vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 24 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Milli mənliyini itirmiş cəmiyyət, başqa millətlər üçün ovdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
GÜNDƏM  
16:09 | 5 oktyabr 2017 | Cümə axşamı Məqaləyə 2736 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Kremlin «B planı» - Bakıya yenə «barmaq silkələndi»...

«Barıt çəlləyi» üstündə oturan Rusiyanın yüksək çinli rəsmisinin separatizmə açıq dəstək bəyanatı arxasındakı Azərbaycana təhdid mesajı təsadüfdürmü? Kataloniya - Qarabağ, Cavaxetiya deyil, amma...

Analitik xidmət

MÖVZU İLƏ ƏLAQƏLİ

İraq Kürdüstanının ardınca İspaniyanın Kataloniya bölgəsində keçirilmiş qalmaqallı referendumdan sonra Avropada, Avropa Birliyində yeni, gərgin bir situasiya yaşanır. Bu da Birlik ölkələrində separatçılıq dalğasının daha da genişlənəcəyindən dolayı narahatlıqla bağlıdır. Çünki təşkilata bir çox üzv dövlətlərin ərazisində analoji separatçılıq ocaqları az deyil.

Separatizm isə istənilən dövləti daxildən zəiflədən bir hərəkatdır - o dövlətin daxili dayaqları nə qədər güclü olsa belə. Üstəlik, həmin separatizmə xarici dəstək də varsa, vəziyyət daha da qəlizləşir. Kataloniya timsalında məhz bu amil də rol oynayır. Özü də gizli-açıq dəstək hardan gəlsə yaxşıdır? Artıq təsdiqləndiyi kimi, son vaxtlar əli ABŞ-dan tutmuş, Avropaya qədər keçirilən səsvermələrə «çatan» Rusiyadan.

Əksər analitiklərə görə, Kreml, prezident Putin bu yolla, yəni Avropa Birliyi ölkələrini daxildən zəiflətməklə, onların arasında nifaq yaratmaqla təşkilatı dağıtmaq və ya zəiflətmək, bu yolla da özünə qarşı 4 ildir Krıma görə tətbiq edilən sanksiyalardan qurtulmaq niyyəti güdür. Yəni bəlli olur ki, Rusiya postsovet məkanında 26 ildir yürütdüyü separatizmə dəstək siyasətini indi də Avropaya qarşı tətbiq edib öz geosiyasi maraqlarını təmin eləmək xətti götürüb.

Vaxtilə yazdığımız kimi, bu, əslində Kremlin «B planı»dır. Yəni guya konfliktlərin Moskvaya dəxli yoxdur, amma onun Rusiyasız həlli də, faktiki, mümkün olmur. «A planı» isə birbaşa işğal-ilhaq planıdır ki, Rusiya bunu Abxaziya, Cənubi Osetiya və Krım timsalında artıq əyani nümayiş etdirib.        

 

***

 

Bu arada Rusiyanın kifayət qədər yüksək çinli rəsmisinin - Rusiya Federasiya Şurası Beynəlxalq Əlaqələr Komitəsinin sədri Konstantin Kosaçevin Kataloniyada ötən bazar günü keçirilmiş referendumdan dərhal sonra verdiyi və əfsus ki, diqqətdən yayınan açıqlaması yada düşür. Bir neçə səbəbdən onu yada salmağın xüsusi yeri var.

Kosaçev deyib: «İspaniya mərkəzi hökuməti katalonlarla dialoqa getməlidir. Əgər İspaniya hökuməti əvvəlki kimi katalonları separatçı saysa, tərəflər arasında konflikt dərinləşəcək. Eyni formada öz müqəddəratını müəyyən etmək haqqına Dağlıq Qarabağ, Dnestryanı, Abxaziya və Cənubi Osetiya xalqları malik olublar. 80-ci illərin sonu, 90-cı illərin əvvəllərində Dağlıq Qarabağ, Dnestryanı, Abxaziya və Cənubi Osetiyaya münasibətdə hərbi güc tətbiq edilib. Saakaşvilinin 2008-ci ildə hərbi avantürası Cənubi Osetiya və Abxaziya xalqlarının öz müqəddəratını təyinetmə haqqını geridönülməz etdi. Bu məsələni Kişinyov və Bakıda da xatırlamalıdırlar. Nə qədər ki, gec deyil, İspaniya və digər analoji problemlərlə üz-üzə qalan ölkələr cəld şəkildə xatırlamalıdırlar ki, öz xalqı ilə savaş dövlətin möhkəmlənməsi çox, onun süqutu ilə nəticələnəcək. Dövlət öz vətəndaşları ilə danışmağı bacarmalıdır. Bunu bizim Rusiyada etdiyimiz kimi etmək lazımdır».

