vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
REGİON  
10:46 | 4 oktyabr 2017 | Çərşənbə Məqaləyə 2620 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Bir əsrdən sonra ilk rus qubernator

Çar generalı baron Vrangeldən 100 il sonra Dağıstana Putinin generalı Vasilyev rəhbərlik edəcək

MÖVZU İLƏ ƏLAQƏLİ

Ramazan Abdulatipovun Dağıstan Respublikasının başçısı vəzifəsindən istefasının ardınca bu posta milliyyətcə rusun təyin edilməsi Rusiya mediasında əsl fırtına yaradıb. Moskovski Komsomolets qəzeti hakim Vahid Rusiya partiyası parlament fraksiyasının sədri Vladimir Vasilyevin təyinatı ilə bağlı məqaləsinə belə bir başlıq verib: «Vrangeldən sonra ilk rus: Dağıstan Moskvanın adamını necə qarşılayacaq».

İnqilabdan sonra Rusiyanın ağqvardiyaçı hərəkatının komandanlarından biri olan baron Pyotr Nikolayeviç Vrangel keçmiş imperiyanın Şimali Qafqaz da daxil cənubuna hakim idi.

Qəzet yazır ki, bir tərəfdən Vasilyevin əlində Kremllə birbaşa əlaqə və güc nazirliklərinin dəstəyi olacaq, digər tərəfdən isə o, qaçılmaz şəkildə yerli elitanın və əhalinin bir hissəsinin müqaviməti ilə qarşılaşacaq.

Ekspertlər bu təyinatı birmənalı qiymətləndirmirlər.

«Siyasi ekspert qrupunun» rəhbəri Konstantin Kalaçovun fikrincə, Dağıstanda Vasiyevin gəlişinə şad olacaqlar. Politoloq deyir ki, orada insanlar klanlardan və başçının müxtəlif milli azlıqlardan seçilməsindən beziblər. Kalaçov bu təyinatı «tarixin yeni mərhələsində general-qubernatorluğun davamı» adlandırıb.

Lakin Siyasi Texnologiyalar Mərkəzinin prezidenti İqor Bunin bu təyinatı general-qubernatorluğun davamı yox, Putinin «tarixi ənənələrdən kənar eksperimenti» hesab edir.

O bildirir ki, Vasilyev yerli klanlardan heç biri üçün «uduş variantı» olmayacaq. Lakin bütün ekspertlər razılaşırlar ki, Vasilyevi Dağıstanda sadə olmayan qəbul gözləyir.

Başqa bir Rusiya politoloqu – Mixail Vinaqradov ura.ru saytına deyib ki, Vasilyev Dağıstanda federal siyasətin simvolu olacaq.

Lakin bir çox təhlilçilər, xüsusən də Şimali Qafqazla doğmalığı olanlar Vladimir Vasilyevin 68 yaşında olmasına xüsusi diqqət yetirir və onu müvəqqəti fiqur hesab edirlər.

Kremlyönlü Sosial Tədqiqatlar İnstitutunun eksperti Andrey Kolyadin düşünür ki, «bu seçim çox maraqlı ola bilər». Onun fikrincə, Dağıstanda ağsaqqallara hörmət var və Vasilyev də ağsaqqaldır.

«​Znak» internet qəzeti də intriqalı başlıq seçib: «Dağıstana general-qubernator gedir».

Qəzet yazır ki, Vasilyevin təyinatı Moskvanın ağıllı gedişi sayıla bilər. Hələ sovet zamanlarından burada başçı əsas millətlər olan avar və ya dargin, bəzən isə qumıqlardan təyin edilərdi. Ləzgilər və başqa millətlər bundan narazı qalırdılar. İndi isə kənar adam hamını qane edə bilər.

Məqalədə deyilir ki, Dağıstanda həm də separatizm meylləri güclənməkdədir. Məsələn, noqaylar Dağıstandan ayrılmaq və muxtar vilayət olmaq istəyirlər. Vasilyev bu kimi məsələləri həll etməli olacaq.

Rusiya Qafqaz Xalqları Konqresinin həmsədri Ruslan Kurbanov «Qovorit Moskva» radiosuna deyib ki, Vasilyevin təyinatı Dağıstanda bəzilərinin gözlədiyi kimi müqavimət doğurmayacaq.

O bildirib ki, əksinə, orada liderin milli azlıqlardan təyin edilməsinin «işləmədiyini» başa düşüblər.

68 yaşlı Vladimir Vasilyev polis general-leytenantı və daxili işlər nazirinin keçmiş müavinidir. O 2003-cü ildən bəri Dövlət Dumasının vitse-spikeri, hakim Vahid Rusiya partiyası parlament fraksiyasının rəhbəri olub.

Vasilyev 1970-ci illərdən sovet milisinin, sonralar isə Rusiya polisinin sıralarında xidmət edib.