinin imzalanmasını alqışladılar.

«ABŞ və Avropa tərəflər arasında Minsk Qrupu çərçivəsində üç həmsədrin iştirakı ilə danışıqlarla yanaşı Rusiyanın vasitəçiliyi ilə üçtərəfli danışıqlar formatını da dəstəkləyir. ABŞ və Avropa İttifaqı Rusiyanın bu münaqişə yolu ilə keçmiş sovet məkanında sərhədləri dəyişdirməyə çalışdığını düşünmür. Habelə hər iki tərəf Rusiyanın vasitəçiliyində maraqlıdır. Prezidentlər Putin, Əliyev və Sərkisyan arasında şəxsi etimad səviyyəsi Azərbaycan və Ermənistan prezidentlərinin istənilən başqa prezidentlərlə təmasları ilə müqayisə olunmazdır. Bu resurs amerikalı və avropalı diplomatlar tərəfindən hətta açıq etiraf olunur», - təhlildə deyilir.

Mərkəz xatırladır ki, hazırda danışıqların əsasını baza prinsipləri təşkil edir. Hansı ki, bu prinsiplər gələcək kompromislər üçün əsasdır. Baza prinsipləri Dağlıq Qarabağda referendumun keçirilməsini və aralıq statusun müəyyən edilməsini də nəzərdə tutur. Lakin detallara gəldikdə iş mürəkkəbləşir, çünki referendumda kimin səs verəcəyi, aralıq statusun nədən ibarət olacağı və s. bu kimi detalları razılaşdırmaq üçün uzun müddət vaxt gedə bilər. Bununla belə Moskva və Qərb baza prinsiplərində birgə hərəkət etməyə hazırdır. Və bu, unikal imkandır.

Müəlliflərə görə Rusiya və Qərbin Qarabağ məsələsində bu cür əməkdaşlıq etməsi münaqişədə riskləri azaldır. Belə vəziyyətdə tərəflərdən hansısa biri «düşünülməmiş addımlar» atsa həm Moskva, həm Vaşinqtonla düşmən ola bilər ki, bu da təhlükəlidir.

«Bununla belə münaqişənin mümkün eskalasiyası Rusiya üçün də, Qərb üçün də çoxlu risklər daşıyır. Münaqişə alovlansa istisna deyil ki, döyüşlər təkcə Qarabağla məhdulaşmayacaq və hərbi əməliyyatlar Ermənistan ərazisinə də keçəcək. Moskva üçün isə bu xeyli xoşagəlməz suallar yaradacaq-Bakı ilə münasibətlərdən tutmuş Avrasiya inteqrasiya layihələrinə qədər. Qərb üçün isə hərbi əməliyyatlar Bakı-Tiflis-Ceyhan kəmərinin yaxınlığına aparılacağı üçün təhlükəlidir. O cümlədən İran və Türkiyənin də müdaxilə perspektivləri aydın deyil», - müəlliflər qeyd edir.

Moskva təhlilçiləri belə qənaətə gəlirlər ki, Qarabağ münaqişəsi Rusiya və Qərb üçün mövcud ziddiyyətlər şəraitində ciddi əməkdaşlıq stimulları yaradır. Məsələ bu stimulları real işlə tamamlamaqdır.