Əlbəttə ki, bu yerdə cənab Kosaçevə «Elə isə nədən müstəqillik istəyən və bunu referendumla təsdiqləmiş çeçen xalqını 90-cı illərin əvvəllərində qan gölündə boğdunuz» sərt sualını vermək də olardı. Amma nə faydası? Rusiya nə vaxt öz gözündəki tirləri görüb ki?

İstənilən halda Rusiya rəsmisinin yuxarıdakı əsl mənada təxribatçı bəyanatı onun hansı dövləti təmsil eləməsi nəzərə alınaraq, üç aspektdən xüsusi diqqət çəkir:

 

İspaniyadakı və Avropa Birliyinin digər demokratik ölkələrində Kremlin separatizm dalğasında maraqlı olduğunun və hətta bunda barmağı olduğunun parlaq sübutu kimi; 

Postsovet məkanındakı etnik-ərazi münaqişələrinin, o sırada Dağlıq Qarabağ məsələsinin arxasında da Rusiyanın dayandığının növbəti təsdiqi və Bakıya da təhdid və xəbərdarlıq mesajı kimi («Sizi də Gürcüstanın gününə salarıq»);

Belə bir təhdidedici bəyanatın Rusiyanın hansısa müstəqil politoloqu və ya siyasətçisi (məsələn, Vladimir Jirinovski) tərəfindən deyil, məhz Moskvanın yüksək rütbəli rəsmisi tərəfindən səslənməsi kimi.

 

O üzdən rəsmi Bakının, ilk növbədə də bizim XİN-in  Rusiya yetkilisinin bu sərsəm bəyanatına münasibət bildirməsi çox vacib idi. Rusiya tərəfindən izahat da istənilə bilərdi. Çünki bu, Rusiyanın baş diplomatı Sergey Lavrovun «Qarabağda müharibə Azərbaycanın daxili işi deyil» kimi məlum avantürist bəyanatından mahiyyət etibarilə heç nə ilə fərqlənmir və özündə Azərbaycana qarşı «barmaq silkələməsi» anlamını verir.

 

***

 

Heç təsadüfi deyil ki, bu arada Moskva Azərbaycanın qərbə (həm siyasi, həm də coğrafi mənada) əsas qapısı sayılan, AB və NATO-a birmənalı inteqrasiya kursu götürmüş, «ipə-sapa yatmayan» Gürcüstanı daxildən qarışdırmaq səyləri artırıb. Söhbət son günlər erməni əhalinin kompakt yaşadığı Cavaxetiya bölgəsindən gedir.

Musavat.com-un gürcü qaynaqlarına istinadən verdiyi xəbərə görə, bu dəfə narazılıq erməni kəndlərinin birində, köhnə kilsə ərazisində erməni «xaçkar»ı (xaçı) ucaltmaqla bağlı yaranıb. Ancaq gürcü polisi buna imkan verməyib. Polis və sakinlər arasında yaralananlar var.

Ancaq güc tətbiqi əsaslıdır. Çünki çoxdan məlumdur ki, ərazilərin «erməniləşdirilməsi», yaxud mənfur qonşuların «sürünən işğal» elə bu «xaçkar»lardan başlayır. Olayla bağlı Gürcüstanda tanınmış erməni xadimi, 2009-cu ildə təxribatçı çağırışları və qanunsuz silah saxlamasına  görə həbdə yatmış Vaaqn Çaxalyan xüsusi bəyanat verərək, rəsmi Tiflisi hədələyib.

Onu da yada salaq ki, neçə aydır Gürcüstanla Ermənistan arasında yeni səfirlə bağlı qalmaqal da yaşanır. Xəbər verdiyimiz kimi, Tiflis Rusiyanın adamı saydığı yeni səfir Sergey Minasyanı qəbul eləmir və ona aqreman vermək istəmir. İstisna deyil ki, Moskva həm də bu gərginlikdən yararlanaraq, Cavaxetiya əhalisini Tiflisə qarşı qaldırmağa çalışır.

 

***

 

Nəhayət, diqqətə onu da çatdıraq ki, Azərbaycandan Avropa bazarlarına istiqamətlənən iri neft-qaz kəmərləri, habelə tezliklə işə düşəcək Bakı-Tiflis-Qars dəmir yolu ermənilər yaşayan bölgənin yaxınlığından keçir - hansı layihələr ki, əslində Rusiyanın da regiondakı iqtisadi-energetik maraqları ilə ziddiyyət təşkil edir, Azərbaycanla Gürcüstanın Kremldən geosiyasi asılılığını minimuma endirir. Eyni zamanda işğalçı Ermənistanın - Rusiyanın bölgədəki əsas forpostunun blokadasını daha da ağırlaşdırır.

«Erməni kartı»nın təzə qiyafədə işə salınmasına təəccüblənməyin yeri qalmır...